Dünya nə vaxt dağılacaq?

Dünya nə vaxt dağılacaq?
22 noyabr 2012
# 08:00


Hamımız bilirik ki, bir ildə 365 gün var, amma başqa bir inanca görə, qayda bu il pozulacaq, 2012-ci il 356 gün olacaq. Mayyalıların təqviminə görə, 21 dekabr 2012-ci ilin son günü olacaq. Bu tarixdən sonra nə baş verəcəyini heç kim bilmir, maraqlananların sayı isə sürətlə artmaqdadır.

Dünyanın sonu olduğunu fikirləşib “qaynanama ifritə olduğunu söyləyim”, “illərdir əsəblərimi tarıma çəkən müdirimə dişimin dibindən çıxanları deyim”, “bankdan kredit alıb bu bir ayı kef eləyim, onsuz da ödəməyə zaman qalmayacaq” deyənlər bu planları həyata keçirmək üçün tələsməyin hələ.

Dünyanın sonunun yaxın olduğunu söyləyənlər hər zaman olub.

Məsələn, miladdan əvvəl təxminən 2800-ci ildə bir assur kitabəsində bu sözlər yazılmışdı: “Dünyamız son günlərdə degenerasiya olmaqdadır. Dünyanın sonunun sürətlə gəldiyinin əlamətləri vardır”.

Miladdan sonra, təxminən 90-cı ildə dördüncü papa I Klementin dünyanın sonunun yaxın olduğunu söylədiyinə dair məlumatlar tapılıb.

365-ci ildə Poitiersli Hilary adlı yepiskop xalqa dünyanın həmin il dağılacağını deyib.

Romalı teoloq Sextus Julius Africanus, dünyanın 800-cü ildə dağılacağından əmin idi.

Poehdleli keşiş Geralda görə isə, İsanın min illik müddəti əslində Konstantinin gücə qovuşması ilə başlayacaqdı. Bu səbəblə Şeytan 1147-ci ildə bağlarından xilas olaraq kilsənin qarşısında dayanacaqdı.

İspan astroloqu Toledolu Con 1186-cı ildə planetlərin mövqelərinə görə, dünyanın qıtlıq, zəlzələlər, faciəvi fırtınalar və yanardağ partlamaları ilə məhv olacağına inanırdı.

Çexoslovakiyalı Kromerzili Militz Dəccalın özünü 1367- ci ildə göstərəcəyini və dünyanın sonunun məhz o tarixdə olacağını təkidlə bəyan etməkdəydi.

Astroloq Riçard Harvey, İsanın ikinci dəfə 28 aprel 1583-ci ildə zühur edəcəyini açıqlamışdı.

Dominik keşiş, şair və filosof Tomasso Campanellaya görə isə 1603-cü ildə Yerlə Günəş toqquşacaqdı.

XVII əsrdə baptist Benjamin Kiç deyirdi ki, 1689-cu ildə dünyanın sonu gələcək. Fransız kahin Pierre Jurieuda da eyni inancı paylaşırdı.

“Tanrının Uşaqları” dini qrupunun qurucusu Moses David, 1973-cü ildə bir kometanın dünyaya çırpılaraq ABŞ-dakı bütün həyatı məhv edəcəyini söyləyirdi. Sonradan bunun 1986-cı ildə olacağını, İsanın 1993-cü ildə də gələcəyini ifadə etmişdi.

Sismoloq və meteoroloq Albert Portaya görə 17 dekabr 1919-cu ildə altı planetin yaratdığı xüsusi bir bucaq qəlibi elə bir maqnetik təsir meydana gətirəcəkdi ki, Günəş partlayacaq və Yeri udacaqdı.

Astroloq Jin Dixon, dünyanın, planetlərin tək bir xətdə düzülməsinin təsiri ilə, 4 fevral 1962-ci ildə dağılacağını bəyan etmişdi.

XVI əsr ingilis kahinlərindən Ursula Southeil (Ana Şipton olaraq tanınırdı) dünyanın sonunun 1881-ci ildə gələcəyini söyləyirdi.


Xristofor Kolumb “Gələcəkdən xəbərlər” kitabını XV əsrin sonları XVI əsrin əvvəllərində yazmışdı və kitaba görə dünyanın sonu 1658-ci ildə gələcəkdi. Fundamentalist yazar Reginald Dunlop Giza böyük piramidasında kodlaşdırılan son tarixin 23 sentyabr 1994-cü il olduğunu vurğulayırdı.

İsaak Nyutonun hesablamalarına görə dünyanın sonu 2060-cı ildə gələcək. Nostradamusun hesablamalarına görə isə son tarix 3797-ci ildə olacaq.

21 dekabr günü fəlakət gözləyənlərlə yanaşı bu tarixdə çox əhəmiyyətli bir şeyin olacağını gözləyən, amma daha optimist düşünən insanlar da tapmaq mümkündür. Məsələn nənəm özünə də bizə də təskinlik verib, deyir ki, 21 dekabr günü dünyada bir dönüş nöqtəsi olacaq, insanların başı indikindən iki dəfə yaxşı işləyəcək. Nənəm bütün günü Türkiyə kanallarına baxmaqdan “uzmanlaşıb”. Nənəmin efirdən eşidib diktə elədiklərindən belə bir nəticə çıxartdım ki, həmin gündən etibarən başlayan dönəm insana yeni bacarıqlar qazandıracaq. Telepatik bacarıqlar ortaya çıxacaq, insanlar çarəsiz xəstəliklərdən xilas olacaq. Uzun sözün qısası, qızıl çağı yaşamağa başlayacağıq. Bunun nəyi pisdir ki?!

21 dekabrda dünyanın qaranlığa qərq olacağını eşidən insanlar o qədər həyəcana qapılıblar ki, marketlərdə şam, kibrit qalmayıb. Amma elə bilməyin ki, təkcə sıravi insanlar bu qorxuya qapanıb həmin gün üçün hazırlıq görürlər. Məsələn, ABŞ-ın keçmiş prezidenti oğul Corc Buş Paraqvayda 100 min hektarlıq ferma satın alıb.

Rusiya 60 min adamın yaşaya biləcəyi yer altı şəhər tikir. Norveçlilər baş verəcək fəlakətdən sonra dünyada həyatın yenidən başlanmasını təmin edə bilmək üçün Nuhun anbarına bənzər taxıl anbarı tikdirir.

Heç bir fəlakət gözləməyənlərin digər bir təsəllisi də Qurandır. Quranın Əraf surəsində deyilir: “Saatın (qiyamətin) nə vaxt qopacağını soruşacaqlar. De ki: “O yalnız Rəbbimə məlumdur. Onun vaxtını Ondan başqası açıqlaya bilməz”.

Bu ayələri qaynaq göstərənlər mayyalılara da qiyamət tarixi və saatı haqqında məlumat verilmədiyinə cani-dildən inanırlar. Amma yenə də Quranın bəzi surə və ayələrində yox edilən qövm sayının 4 göstərilməsini 5-ci dövrün sonu kimi şərh edənlər də var. 21 dekabrın cümə gününə təsadüf etməsi və Quranda qiyamətin cümə günü qopacağını bildirən işarələrin olması qorxuya qapılanların sayını artırıb. Bu sətirlərdən sonra sizin nəyə qərar verdiyinizi bilmirəm, amma mən qərarımı verdim. Nə şam almışam, nə də ki, kibrit. 20 dekabrda doğulduğum, amma ayağımın çoxdan yadırğadığı o torpaqlara gedəcəyəm. 21 dekabrı sərhədi keçib, Ağdam yolunun ortasında bardaş quraraq qarşılayacağam...

Günel Musa

# 5530 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #