Həqiqətin böyüyü, yaxud yenə qəflət ediləcəkmi

Həqiqətin böyüyü, yaxud yenə qəflət ediləcəkmi
10 iyul 2017
# 16:01

Abid Tahirli

Mehdi Gəncəli

Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti, ermənilərin xalqımıza qarşı törətdiyi ağlasığmaz cinayətlər Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə və digər rəsmi sənədlərdə, dövrün mətbu orqanlarında, eləcə də mühacirət nəşrlərdə əksini tapmışdır. Ermənilərin Mart vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1919-cu və 1920-ci il martın 31-də milli matəm günü kimi qeyd olunmuşdur. Sovet hakimiyyəti illərində isə tarix tamamilə saxtalaşdırılmış və xalqımıza qarşı törədilmiş qətliam unutdurmağa çalışmışdır. Sovet tarixçiləri faktların və sənədlərin əksinə olaraq bu qırğını bir millətin, başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti kimi deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim etmiş , bununla da əslində qanıçən S. Şaumyanın “Bir tərəfdən, Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəmiləl qızıl ordu, qısa müddətdə yenidən qura buldiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən “müsavat” partiyasına başçılıq etdiyi və içərisində çoxlu rus zabiti olan müsəlman dikaya diviziyası və silahlı müsəlman quldur dəstələri vuruşurdular”- fikrini təsdiqləmişlər.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tariximizin saxtalaşdırılmış səhifəsi yenidən yazılmağa başlanılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ilə "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublıkası Prezidenti Heydər Əliyev 6 mart 1998-ci ildə Fərman imzalamışdır və həmin sənədə əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Yuxarıda da yazdığımız kimi, Sovet imperiyasının xalqdan gizlətdiyi Mart qırğını haqqında həqiqətin böyüyü Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbu orqanlarında deyilmişdir. “Bəsirət” qəzeti 27 oktyabr 1918- ci il tarixli 197- ci nömrəsində Hacı İbrahim Qasımovun “Yenə qəflət ediləcəkmi?” adlı məqaləsini dərc etmişdir. Jurnalist, publisist, yazıçı, teatr tənqidçisi, tərcüməçi Qasımov Hacı İbrahim Hacı Mahmud oğlu (1886-1936) "Tazə həyat", “Babayi- Əmir”, “Zənbur”, "Məlumat", “İrşad”, “Yeni İrşad”, "İqdam", "İqbal", "Yeni İqbal", “Məzəli”, “Sədayi Qafqaziyyə”, “Həqiqət”, “Yeni həqiqət”, “Həqiqəti- Əfkar”, “Azərbaycan füqərası”, “Günəş”, “Molla Nəsrəddin”, “Bəsirət”, “Zəhmət”, “Kommunist” və s. kimi qəzet və jurnallarla sıx əməkdaçlıq etmiş, "Kəlniyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru olmuşdur. “Açar”, “Bağ Əyyar”, “Qırmızı saqqal”, “Dilavəri Dövran”, “Diplomat”, “Əqrəb”, “Əqrəbülbazar”, “Əqrəbüləza”, “Əyyari Çərəngi”, “Zırnıx”, “Yamaq”, “Kəblə biz”,” Kələkbaz”, “Kəlniyət”, “Köhnə”, “O birisi”, “Sirr dağarcığı”, “Tamaşaçı”, “Heyvərə”, “Həq”, “Hərdənbir” , “Həftəbecar”, “Həcəmət”, “Çərmək”, “Cümcüm Əyyar” və digər gizli imzalarla ədəbiyyat , sənət, sosial məsələlərə dair çox sayda məqalə və publisistik əsərlər, felyetonlar yazmışdır. Bu gün nadir tarixi mənbə kimi faydalı olan həmin məqaləni oxuculara təqdim edirik.

Yenə qəflət ediləcəkmi?

Mart hadisəyi əliməsindən sonra qaztəmizi müvəqqətən qapamağa məcbur olduq. Ürəyimizdə olan dərdlərimizi aça bilmədik, sözümüzü deyə bilmədik. Çünki ermənilər hükmranlığı idi. Bu tətil zamanında, yəni altı ayda Dağıstanı, Dağıstanın hər bir yerini dolaşdıq, bir çox ibrətamiz şeylərə təsadüf etdik. Bir çox görməli şeylər gördük ki gələcəkdə “Dağıstanda gördüklərim” ünvanı ilə sırayla məqalə yazacağımı vəd ediyorum. Fəqət yeni xətt ilə olsa da burasını söyləmək istərim ki Dağıstanlılarda tərif edilən Dağıstan bu gün öylə bir günə qalmış ki insan ona acımaya bilməz. Azad Dağıstanın dağları arasında bu gün azad Dağıstanlılar deyil, əksərən əxlaqsız dünyanın hər bir şeydən bixəbər heyvan kimi bir sürü insanlar yaşıyorlar. Şeyx Şamil həzrətlərinin tökmüş olduğu qanları hep boş yerə getmiş. Bu gün Dağıstandan ancaq quru bir nam qalmış. Afvlarına məğrurən deyə bilərəm ki Dağıstanda yüzdə doxsan adam heva vü həvəs ilə yaşıyor. Millət nədir, milliyət nədir, insanlıq nədir, İslamiyət nədir bunları bilməz və düşünməzlər. Bu gün Dağıstan adəta bir əxlaqsızlar yuvasıdır, cəhalət mənbəyidir. Əlbəttə Dağıstanda çox böyük adamlar, milləti düşünənlər vardır. Fəqət bunu da düşünməli ki bir gül ilə bahar olmaz. Dağıstan xüsusunda olan bəhsimizi gələn nömrələrə buraxaraq şimdilik mətləbə keçəlim.

Mart hadisəsindən bu anadək Qafqasyada, xüsusən Bakümüzdə bir çox hadisələr vüqu buldu, bir çox ürək yandırıcı hallar müşahidə edildi. Bir çox təqəyyür və təbəddülat əmələ gəldi. Təbii bu xüsuslarda söylənəcək şeylər vardır. Bən yalnız bu acizanəmlə yazımla bir şeydən bəhs etmək istiyorum.

Məlum olduğu üzərə mart hadisəyi əliməsi böyük fenalıqalr törətdi. Şəhrimizi tam bir məzaristana döndürdü. Ermənilər, ermənilərin daşnaq firqələri insaniyyətpərvərlik masqası altında on binlərlə qadın çocuq və aciz müsəlmanları qırdılar. Onlar bu kimi fenalıqları yapmaqla erməni tarixində misli görünməmiş bir səhv etdilər. Zira kəndilərini böyük fəlakət içərisinə saldılar.

Baküdə böyük bir qovğa düşəcəyi ermənilərin böyük bir fitnə qalxızacaqları təbii əvvəldən bəlli idi. Bunu o zamanki Türk gazətələri yazıb cəmaatı xəbərdar ediyor idi. Bəli mart hadisə-yi əliməsinin ümdə səbəbi ermənlər və daşnaq firqəsiydi. Çünkü bir gündə mütəassıb daşnaqlar siyasət icabı ilə həpsi Bolşevik cildinə girib Bolşevik bayrağı altında mart rəzalətini yapdılar. Burası bir əmr-i mühəqqəqdir ki şərhə belə ehtiyacı yoxdur. Fəqət bizcə mart hadisəsini salanlar ermənilər idiysə də ama o hadisənin böylə surət almasına və bu dərəcədə vüsətlənməsinə də səbəb biz müsəlmanların qəfləti idi. Biz müsəlmanlar Bakü üzərində cövlan eden qara bulutları görmüyor idik. Biz müsəlmanlar ermənilərin və erməni bolşeviklərinin tədbirlərini hiss edəcək qədər qafaya malik deyildik. Öylə qafil, öylə asudə idik ki mart hadisəsi düşən gündə belə tiyatro və əyləncələri ilə meşqulduq. Əlimizdə böyük bir fürsət var ikən hazırlanmadıq. Mart ayında Baküdə iki müsəlman firqəsi yox idi ki birləşib də, çalışıb da müsəlmanların başına gələ biləcək onlara qarşı tədbirlər ittixaz eyləsin. Baküdəki firqələrimizin demək olar ki əksəri riyasətpərəstlik, mənəmliklə uğraşıb ancaq birbirinin ayağını qazıyıb birbirlərinə quyu qazıyordular. Firqələrimizdən bəzisi müsəlman qadınlarının çəkməsi ilə məşqul idi. Onlar müslimə bacıların çəkmələrini çıkarmakla millətə xidmət ediyordular. Bəziləri firqə seçkisi barəsində qiyamətlər qoparıyordular. Hərə bir firqə olub kəndisinə bir qoşun dəstəsi düzəldiyordu. O zaman hazırladığımız milli zabitlərimiz fəqət caddələrdə xanımlarla uxajivat ediyordular. Dikiy diviziya nəfərlərinin çoxsu fəqət ticarət için yalnız bir şəhərdən o şəhərə ticarət məqsədi ilə silah daşımaq için qoşun üniforması geyinmişlerdi. Dövlətlilərimiz də bir qəpik paralarından keçmiyordular. Onlara para dedikdə canları sıkılıyordu. İştə biz böylə qafil ikən, böylə həva vü həvəsə məşqul ikən düşmənlərimiz hazırlaşıyor, düşmənlərimiz qanımızı tökmək için çalışıyorlardı. Əlbətdə böylə qəflətlə öylə çalışqanlıq mart hadisəsi gibi bir faciə məydana gətirə bilərdi. Əlbətdə böylə qəflət ilə biz aciz, düşmənlərimiz isə qalib olacaqdılar. Bu xüsuslarda yazacaq olsaq mətləb uzanacaqdır, fəqət bən bunu ərz etmək istiyorum ki mart hadisə-yi əliməsindən biz ibrət almaq istəmiyoruz. Nə gizlədəlim, Türk qardaşlarımız imdadımıza çatmasaydı, Türk arkadaşlarımız vaxtında yetməsəydilər mart hadisəsindən daha böyük bəlalara düçar olacaqdıq. Şimdi şükürlər olsun Türklərin sayəsində biz asudə olduq, kəndimizə hükumət təşkil ettik. İnsancasına yaşamağa, rahatlıqla nəfəs almağa imkanımız vardır. Artıq heç kəs bizə təcavüz edə bilmiyor, hər gah bizim qeyrətimiz olarsa kimsə təcavüz edə bilməz. Lakin bunun için də bizdə qeyrət lazımdır. Bunun için də biz əsgər olmalı, namusumuzu müdafiə üçün özümüz də çalışmalıyız. Ama çox təəssüf olsun ki bu həqiqətləri şimdi də düşünmüyoruz. Azad yaşamaq, nəfəs almaq istiyoruz fəqət vətənimizin səlamət və səadətinə bais ola biləcək bir əmrdən ictinab ediyoruz.

Bunu bu gün hər kəs bilməlidir ki, dünyada yaşamaq istəyən millət, zoruna güvənməlidir. Bu gün Qafqasyada altı milyon müsəlman vardır. Hər gah bunlar əsgər versəydilər tam bir qaç yüz bin əsgərlərimiz olardı. Əgər əsgərimiz olsaydı bu gün başımıza mart bəlaları gəlməzdi və bu gün biz düşmənlərimizi titrədərdik. Onsuz da müsəlmanlar hər yerdə qırılıb məhv oluyor. Vətən yolunda bir qədər qurban versək qiyamət mi qopar?

Bu gün çavanlarımız əsgərliğə gedəcəkləri gibi millətimizin hər bir təbəqəsi vətən səadəti üçün çalışmalıdırlar. Ziyalılarımız millətin irfanına bais olacaq cəmiyyətləri yenidən təşkil etməlidirlər. Vəlhasıl hər bir vətən övladı vətənin səadətinə və özünün nik-bəxtliyinə çalışmalıdır.

Hacı İbrahim Qasımov, Bəsirət, no. 197, 27 oktyabr 1918.

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #