Bakını Hitlerdən qoruyan ispanlar kimlər idi? - VİDEO

Bakını Hitlerdən qoruyan ispanlar kimlər idi? - VİDEO
24 iyun 2013
# 13:58

Bir növ II Dünya Müharibəsinin hazırlıq məşğələsi olaraq qəbul edilən, İspaniya Vətəndaş Müharibəsində, Almaniya və İtaliya monarxist-mühafizəkar-milliyyətçi cəbhəni müdafiə edərkən, SSRİ, Meksika və qismən də Fransa respublikaçıların tərəfində idi. Bundan başqa on minlərlə könüllü 2-ci İspan Respublikasını qorumaq üçün səfərbər olmuş, döyüşlərdə fəal iştirak etmişdir.

Birinci Dünya Müharibəsində, mövcud təyyarələrin manevr qabiliyyətləri, texniki imkanları məhdud olduğundan, döyüşlərdə hava hücumları da həlledici olmamışdır. Lakin, havadan hücumun əhəmiyyəti hərbi ekspertlərin diqqətini çəkdiyindən, dövrün güclü ölkələri, mühəndis araşdırmaları ilə texnoloji imkanları artırmaq üçün lazımı fəaliyyətə başlamışdılar.

Almaniyanın Hitler iqtidarında hərb sənayəsinə ayırdığı diqqət, hava qüvvələrindən də yan keçmir. Qısa zamanda təkmilləşən hərbi hava qüvvələri üçün İspaniya Vətəndaş Müharibəsi isə əla arena idi. Bu arenada, əvvəlki dünya müharibəsindən əliboş çıxmış güc mərkəzləri məşqə çıxacaqdılar.

General Frankonun Madrid hökumətinə qarşı üsyana başladığı ilk günlərdə Mussolini İtaliyası və Hitler Almaniyası dərhal öz yardımlarını yolladılar. Bu yardımlar, respublikaçılar qarşısında, frankistlərin önəmli nisbətdə güc qazanmağına səbəb olmuşdur.

Hitlerin tapşırığı ilə İspaniyaya yollanmış almanlardan ibarət Kondor Legionu və Mussolininin təşkil etdiyi İtalyan Aviasiyası Legionu tez-tez respublikaçılara havadan güclü zərbələr endirirdi. Bunlardan ən məşhuru Bask Muxtar Vilayətində yerləşən, Gernika şəhərinin 26 aprel 1937-ci ildə bombalanaraq yerlə yeksan edilməsidir.

Burada qeyd etmək yerinə düşər ki, baş vermiş dəhşətli hadisədən sonra məşhur ispan rəssamı Pablo Pikasso “Guernica” əsərini çəkmişdir.

Maddi-texniki təchizat bazası olduqca limitli olan, İspan respublikası isə bu çatışmazlıqlarını ortadan qaldırmaq üçün sovetlərin köməyinə çox güvənirdi. İspan respublikasının olduqca zəif olduğunu nəzərə alan sovet hökuməti 1936-cı ildən etibarən “X Əməliyyatı” adı altında, İspaniyaya çox sayda silah-sursat, mərmi, tank, təyyarə, pilot, hərbçi o cümlədən könüllü döyüşçülər yollamağa başladı.

1936-38-ci illər ərzində respublika tərəfində 770-ə yaxın sovet pilotu döyüşlərdə iştirak etmişdir. [1]

1937-ci ildə, İspaniya Respublikası ilə SSRİ arasında aparılan danışıqlar nəticəsində, ispan kursantların SSRİ-dəki aviasiya məktəblərində pilotluq öyrənmələrinə imkan verildi. Təkcə 1937-ci ildə SSRİ-yə göndərilmiş ispan kursantların 1 milyon dollara yaxın olan xərci isə, ispan hökumətinə borc yazılırdı.

Anlaşma nəticəsində Sovet hökuməti 1937-ci ilin yanvarında Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi açır. Məktəbin inşası üçün sərf edilən 3,5 milyon rubla yaxın məbləğ də yenə İspan hökumətinə borc yazılır. Onu da qeyd edək ki, məktəb sadəcə ispan kurslantlar üçün nəzərdə tutulmuşdu.[2]

Həmin dövrdə artıq İspaniya səmalarında uçmuş sovet pilotları, 20 saylı Hərbi Pilot Məktəbinə göndərilməyə başlanmışdı. Təlimlərə nəzarət, daha sonra (1942-ci ildə) casusluqda ittiham edilərək güllələnmiş, Sovet İttifaqı Qəhrəmanı, Ernst Şaxta tapşırılmışdı.[3]

1 fevral 1937-ci ildə 193 ispan kursant artıq Gəncədə təlimlərə başlamışdı.[4] Onlara 5 ay müddətində nəzəri aerodinamika, hücum taktikaları, hava döyüşləri, pilotçuluqdan xüsusi biliklər öyrədilirdi. 1937-39-cu illər arasında, məktəb ümumilikdə 5 dəfə, hərəsində ortalama 100 pilot olmaqla, məzun verir. İlk dörd perioddan məzun olmuş 413 pilot İspaniyadakı sovet pilotlarıyla əvəzlənmişdi. Sonuncu qrup (185 nəfər), 1939-cu ilin may ayında təlimlərini başa çatdırmış, lakin artıq müharibənin yekunlaşdığı nəzərə alınaraq onlar İspaniyaya göndərilməmişdir.

Həmin 185 nəfərdən 84-ü Meksikaya sığınaraq, SSRİ-ni tərk etsə də, 101 pilot qalmağa qərar verir. Onlardan da 44-ü İkinci Dünya Müharibəsi zamanı Sovet Ordusunda xidmətə qəbul olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, sovet hərbi pilot məktəblərində təhsil almış 700-dən artıq ispan kursantın, 500-dən çoxu məhz Gəncədə oxumuşdur. Onlardan biri də dövrün İspaniya baş naziri, Xuan Neqrinin oğlu Romulo Neqrin idi.

İkinci Dünya Müharibəsi başlayanda, SSRİ-də qalmış pilotların demək olar ki, yarısı aktiv olaraq hərbi fəaliyyətlə məşğul idi. Onlar Moskvanın, Odessanın, Stalinqradın o cümlədən Bakının da hava hücumundan müdafiəsində iştirak etmişdilər. Bu pilotlardan ən az 25 nəfəri, müharibə zamanı cəbhədə – döyüşlərdə və ya digər səbəblərdən öz ölkələrinə qayıda bilməyərək, SSRİ ərazisində dünyalarını dəyişmişdir.[5]

SSRİ-də qalan pilotların bəziləri isə, daha sonra ölkəni tərk etmək istəsələr də, İkinci Dünya Müharibəsinin başlaması ilə birlikdə müxtəlif bəhanələrə onlara çıxış imkan verilməmişdir. Daha sonra həmin kursantlar, zorla fabriklərdə, hərbi sənayeyə bağlı zavodlarda işləməyə məcbur edilmişlər. Dövrün arxiv materiallarından aydın olur ki, İkinci Dünya Müharibəsi zamanı onlardan 30-a yaxını müxtəlif səbəblərdən həbs olunaraq, QULAQlara göndərilmiş, onlardan bəziləri də elə orada xəstəlik və s. səbəblərdən dünyalarını dəyişmişlər.[6]

Bakının hava hücumundan müdafiəsinin təşkilində 1942-ci ildən etibarən iştirak etmiş ispan pilotlardan bir neçəsinin adı məlumdur. Xose Mario Bravo (kapitan), Manuel Sarausa (kapitan), Xoakin Dias Santos, Xose Karbonell, Luis Lavin, Xose Palyares, Naxera İsidoro Montero (hamısı leytenant) bunlardan adları dəqiq bilinənlərdir. Onlardan biri Manuel Sarausa, 1942-ci ilin 12 oktyabrında, Bakı səmalarında reyd edərkən, qəza nəticəsində Aleksandr Ryapişevin idarə etdiyi təyyarə ilə toqquşaraq həmkarı ilə birlikdə həyatını itirmişdir.[7]

Leytenant Palyeras da II Dünya Müharibəsi zamanı həyatını itirmiş ispan pilotlardan biridir.

Bir digər önəmli ispan pilot isə, Xose Maria Bravodur. İlk dəfə 1937-ci ildə Azərbaycana, Gəncəyə gələn Xose Maria, 6 aylıq təhsilini başa vurduqdan sonra İspaniyaya qayıdır. Respublikanın məğlubiyyətindən sonra Fransaya daha sonra isə Xarkova qaça bilir. Xarkovun işğalından sonra Sovet Ordusuna qatılan Xose Maria,19 42-ci ildən etibarən Bakının hava hücumundan müdafiəsini təşkil edən pilotlardan biri olmuşdur. Bir digər maraqlı məqam isə, 1943-cü ildə Tehran Konfransına gedən Stalini müşayət edən eskort təyyarənin komandir pilotlarından biri də Xose Maria Bravo Fernandes olmuşdur.[8] [9]

1948-ci ildə, bir ispan pilotun təyyarə ilə Türkiyəyə qaçmasından sonra, Sovet Ordusunda xidmət edən bütün ispan hərbçilər vəzifələrindən azad edilirlər, bundan sonra Xose Maria Bravo, Moskvada Xarici Dillər Pedoqojik İnstitunda İspan dili müəllimi olaraq çalışmağa başlamışdır. Nəhayət, 1960-cı ildə isə İspaniyaya qayıdan Xose Fernandes Franko rejimində təzyiqlərlə üzləşmədən İspaniyada aviasiya sahəsində fəaliyyətinə davam edir. Bir müddət sonra isə, o, polkovnik rütbəsinə yüksəlir.

1937-45-ci illər ərzində Azərbaycan ərazisində, həyatını itirmiş ispan pilotların məzarları Gəncə və Bakı şəhərində yerləşməkdir.

2011-ci ildən etibarən, İspaniyanın “Volya” və Azərbaycanın “Salnamə” studiyalarının Pablo Xilin rejissorluğunda birgə hazırladıqları, “Sobre el cielo de Azerbaiyán” (“Azərbaycan Səmalarında”) sənədli filmi, 2013-cü ilin iyun ayında, İspaniyanın Valensiya şəhərindəki İllustrasuya Muzeyində, ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyevin iştirakı ilə ictimaiyyətə təqdim edilmişdir.

Bundan başqa, 2012-ci ildə rusiyalı rejissor Aleksandr Çaçuyevin çəkdiyi “İspan” (Испанец) bədii filmi də, haqqında danışdığımız Xose Maria Bravo Fernandesin həyatından bəhs etməkdədir.

Mənbə:

[1] Gerald Howson, Arms for Spain: The Untold Story of the Spanish Civil War (New York: Murray, 1998), səh 30

[2] Daniel Kowalsky, Stalin and the Spanish Civil War, “Gotenberg-e”, Columbia University Press

[3] Daniel Kowalsky, Stalin and the Spanish Civil War, “Gotenberg-e”, Columbia University Press

[4] Yuri Rybalkin, Stalin y España, (Madrid: Closas-Orcoyen SL, 2007), səh: 93

[5] Levante-EMV , Rafel Montaner , Valencia 06.06.2013

[6] ОБ ИСПАНСКИХ ВОЕННОПЛЕННЫХ И ИНТЕРНИРОВАННЫХ В СССР, http://vestarchive.ru

[7] İspaniya Müdafiə Nazirliyi, http://www.ejercitodelaire.mde.es

[8] Испанские летчики в небе Баку, http://www.ourbaku.com

[9] Jose Maria Bravo, http://www.telegraph.co.uk 8 yanvar 2010

Əfqan Xəlilli

Cavid Ağa

hispaniya.com

# 3276 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #