Məşhurlar o günü heç vaxt unuda bilmirlər

Məşhurlar o günü heç vaxt unuda bilmirlər
14 iyun 2016
# 09:17

Heç vaxt unutmadığımız, tez-tez xatırladığımız şeylərdən biri də futbol matçlarıdır. Məşhur ifadə də deyildiyi kimi, futbol idman deyil, sənətdir. Hansısa əsərin, filmin bir detalı necə bizim yaddaşımızdadırsa, ən maraqlı oyunlar da gözümün qabağından getmir.

Sənət adamlarımızın ən çox xatırladığı və heç vaxt unutmadığı futbol oyunu hansıdır? Həmin futbol oyununu necə xatırlayırlar?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Xalid Kazımlı: “Maradonanın əli ilə qol vurduğu oyunu 30 illik aradan sonra bu gün də xatırlayıram. Zidanın Materatsiya kəllə qoyduğu oyun da unudulmazdır. Türkiyə millisinin 2002-ci ildə Braziliya millisinə qarşı oynadığı birinci oyun da yaxşı xatirimdədir, xüsusilə də braziliyalıların yarımmüdafiəçisi Rivaldonun yerə yıxılıb qıvrılması və Hakan Ünsala qırmızı kart verdirməsi... O zaman hətta qəzetdə "Qıvraldo" başlıqlı köşə də yazmışdım”.

Nəsimi Nəbizadə: “Tiflisdə... dayımla getmişdik... Araratla-Dinamo oynayırdı... Sumqayıt hadisələri baş vermişdi... 1990-cı il idi... ermənilər birini vurdu gürcülərə... stadionda ermənilər də çox idi... başladılar qışqırmağa, onların belə bir şüarı var idi... “Ararat gup-gup”... “Ararat gup-gup”... ikinci hissədə gürcülər cavab topu vurdular... qol olan kimi gürcülər “Sumqayıt, Sumqayıt” qışqırırdı... ermənilərin fısı yatdı...”

Seyfəddin Hüseynli: “Ən unudulmaz olmasa da, unudulmazlarımdan biri 1984-cü ilin Avropa Çempionatının yarımfinalındakı Danimarka-İspaniya oyunudu. Məncə, çox dramatik oyun olmuşdu. Ya da bəlkə uşaq yaddaşımda o cür qalıb. Hər nə isə, onda çox güclü bir heyəti olan Danimarka nə qədər möhkəm dayansa da, İspaniya 1-1-lik heç-heçədən sonra penaltilərlə qalib gəlib finala keçmişdi. İspaniyanın tərəfini tutsam da, Danimarkaya görə də yaman pis olmuşdum, qardaşlarım lağa qoydular bir az, birtəhər özümü toxtatdım, yoxsa ağlamağıma bir şey qalmamışdı. Hər halda, məşhur cizgi qəhrəmanı Sedrikin sözü olmasın, 8 yaşındasansa, həyat xeyli qəribə gəlir adama. Elə oyunlar da”.

İbrahim Nəbioğlu: “Yadımda qalan ən unudulmaz oyun Argentina ilə Hollandiya arasındakı 1978-ci ildəki Dünya çempionatının finalı idi. Çünki final oyununun oynandığı gün orta məktəbdən məzun olurduq. Və o oyuna məktəbimizdə keçirilən vida ziyafətində baxırdıq. O tarixi oyun Argentinanın 3-1 qələbəsi və Mario Kempesin futbol tarixinə qızıl hərflərlə yazılması ilə bitdi. Hər dəfə bütün çempionatların finalı məni o əlçatmaz, qayğısız, gözəl illərə aparır. Baxmayaraq ki, ən sevdiyim yazıçı Borxes əslən argentinalıdır və “İngiltərənin işlədiyi ən böyük cinayət futboldur” sözləri də ona aiddir. Borxes tanıdığım ən böyük yazar, Kempes isə sevdiyim ən böyük topçudur - 2 böyük argentinalı...”

Aşıq Əli: “Uşaqlıqdan futbola marağım var. Həmişə də Neftçiyə azarkeşlik eləmişəm. O Banişevski, Yaşar Babayev olan “sastav”ı deyirəm. Neftçinin o “sastav”ı dağılandan sonra Barcelonaya “balet” elədim. Elə indinin özündə də. Yadımda ən çox qalan oyun isə Sovet vaxtı keçirilən çempionat idi. İndiki kimi yadımdadır ha, 1966-cı ildə keçirilmişdi. Neftçi ilə Spartak gümüş-bürünc medalı uğrunda oynayırdılar. Həmin vaxt deyirdim kaş, Neftçi gümüşü qazanaydı. Hamı da deyirdi ki, Spartak udacaq. Spartak da Spartak idi. Gözünə döndüyüm Neftçi gəldi 3-0 uddu. Amma o biri oyuna bağlı idi, Rostov klubu “niçyə” eləsəydi gümüş qazanacaqdı Neftçi. Orda Banişevskinin qolu heç vaxt yadımdan çıxmaz. Bütün azarkeşlər ayağa qalmışdı. Deməli, Yaşar Babeyev kornerdən qaldırdı, Banişevski də, maşallah, iki metr boyu vardı, topu vurdu “devyatkaya”. Bir də Messinin Çempionlar Liqasında kəllə ilə vurduğu qolu unuda bilmirəm. Messi kəllə ilə elə də qol vuran deyil axı.

Ramiz Qusarçaylı: “Yadda qalan oyunlar çoxdu. Ancaq mənim ən çox yadımda qalan 2008-ci il Avropa Çempionatında Türkiyə ilə Çexiyanın qarşılaşdığı oyundur. Türkiyə 8-1 keçmişdi, 4-1 mərhələsinə keçmək üçün oynayırdılar. Deməli, Türkiyə 2-0 uduzarkən 70 dəqiqələrdə Arda qol vurdu. Oyuna iki dəqiqə qalmış Nihad Kahveci iki qol vurmuşdu. Həmişə olduğu kimi Volkan oyunu korlamışdı, qırmızı kart almışdı. Tuncay Şanlı qapıya keçmişdi. Fatih Terimin oyun quruculuğu, Nihat Kahvecinin, Tuncay Şanlının, Hamit Altıntopun oyunu heç vaxt yadımdan çıxmaz. Çox dramatik oyun idi. Bu oyunda türk xarakteri özünü göstərmişdi. Əzmkarlıq və inadkarlıq vardı. Həmin vaxt türklərə qarşı haqsızlıq olunurdu, çox sayda sarı kart vermişdilər oyunçularına. Heyət dağılmışdı, ehtiyat oyunçulardan birtəhər 11 nəfər düzəldilirdi”.

Qismət: 2000-ci il idi. Məkəbdə oxuyurdum. Futbola böyük maraqla baxdığım günlər idi. Xüsusən də Qalatasarayın oyunlarına. 2000-ci ildə Qalatasaray Uefa kubokunda finala çıxmışdı. Unudulmaz oyun idi. Əsas 90 dəqiqə yox, iki əlavə olunmuş hissə, bir də penaltilər heç vaxt yadımdan çıxmır. Mənim pərəstişkarlıq elədiyim oyunçu Corci Hacı idi, həmin oyunda qırmızı kart almışdı. Hamı fikirləşirdi ki, Qalatasaray uduzacaq. Ancaq elə olmadı. Bir an da yadımdan çıxmır: Tieri Anri başla zərbə vurmuşdu, Tafarel də çıxarmışdı. Onda diktor Levent Özçeliyin şərhi unudulmaz idi: “Tanrı da bizim almamızı istiyor”. Belə unudulmaz oyunlar çox olub. Onlardan biri də 2002-ci il Dünya Çempionatında Türkiyənin Seneqalla oynadığı oyun idi. İlhan Mansızın atdığı qol hələ də yaddaşımdadır”.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #