Atatürkü sevən söyüşcül şairin hüzurunda

Atatürkü sevən söyüşcül şairin hüzurunda
19 may 2015
# 14:39

Kulis Şərif Ağayarın Samsun səfəri ilə bağlı yazdığı “Üç gün Bafrada” yazısını təqdim edir.

Deyim ki, Türkiyənin Qara dəniz yaxası ən çox arzuladığım məkanlardan olub. Foto və videolardan görmüşdüm xeyli. Amma təbii ki, canlı bambaşqadır. Dəniz daha təmiz, meşə daha yaşıl, oksigen daha bol... Adam bir anlıq özünü cənnətül-əlada hiss edir.

Samsun şəhəri də, vilayətin Bafra ilçəsi də elə Batumdan həmən sonra - Hopadan başlayan Qara dəniz iqliminin davamıdır. Buralar, bir növ bizim Nabranı xatırladır. Dağ və meşələrlə dənizin qovuşması anlamında... Amma təbii, həyat bir az fərqlidir. Kənardan baxanda sənə elə gəlir ki, evlər və ağaclar insan kimi nəfəs alır. Torpağa münasibətdə insan acgözlüyü hiss olunmur. Bir dənə də olsun hündür hasar, sərt şəkildə çəpərlənmiş ərazi gözə dəymir. Həyat mütəvazidir. Burda anlayırsan ki, torpaq onu qamarlayıb hasara vurmaq yox, yaşamaq, dadını çıxarmaq üçündür. Və sizə deyim, dadını çıxarırlar da!

Azərbaycandan Bafraya Neyzən Tevfik Kolaylının adını daşıyan 4-cü Beynəlxalq şeir və ədəbiyyat şöləninə gedən digər qələm sahibləri - şair, “Alatoran” dərgisinin və eyni adlı nəşriyyatın rəhbəri Rasim Qaraca, əslən gürcü olan bakılı şairə-tərcüməçi, Azərbaycan dilini bizdən daha yaxşı bilən Anna Bartkulaşvili də eyni cür düşünürdülər deyəsən. Çünki arada ikisinin də astadan pıçıldadığını eşitdim: “Yaşamalı yerlərdir.”

Bu rahatlığı və genişliyi Bafra əhlinin əhval-ruhiyyəsində də aydınca hiss edirsən. Çox səmimi, qonaqpərvər, istiqanlı insanlardır. Türkiyənin başqa yerlərində olduğu kimi Azərbaycana bir başqa doğmalıqla yanaşarlar.

Ədəbiyyata gəlincə... Bir az mühafizəkardırlar. Əslində Nazim Hikmət məktəbi forma olaraq buraları ciddi şəkildə təsirləndirib. Xalq şeiri (qoşma və gəraylı) ilə yanaşı sərbəst də yazırlar. Ancaq bu sərbəstlik daha çox formadadır. Mövzu olaraq etnik-milli mənsubiyyət, qəhrəmanlıq-vətənpərvərlik motivləri dominantdır.

Neyzən Tofvik təxminən bizim Əliağa Vahidi xatırladır. Bir az bohem həyat, bir az içki düşkünlüyü, bir az da baməzə söhbətlər... İstedad da ki, öz yerində. Adamın misraları dillər əzbəridir. O, həm də Atatürkə böyük sevgisi ilə seçilir. Şeirlərinin birində deyir ki, kim Atatürkü sevmirsə, demək, atasından xəbərsizdir. Belə... Arqo deyimləri bizim Seyid Əzimin söyüşlə yazılan həcvlərini yada salır.

Əslində Neyzən Tofvik Mersində doğulub. Sadəcə onun nəslinin adı Kolaylıdır. Bafranın bu adda kəndi var və şairin ata-babası burdandır. Səfər əsnasında Kolaylıda da olduq, Neyzən Tefvikin büstü qarşısında şəkil də çəkdirdik. Çay süfrəsində məlum oldu ki, vaxtı ilə Kolaylıya Azərbaycandan xeyli adam köçüb, kənddə azəri kökənli ailələr var.

Bafrada Neyzən Tevfik Kolaylı xatirəsinə təşkil olunan Beynəlxalq şeir və ədəbiyyat şöləni artıq dördüncü dəfədir ki, keçirilir. Tədbirin əsas təşkilatçısı Bafra Musiqi Cəmiyyətidir. Daha dəqiqi, cəmiyyətin şeir klubunun rəhbəri Fatma Hatun Esen. Cəmiyyətin başqanı Namık Anarat koordinasiya işlərinə rəhbərlik edir. Yaradıcı işlər Fatma xanımın təşəbbüsü ilə gerçəkləşir.

Tədbirlərə Makedoniya, Yunanıstan, Türkmənistan, Özbəkistan, Azərbaycandan və təbii ki Türkiyənin özündən – İstanbul, Ankara, Tokat və Samsundan qonaqlar qatılmışdı. Şəxsən mənim üçün ədəbiyyat mənasında böyük kəşf Makedoniyadan gələn Erol Tufan oldu. Erol bəy vəkildir. Makedoniyada hüququ bitirib. Bir müddət işləyib. Sonra milli ayrı-seçkilik söhbətlərindən bezərək Türkiyəyə üz tutub. Fəqət Türkiyədə onun diplomunu qəbul etməyiblər. Sosialist respublika olan Makedoniyanın qanunları burda işləmirdi. Erol bəy prinsipə düşərək türkcəsini mükəmməlləşdirərək təzədən İstanbulda hüquq fakültəsinə qəbul olunub. Vəkil kimi fəaliyyət göstərir. Bu, özü demiş, onun yaşamağı üçündür. İkinci əsas peşəsi yazarlıqdır. Şeirlər və esselər yazır. Onun ədəbiyyat və mədəniyyət bilgiləri heyrətamizdir. Üç dildə yaza (makedon, serb, türk), beş dildə (əlavə olaraq fransız və rus) oxuya bilir. Avropanı gəzib, ən önəmli ədəbiyyat tədbirlərində olub. Səfərimizin sıx proqramına baxmayaraq Erol bəylə saytımız üçün geniş müsahibə edə bildim. Yaxın günlərdə diqqətinizə çatdıracam.

Tədbirin mənim üçün daha bir özəl qonağı yunan rəssam-şairə Stella Çaviaropoulou oldu. 9 yaşında ikən ailəsi İstanbulu tərk edib. San-Fransiskoda incəsənət təhsili alıb. Türkcə yaxşı danışır. Türkiyəni çox sevir. Qrupumuz Alaçama – qədim rum məhəllələrinə və Mübadilə muzeyinə gedəndə Stella xanım qəribə duyğular yaşadığını söylədi. Onun iri gözlərindən müharibə və qaçqınlıq iztirabları oxunurdu. Bütün baş verənlərə rəğmən türk-yunan dostluğuna ürəkdən inanırdı. Şeir şöləninə də bu inamla qatılmışdı və bütün tədbirlərdə Stella xanıma türk yazar və yönəticilər tərəfindən xüsusi hörmət gördüm.

Üç günlük (14-16 may) proqramımız xeyli sıx idi. Görüşlər, lisey ziyarətləri, qonaqlıqlar, gəzintilər... Təəssüratlarım o qədər zəngindir ki, aylarla yaza bilərəm. Ancaq çox uzatmaq istəmirəm. Bircə onu deyim ki, Bafradakı qız liseyində mənimlə yaxşıca məzələndilər. Dedilər, hocam, Yahşi Cazibə kimi danışırsız. Təbii, ləhcə mənasında... Yoxsa, ay tövbə, mən kitabdan söhbət edirdim.

Gənc qızlar aktivdirlər. Dərsləri iyidir, öz deməklərinə görə. Ancaq ümumi dünyagörüş bizimkilərdən o qədər də fərqlənmir. Daha çox serial qəhrəmanlarını və müğənniləri tanıyırlar. Ədəbiyyata maraq var, ancaq ciddi mütaliə yoxdur.

Türk arkadaşlardan, xüsusilə Ünal Kardan ayrılmaq elə də asan olmadı. Adam həm dəyərli bir qələm sahibi, həm də xoş zarafatları bacaran pozitiv bir insandır. Eləcə də Bircan Çelik (Ankara), Münevver Düver (Adana), Rasim Yılmaz (Tokat), Erol Olca (Ordu)... Sevindirici hal Orta Asiya respublikalarının tədbirdəki aktivliyi idi. Özbəkistanlı Alişir Davidovu və gözəl Farangiz Şərifovu, türkmən qardaşımız Vepa Garliyevi yəqin ki, ömrüm boyu unutmayacam.

4-cü Neyzən Tevfik Beynəlxalq şeir və ədəbiyyat şöləninin ən sevindirici yanı burdakı səmimi ortam idi. İnanın, dəfələrlə kaymakan və bələdiyyə başqanını sadə qələm adamları ilə səhv saldım. Onların ilçə rəhbəri olduğunu sözün yaxşı mənasında hiss eləmək olmurdu. Bafra Musiqi Cəmiyyətinin başqanı Namık Anarat isə axıracan bizimlə oldu. “Şiirden pək iyi anlamam” – deyə-deyə hamımızdan daha istedadlı olduğunu sübuta yetirdi.

Tədbirin ikinci günü təşkilatçılar bizi qaldığımız “Öyretmen evi”nin akt zalına dəvət edib irad və təkliflərimizi dilə gətirməyi xahiş etdilər. Orda hər şeydən razı olduğumu söylədim. Amma burda bir iradımı diqqətə çatdırıram: bizi çox yedizdirdilər. Hər şey bir yana, pidələrdən keçmək olmurdu...

Kilo almasaq bari...

# 3116 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #