Çayxanada ədəbi nəsil yetişdirən balaca və utancaq adam

Çayxanada ədəbi nəsil yetişdirən balaca və utancaq adam
27 aprel 2018
# 14:16

Bu gün tanınmış tərcüməçi Natiq Səfərovun 75 yaşı tamam olur. Kulis.az bu münasibətlə qələm adamlarının onun haqqında fikirlərini təqdim edir.

Dosye: Natiq Səfərov 1943-cü il aprelin 27-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, "Azərbaycan" jurnalında redaktor, "Yazıçı" nəşriyyatında bədii tərcümə şöbəsinin redaktoru, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri və sədr müavini, "Qanun" jurnalının baş redaktoru vəzifələrində işləyib.

Onun tərcüməsində İlya İlf və Yevgeni Petrovun "Qızıl dana", Vasili Şukşinin "Qırmızı qalina", Sanbayevin "Ağ arvana", Hrant Matevosyanın "Çəhrayı ilxı", Oljas Süleymenovun "Aziya" əsərlərini, eləcə də Uilyam Folkner və Qabriel Qarsia Markesdən tərcümələri rəğbətlə qarşılanıb. A.Çxandzenin "Çinari manifesti", J.Z.Anuyun "Medeya", Lev Tolstoyun "Hacı Murad", Redyard Kiplinqin "Öz kefinə gəzən pişik", Vsevolod Vişnevskinin "Nikbin faciə", Aleksandr Vampilovun "Qarğa qarıltısı" pyesləri onun tərcüməsində respublika teatrlarında tamaşaya qoyulub.

2004-cü il sentyabrın 26-da faciəli şəkildə dünyasını dəyişib.

Əkrəm Əylisli

Yenə yuxuda Əylisdə öz tikdiyim evi axtarırdım.

Evimi axtara-axtara bu dəfə gedib Əlimüzürə çıxmışdım.

“Hardansa qulağıma səs gəlirdi: “Yerusəlim! Yerusəlim!”...

Səs Natiqin (Natiq Səfərovun) səsi idi, bəs özü hardaydı Natiqin?

Sonra görürəm ki, məndən aralıda – dərənin o başındakı qayalar qədim qala divarlarıdır və Natiq, təsbeh çevirə-çevirə, o qala divarlarının arası ilə “Yerusəlim”dən yavaş-yavaş mənə tərəf gəlir. Yuxudan ayılanda, birinci “Yerusəlim” sözünə heyrət eləyirəm. Sonra Natiqin dilindən heç vaxt eşitmədiyim bu sözün yuxuda və (məhz Natiqin dilində!) necə təbii və inandırıcı səslənməyi məni heyrətə gətirir.

Sonra yadıma düşür ki, elə həyatda da Natiq çox vaxt mənə, başqalarına nisbətən, bir az qədim adam təsiri bağışlayıb və o “Yerusəlim məsələsi” də yəqin ki, yuxu dilində elə qədimilik deməkdir...”

“Əylisdən Əylisəcən” kitabından

Ramiz Rövşən

Adam

(Dostum Natiq Səfərova)

Görən, səni kim ovudur,

Ay məni ovudan adam?

Özgə dərdi görən kimi

Özünü unudan adam.

Xoş sözüylə, qılığıyla,

Balaca boy-buxunuyla,

Süfrəsinin var-yoxuyla

Yeri-göyü tutan adam.

Dünyada nə su, nə od var,

Dünyada nə dost, nə yad var.

Tanrıdan özgə bir ad var;

Adam,

Adam,

Adam,

Adam!..

Mövlud Süleymanlı

Bəzilərinə az görünsə də, Natiqin bu qısa ömürdə yaratdığı çox böyük, çox gərəkli işləri qaldı, mənasız söz yığımından ibarət cildlikləri yox. Natiqin tərcümə yaradıcılığından bir səhifə götürmək kifayətdir ki, Azərbaycan türkcəsinin gücünü hiss edəsən. Natiqin üz tutduğu müəlliflər də adi yazı-pozu adamlarından kəskinliklə seçilənlərdi, o əsərlər daha uzaq sabahlara - gələcəyə yazılan əsərlərdi.

Natiq Səfərov bir şəxsiyyət kimi də daha çox sonra anlaşılan adam idi, yəni, onu asanlıqla tanımaq, tez dərk etmək mümkün deyildi. Özünü çox sadə və adi göstərsə də, qat-qat özünə yığılmış, təzadlarla dolu, ziddiyyətli adam idi. Natiqi ilk baxışdan da, son baxışdan da tanımaq mümkün deyildi... Bu onun iç dünyasının, düşüncə sınırlarının genişliyindən idi, ümumiyyətlə, yaranışı ifadə və idarə edən münasibətlərin kökünü anlamadığımdan, bir vəziyyətin-durumun yüz variantını- halını bilməyindən idi... Onun heç nəylə ağlını kəsdirmək, çoxlarımız kimi, adi şeylərlə ovundurmaq mümkün deyildi. Dost yanına qaçan olsa da, ömrü boyu tək-tənha idi. Darıxmaq hissinin əslində, zəiflik olduğunu bilə-bilə hər yerdə darıxırdı... Təbiətin bir parçası kimiydi, bir kərə görməklə unuda bilməzdin, istər qəmli olsun, istər şən, dumanlı-çiskinli balaca, sakit-dinc bir yamac kimi həmişə yol gözləyirdi. Hələ cavanlığından yaşanıb, işlənib, qocalmış, səsiylə ömrün bütün anları haqda heç vaxt eşitmədiyin sözləri, izahları, yozumları söyləyərdi...”

Afaq Məsud

Ədəbiyyata, bədii sözə sonsuz sevgi və sədaqət, qara fəhlə əziyyətinə bənzər, yorucu zəhmət tələb edən bu əvəzsiz xidmətlərinə görə Natiqə nə maddi, nə də mənəvi səpgidə “sağ ol” deyən yoxdur və təbii ki, Natiq bu “sağ ol”u gözləmir də. Və bəzən şirin xəyallarda dalıb, tərcüməçi Natiq Səfərovun tərcümə sənətinə nə vaxtsa həsr ediləcək təntənəli ədəbi gecə haqqında fikirləşəndə, nədənsə boğazımı qəhər tutur.

Bir anlıq dünyanın “təntənələr” qatından tam əks bir qütbdə, uzaq, sakit bir nöqtədə - şəhərin yuxarı məhəlləsində, bir-birinə dolaşıb-burulan, sınıq-sökük skamyalı, çığırğan pişikli həyətlərin birində, gecələrlə balaca evinin zəif işıqlı şüşəbəndində otura-otura, yaza-yaza yaşayan, tapdığı sözün, fikrin istisinə qızına-qızına öz-özünü yaşadan, aradabir gücü, qüvvəsi tükənib, heydən düşən, həyatdan küsən, sonra yenə balaca şüşəbəndinin daş-divarını qazıyıb güc yığan Natiqi - bu balaca, arıq, zəhmətkeş adamı, üzü projektorların gur işığından büzüşə-büzüşə, gül-çiçəklər aşıb-daşan səhnəyə heç cür uyuşmayan çaşqın görkəmi ilə dayanan yerdə təsəvvür eləyirəm... Bilirəm ki, Natiqi həmin bu təmtəraqlı səhnəyə çıxarmaq mümkünsüz, ağlasığmaz bir işdi. Ona görə yox ki, Natiq ifrat dərəcədə təvazökar, yaxud utancaqdı. Ona görə ki, bu gur işıqlı səhnədə, gül-çiçək fəvvarəsində dayanmaq Natiq üçün, əslində qorxunc, uğultulu izdihamla üzbəüz qalmaq, bu bulanıq axının diqqət mərkəzinə çevrilmək deməkdir...

Məmməd Oruc

Dostum, həmkarım Natiq Səfərov səksəninci illərdə Oljas Süleymenovun “Az i ya” əsərini ruscadan çevirməyə başlayanda, bizə tərcümədən örnəklər oxuyanda, kimin ağlına gələrdi ki, Moskvanın böyük narazılıqla qarşıladığı bir əsərə Azərbaycanda naşir tapılacaq? Bəs, onu bu yükün altına girməyə vadar edən nə idi? Heç bir zaman dilinə gətirmədiyi, içində gizlədiyi türkçülük duyğusu və bir də ədəbi vicdanı. Ömrünü əsl sözün keşiyində başa vurdu. Bir qayda olaraq, tərcüməyə ən çətin gələn əsərlərə girişərdi. Onlardan biri də elə “Az i ya” idi.

Azər Abdulla

...Natiq Səfərov zəng elədi. Gec olduğundan, “Görünür, kefi kökdü”, - deyə düşündüm. İçəndə mənə tez-tez zəng edir. Gecə saat birdə, ikidə, bəzənsə gecə saat dörddə, yuxumun lap şirin vaxtı. Natiqin gecə zənglərini səbrlə dinləyirəm, həvəslə cavab verirəm. Həmişə içəndən sonra onun yadına düşməyim az da olsa, mənə toxunur. “Hamıdan əli üzüləndə, maraqlı dostları onu unudanda, mənə pənah gətirir, əlacsızlıqdan mənə zəng edir”- düşünürəm, hər halda sevinirəm, bilirəm ki, əsl mənada ədəbiyyata sədaqətli bildiyim bir adamdan nəsə yeni, ağıllı bir söz eşidəcəyəm. Təkcə mən deyil, mənim yaşıma yaxın ədəbi nəslin çoxu bir vaxt özünün, yaxud başqasının çap olunmuş adi bir məqaləsi, bir şeiri, hekayəsi, romanı barədə həyəcan və həsrətlə Natiqin rəyini, fikrini bilmək istəyib. Natiqin zövqü ədəbi nəslin ölçüsünə çevrilib. Bu baxımdan, mətbuatda heç bir tənqidi yazısı çap olunmamasına baxmayaraq, mənim ədəbi nəslim Natiq Səfərovun və Vidadi Məmmədovun çayxana, meyxana söhbətlərinə müəyyən mənada borcludur.

Səfər Alışarlı

Natiqin ədəbi diapazonu elə geniş deyil: tərcüməçiliklə məşğul olub. İyirminci əsrdə Azərbaycan ədəbiyyatında “roman”, “povest” və sair adlar altında yalançı gurultularla daxil olmuş “şedevrlərin” doxsan faizini Natiq meyxanada pivə içə-içə özü təkbaşına yazardı. Yazmırdı. Çünki həqiqi ədəbiyyatın nə olduğunu bilirdi. Yazılan hər sözə, hətta siqaret qutusunun üstündəki ada da ədəbi vicdanın gözü ilə baxırdı. Ədəbiyyatın ən böyük dəyərlərindən olan səmimiyyəti saxtakarlıqdan, namus və qeyrət hissini yalançı pafosdan, ağrını səviyyəsiz iniltidən dərhal seçirdi. Ona görə yaza bilmirdi. Mənə elə gəlir, Natiq nə vaxtsa hansısa həqiqi klassiklə ilk döyüşdə məğlub olmuşdu və bu məğlubiyyətdən sonra ömrü boyu özünə gələ bilməmişdi.

Cavanşir Yusifli

... Natiq işin ən çətinindən yapışmışdı. Hamının yazmaq istədiyini, var qüvvəsini toplayaraq yazmaq arzusuyla qovrulduğu yazını... o, danışırdı, hamının danışa bilmədiyini yazırdı. Onun haqqında danışan və yazan adamların hamısı qeyd edir ki, Natiq sözü dərindən-dərinə duyurdu və dilin heç kəsin çata bilmədiyi dərinliyinə gedib çıxırdı. Bu dərinlikdən geri qayıdıb, cəmiyyətin tələb etdiyi dərəcədə normal yaşamaq, norma və qadağalara uymaq... mümkünsüz bir iş olduğundan, Natiq yəqin ki, elə həmin “dərinlikdə” uyuyur, ömür sürür, hərdən ayılıb duranda, necə deyərlər, yetənə yetir, yetməyənə daş atırdı...

...Natiq tam özgə bir vaxtın, zamanın içində yaşayırdı, bəlkə də belə: biz onu tanısaq da, o, bizi qəti tanımırdı, onun vaxtı dilin və sözün səs çatmayan, ün yetməyən dərinliyindən dövr edirdi...”

Nəriman Əbdülrəhmanlı

...Hər gün işarası otağımıza gəlirdi, hər gələndə də heyrətamiz bir əhvalat danışırdı. Əlim üzümdə qalırdı ki, ilahi, bu qədər duyumun ola, bu qədər təsvir bacarığın ola, belə gözəl danışdıqlarını oturub yaza bilməyəsən, ya da yazmayasan - bundan müəmmalı nə ola bilər? İndi mənə çatır ki, yaddaşımı tərpədən o yanıq qoxusu Natiq Səfərovun cismani faciəsiylə yox, söz yanığıyla bağlıdı. O, sözdən alışan, sözün ardınca düşüb gedən, sözün cövhərinə yetişən adam idi. Bir dəfə tənqidçi Bəsti Əlibəyli şikayətləndi ki, nə vaxtdı, suallar vermişəm, müsahibə aparmaq fikrindəyəm, amma indiyəcən sizdən səs çıxmayıb. Ona Natiq Səfərov özünəməxsus yumorla dedi ki, mən iy bilən itəm (ruhu bağışlasın!), axtardığımı tapanda, sevindiyimdən ancaq “ham-ham” eləyə bilirəm, müsahibə vermək mənlik deyil. Bununla belə, söz barədə, tərcümə barədə saatlarla danışırdı, sadəcə mətbuatda görünməkdən xoşu gəlmirdi. Ondan ötrü orta hədd - “babat”, “birtəhər” kimi sözlər dözülməziydi: Ya hər şeyin yaxşısını, tündünü, çətinini seçirdi, ya da ortabab şeylərə yaxın durmurdu - özüylə bacara bilmirdi.

İntiqam Mehdizadə

Bir yazıçı dostumuz vardı. Məndən çox Natiqlə yaxındı. O dostumuz kənd uşağıydı, bizə ardı-arası kəsilmədən kənd həyatından şirin, maraqlı söhbətlər edərdi.

Bir dəfə üçlükdə söhbət edirdik. O yazıçı dostumuz uşaqlıq illərindən bir epizod danışdı. Danışırdı ki, məktəbləri bir qədər aralıda, qonşu kənddə olduğundan yaz-yay, payız-qış, dərsə o boyda yolu pay-piyada gedər, yolda-rizdə dönə-dönə macəralara tuş gələrmiş. Deyirdi, bir dəfə də axırıncı dərsdən çıxıb, kəndimizə sarı gedirdim. Düz yol idi, ətrafda da nə ağac, nə kol-kos gözə dəyirdi. Birdən qeybdənmi, ya hardansa səs eşitdim: “Hey!”. Qanrılıb ora-bura boylandım, heç kim yox idi. Dedim, yəqin fikirliyəm, qulağıma səs gəlir. Özümü yığışdırıb, gedə-gedə ətrafıma dinşək kəsildim, fikirləşdim, yəqin hər kimdirsə məni qorxutmaqçün səsin çıxarıb gizlənir. Özlüyümdə dedim ki, bu səfər səsi eşitməyimlə o səmtə baxmağım bir olacaq. O cür də elədim. Yenə “hey” nidasını eşidən kimi ildırım sürətiylə çöndüm, yenə heç kimi görmədim. Bax bu yerdə xof məni bürüdü, dabanıma tüpürüb, kəndimizə sarı götürüldüm.

Birdən Natiqdən möhkəm bir gülmək qopdu. Gözləri yaşara-yaşara xəbər aldı ki, axırı nə oldu o “hey”in, məlum oldu kimliyi? O da qayıtdı, yox, heç bu günəcən də bilmirəm, nə sirri-xuda idi o. O vaxtdan Natiqlə nə vaxt üzləşsək dilimiz dinc durmazdı: “Hey!”...

Hikmət Hacızadə

Bir də görürdün, Naxçıvan, Nehrəm tipajlarından, onların xarakterindən elə nüanslar danışırdı ki, deyirdin, bunun özü Mirzə Cəlildi. Dövrünün savadlı, mədəni ziyalısı olmuş atası Əli Səfərovun geyimindən, yaraşığından tutmuş elə xasiyyətlərindən danışırdı ki, mən Natiqdə olan səmimiyyəti, obyektivliyi, deyərdim ki, cəsarəti heç kimdə görməmişəm.

1960-cı illərin Bakısından, indiki “Nəsimi bazarı”ndan azca aşağıda olan evlərindən, o ətrafdakı adamlardan xiffətlə-nostalji hissi ilə danışardı. Çox vaxt uşaqlığını, yeniyetmə dövrünü keçirmiş həmin yerlərdə gəzmək üçün mənimlə oralarda görüşərdi. Pəncərələrdən birini göstərib: “Burda bir dünya gözəli vardı, onu görmək üçün gündə iki-üç dəfə yolumu buradan salardım”, yaxud “Bu evdə bir məşhur “vorzakon” yaşayırdı”, - deyərdi. Gözəllik vurğunuydu. Zəng edirdi ki, gəl, “Torqovı”da gözəllərə baxaq. Nizami küçəsiylə qızlara, xanımlara baxa-baxa getdiyimiz vaxt birdən şirniyyat mağazasına girərdi. Cürbəcür pirojnalar, paxlava, şəkərbura, konfetlər alır: “Bax, bunu qızıma alıram, filan şeydən yoldaşımın yaman xoşu gəlir…” - deyir, bütün ətrafı, gözəlləri unudurdu. Hara getsəydik, fikri ailəsinin yanında qalardı, çox ailəcanlıydı. İnsanlar növlərə bölünür. Onu tanıyan, onu sevməyə bilməzdi.

# 2217 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #