“Hökmdardan qorxsalar yaxşıdır”

“Hökmdardan qorxsalar yaxşıdır”
15 mart 2013
# 14:53

İlham Tumas

Makiavellizm, yoxsa siyasi əxlaqsızlıq?

Aldat, xeyirxah olma, qorxut, pislik eləməkdən çəkinmə!

Birinci yazını burdan oxuya bilərsiz.

II yazı

Makiavelli bəşər mədəniyyətinə sadədən də sadə bir həqiqət bəxş edib: insanların yaşayışları ilə necə yaşamalı olduqları arasında böyük fərq var! Onun İtaliyanı vahid dövlət səviyyəsinə gətirmək üçün etdiyi bütün cəhdlər çoxları tərəfindən rədd edilirdi. Hamı belə bir adi məqsəd naminə olan bütün çağırışlarda yalnız tiranlığın mədhini görür, məqsəd qəbul edilsə də, ona çatmağın yolları haqda uzun-uzadı mənəviyyat moizələri oxunurdu. Heç kəs başa düşmək istəmirdi ki, zəhərləmə və qətllərin adi silaha çevrildiyi şəraiti yumşaq tədbirlərə dəyişmək olmaz. Hegelin Makiavellini oxumağın yolu haqda çox məşhur bir tələbi var: “Hökmdar”ı mütləq Makiavelli dövrünün İtaliya tarixini nəzərə almaqla oxumaq lazımdır”.

Hegelə görə bütün dövlətlər böyük şəxsiyyətlərin gücü hesabına meydana gəlib ki, bu şəxsiyyətin başqalarından üstünlüyü də mütləq iradəsinin gücünə inanmağıdır: “Necə ki, Tesey Afina dövlətini qurdu... Bu güc despotizm deyil, tiranlıqdır, ancaq həm də zəruri və ədalətlidir; çünki bu güc dövləti qoruyur və saxlayır. Bu cür dövlət yalnız özü-özünü tanıyan mütləq ruhdur. Ona nə yaxşı və nə pis, nə alçaqlıq, nə riyakarlıq və xəyanət anlayışları daxil deyil. O bunların hamısının fövqündədir. Digər tərəfdən isə Makiavellinin vətəni əcnəbilər tərəfindən talan və zəbt edilirdi: hər mülkədar, hər şəhər öz müstəqilliyini elan etmişdi. Dövləti xilas etməyin yeganə yolu bu cür xırda süverenitetlərinin məhvində idi. Özünün zəngin siyasi və hərbi təcrübəsinə əsaslanan Makiavelli mənəviyyat problemlərini önə çəkir və onları siyasi problemlərlə sıx əlaqədə həll edir. Buna baxmayaraq o həmişə mənəviyyatı və dini siyasətdən ayırmışdı. Siyasət Makiavelli üçün ayrıca bir elm idi”.

Makiavelli yeni hökmdara öz dostları və təbəələri ilə necə rəftar etməli olduğu haqda məsləhət verərkən “Hökmdar”da yazır: “Həyatda baş verənlərlə, baş verməsi lazım olanlar arasında böyük fərq var: çünki insanların yaşayışları ilə necə yaşamalı olduqları arasındakı məsafə elə böyükdür ki, lazım olan naminə həqiqi həyatı rədd edənlər həqiqət naminə gördüyü işdən daha çox özünə ziyan vurur. Çünki xeyir dəfələrlə şərlə üzləşdikdən sonra ya məhv olur, ya da xeyirliyini itirir. Ona görə də hakimiyyətini saxlamaq istəyən hökmdar mütləq xeyirxahlıqdan uzaqlaşmağı və bundan yalnız zəruri hallarda istifadə etməlidir“.

Hamıya yüksək əxlaq dərsi verməyi sevən, yalnız yaxşı keyfiyyətlərə malik ideal hökmdar arzulayan, özləri isə ağıllarına gələni eləməyə öyrənmiş mənəviyyat moizəçilərindən fərqli olaraq Makiavelli bu qul psixologiyasından çox-çox uzaq olduğu üçün vaxtilə yaşamış və dövründə olan hökmdarın həqiqi insani keyfiyyətlərindən misal gətirir, yeni hökmdara real həyatda necə yaşamaq lazım gəldiyindən danışır: “İnsan təbiətində yalnız comərdlik olmadığından və insanlar da xeyrə heç də həvəslə qulluq etmədiklərindən, ağıllı hökmdar dövlətin məhvinə gətirib çıxara bilən vərdişlərdən qurtulmalıdır”.

Makiavelli insanlarda olan “yaxşı” və “pis” keyfiyyətləri birgə nəzərdən keçirir. Belə ki, bütün bu keyfiyyətlərə xeyirxahlıq və pisliklərə həyatda rast gəlmək olur. Bunlarsız nəinki hökmdar, heç adi adam da ola bilməz. Ancaq bundan da çətini belə bir adamın bütün bu yaxşı xüsusiyyət və xeyirxahlıqları nümayiş etdirməsidir.

Çünki həyatın diktə etdiyi şərtlər bunlara uyğun deyil. “Real həyatın şərtlərini və real həqiqətləri insani keyfiyyətlərlə həmişə müqayisə etmək Makiavelli siyasi realizminin əsas tərəfidir. O, hadisələrin arxasında mahiyyəti görməyə çalışır” yazan Marks məhz bunu nəzərdə tuturdu. Makiavellinin hökmdarı dağılmaqda olan feodalizm dövrünün feodallarının əvəzində meydana gələn yeni burjuaziyanın nümayəndəsidir. Və ondan tələb olunanlar tək Makiavellinin deyil, həmin dövrdə yeni mərhələyə qədəm qoyan ictimai-iqtisadi münasibətlərin tələbi idi.

Makiavelliyə görə hökmdardan daha çox qorxsalar yaxşıdır. Çünki adamlar təhlükə qarşısında tez dəyişə bilirlər. Nə qədər ki, onlara yaxşılıq olunur, sənə meylli olurlar, ancaq elə ki, nə isə baş verdi, öz xeyirxahlarına nəinki xəyanət, hətta onu məhv edirlər.

Makiavelli çox gözəl başa düşürdü ki, ali insani keyfiyyətlər olan məhəbbət, dostluq, sədaqət, xeyirxahlıq kimi hisslər onun dövründə maddi şeylər kimi alınıb satılır. Bunu yeni hökmdar da bilməlidir ki, adamlar bu hisslərdən daha çox əmlakı, pulu, var-dövləti qiymətləndirirlər. Və onların hörmət etdiyi bir şey varsa o da qorxu hissi aşılayan gücdür: “Onların vədlərinə inanaraq öz təhlükəsizliyi qeydinə qalmayan hökmdara o qədər də asan olmayacaq. Xeyirxahlıq və comərdliklə alınan dostluğu qazanmaq olar, ancaq çətin vaxtlarda istifadə etmək olmaz. Bundan əlavə adamlar onlara qorxu hissi aşılayanı incitməkdən daha çox çəkinirlər, nəinki sevgi hissi aşılayanı. Çünki xeyirxahlıqla saxlanılan məhəbbət pis adamlar tərəfindən öz xeyirləri naminə nəzərə alınmaya bilər, ancaq qorxu, cəza hədəsi ilə saxlanılan dostluq və hörmət isə nəzərə alınmaya bilmir”. Ancaq hökmdar elə qorxu hissi yaratmalıdır ki, məhəbbət qazanmasa da, nifrətdən də yayına bilsin. Çünki nifrətsiz qorxu hissi aşılamaq mümkündür. Bu nifrətdən qaçmaq üçün vətəndaşlarının mal-mülkünə və arvadlarına, uşaqlarına toxunmaq olmaz.

Makiavelli haqda xoşagəlməz sözləri əsasən “Hökmdar”ın XVIII fəslinin məzmunu ilə bağlı daha çox deyirlər. “Hökmdarın öz sözünə əməl etməsi haqda” adlanan bu bölmə hər bir hökmdar üçün böyük müşkülə çevrilən problemin qoyuluşundan başlayır: “Hökmdarın öz sözünə əməl etməsinin, səmimiliyinin, ədalətli olmasının nə qədər tərifəlayiq olduğunu söyləmək artıqdır. Ancaq dövrümüzün təcrübələri bizə göstərdi ki, bizim vaxtlarda böyük işlər, daha böyük uğurlar yalnız o zaman qazanılır ki, verilən sözə əməl olunmağa cəhd göstərilmir: belə hökmdarlar son nəticədə daha çox irəli gediblər, nəinki ancaq düzlüyə bel bağlayanlar. Düşmənlə mübarizə aparmağın 2 yolu var: I qanunla, II güclə. I insana xasdır, II heyvanlara. Ancaq I çox zaman kifayət etmir və II-nin köməyindən istifadə etmək lazım gəlir. Buradan belə nəticə çıxır ki, hökmdar insan və heyvan təbiətində hər nə varsa mənimsəməlidir. Qədim müəlliflər öz əsərlərində Axilli yarıminsan, yarımheyvan canlı olan Kentavra-Xirona tərbiyəyə verməkdə məqsədləri nə idi? Bu, hökmdarın özündə 2 xisləti birləşdirməli olduğuna işarədir. Bunlardan biri, o birindən kifayət qədər gücə malik deyil”.

Doğrudan da, Makiavelli kentavr obrazından əbəs yerə danışmır. Siyasi xadimlərin fəaliyyətini nəzərdən keçirib öyrənən Makiavelli ən yaxşı qanunların belə müvəqqəti olduğunun şahidi olur. Buna görə də təbii əzəliliyə müraciət edir, hökmdar və dövlət üçün bu qanunların saxlanılmasında ən böyük köməyi gücdə görür; bu isə kor-koranə işlədilən güc deyil, ağılla hiyləgərliklə işlənən gücdür.

Yəni, Makiavelliyə görə hökmdar siyasətdə romantik və utopist deyil, əksinə realist olmalıdır; yaranmış vəziyyəti əsaslı şəkildə öyrənməli, işin gedişini ölçüb-biçməli, üzləşə biləcəyi xəyanəti, qeyri-sabitliyi, hiyləgərliyi və çətinlikləri nəzərə almalıdır: “Beləliklə, qoy hökmdar heyvanlardan ikisinə oxşasın: şirə və tülküyə. Şir tələdən qorxur, tülkü canavarlardan, deməli tülkü olmaq lazımdır ki, tələləri keçəsən, şir olmaq lazımdır ki, canavarları qorxudasan. Ağıllı hökmdar söz verərkən onu buna vadar edən səbəblər aradan çıxdığı halda ümumi marağına xələl gətirən vədlərə əməl etməyə bilər. Əlbəttə, əgər adamlar sözlərinə əməl etsəydilər, onda bu məsləhət düzgün olmazdı, ancaq heç kəs sözünün ağası olmadığından, sən də onlara özləri kimi davranmalısan”.

Buradan göründüyü kimi Makiavelli heç də amoralizmin təbliği ilə məşğul olmur. Əksinə, o, cəmiyyətdə mövcud olan amoralizmi şərh edir, hökmdarı sayıqlığa və öz şəxsi mənafeyi naminə hər vədinə xilaf çıxa bilən adamların qurbanına çevrilməməyə çağırır. Filosof inanır ki, pafoslu sözlər və mənəvi dəyərlər pərdəsi altında gizlənən real həyatda əslində ən alçaq oyunlar gedir. Comərdlik və xeyirxah nəsihətlər çox zaman ən qanlı və amansız cinayətlərlə başa çatır: “Buradan belə nəticə çıxır ki, hökmdar heç də bütün sadalanan comərdliklərə malik olmasa ziyan etməz, təki o hamı tərəfindən xeyirxah kimi qəbul edilsin. Cəsarətlə əlavə edə bilərəm ki, bu comərdliklərə malik olmaq onun özünə xeyir gətirməyəcək. Başqa sözlə, adamların gözündə rəhmdil, səmimi və əzabkeş görünməklə işdə də bunu sübut etməli, ancaq zərurət yarandıqda daxildə həmişə tamam əks xüsusiyyətləri hazır saxlamaq lazımdır. Çünki Hökmdar dövlətin qorunub saxlanması naminə bəzən öz sözünün əksinə getməyi, rəhmsizlik və amansızlıq göstərməli olur. Ona görə də yeni hökmdar həmişə hadisələrin gedişi əks istiqamət alanda, mümkün qədər xeyirxahlıqdan uzaqlaşsa da, zülm etməkdən də qaçmamalıdır”.

Makiavelliyə görə hökmdar üçün iki əsas təhlükə var: daxildən və xaricdən: “Ölkə daxilində yüngülbeyin, qətiyyətsiz hökmdarlar həmişə nifrət obyekti olurlar. Rəiyyətin xüsusi işlərinin həlli hökmdar tərəfindən qəti həllini tapmalıdır. Və heç kəsin ağlına belə gəlməməlidir ki, nədəsə hökmdara fırıldaq gəlmək, onu aldatmaq olar”.

Makiavelliyə görə, qiyamdan qorunmaq üçün ən yaxşı vasitə:“Xalqın etimadını qazanmaqdır. Belə hökmdar heç nədən və heç kəsdən qorxmaya bilər.”

Makiavelli yeni hökmdarın müxtəlif vəzifələr daşıdığını da unutmur: “Hökmdar hər sənətdə qeyri-adi bacarıq nümayiş etdirən adamları himayə etməlidir. O, vətəndaşların sakit tərzdə təsərrüfatla məşğul olmaları üçün şərait yaratmalıdır. Hökmdar iş adamlarına qoyulan vergilərlə onları bezdirməməlidir, əksinə ticarət qurmaq, binalar tikmək istəyən adamları mükafatlandırmalıdır. O həmçinin xalqın əylənməsi üçün bayramlar düzəltməli, şəhərin müxtəlif yerlərində yığıncaqlar təşkil etməlidir”.

Makiavelli yeni hökmdara məhdudiyyətsiz səlahiyyətlər verməklə dövlətin qorunması və möhkəmlənməsi üçün bütün məsuliyyəti ona tapşırır. Onun hökmdarı taleyin gərdişinə və başqa adamların köməyinə heç vaxt arxayın olmamalı, daha çox öz ağlına, bacarığına inanmalıdır.

Makiavellinin siyasi ideologiyası konkret siyasi məqsədə -vahid, möhtəşəm İtaliya dövlətinin formalaşmasına yönəlib. Bu nəzəriyyə utopiya deyil və bura tarixilik xasdır. Çünki o hər şeydən əvvəl konkret ictimai hadisələri öyrənir və nəticələr çıxarır. Buna görə də Makiavelliyə yalnız siyasətçi kimi baxmaq olmaz. Bu barədə italyan filosofu Qramşi yazırdı: “Makiavelliyə hər şeydən əvvəl öz dövrünün tələbləri ilə bağlı olan adam kimi yanaşmaq lazımdır. Çünki onun siyasi elmi dövrünün fəlsəfəsidir”.

# 5615 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #