[b]Təkamül Qurana ziddirsə nə etməli?[/b]

[b]Təkamül Qurana ziddirsə nə etməli?[/b]
3 fevral 2017
# 14:20

Kulis.az Niyyət Bayramzadənin “Təkamül, Təhsil və Müsəlmanlar” adlı yazısını təqdim edir.

Modern elmin nəzəriyyələri içində təkamül qədər qalmaqallı nəzəriyyə olmayıb. Bu qədər səs-küyə səbəb olmuş nəzəriyyə bir çox amili nəzərə alacaq multifaktor analiz tələb edir. Nəzəriyyənin formalaşdığı tarixi, sosial-siyasi, dini və ən əsası elmi faktorları nəzərə almaq lazım gəlir. Bu yazıda həmin amillərdən bir neçəsinə toxunulacaq. Bunun müsəlman ölkələrində, o cümlədən kifayət qədər müsəlman əhalisi olan Azərbaycan üçün də nəticələrindən bəhs olunacaq.

Təkamül nəzəriyyəsi dəfələrlə elmi-metodoloji üsullarla uğurla sınaqdan çıxıb. O qədər dəqiq və işlək nəzəriyyədi ki, faktiki olaraq dünya üzrə elm mərkəzlərinin heç birində artıq nəzəriyyənin yanlışlığı və ya doğruluğu haqda müzakirə belə getmir. Qərb elm dünyasında əleyhinə yazılmış son kitablar 1980-90-cı illərə təsadüf edir. Müasir genetikanın və genomika sahələrinin inkişafıyla həmin müəlliflər də nəzəriyyəni qəbul edincə bu nəzəriyyə növbəti mərhələyə adladı. Onun prinsipial mexanizmi daha da gəlişdirilib, dəqiqləşdirilib, indilərdə başqa nəzəri və praktiki modellərin, farmakologiyada, dərman sənayesində yeni üsulların işlənib hazırlanmasına təkan verməkdədi.

Qısaca, təkamül nəzəriyyəsi 4,5 milyard yaşı olan “Solğun mavi rəngli planet”imizdə hal-hazırda müşahidə olunan bioloji müxtəlifliyi mutasiyalarla və təbii seçmə yolu ilə uğurla açıqlayır. Qeyd etmək lazımdı ki, canlı həyatın başlanğıcı bu nəzəriyyənin predmeti deyil (Canlı həyatın necə ortaya çıxması hələ qeyri-dəqiqdi və RNA Dünya nəzəriyyəsinin, abiogenezin və s. izah dairəsinə düşür). Darvindən sonra təkamül nəzəriyyəsi özü də təkamül etdi. Təkmilləşmənin pik nöqtəsi DNT-nin kəşfindən sonra başladı. Qədim elm tarixindən canlılar arasındakı fiziki bənzərlik, analoq və homoloq orqanların olması, fenotipik özəlliklərin bir-birinə yaxınlığı o vaxtkı bioloqlara əsas verib ki, canlıları Darvindən öncə də kateqoriyaya, növlərə bölsünlər və onların bir-birindən, ortaq atadan və ya müstəqil formada yaranması fikirlərini irəli sürsünlər. Ümumiyyətlə, növün nə olması biologiya fəlsəfəsində həmişə müzakirə mövzusu olub. Bir-birinə oxşadığına görə iki heyvanı taksonomik iyerarxiyada bir qrupa salmağa qarşı olan alimlər olub. Fəlsəfi nöqteyi-nəzərdən də bu sual mənalı səslənə bilir: “Sadəcə bənzədiyinə görə niyə canavarlarla itlər ortaq növdən törəməlidi?” Oxşar bipedial hərəkət meymunlarla insanların yaxınlığına nə dərəcədə dəlalət edir? və s..

Bu və oxşar suallar 20-ci əsrdə DNT-nin kəşfi, ardınca molekulyar biologiyanın və genetikanın sürətli inkişafıyla da tamamilə çözüldü. Məlum oldu ki, irsi məlumat daşıyıcısı DNT canlının canlılığına məxsus xüsusiyyətlərə sahib olmasının əsasında durur. Məsələn, DNT zəncirində 3 milyard hərfin unikal ardıcıllığı hər insanın özünəməxsus bədən quruluşu, sifət cizgiləri, göz, dəri rəngi, hətta yeriş tərzini və s. təyin edir. Lap elə bu yaxınlarda, 2016-nın sonlarında Hollandiyada fiziklərin aparmış olduğu araşdırma isə DNT-də hətta ikinci qat şifrələnmiş informasiya haqda maraqlı nəticə ortaya qoydu. Məlum oldu ki, DNT zəncirində nəinki hərflərin ardıcıllığı, həm də zəncirin hansı formada bükülməsi, qıvrılması, burulması, bir sözlə hüceyrənin nüvəsi içində paketlənmə üsulu da informasiya daşıyır. Bu bilgilərin işığında yuxarıdakı sualları da cavablamaq mümkün oldu. Belə ki, DNT zəncirindəki hərflərin düzülüşü, sıralaması fərqli canlıları bir-birinə bənzədir. İtlər və canavarların DNT zənciri daha çox uyğundu, nəinki itlərlə hörümçəklərin. Ona görə də it və canavar yaxın qrupda sinifləndirilə bilər və ortaq atadan törəmələrinin də əsasında bu fakt dayanır. Yəni bu iki canlı bir-birinə məhz bənzədiyinə görə yox, DNT zəncirindəki oxşarlığa görə (hansı ki, bu həm də bənzəmələrinə rəvac verib) yaxın qrupda sinifləndirilə bilərmiş. İnsanın DNT zəncirinə ən uyğun gələn də elə meymunlar oldu. Onların və insanların DNT zəncirində yalnız 3-4 %-lik fərq var. Bununla belə analoji məntiq bir-birinə oxşadığına görə yaxın qruplarda kateqorizə edilmiş, amma əslində tamam fərqli siniflərə aid olmalı olan canlı növlərini də üzə çıxardı. Qısaca, molekulyar biologiya, genetika və genomika birlikdə canlıların niyə həm bir-birinə oxşadığını, eyni zamanda oxşamadığını, növlərə ayırmanın dəqiq çərçivəsini müəyyənləşdirdi.

19-cu əsrin ortalarında meydana gəlməsindən etibarən təkamül nəzəriyyəsi din sferasında, xristian-qərb dünyasında çox mübahisələrə səbəb olub. O dövrdən başlayaraq elm və texnologiyası, siyasi-iqtisadi-mədəni sahələri xeyli inkişaf edən Avropa-qərb regionlarında bu müzakirələr artıq sona çatmış sayılır. Yəqin ki, minilliyin əvvəlində Vatikanın təkamül nəzəriyyəsinə münasibəti dəqiqləşdirməsiylə nəzəriyyə haqqındakı son dalğalanmalar da sönüb yoxa çıxdı. Bununla təkamül nəzəriyyəsi xristianlar arasında da müsbət qarşılandı. İnanclarıyla bu və ya digər formada uzlaşdırma yoluna getdilər. Ümumiyyətlə, inancından asılı olmayaraq demək olar ki, bütün elm adamları, tanınan və ya tanınmayan elmi mərkəzlərin nümayəndələri işığın bir elektromaqnit dalğa olması faktı qədər bu nəzəriyyəni də fakt kimi çoxdan qəbul ediblər. Xatırlatmaq yerinə düşərdi ki, aparılmış müxtəlif yönümlü araşdırmalara əsasən hal-hazırda dünyada elm adamlarının, ən kobud qruplaşdırmayla, təxminən 30%-i bəlirli inanclı, 30-40% bəlirsiz inanclı və ya aqnostik, yerdə qalan hissəsi isə bəlirli inancsız olduğu məlum olub. Hərçənd hər elm sahəsində bu rəqəmlər müəyyən qədər fərqlənə bilər. Əlavə olaraq da bu qrupların içində çoxsaylı şaxələr də mövcuddu və s. Bu faktları nəzərə alaraq bir vaxtlar xüsusilə dini çevrədən kifayət qədər tənqidə məruz qalsa da, hal-hazırda oxşar tənqidləri marjinal bir qisimdən başqa heç kim etmir. Hətta inanclı elm adamlarının, araşdırmaçıların təkamül nəzəriyyəsinə birmənalı münasibəti mövcuddu. Şəxsən tanıdığım müxtəlif araşdırma mərkəzlərində çalışan inanclı, xristian, hinduist elm adamları, qeyri-elm sahəsində həmin dinlərin nümayəndələri təkamül nəzəriyyəsinin Yer kürəsində bioloji müxtəlifliyi ərsəyə gətirdiyini qeyd edirlər. Və bunu inanc bazaları, dini etiqadları ilə ziddiyyət təşkil etmədiyini də vurğulayırlar.

Bunun müqabilində şərq-müsəlman dünyasında təkamül nəzəriyyəsi kimi sərrast elmi fakt hələ də əksəriyyət tərəfindən fərziyyə sayılır. Bunun dəqiq səbəbi məlum deyil, bu səbəbi üzə çıxaracaq yetərli araşdırma, statistik məlumatlar müsəlman dünyasında yox dərəcəsindədi. Bir azdan görəcəyimiz kimi, sosial-humanitar sahədə bu cür araşdırmalar edə biləcək elmi kadrlar çox azdı. Bununla belə problemə diqqətlə və statistik nəzərlə baxsaq, məlum olar ki, sözügedən nəzəriyyə Şərqdə, xüsusilə müsəlman dünyasında inancsızlığa aparan, etiqadları sarsıdan vasitə kimi, Qərbin hegemonluğunun bir aləti kimi başa düşülür. Nəzəriyyə ictimai qınaq obyekti olaraq qalır, əsassız iddialarla fikirlər yayınır, səmərəsizlik ortaya çıxır. Yəqin ki, bundan daha xoşagəlməz istiqamətdə də mübahisələrin irəliləməsinə çoxları şahid olub. Məsələ orasındadı ki, bu cür yöndə irəliləyən müzakirələr kamuflyaj xarakteri daşıyır. Əsas məsələlərdən diqqəti yayındırır, obyektiv reallığı incələməyə imkan vermir. Təbii ki, Şərqdə geniş vüsət almış din istismarçıları, kütlələrin mənəviyyatını kontrol etməyi özlərinə peşə seçmiş molla, imam qaragüruhu da vəziyyətdən istifadə edir, konformist çıxışlar hazırlayır və yenə də məsələnin mahiyyətindən fikirləri yayındırırlar.

Qarşı fikirləri və tez-tez rast gəlinən tənqidləri əsasən, iki maddədə toplamaq olar:

1) Artıq Avropada və Amerikada təkamül nəzəriyyəsi səhv olduğu isbat olunub, dərsliklərdən çıxarılıb.

2) İslam dininin müddəaları, inanc sistemi qəbul edə bilməz ki, insanlar və meymunlar ortaq atadan əmələ gəlsinlər.

Yuxarıda Avropanın və Qərb dünyasının, elm aləminin, (bura hətta inanclı elm adamları da daxil olmaqla) nəzəriyyəyə münasibətinə detallı nəzər salındı. Nəzəriyyəyə əks arqument kimi işlədilən 1-ci iddia yazının əvvəlində də göstərildiyi kimi tamamilə reallıqdan uzaqdı. Ümumiyyətlə, təkamül nəzəriyyəsini dərsliklərdən, mündəricatlardan çıxarma, Avropa və Amerikada bilinən heç bir elmi mərkəzlərin bu yönümlü araşdırma istiqamətlərini ləğv etmə halları olmayıb. Olsa da belə halların ümumi sayı statistik dəyəri olacaq qədər deyil (Cənubi Koreyada bir neçə il əvvəl bu cür hal qeyri-müəyyən səbəbdən baş vermişdi, məlumata görə hadisə siyasi intriqa zəminində baş verib). Qısa ifadə edəsi olsaq, 1-ci iddianın olması maraqlıdı, maraqlı olduğu qədər də ikrah doğurur. 2-ci iddia isə ümumi teoloji-fəlsəfi problemin xüsusi halıdı: “Elmi nəzəriyyə, hər hansı elmi fakt dini baxışla ziddiyyət təşkil etdiyi zaman necə davranmalı?” Bu məsələyə müsəlman alim Rana Dajaninin cavabı vasitəsilə aydınlıq gətirmək yaxşı olar. Cavabdan əvvəl fədakar elm adamı Rana Dajanini tanımaq lazımdı.

Şəkildə genetik və molekulyar bioloq Rana Dajanidi. Hal-hazırda İordaniyada universitetlərin birində bu sahədə professordu. Rana ABŞ-da Ayova Elm və Texnologiya Universitetində, Yeyl Kök Hüceyrələr Mərkəzində (Yale Stem Cell Center) araşdırmalar aparıb, Kembric və Oksfordda bir neçə dəfə elmi mühazirələr verib. O həmçinin Ərəb ölkələrində, Cənubi Amerikada elmi-ictimai tədbirlərdə sahəsiylə bağlı çoxsaylı elmi-populyar mühazirələrlə çıxış etmişdi. Bu xanım alim karyerasını elmi fəaliyyətlə də məhdudlaşdırmayıb. Bir neçə təhsil və sosial layihələrin müəllifidi. Uşaqların kitab oxumasını təmin etmək üçün münbit şəraitin hazırlanmasında, xüsusilə qızları nəinki təhsil almasına, həm də elmi karyeraya təşviq etməsinə illərini sərf etməkdədi. Bu yenilikçi qadın son 10 il ərzində özünün başlatdığı “WLR-We Love Reading” (Biz oxumağı sevirik) hərəkatı çərçivəsində İordaniyada 100-ə yaxın kitabxananın açılmasına səbəb olmuşdu. Əvvəl uşaqlara kitab oxumaq üçün yer tapmayanda məscid imamlarından təkidlə məscidlərin oxu zalı kimi istifadə olunmasına nail olur. Prosesə daha çox qadın cəlb etməklə maarifçi elm adamı Rana başlatdığı hərəkatın İordaniyadan kənara, digər ərəb ölkələrinə də yayılmasına səbəb olur. Xüsusi qeyd etmək lazımdı ki, Rana Dajani bu layihədə uşaqların dini kitablar yox, məhz bədii ədəbiyyat oxumasını əsas götürüb. Layihələrinə görə Rana Qərb və Ərəb dünyasından ümumi dəyərləri milyon avrodan çox olan bir neçə qrant qazanıb və hamısını maarifçilik işlərində istifadə etmişdi. Bütün bu səylərinə görə Rana WISE mükafatına, Ərəb Dünyası Sosial İnnovasiya və başqa mükafatlara, habelə Klinton Qlobal Təşəbbüs 2010-un üzvlüyünə , “İslam Dünyasının ən görkəmli 20 elm adamı”-dan biri, “Ərəb Dünyasının 100 ən güclü qadını”-dan on üçüncüsü ünvanına layiq görülmüşdü. Hal-hazırda həm də İordaniya Elm və Texnologiya üzrə Ali Konsulluqda məsləhətçi kimi çalışır.

Dr. Rana Dajani universitetdə molekulyar biologiyanı, habelə təkamül nəzəriyyəsini tədris edir. Onun prestijli “Nature” və “Science” jurnallarında dərc olunmuş məqalələri və tez-tez dünya mətbuatına verdiyi müsahibələri müsəlman dünyasındakı təkamül nəzəriyyəsinə qarşı olan əks mövqeyin analizi baxımından maraqlı məqamlar ortaya çıxarır. Həmin məqalələrdən bir hissə aşağıda verilib:

“Mən universitetdə təkamülü tədris edirəm. Tələbələrin demək olar ki, hamısı əvvəlcə təkamül ideyasına düşmən münasibətdə olurlar. Mənim bir tərəfdən hicab geyinməyimi, öz inancımı yaşamağımı, digər tərəfdən təkamülü bioloji müxtəlifliyin səbəbi kimi izah etməyimi, Çarlz Darvini Yer kürəsində həyatın əmələ gəlməsini qavramağımızda böyük töhfəsi olan dahi elm adamı kimi təqdim etməyimi görüb şok olurlar. Çox hallarda mən onlara bu cür yanaşma sərgiləyən qarşılaşdıqları ilk müsəlman oluram... Hətta bəziləri bunu universitet rəhbərliyinə mənim İslam əleyhinə çalışdığım kimi şikayət edirlər. Amma elə tələbələr var ki, müzakirə etmək istəyirlər. Mən mühazirələrlə onlara bitkilərin təbii seleksiyasını, süni seleksiyanı, antibiotik müqaviməti, vaksinləri və s. izah edirəm. Kursun sonuna yaxın çox tələbə təkamülü mənimsəyib qəbul edirlər. Əgər müsəlman tələbələr bu cür mübahisəli akademik mövzuda sorğulaya bilərlərsə, onda onlar həyatlarının başqa aspektlərinə də eyni sorğulayıcı üslubda yanaşaraq mövcud status-kvonu kor-koranə qəbul etməzlər. Bu vasitələr və davranışlar onların xarakterinin formalaşmasında və məsuliyyətli vətəndaşlar kimi yetişməsində çox əhəmiyyətlidi.”

Rana Dajani onu da qeyd edir ki, özü kimi fikirdə olan çox həmkarları var. Lakin onlar fikirlərini ictimai açıqlamaqdan çəkinirlər. Dini imamlardan isə çox az qisim razılaşır, razılaşsalar da tədrici dəyişikliyin tərəfdarıdırlar. O, kursun sonunda tələbəni təkamülü qəbul edib-etməməsinə görə qiymətləndirmir.

Tələbənin sonda müstəqil düşüncəli olmasına səy göstərir. “Mən onlara ideyanı məcbur qəbul etdirmək fikrindən qaçıram, yoxsa təkamülü qınayanlar kimi davranmış olaram.”-deyir və əlavə edir -“Mənim məqsədim odur ki, onlar kainatı rasional metodologiya ilə araşdırsınlar, öyrənsinlər, öz hipotezlərini, nəzəriyyələrini önə sürsünlər, başqalarını imitasiya etməsinlər. Yalnız bu halda müsəlman dünyasında da azad düşüncəli insanların və elm adamlarının ortaya çıxamsına töhfə verə bilərik.”

İordaniyanın etnik əhalisində diabet və xərçəng xəstəliklərilə əlaqəli genom-ölçülü araşdırmalar aparan Rana Dajani, həm də bioinformatika sahəsində də elmi məqalələr müəllifidi. Yuxarıda qeyd olunan “Təkamül faktında insanın yaranması dinlə, Quran kitabı ilə ziddiyyət təşkil edirsə, nə etməli?” sualına bu araşdırmaçı xanımın verdiyi cavab müsəlmanlar üçün də qeyri-adidi:

“Biz insanın təkamülünü başqa canlılardan ayıra bilmərik. Bunu bilmək vacibdi ki, Quran elm kitabı deyil. Olmadığına görə də elmi məsələlərdə Quranla qərar verməyi tövsiyə etmirəm. Elmi məsələlərdə onları elmi metodologiya ilə izah edən və əlimizdə olan qəti elmi dəlillərə istinad etməliyik. Əgər müqəddəs mətnlə ziddiyyət olarsa, öz dini ehtimallarını qayıdıb nəzərdən keçirməlidirlər. Və əgər bu onları mənəvi rahat edəcəksə, mətni yenidən interpretasiya etsinlər. Təkamül insanlar da daxil olmaqla təbiətin möhtəşəm parçasıdı. İnsan elə bilir ki, ən önəmli varlıq özüdü, özünü üstün görür və fikirləşir ki, necə ola bilər ki, mən şimpanzelərlə eyni ortaq atadan gəlmişəm. Amma elə həmin Quran kitabında Allah bizə öyrədir ki, insan təkəbbürlü olmasının fərqində olsun.”

Görünür, müsəlman dünyasının azsaylı intellektuallarından olan Rana o dünyanı ətalətdən qurtarmaq, uşaqları lazımsız ideyalardan yayındırmaq, onları kitaba, ədəbiyyata və təhsilə təşviq etmək üçün, qadınların cəmiyyətdə mühüm sosial statusa gətirək üçün əlindən gələn hər şeyi etməkdədi. Amma Rana kimmi elm adamları müsəlman qadınlara geniş prizmada bu və ya digər səbəbdən rol model ola bilmir. Onların sayı həm çox deyil, həm də əlaqədar mövzularda, elmi dünyagörüşün formalaşmasında aidiyyəti olmayan din adamlarının hakimiyyəti hökm sürür. Problem Azərbaycanda da kifayət qədər aktualdı. Müsəlman-şərqin geridə qalmasının izahları haqda çoxlu kitablar və mənbələr var. Nüfuzlu müsəlman dini liderlərin təklif etdiyi çözümlər işlək deyil, effektivliyi olduqca azdı. Amma kütlələrin ətalət vəziyyətində olmasının təməlində insana baxışda obyektiv reallığa əsaslana bilməyən dünyagörüşün durduğu danılmazdı. İnsanın yaranmasında, canlılarla və ətraf mühitlə bağlanmasında xüsusi yeri olan təkamül nəzəriyyəsinin dəqiq öyrənilməsi sadalanan bu problemlərin həllində açar rolunu oynaya bilər. “Eqo” baxışı ilə özünü üstün tutan bəşər övladı “eqo”-nu “eko” paradiqmasına dəyişərək “ekologiya”-nın bir parçası halına gəlməsi qaçılmazdı və müəyyən mənada buna həm də məcburdu.

# 1976 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #