Tualetini kabinet edən yazıçı - ANIM

Tualetini kabinet edən yazıçı - <span style="color:red;">ANIM
9 iyul 2017
# 10:00

Bu gün dahi ingilis yazıçısı Çarlz Dikkensin ölüm günüdür. Kulis.az bu münasibətlə "Tualetini kabinet edən yazıçı" məqaləsini təqdim edir.

Yəqin ki, bizim kimi üçüncü dünya ölkələrində hansısa əli qələm tutan bir adam nə vaxtsa varlı olacağını düşünsə ona gülərik. Şəksiz bizim kimi nəsr sənətinin hələ gənc olduğu ölkələrdə belə bir şeyin eşqinə düşmək məcnunluqdan başqa bir şey deyil. Bizdə nəsrlə güzəranını keçirənlər elə məcnundurlar ki var-güzəranını başqa bir işlə çıxarır, yalnız gecədən-gecəyə, saatından, zamanından qınqırda-qınqırda vaxt ayırıb, iynə ilə gor eşər kimi nəsə yazıb yaradırlar.

Çarlz Dikkens isə atası borclular həbsxanasına düşəndən sonra özünə söz vermişdi ki, varlı olacaq. Buna görə o, yazmaqdan əl çəkməyəcəkdi.

Balaca Çarlz 12 yaşına qədər varlı bir ailənin övladı kimi böyümüşdü. Evlərində ziyafətlər, müsamirələr keçirilir, şəhərin varlı, tanınmış adamları qonaq gəlirdi. Çarlzın qayğısız həyatı bir gündə sona yetdi. Qapılarını polis döyəndə.

Sən demə yazıçın atası Con böyük bir uğursuzluq heykəli imiş. İllərlə borc borcun üstünə yığılırmış, ata Dikkens isə buna fikir vermirmiş. “Kəlilə və Dimnə” də deyilir: “Dörd şey az olsa da çox bil; xəstəlik, düşmən, borc, yanğın” Çünki bu dörd nəsnə az olsa da bir göz qırpımında artar.

Conun başına da bu fəlakət gəldi. Dikkenslərin mal-mülkləri müsadirə olundu. Ailə isə borclular həbsxanasına göndərildi. XIX əsrdə İngiltərədə borclular həbsxanası pansionat kimi bir məntəqə idi. Borclu ailəsi ilə burda həbsdə yaşayır, əlbəttə bayıra çıxmaq imkanı olmurdu. Buna görə də borclu ya borcunu birdəfəlik ödəyib azadlığa çıxmalı, ya da ömrünün sonuna qədər dövlət hesabına yaşamalı idi. İkinci bir yol da vardı. Ailənin uşaqları azad idilər. Onlar həbsxananı tərk edib qazanc dalınca gedə bilərdilər. Əgər lazımı pulu qazanıb borcu ödəyə bilsələr ailələri azad olunurdu. Təbii ki, bu da mümkünsüz idi.

İstisnalar həmişə var. İstisna Dikkens olacaqdı.

12 yaşı olanda Dikkens ayaqqabı boyaçısı atleyesində çalışmağa başlayır. On doqquz yaşında isə parlament müxbirliyi edir. Elə bu yaşında o, varlı olacağına söz verir, amma necə.

Tale özü onun imdadına yetəcəkdi. O vaxta qədər Dikkensin yazdığı hekayələrdən ibarət bir kitabı da çap olunacaqdı: “Bozun qaralamaları”. Boz Çarzlın kiçik qardaşının ləqəbi idi. Dikkens də ləqəb kimi özünə bu adı seçib, bu adla çap olunmuşdu, Çarlz Dikkens adı ilə deyil. Kitabı xeyirxah naşirlərdən biri çap etmişdi.

Təbii ki, gənc yazarın ilk kitabı heç bir uğur qazanmadı. XIX əsr İngiltərəsində başqa bir qayda da vardı. Naşirlər satılmayacağını bildikləri kitablar çap etdikdə hər kitab mağazasına onlardan bir nüsxə göndərib centlmensayağı bir məktub da ələvə edərdilər: “Bu kitab çox satılan məhsullarımızdandır, amma şirkətinizə hörmət əlaməti olaraq sizə bir ədəd hədiyyə edirik.” Əslində məktubun altmənası belə idi: “Bu kitabı sata bilmirik, əlimizdə qalıb. Xahiş edirik ki, alın.”

Bunun başqa tərəfi də vardı. İngiltərə höküməti kitab mağazalarına kitabları havayı paylayan nəşriyyatları vergi krediti ilə təmin edirdi. Buna görə də nəşriyyatlar vergi kreditindən yararlanmaq üçün gənc yazarların satılmayan kitablarını çap edib mağazalara göndərirdilər. Dikkensin kitabı da beləcə gəlib çıxmışdı cənab Çapmanla cənab Hollun kitab mağazalarına.

Kitabın çapından altı ay sonra Robert Seymur adlı dövrün ən məşhur illüstrasiyaçılarından biri Çapmanların mağazasına gəlir. Seymur mahir rəssam olsa da Conun atası kimi borc içində üzürdü. Pulunu qumara, içkiyə xərcləmişdi. Seymur bir kitabdan gəlirin yalnız 85 faizini qazanacağı təqdirdə borcunun hamısını verə bilrədi. Heç bir tanınmış nəşriyyat isə bu riskə getməzdi. Buna görə də rəssam Çapmanları seçir. Çünki bu iki ortağın nəşriyyatı da iflas etməkdə idi, onlar yalnız məşhur bir adamın kitabını çap edərlərsə uğur qazana bilərdilər. Seymur “Gombullar klubu” adlı illüstrasiyalar kitabı hazırlamaq istədiyini bildirir. Ağlında bir fikir də var. Hər rəsmin altına bir neçə cümlə yazılmasını istəyir. Bunun üçün gənc bir yazara ehtiyacı var. Seymur “Belə bir yazıçı tanıyırsızmı?” –deyə soruşduqda cənab Holl çarəsiz şəkildə başını yuxarı qaldırır və rəfin ən yuxarısında bir küncə sıxışdırılmış “Bozun qaralamaları” kitabını görür. O, belə bir yazıçı tanıdığını deyir və cənab Seymurdan bir həftə möhlət istəyir.

Qapılarına qədər gəlmiş uğuru qaçırmamaq üçün iki naşir bir həftə içində güc-bəla kitabın yazarını, Dikkensi tapırlar. 23 yaşlı Dikkens məsələ ilə tanış olub görüşü öz evində təyin edir. Evində özünü daha rahat hiss edəcəyi üçün o belə qərar verir. Vaxtın tamamında iş görüşməsi Dikkensin evində baş tutur. Görüşdə Robert Seymur, Çapman və Holl iştirka edirlər. Dikkensə öz planları barədə məlumat verəndən sonra gənc yazarın bu göydəndüşmə fürsətə gözüyumlu razı olub “Müqavilə hazırdırmı, hara qol çəkim?” deyəcəyini gözlədikləri halda o, buyurur: “Düşünmək üçün iş otağıma çəkilməliyəm. Mənə beş dəqiqə vaxt verə bilərsizmi?”

İş otağı. Necə də cazibədar səslənir. Sən demə Dikkensin iş otağı dediyi yer tualet imiş, bəli tualet. Dikkens özünü yoxsul olduğunu büruzə verməmək üçün iş otağının olduğunu göstərmək istəyir. Əslində isə tualetə keçib şam yandırır və beş maddədən ibarət bir sənəd hazırlayır. Bir az sonra öz “iş otağı”ından çıxan Dikkens beş maddədən ibarət sənədi ortaqlarına təqdim edir və bu şərtlər qəbul ediləcəyi təqdirdə əməkdaşlıq edəcəyini bildirir.

Dikkensin bu təklifi kitab çapı sahəsində inqilab olacaqdı və müəllifinə 40 milyon fund qazandıracaqdı.

Dikkens təklif edir ki, bu illüstrasiya kitabı yox, roman olsun. Yəni Dikens romanı yazsın, Seymur ona illüstrasiyalar çəksin. Bundan başqa Dikkens kitabı birdəfəyə deyil cüz-cüz, bölmələr şəklində satmağı təklif edir. Oxucu bir şillinq ödəyib birinci cüzü-bölməni alacaq, növbəti ay gəlib ikinci cüzi, o biri ay sıradakı cüzü alacaq. Dikknes o vaxta qədər mövcud olmayan yeni bir metod təklif edirdi. Çox gözəl, inqilabi tapıntı idi, belə bir kitabı oxucuya hissə-hissə bir il, iki il müddətinə satmaq olacaqdı. Üstəlik bir kitabın gəlirindən daha artıq pul qazanmaq olacaqdı.

Dikkensin təklifi naşirlərin xoşuna gəlir. Bəs oxucunu bir il müddətinə bu kitabı almağa necə məcbur etməli? Dikknes bu dəfə də inqliabi təklif verir. Günümzdə bu metoddan seriallarda istifdə edirlər. Oysa bəlkə serial çəkənlərin çoxu bilmir ki, bunu ilk dəfə Dikknes edib. O, hər dəfə cüzü-bölməni əsərin elə bir yerində bitirəcəkdi ki, oxucu intizarla növbəti sayı gözləyəcəkdi.

Tərəfdaşlar bu təkliflə razılaşılar. Amma bir məsələ də var. Axı, bir şillinqə satılan kitabın maya dəyəri üç şillinqdir. Naşirlər iflas etməzlərmi? Dikkens buna da çarə tapır. O dövrdə kitabların üz qabığı taxtadan hazırlanırdı. Ən çox xərc aparan da qapaq idi. Kağız isə çox az xərc tələb edirdi. Demək olar ki, heç bir şillinq eləmirdi. Dikknes kitabın üz qabığını da kağızdan etməyi təklif edir. Dahi yazıçı bu fikri ilə də kitab çapı sahəsinə yenilik gətirmiş olur. Bildiyimiz nazik qabıq kitablar Dikkensdən bizə mirasdır.

Dikkesn kitabın adını da “Pikvik klubunun qeydləri” qoymağı təklif edir. Romanda gombulların klubundan bəhs olunur. Varlı gombullar hər dəfə ova çıxanda başlarına gülməli macəralar gəlir. Dikkens bir il müddətinə yayımlanan romanda XIX əsr ingilis əxlaqına ironiya edəcək, onu satirik dillə tənqid edəcəkdi.

“Pikvik klubu qeydləri” 1836-cı ildə çap olunur və ilin ən çox satılan kitabı olur. 1900-cü ilin məlumatılarında isə kitabın XIX əsrin ən çox satılan romanı olduğu yazılıb.

Elə bilirsiz Dikkens bu icadı ilə kifayətlənir? Roman maraqla satılırdı. Amma bir problem də var idi. Kitab ucuz kağızdan hazırlandığı və qalınqabıq olmadığı üçün bir oxunşda cırılır, sıradan çıxırdı. Bundan başqa bir oxucu bu romanı heç cür özünün qalın qabıqlı kitabları ilə yanaşı qoya bilməzdi. Dikkensin zəkası bu dəfə də öz sözünü deyir. Romanın son üç bölümü mağazalara paylanılan zaman vitrinlərdə başqa bir “Pikvik klubu” da peyda olur, romanın bütün bölmələrinin yer aldığı, qalın qabıqlı bir kitab. Beləcə oxucu sevdiyi romanı ayrıca kitab şəklində əldə edə biləcəkdi.

Beləliklə Dikkens eyni romanı ikinci dəfə satmış oldu. Aclığın, yoxsulluğun dadını görmüş Dikkens bununla kifayətlənəcəkdimi? Əlbəttə yox. Qısa müddət sonra İngiltərə küçələrində qəribə adamlar peyda olur. Onlar qapı-qapı düşərək oxuculardan ucuz qiymətə romanın cüzlərini alırlar.Təbii ki, əlində hazır kitabı olan oxucu da bu cüzləri artıq hesab edib münasib qiymətə satır. Bu cüzlər alındıqdan sonra onların üz və arxa qapaqları çıxarılıb atılır, üst-üstə yığılır, yeni bir qabaqda təzədən satılırdı. Bu “Pikvik klubu”nun ilk nəşrinin nümunələri idi. Bu nəşr çox baha satılırdı, kolleksiyaçılar üçün nəzərdə tutulmuşdu. İngilis oxucular təbii ki, xüsusi kolleksiya nəşrini də aldılar, amma oxumaq üçün deyil, qiymətli bir əşya kimi gələcəkdə satmaq üçün. Dikknes bu üsulla kitabından üçüncü dəfə qazanc əldə etmiş oldu.

Şekspirdən sonra ingilis ədəbiyyatının ən tanınmış siması olan Çarlz Dikkens təkcə “Oliver Tvistin macəraları”, “Deyvid Kopperfild”, “Böyük ümidlər” əsərləri ilə deyil, bir kitabdan üç dəfə qazanc əldə edən yazıçı adı ilə də adını tarixə yazdı.

# 2780 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #