Qasım bəy Zakirin dostu olmuş ordubadlı şair

Qasım bəy Zakirin dostu olmuş ordubadlı şair
9 dekabr 2013
# 16:12

Kulis.Az Azad Qaradərəlinin “Aşiqlər” layihəsini təqdim edir.

Aşiqlər

Müəllimim akademik Feyzulla Qasımzadənin xatirəsinə

Birinci yazı

Məhəmməd bəy Aşiq Zəngilani

Hər aşiq bir əsgərdir

Ovidi Nazon (Antik Roma şairi)

Məhəmməd bəy Aşiq haqqında ən mükəmməl məlumatı Firudin bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı» (1 cild. Bakı 1978) kitabında əldə etmək olar. Firudin bəy kitabının «Məhəmməd bəy Cavanşir «Aşiq» təxəllüs» məqaləsində yazır: «Məhəmməd bəy vələdi-Behdud bəy Zəngilani «Aşiq» təxəllüs Aşıq Pərinin aşiqlərindən biridir. Ziyadə qeyrətli, vəfadar və sahibi – kamal bir vücud imiş. Dindar və haqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə, düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təbti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını da zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vüqura gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq etməmiş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladi 1861-ci sənəsinə vəfat etmişdir».

Daha sonra müəllif qeyd edir: «Məhəmməd bəyin divanı olub-olmadığını deyə bilmərik, amma bir onu bilirəm ki, onun əsərləri həm öz dövründə, həm də özündən sonrakı zamanlarda məşhur olmuşdur. Nədən ki, zəmanəsinin Qasım bəy Zakir, Aşıq Pəri kimi tanınmış adamları onunla məktublaşır, fikir mübadiləsi edirdilər. Məhəmməd bəyin ən çox şer həsr etdiyi şəxs Aşıq Pəri idi».

Yuxarıda Firudin bəyin kitabından misal gətirdiyim bir cümlə yəqin ki, gözlərinizdən qaçmayıb: «…Aşıq Pərinin aşiqlərindən biri…»:

Əhli-halı görmək istər əhli-hal,

Müzayiqə etmə, gər olsa macal.

Sənin tək dərdmənd olmayan mahal,

Görüm ki, dağılıb tar-mar ola.

HAŞİYƏ: Mən Məhəmməd bəy haqqında ilk ağıllı sözü tələbə vaxtı eşitmişəm. Bizə XIX əsr Azərbaycan ədəbiyyatından dərs deyən görkəmli alim Feyzulla Qasımzadə hər mühazirəsində Məhəmməd bəyin adını çəkərdi. Bir gün üzünü auditoriyaya tutub dedi:

- Burda zəngilanlı var?

Mən ayağa qalxdım. Mərhum alim barmağını silkələyib bir növ məni hədələdi:

- Mən XIX əsr şairlərini bitdə-bitdə aramışam, axtarmışam, tədqiq eləmişəm. Amma onların ən gözəl nümayəndələrindən olan Aşiqi tam tədqiq eləməyə ömrüm çatmadı. Əgər söz adamı olacaqsansa, səndən xahiş edirəm, o kişini yaxşı-yaxşı öyrən, tədqiq elə. Əsərlərini topla, nəşr elətdir… Həm hörmət qazanarsan, həm də savab.

Böyük alimin, bu cəfakeş insanın sözləri bütün ömrüm boyu məni izləyib. Mən özümə söz verdim ki, müəllimimin vəsiyyətinə mütləq əməl eləyim. Rayonda bir kişi vardı - Əhməd Bədəlzadə. Mən indi onu çox dumanlı xatırlayıram. Amma onu bilirəm ki, bu adam qəribə xasiyyətli şəxs idi, daim öz aləmində olan bu qoca öz-özünə zümzümə edər, dilinin altında özüyçün qəzəl vird etməyi sevərdi. Eşidib-bildiyi xəbərləri rayon qəzetində çap etdirərdi. Babam yerində olan bu kişidən Məhəmməd bəy haqqında soruşanda gülə-gülə dedi:

- Eşitmişəm. Qoçaq adam olub. Bəy olub. Şairliyi də varmış. Absəməd bəyin atası, xalq düşməni Xosrov Cavanşirovun babası olub.

Xalq düşməni?! Diksinən kimi oldum. Hələ bir az da qorxdum. Necə yəni xalq düşməni? Bəs əgər nəvəsi xalq düşməni olubsa, niyə Feyzulla müəllim mənə belə təkidli təklif edirdi?

Qonşumuzda Abbas adlı bir cavan oğlan vardı. Özü Baharlıdan olsa da bizim kənddən qız aldığına görə bir müddət Qaradərədə yaşadı. Özü də bərk kitab azarkeşi, musiqi aşiqi idi. Arabir qarmon çalmağı, pəsdən oxumağı da vardı. Hələ mən orta məktəbdə oxuyanda o tellərini əlləri ilə daraqlayıb göy gözlərini yumar və oxuyardı:

Qara gözlülərə möhtac olur könlüm qocaldıqca…

Yadımda elə bircə bu misra qalmışdı. Elə bu misra bir müddət məni dəli eləməyə başladı. Bəs ardı necəydi? Ha elədimsə yadıma sala bilmədim ki, bilmədim. Bəs nə idi məni bu misraya aşiq eləyən? Məsələ ondaydı ki, bu misrayla başlayan qəzəlin müəllifi Əhməd Bədəlzadənin, Abbasın, elə Zəngilanda hamının dediyi kimi Absəməd bəy idi. Zəngilanda Absəməd bəyi-Əbdüssəməd bəyi hamı tanıyırdı. Məhəmməd bəyi isə az tanıyırdılar, ya da heç tanımırdılar. Bəs nə eləməli?

Müəllimlikdən, məktəb direktorluğundan sonra növbəti iş yerim olan rayon qəzetində redaktor müavinliyim narahatlıqlarıma son qoydu. Rayonun ərazisini qarış-qarış gəzdikcə, rayonun ziyalılarıyla təmasda olduqca Məhəmməd bəy Aşiq, onun oğlu Əbdüssəməd bəy Aşiq, onun oğlu Xosrov Cavanşir haqqında məlumatlarım zənginləşdi. Xosrov Cavanşirin müəllim yoldaşları, şagirdləri ilə görüşdüm. «Xalq düşməni»nin kimliyi barədə daha çox məlumat toplamağa başladım və anladım ki, mən bu nəsil barədə tam təsəvvürə malik olmaq üçün bu «açar»dan istifadə etməliyəm. Yəni uzaq keçmişə getmək üçün yaxın keçmişdən başlamalıyam. Beləcə, bu nöqtədən – Xosrov Cavanşirdən başlamağı qərara aldım

***

1861-ci il. Bu tarix Rusiya deyilən bir ölkənin məkanında yaşayan adamlar üçün çox şey deyir. Ömrü boyu rus təhkimçilik əsarətinə lənət oxuyan, bu əsarətə qarşı nifrətlə şerlər yazan böyük Ukrayna şairi Taras Qirqoryeviç Şevçenko bu əsarətin ləğv olunması gününü səbirsizliklə gözləsə də, bunu görməyinə bir addım qalmış gözlərini əbədi yumdu. Bundan bir az sonra çarın əmriylə həmin 1861-ci ildə təhkimçilik quruluşu ləğv edildi…

… Bu vaxtlar Azərbaycanın Ordubad deyilən bir şəhərində qoca bir şair üzü dədə yurdu Qarabağa, gözləri Zəngilan deyilən ana torpağına dikili halda qədim xalq mahnısını zümzümə edirdi:

Ay ana, ana,

Qal yana-yana.

Gedirəm axı Zəngilana…

Elə bu misraları təzəcə zümzümə eləyib qurtarmışdı ki, nə vaxtdan bəri başladığı yeni əsərini tamamlamaq üçün sanki kökləndiyini hiss elədi. Yox, bu əsər şairin sevgi və məhəbbət dolu qəzəllərindən, qoşma və gəraylılarından biri deyildi. Bu qoca şairin ömrünün son çağında qələmə aldığı «Tövbənamə»siydi. Sonralar Firudin bəy yazacaq: «Mərhum Məhəmməd bəyin bu «Tövbənamə»si onun bərgüzidə əsərlərindən birisidir»:

Tövbə, ya rəbb, bu qədər bəd əməlimdən tövbə,

Məsiyyət rahinə həm get və gəlimdən tövbə!

Hər xilaf olmuş isə sınmış əlimdən tövbə!

Dəxi onundan sonra məkrü dəğəlimdən tövbə!

Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə!

Hər xəta çıxmış isə bir də dilimdən tövbə!

Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,

Asiyü bədəməlü rusiyəyü xarəm mən.

Şair son misranı yazarkən gözü önünə ata yurdu Şuşa, Qarabağın və bütöv Azərbaycanın sayılan kişilərindən olan böyük şair Qasım bəy Zakir və bir də sonsuz sayda şerlər həsr etdiyi özü gözəl, sözü gözəl Aşıq Pəri gəldi, Zakirin məşhur misralarını dili altda vird elədi:

Tanır məni məcmuyi-otuz iki Cavanşir,

Bir mərdi-xoşəxlaqəm həm sahibi-tədbir…

Otuz ikilər, yaxud Cavanşir nəslindən olmasıyla fəxr edən Məhəmməd bəy ömrünün qürub çağında Zakiri təsadüfi xatırlamamışdı. Bu o Zakirdir ki, heç kimə baş əyməzdi, şerləri kimi özü də vüqarlı və yenilməz idi. Elə bu xüsusiyyət Cavanşirlərin hamısında vardı. Elə onun özündə də. Bəlkə də onların bu xüsusiyyəti idi başlarına bəla açan. Təqiblər, sürgünlər… Zakir Bakıya, Məhəmməd bəy Ordubada…

…1861-ci il idi. Ordubadın şəhər qəbiristanında bir qərib şairi el adətincə dəfn edirdilər. Bu yurdun söz sərrafı olan adamları şairin dəfninə toplaşmışdılar… Çox-çox sonralar Məmməd Səid Ordubadi hər dəfə doğma yurdu Ordubada gələrkən ata ocağına getməzdən əvvəl bu qərib məzarın üstə gələcək, şairin qəbri önünə çiçək dəstələri düzəcək…

***

Məhəmməd Bəy Aşiq haqqında Firudin Bəy Köçərlidən sonra ən geniş tədqiqatı mərhum akademik Feyzulla Qasımzadə aparıb. O, «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» (Bakı, Maarif nəşriyyatı, 1966, səh. 50-51) kitabında yazırdı: «Zakirdən sonra Qarabağda Vaqif şer üslubunu davam etdirən şairlər içərisində əsas yeri Məhəmməd Bəy Aşiq tutur. O, 1776-cı ildə Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Cavanşir nəslindəndir. Buna görə də o, bəzi mənbələrdə Məhəmməd Bəy Cavanşir Zəngilani ləqəbi ilə qeyd olunur».

Bir haşiyə. «Qarabağnamə»lərin əksəriyyətində Cavanşirlərin bu qolundan, yəni Məhəmməd bəy Aşiqin ata-babalarından, onların başına gələnlərdən bəhs olunur. Mirzə Camal Cavanşir Qarabaği (1773-1853-cü illərdə yaşamış və İbrahim xanın vəziri olmuşdu) özünün «Qarabağın tarixi» əsərində yazır: «… İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi Ağa Məhəmməd Qacarın yanına göndərdi. Şah da onlara olduqca hörmət edib, öz yanında saxladı… İbrahim xanla Qacarın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd bəy Mirzə Vəli Baharlı ilə bir neçə nökərini götürərək Kirmandan qaçdılar… Atlı və piyadalar Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular. Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdular… Əbdüssəməd bəy həmin yaradan orada vəfat etdi».

Əbdüssəməd bəyin qardaşı oğlanlarına – Məhəmməd bəyin atasıgillərə qan ucundan Qarabağdakı, Zəngəzurdakı mülklər verilir və onlar ora köçürülür.

Məhəmməd Bəy Aşiqi bir qədər əvvəl qeyd etdiyimiz kimi müasirləri çox yüksək qiymətləndirir, ona şer həsr edirdilər. Yaxın qohumu və məsləkdaşı Qasım Bəy Zakirin ona çoxlu şer həsr etməsi, ona «əziza», «Zəngilanın sahibi», özünün «pənahı» deməsi, şerlərini isə «nəzmi-şəkərbar» adlandırması şairə və onun irsinə verilən ən yüksək qiymətin ifadəsidir.

Nəzmi-şəkərbarın gəldi, yetişdi,

Ay Qasımın püştü, pənahı, Məmməd!

Əcəb tanıyıbsan çərxi-bədkarı,

Pir olasan görüm, vallahı, Məmməd!

Şairin «Sevmişəm» rədifli qoşması onun ən lətif şerlərindəndir. Qoşmada təsvir olunan el gözəlini bütöv şəkildə görmək mümkündür. Əsəri oxuyan hər hansı bir rəssam fırçasını götürüb hazır cizgilərlə bu gözəlin əksini asanlıqla yarada bilər:

Təzədən bir eşqə düşmüşəm yenə,

Ala gözlü bir şux gəlin sevmişəm.

Mina gərdənini, tər sinəsini,

Rəna qəddin, qulac qolun sevmişəm.

Qədrü qiymət bilən bir əsilzadə,

Namü nişanını demərəm yadə,

Sərasər əndamı oxşar şümşadə,

Nazik ayaqların, əlin sevmişəm.

Bəyənmişəm onun məcmui-karın,

Şövqündə var idim bir belə yarın.

Xoş ədasın, xoş rəftarü gövtarın,

Danışanda şirin dilin sevmişəm.

Görməmişəm belə zülfü dəhan tək,

Yüz min əsiri var, əlbəttə, mən tək,

Gülüstana düşmüş zağü zəğən tək,

Ay qabaqda siyah telin sevmişəm.

Mişki-kakilinin sərgəştəsiyəm,

Növgi-müjganının dil xəstəsiyəm,

Aşiqəm, zülfünün pabəstəsiyəm,

Uzun saçın, incə belin sevmişəm.

Məhəmməd Bəy Aşiq təkcə qoşma yazmaqla kifayətlənməmiş, böyük Füzulinin ardıcıllarından biri kimi qəzəl janrında da mükəmməl nümunələr yaratmışdır.

Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,

Dili-zarımda mənim qanlı ciyərparəsi var.

...Yar xalına baxan gözdə qaradan qalmaz,

Demə aşiq ona kim, gözlərinin qarəsi var.

...Sanma bikarə məni şahi-hünərməndanəm,

Yığılıb başıma dəhrin nəki avarəsi var.

...Bağlamış silsileyi-kakilə könlüm möhkəm,

Mən kimi yüz min onun Aşiqi-biçarəsi var.

***

Bu nəslin kökü haralara gedir? Qarabağ xanlığının qurucularından olan İbarhimxəlil ağa, onun oğlu Behbudəli ağa, onun oğlu Mirzalı bəy, onun oğlu Behbud bəy, onun oğlu Məhəmməd bəy, onun oğlu Əbdüssəməd bəy və onun da oğlu Xosrov Cavanşir!

Məhəmməd bəy Naxçıvan hakimi, general-mayor Ehsan xan Kəngərlinin qızı Sona bəyimlə evlənmişdi. Bu izdivacdan gözəl qələm sahibi Əbdüssəməd Bəy Aşiq doğulmuşdu. Növbəti söhbətimiz bu kişi haqqında olacaq.

# 4016 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #