Avropanın mənəvi süqutu

Avropanın mənəvi süqutu
18 aprel 2016
# 17:30

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin dördüncü hissəsini təqdim edir.

Yazının üçüncü hissəsini burdan oxuya bilərsiniz.

Əsərdən fraqmentlər

(4 yazı)

Partlayış və sel

«Təfəkkür partlayışı» dediyimiz hadisə bir fərd, bir ailə, bir qəsəbə, şəhər miqyasında da olanda, o qədər də böyük kataklizmlərlə nəticələnmir. Hərçənd faciə həmişə faciədir. Bir fərdin, (ailənin, qəsəbənin , şəhərin) həyatında baş verən faciə, yaxud başqa xoşagəlməz hadisə onun təfəkküründə partlayış yaradıb altını üstünə çevirirsə, bu hər halda lokal hadisədir, nəticələri də kiçik bir mühitdən kənarda demək olar ki, hiss olunmur. Həm də belə faciələrin mənfi energetikası ətraf təsirlər nəticəsində heç enə bilir… Amma belə partlayışlar cəmiyyət, ölkə, xalq miqyasında olursa, bu artıq sözün həqiqi mənasında, çayın öz məcrasından çıxıb dağıdıcı bir selə çevrilməsinə gətirib çıxarır…

Hələ bu vaxta qədər heç bir «kütləvi təfəkkür partlayışı» və onun ardıyca baş verən inqilablar, dağıntılar, qanlı terrorlar bu partlayışı törədənlərin özləri tərəfindən müsbət hal kimi qarşılanmayıb. Əksər hallarda, ilk ziyanı elə bu insanlar özləri çəkiblər. («İnqilab ilk olaraq öz övladlarını yeyir» kəlamını xatırlamaq yerinə düşər) Və yenə də, əksər hallarda bu zərərçəkən insanlar filosoflar və qələm sahibləri olub, çünki «fərdi təfəkkür partlayışı»nın «kütləvi təfəkkür partlayışı»na keçidinin əsas səbəbkarı yazıdı - qələmdi, mətndi, kitabdı, qəzetdi…

Məhz bu halda, yazı, mətn partlayışın fərdi plastdan kütləvi müstəviyə keçməsini təmin edən fitil rolunu oynayır…

Qədim dövrlərdə insan cəmiyyətini barıt çəlləyinə bənzədiblər. Bəzən bu çəllək qızır, silkələnir, bəzən də soyuq olur… Lakin fərqi yoxdur. Söz elə bir gücə malikdir ki, hətta ən soyuq barıt çəlləyində də partlayış yaratmağa qadirdir… Çünki dünyada söz qədər qüdrətə malik ikinci məfhum yoxdur. Məfhum özü də sözdür…

«Əgər dünyada sözdən böyük , sözdən qiymətli nəsnə olsaydı, Allah öz peyğəmbərlərinə SÖZ göndərməzdi». İslamda təxminən bu cür deyilib…

Bəli, söz böyükdür. Böyük nəsnələrlə isə çox ehtiyatlı davranmaq lazımdır. Çünki BÖYÜK ovulub töküləndə altında minlərlə KİÇİK qalıb məhv olur…

Sözlərdən ideyalar yaranır… Və əvvəl qeyd etdiyimiz kimi bu ideyaların heç də hamısı təhlükəsiz olmur…

İndi də gəlin görək müasir qələm sahibləri sözlə nə qədər ehtiyatlıdırlar?

Hüdudlarımızdan kənarı müvəqqəti kənara qoyaq, yenə özümüzə nəzər salaq…

Yüz ildən çoxdur ki, bizim qələm sahiblərimizin bir qismi özlərini «ağzından alov saçan əjdaha» timsalında görürlər və hər dəfə ələ qələm alanda özlərində «təfəkkür partlayışları» yaradacaq bir güc hiss edirlər. Ən böyük roman, pyes, poema yazan ədiblərimizdən tutmuş kiçik məqalə sahibi, balaca köşə yazarı, yığcam hekayə müəllifi də eyni hisslər içində coşub daşır… Təəssüf ki, «böyük partlayışlar» eşqiylə alışıb yananlar nədənsə, hər cəhddən sonra xırda çırtılıları eşitməklə, yüngül qızartıları müşahidə etməklə məhdudlaşmalı olurlar…

Və təbii ki, əsəbiləşirlər, daxili gərginliklər keçirdirlər, qan beyinlərinə vurur, içləri alışıb yanır – axı niyə vaxtıyla Robespyerlərin, Maratların ideyaları dünyanı silkələyən partlayışlar yarada bilirdi, cəmiyyətin altını üstünə çevirirdi, amma bizdə alınmır. Axı bizim nəyimiz onlardan əskikdir?

Bu uğursuzluqların günahlarını isə əlbəttə ki, heç kim özündə, yaxud tutduğu yolda görmür. Yenə də günah millətin boynuna yıxılır – bu millət o qədər geridə qalmış, cahil, avamdır ki, ən güclü qığılcımlar da, «təfəkkür partlayışları»na gətirib çıxartmır.

Beləcə millətə olan nifrət bir az da artır, özlərini nəm çəkmiş barıt çəlləyinə alov daşıyan Prometey obrazında görürlər və barıtı partlada bilmədiklərinə görə əsəbiləşib hirslərini çəlləyi təpikləməklə çıxırlar…

Bəli, elə bu gün də bizim üzünü Avropaya tutmuş yenilikçi qəhrəmanlarımız sözün həqiqi mənasında «nəm barıt çəlləyinin yanında, əlində məşəl dayanıb əsəbiliklə çəlləyi təpikləyən Prometeyləri xatırladırlar»

Lakin nə yaxşı ki, bu çəlləkdəki barıt nəmdir. Qurumayıb. Yoxsa bu millət bəzi qələm sahiblərinin Prometeylik iddialarına çoxdan qurban getmişdi…

Yəqin ki, Allahın bizlərə yazığı gəlib. Prometeylərimizi Siziflərə çevirib…

İbrətsiz tarix

«İnsanlar ona görə tarix oxuyurlar ki, bütün səhvləri yenidən təkrar etsinlər.» Əks halda eyni faciələrin zaman-zaman təkrarını müşahidə eləməzdik…

Son onilliklərdə Qərb cəmiyyətindəki krizislərin əsas səbəbi məhz bu partlayışlarda görülür… Hətta onların müasir Prometeyləri əllərində alov meydana girəndə, partlatmağa kiçicik də olsa, salamat bir bina tapmırlar. Çünki Qərb cəmiyyətində insanların mənəvi aləmi quru səhranı xatırladır. Partladılası bir şey qalmayıb. Köhnə düşüncədən qalan demək olar ki, bütün çərçivələr, normalar, qaydalar dağıdılıb. Bir çox müasir Prometeylər partlatmağa hətta xırda siçan yuvaları da tapanda sevinirlər… Əks halda əllərindəki alov özlərini yandıracaq…

Bəs bizim «müasir Prometeylər» görəsən bunlardan xəbərdardır?

Görəsən bilirlər ki, təfəkkürdəki çərçivələr, kanonlar, normalar silindikdən sonra insan heç də daxili rahatlıq, ruhani dinclik tapmır? Əgər tapsaydı, bu saat gərək Qərbdə heç bir mənəvi-ruhi bir problem olmazdı axı… Bəs niyə var? Bəlkə onlardakı problemlərin səbəbkarı da bizlərin geridə qalmağıdır?

Tutalım, bizim milli mentalitetimizdən gələn əski «qadın-kişi münasibətləri kodeksi» hansısa bir vəziyyətdə fərdi müstəvidə müəyyən gərgin psixoloji problemin yaranmağına gətirib çıxardır… İnternet silkələnir. Saytlar dəyir bir birinə.

O saat müasir Prometeylər alov saçmağa başlayırlar – Hər şeyin səbəbkarı bizim köhnə ailə modelidir. Bütün faciələr bizim milli mentaliteti bu günə qədər qoruyub saxlamağımızdadır. Milli mənəvi dəyərlər artıq çürüyüb, onları rədd eləmək lazımdı ki, bütün psixoloji problemlər aradan qalxsın…

Sosial şəbəkələrdəki statuslardan tutmuş «müasir ustad»ların hekayə və romanlarına qədər az qala bütün ictimai fikir eyni istiqamətə yönəlir…

Bəli, tutalım razılaşdıq. Bizim milli müstəvidəki qadın-kişi əlaqələri, ailə modeli, böyük-kiçik münasibətləri, sevgi kanonoları köhnəlib. Yaxşı, bəs siz əvəzində nə təklif edirsiz?

Əlbəttə ki, yenə Qərb modelini önə çəkə bilərik. Çünki «müasir dünya təfəkkürü» o modeldən başqa ortaya bir şey qoymayıb… Həm ailədə, həm qadın-kişi münasibətlərində, həm ictimai əlaqələrdə yalnız və yalnız Qərb…

Müasir “düşüncə adamlarımızın» həsrət və yanğıyla baxıb udqunduğu Qərb…

Müasir qələm sahiblərimizin, ağzından alov yağan əjdahalarımızın qucaq açdığı Qərb modelləri…

Götürək bu modelləri, sözüm yoxdu… Onsuz da istəsək də, istəməsək də, Qərb təfəkkürü bütün dünyaya nüfuz etməkdədir, biz də bu tendensiyadan qaça bilmirik…

Amma əvvəlcə gəlin tərəziyə qoyaq… Bir tərəfdə Bizim əski münasibət modelləri – və problemləri. Digər tərəfdə onların modelləri və problemləri…

Əgər o yeni modellərin yaratdığı psixoloji ictimai problemlər bizim normaların yaratdıqlarından daha azdırsa, onda sevinə-sevinə qaçaq üzü Qərbə tərəf….

Lakin az deyil axı… Bunu görməməkçün kor olmaq lazımdı. Əvvəllər deyə bilərdik ki, arada informasiya səddi var, biz ordakı problemlərdən xəbərsizik… Axı indi ki, informasiya problemi yoxdur, telekanallar, sosial şəbəkələr, filmlər, ədəbiyyat nümunələri və sair …

«Kütləvi təfəkkür partlayışları»nın nəticəsində formalaşan müasir Qərb cəmiyyətinin bütün problemləri, çatışmazlıqları, faciələri göz qabağındadır… Bəs niyə bunları görmürük?

Mən yüz il əvvəl sementsiz tikilmiş enli divarlı, kaminli, hündür tavanlı evdə yaşayıram… Təbii ki, evin kifayət qədər problemi var… Ətrafa baxıb yeni tikililər görürəm… Kənardan gözəl görünür. Zahiri yaraşığına söz yoxdur. Amma içindəki şəraitlə maraqlananda görürəm ki, onun problemləri heç də mənim yaşadığım evdəkindən az deyil. Sadəcə fərqlidir. Məndə olan problemlər orda yoxdu, lakin əvəzində yeniləri və daha ağırları var…

Əgər belədirsə, mən niyə görə bu evi sındırıb dağıdıb ora köçməliyəm? Sadəcə problemləri dəyişmək üçün? Öz problemlərimdən qurtulub yenilərini əldə eləmək üçün? Niyə? Hər halda köhnə problemlərim mənə doğmadı, həlli yollarını bilməsəm də, heç olmasa inkişaf etməsinin, geniş yayılmasının qarşısını ala bilirəm. Yeni problemlər isə adından göründüyü kimi yenidir. Bəlkə heç onların qarşısını ala bilməyəcəm? Bütün həyatımı məhv edəcək?

Bəli, məncə məsələnin ən vacib nöqtəsinə gəlib çıxdıq…. Problem dəyişmək…

Bu saat bizim müasir Prometeyləri Qərbə tərəf sürükləyən də məhz budur – problem dəyişmək cəhdləri…

Məlum məsələdir ki, hər adama öz dərdi böyük, öz səadəti isə kiçik gəlir… Başqasına baxanda isə əksinə, onun dərdlərini asan dözülən, səadətini isə böyük sonsuz hesab edirik… Qibtə paxıllıq fenomeninin səbəbi də budur… (Ələlxüsus bizim xalqda.)

Kasıb varlıya qibtə edir. Çünki kasıbda olan problemlər onda yoxdur. Lakin fikiləşmir ki. varlı da öz növbəsində ona – kasıba paxıllıq edir, çünki varlının yaşadığı ağır problemlər kasıbın heç yuxusuna da girmir…

Eyni prosesi cəmiyyətimiz miqyasında da görürük. Müasir düşüncə adamlarımız üzünü Qərbə tutarkən məhz bu prizmadan çıxış edirlər – bizim mənəvi-psixoloji problemlərimiz daha ağırdır, sevincimiz isə yoxdur, ona görə də inkişaf eləmək, Qərb kimi olmaq lazımdır. Eybi yox, qoy biz də onların sosial-psixoloji problemlərini yaşayaq, eybi yox, birtəhər dözərik. Təki müasir görünək, təki öz köhnə problemlərimizdən qurtulaq… Həm də müasir olmaq istəyiriksə, qoy problemlərimiz də yeni və müasir olsun.

Nəticədə yenə də «problem dəyişmək» hadisəsiylə üz üzə qalmış olacağıq… Eynən köhnə binadan təzəsinə köçən insanlar kimi… Sadəcə köhnə problemlərin yerini təzə müasir və əfsuslar olsun ki, daha ağır və qorxulu problemlər tutmuş olacaq…

Bir haşiyə də çıxım. Əslində bizim «alovsaçan əjdahalarımız»ın əksər hissəsi heç də hansısa problemi aradan qaldırmaq barədə düşünmür… Sadəcə şəxsi həyatda, ictimai komunikabelliyində və başqa müstəvilərdə uğursuzluğa düçar olan, cəmiyyətdə öz yerini tapa bilməyən, heç bir yolla diqqət cəlb eləməyə nail olmayan «böyük eqo sahibləri» monitor arxasına keçən kimi, köhnəni didib parçalamaq, məhv etmək cəhdləriylə sadəcə öz natamamlıq komplekslərindən qurtulmağa çalışırlar… Son illərdə yayılan yazıların çoxuna diqqət yetirəndə görürük ki, mətnlər az qala başdan ayağa Freyd sublimasiyası üstündə köklənib. Hələ bir az qurdalsaq gedib Edip kompleksinin də üstünə çıxa bilərik… Bir çox nifrət, aqressiya dolu yazılarda bütün bu komplekslər az qala sətirlərin arasından sızır, cümlələrin kontekstindən süzülür… Bizdə hər şey pisdi, bizdə bir dənə də işıq yoxdu, bizdə hər şey qaranlıqdı…

Nədənsə evdə qalıb qarımış qızların, yaxud ailə həyatı uğursuz olmuş qadınların həyata münasibəti canlanır göz önündə – hər şey pisdir, qaranlıqdır, işıq ucu yoxdur…

Qərb cəmiyyətinin ortaya qoyduğu KİV modelində bu cür insanlara yer çoxdur daha doğrusu məhz belə yazarlara tələbat var. Çünki belə yazılar daha çox diqqət çəkir… Avropanın və Amerikanın KİV-lərində məhz belə «yazarlar», «TV aparıcıları» ən dəyərli, ən lazımlı hesab olunur. Diqqət cəlb edib reytinq qazandıra bildiyinə görə…

Öz yaradıcılığı, şəxsi həyatı, eqoistik xəyalları, şan-şöhrət istəkləri reallaşmadığına görə, psixikalarına dolmuş nifrəti yalnız bir vasitə ilə içlərindən boşalda bilirlər – yazmaqla…

Bu yazılarda isə təbii ki zərrə qədər də işıq görünmür. Lakin yenə yazırlar. Növbəti «təfəkkür partlayışları» yaratmaq eşqiylə alışıb yanırlar və bu partlayışların xalqa nə qədər ziyan vuracağı, hansı faciələr yarada biləcəyi onlarçün maraqlı deyil. Əsas məsələ öz içindəki zəhəri boşalmaqdı…

Qədimdə deyirdilər ki, əqrəb başqa heyvanı zəhərləməsə, zəhəri öz içinə yayılıb özünü öldürər…

Martin Lüterin cəsarəti, yaxud vahiməsi

İndi isə yenə Qərb tarixinə qayıtmaq istəyirəm. Tarixdən xəbəri olanlar bilir ki, dünyavi dinlərin mətnlərinin başqa dillərə tərcüməsi əsrlər boyu yasaq olub ki, bunun nəticəsində də həm xristianların, həm də müsəlmanların dini kitablarına yaxın gəlməkçün ruhanilər məhz orijinalın dilini öyrənməli olublar. Hətta ilahiyyata aid olan elmi kitablar da dini mətnlərin orijinal dilində yazılıb, elmi mübahisələr, disputlar bu dillərdə aparılıb. Yalnız adi insanlara dini mətnlər izah olunarkən, yerli dildən istifadə olunub. Dinin ali rəhbərləri ona görə tərcüməni əsrlər boyu yasaq ediblər ki, məhz mən deyən hadisələr baş verməsin, ağır mətnlər fərqli dillərin məfhumlarına çevrilərək müxtəlif cür şərh edilməsin.

(Misalçün, müasir Avropa tarixçilərindən biri qeyd edirdi ki, Orta əsrlərdə baş verən qanlı savaşların yarısından çoxunun səbəbi Bibliyanı müxtəlif cür anlamaq problemi olub...)

Əbəs deyildi ki, min il əvvəl Roma papası Yeddinci Qriqori məşhur bullası (fərmanı) ilə Bibliyanın tərcüməsini rəsmi şəkildə qadağan etmişdi...

Həm də bu qadağa naşı insanların ilahi mətni oxuyub öz istədiyi mənanı çıxartmasının qarşısını almalıydı... Ümumiyyətlə hazırlıqsız, adi kütlə təfəkkürlü insanın dini və başqa ali mətnləri hətta oxuması da məqbul sayılmırdı...

Lakin müəyyən müddətdən sonra, bu yasaqlar yavaş-yavaş aradan götürüldü. Nə vaxt? Əlbəttə ki yenə də Avropadakı İntibah dövrünə gəlib çıxırıq...

Bəli. Hətta bəzi müasir fəlsəfə tarixçiləri bəyan edir ki, yeni insan təfəkkürünün, müasir bəşər düşüncəsinin yaranması məhz bu faktorla bağlı olub. Bibliyanın ilk olaraq tam şəkildə Avropa dillərinə - birinci də Martin Lüter tərəfindən alman dilinə tərcümə olunması, kitab şəklində böyük tirajlarla nəşri və adi sıravi insanların bu kitabı oxumaq imkanı əslində yeni dövrün yaranmasında ilk addım oldu.

Beləcə "reformasiya" hərəkatı başladı, xristian dinində yeni məzhəb olan "protestantlıq" yarandı ki, burada kilsənin avtoriteti heçə endirilir və hər bir fərdə müstəqil şəkildə dini mətni oxuyub istədiyi kimi anlamağa icazə verilir... (Əlbəttə protestantlığın postulatları və yaranma səbəbləri daha genişdi, vaxtı çatanda bu xüsusda geniş yazacağıq, çünki əslində Avropada o vaxt gedən prosseslərin analogiyasını indi bizdə müşahidə etmək mümkündür.)

Lüterdən sonra Bibliya başqa Avropa dillərinə də kütləvi şəkildə tərcümə olunmağa başladı. On doqquzuncu əsrdən başlayaraq isə, Quranın da tərcümə proseslərinə start verildi...

Deyəsən çox uzaqlara gedib çıxdıq, lakin əslində bütün bunları yazmaqda məqsəd iki fikri təsdiq elətdirməkdi.

Birinci: Dərin məzmunlu mətnlər dildən dilə çevrilərkən transformasiyaya uğrayır və qeyri-ixtiyari cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir.

İkincisi; Ümumiyyətlə, dərin məzmunlu mətnlər geniş təbəqələr üçün əlçatan olmamalıdır, Çünki yenə də, eyni təhlükə mənbəyinə çevrilmə ehtimalı var...

Təkrar edirəm ki, bəşər tarixində bir çox faciələrin, kataklizmlərin və başqa mənəvi qəzaların səbəbi eyni mətnlərin (ələlxüsus da dini və fəlsəfi mətnlərin) müxtəlif cür şərh olunmasından yaranıb. Əlbəttə postmodernizmin "dünya mətndir" tezisi də əbəs yerə yaranmayıb. Həqiqətən də dünya bir kitabdır, əsus ki hamı onu eyni cür oxumur...

Eyni sözlər - müxtəlif şərhlər

Yenə də sual yarana bilər - Bütün bu fikirlərin "yenilikçilik", "azadlıq", "bərabərlik" məfhumlarına nə aidiyyatı var?

Var... Çünki 20-ci əsr Qərb təfəkkürünün bazası olan İntibah fəlsəfəsi özünün "azadlıq", "bərabərlik", "yenilikçilik" ideyalarını ilk olaraq məhz bu sahədə – dinə münasibətdə reallaşdırdı, məhz bu sahədəki fəaliyyətlə özünü nümayiş etdirmiş oldu...

Necə? Misalçün bu cür fikirlərlə - kilsə artıq köhnəlib, yenilənməlidir və bu yeni kilsə köhnədən mütləq şəkildə yaxşı olacaq; insanlar hamı bərabərdir, ona görə də hər bir fərd də istənilən ali dərəcəli ruhanilər kimi dini mətnləri oxuya bilər; istənilən insan azad fikirlidir və buna görə də oxuduğu dini mətnləri istədiyi kimi anlayıb şərh elə bilər, buna görə də tanrıyla insan arasındakı ali ruhani zümrəyə ehtiyac qalmır...

Bütün bu yazdığım fikirlər Martin Lüterin on altıncı əsrdə böyük cəsarət , həm də vahimə içində ortaya çıxartdığı "protestantlığ"ın əsas postulatlarının bir qismini təşkil edir...

Protestantlığın başqa maraqlı formulları da var ki, onların içində, məncə ən diqqətəlayiq olanı və indiki dövr üçün məncə aktual olanı təxminən bu cür ifadə edilir - İnsan daim günah içindədir, çünki günahdan yaranıb (ilkin günah - Adəm-Həvva günahı) və ömrü boyu da günah edir. Çünki buna məhkumdur. Və heç bir xeyirxah əməllər, yaxşılıqlar və başqa üsullar insanı bu günahdan təmizləyə bilməz. Bu istiqamətdə görülən istənilən tədbirlər əvvəlcədən uğursuzluğa məhkumdur. Bəs insan xilas üçün neyləməlidir? Yalnız öz günahkarlığını tam dərk edib, bütün varlığı ilə İsaya tapınmalı, ona ümid bağlamalıdı...

Hiss elədiz, dindar olmaq necə asanlaşdı? İstənilən günahı edirsən, heç bir vicdan əzabı çəkmirsən, çünki sən zatən günahkarsan, çalışsan da günah eləməyə bilməzsən. Sənin boynuna düşən, sadəcə günahını anlayıb İsaya (yəni Tanrıya) yalvarmaq, bizim dillə desək, ondan şəfaət istəməkdi... O, sənin günahlarını mütləq bağışlayacaq.

Müasir dillə desək, sən bir cinayət edirsən, sonra gəlib məhkəmə qarşısında göz yaşı töküb yalvarırsan ki, mən başa düşürdüm elədiyim əməl cinayətdir, amma bağışlayın, özümü saxlaya bilmədim. İndi də sizin mərhəmətinizə ümid bağlayıb könüllü şəkildə bura gəlmişəm... Hakim də sənin başına sığal çəkir və deyir ki, əsası budur başa düşürsən ki cinayət eləmisən və könüllü şəkildə etiraf edirsən. Yerdə qalan nə varsa xırda şeydi, sənə heç bir cəza vermirəm, get şellən özünçün...

Belə hakimi yəqin ki, bizdə üç gün də vəzifədə saxlamazlar...

Lakin Lüterin bu ideyaları çox qısa zamanda Avropanın böyük hissəsinə yayıldı, yüzilliklər sonra Amerikaya da sirayət elədi... Çünki Tanrını insan üçün adiləşdirdi. Tanrı sanki qəzəb sifətindən məhrum oldu. İnsanlar da rahatlaşdı... Nəfsin qarşısını kəsən sədd itmiş oldu...

Bir çox müasir Avropa alimləri yazır ki, indiki kapitalizm paradiqması ümumilikdə protestantlığın məhsuludur. Yəni, istismarçı, imperialist, kapitalist Qərb təfəkkür tərzi bütünlüklə Protestant etikasının yetirməsidir... (misalçün, məşhur alman sosioloqu və iqtisadçısı Maks Veberin "Protestant etikası və kapitalizm ruhu" əsəri və sair).

O da var ki, protestantlıq bütün Avropaya yayılmadı. Ancaq tarixə fikir versək, görərik ki, mütərəqqi, yenilikçi, azadlıqsevər fəlsəfələrin və elmi texniki inqilabların, yeni cəmiyyət qurmaq yolunda həyata keçirilən işlərin demək olar ki hamısı protestant ölkələrində olub... İngiltərə, Hollandiya, Almaniya, Danimarka, İsveçrə (Fransanın bir hissəsi protestant, bir hissəsi isə katolik olub. Rəsmi din isə katolisizm idi. Və bir çox hallarda Fransanın azadfikirli düşüncə adamları öz ölkəsində təzyiqə məruz qalaraq İngiltərəyə, İsveçrəyə və başqa protestant ölkələrinə üz tutmalı olublar)

Bəs əski katolikliyini və pravoslavlığını saxlayan hansı ölkələrdir? Daim iqtisadi və elmi-texniki inkişaf baxımından geridə qalan Portuqaliya, İspaniya, İrlandiya, İtaliya, Polşa, Rusiya və sair...

Martin Lüter özü də başa düşürdü ki, onun cəsarətli ideyaları nə qədər təhlükəlidir, ona görə də uzun müddət tərəddüdlər və qorxular içində idi... (Onun şəxsiyyəti ümumiyyətlə ayrıca araşdırma mövzusudur) Amma sonda cəsarət vahiməyə üstün gəldi, bu ideyalar böyük tirajlarla dərc edildi və yayıldı...

Yenə, sual yaranır. Biz "quyruğunu dişləyən ilan"lardan danışırdıq. Və əvvəlcə belə bir fikir ortaya çıxdı ki, bu ilanlar xristianlıqdan aralanıb Antik mədəniyyətə söykənən Avropanın yetirməsidir. İndi isə belə bir fikir yürüdülür ki, yox, hər şeyin səbəbkarı Xristianlığın bir qolu olan protestantlıqdır...

Bəli, hər ikisi həqiqətdir. Çünki protestant əqidəsi əslində radikal xristianlıqdan sanki Antik təfəkkürə gedən yolu açdı... Misalçün, əgər protestantlıq olmasaydı, nə klassik ingilis və də klassik alman fəlsəfəsi olmazdı... Bunlarsız, isə ümumiyyətlə müasir dünyanın təfəkkür tərzini təsəvvür etmək mümkün deyil... Bekondan tutmuş Marksa qədər, Spinozadan tutmuş Nitşeyə qədər hamısı protestant ölkələrinin yetirmələridir...

Üsyan və azadlıq

Əslində mətləbi bu qədər uzatmağımın səbəbi var və məqsədim sadəcə tarixi məlumatları ortaya qoymaq deyildi. Məqsəd budur ki, haqqında danışdığımız "öz quyruğunu dişləyən ilanlar"ı mənşəyini göstərməkdir. Budur, belə nəticə hasil oldu ki, "yenilikçilik", "insan azadlığı", "hamının bərabərliyi", "insanın dünyaya hakim olmağı" kimi humanist ideyalar əslində ilk olaraq "İnsan-tanrı" münasibətləri müstəvisində yaranıb. İnsan ilk olaraq bu münasibətləri "yeniləşdirmək" istəyib...

Unutmayaq ki, İntibahdan sonrakı filosofların əksəriyyəti hələ Tanrı ideyasını inkar edən materialistlər deyildi, sadəcə bu ideyanı azad şəkildə, özləri istədiyi kimi başa düşməyə çalışan fikir adamları idi. Yəni, Tanrıya qurban olum, amma din mənlik deyil. Tanrıya aparan yolu mən özüm öz ağlımla, təfəkkürümlə taparam...( Dekart, Bekon, Russo, Volter və sair)

Hər şey də şübhələrdən başlamışdı... Teologiyanın ortaya qoyduğu fikirlərə şübhələr...

Şübhədir hər həqiqətin anası

Şübhədir əhli hikmətin babası...

Böyük Cavidin "Şeyx Sənan"da səslənən bu fikirləri bəlkə də yeni dövr Avropa fəlsəfəsinin ilk mərhələsindəki təmayülləri çox gözəl ifadə edir...

Bəli, məhz həmin vaxt düşüncə adamları şübhə eləməyə başladılar... Bizim təbirimizcə desək, ürəklərə şübhə toxumu səpildi və bu toxumlar yüz illər ərzində böyüyüb artıb ucsuz-bucaqsız cəngəlliyə çevrildi. Elə bir cəngəllik ki, yerdə olan insanlar artıq tam zülmət içindədirlər. Aşağıya zərrə qədər də işıq düşmür. Cəngəlliyin hündür ağacları bu işığın qarşısını tam kəsir... Hətta o həddə qədər kəsir ki, yeni nəsil ümumiyyətlə günəşin mövcudluğunu nağıl kimi qəbul edir. Çünki göz açıb gördükləri yalnız başları üstündəki hündür ağacların sıx yarpaqlı budaqlarıdır... Məhz belə vəziyyətdə cəngəlliyin içində dünyaya göz açıb bu qaranlığı reallıq bilənlərə günəşin həqiqətən mövcudluğunu sübut eləmək mümkünsüz görünür... Onlarçün günəş sadəcə sözdür. Ulu əcdadların dilindən gələn köhnəlmiş söz...

Yenə tarixə qayıdaq... Tanrı-insan münasibətləriylə bağlı mətləblərə ilkin şübhələri və fərqli interpretasiyaları əks elətdirən fikirlər elmi-fəlsəfi əsərlər formasında ortaya çıxdı, kitab şəklində yayılmağa başladı.

Lakin onların kitablarının kütləvi şəkildə təbliğ olunması, hər kəs tərəfindən azad şəkildə, özünəməxsus formada başa düşülməsi və sonradan tamam başqa tərəflərə inkişaf etdirilməsi bəşəriyyəti, ələlxüsus da Qərbi gətirib bugünkü krizis həddinə çıxardıb. Əks halda, hələ yüz il əvvəl Şpenqler kimi alimlər Avropanın labüd mənəvi süqutunu bəyan eləməzdi, sonrakı onilliklərdə Fromm, Haydeqqer kimi çoxsaylı Avropa və Amerika filosofları, ədəbiyyat xadimləri, incəsənət adamları bu krizisin faciəvi tərəflərini üzə çıxartmazdılar...

Biz isə bu krizis mərhələsindən hələ ki qismən kənardayıq. Çünki müasir dünyanın düşüncə tərzi uzun müddət bizdən aralı olub... Əvvəlcə milli-şüur, islam dini, sonra sovet ideologiyası bizi bu krizisdən sığortalayıb. (Lakin sovet ideologiyasının da öz krizisləri var idi, çünki bu ideya da öz növbəsində həmin Qərb düşüncə tərzinin məhsulu idi... )

Yenə də radikal yenilikçilər etiraz edə bilər ki, bunun nəyi sığortalnmaqdır? Əksinə, bütün bu dediyiniz sığortalar bizi inkişaf eləməyə qoymayıb, geri salıb, əl qolumuzu bağlayıb; hamı irəli gedib bizsə az qala orta əsrlərdə qalmışıq...

Yerində verilmiş sualdı. Və əslində bütün bu əsərin əsas məqsədi məhz bu sualı cavablandırmaqdır - Niyə onlar irəli gedib, bizsə geri qalmışıq? Niyə onlar inkişaf edib, bizsə sükunətdəyik? Əgər o cür inkişaf etməyin bir şərti də mənəvi krizisdirsə, eybi yox, qəbul edərik o krizisi. Qoy bizdə də elə mənəvi-ruhani krizislər olsun, dözərik, təki inkişaf edək, təki müasir olaq, onlarla ayaqlaşaq...

Yüz ildi beynimizə çəkic kimi döyülür bu suallar, psixikamızı sıxır, əziyyət verir...

Bəli, məqsəd bu suallara cavab vermək və yaxud bu sualların əsarətindən çıxmaqdı...

Ardı var

# 2074 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #