Yeddi Qapı Əlincə - Hədiyyə Şəfaqət yazır…

Yeddi Qapı Əlincə - Hədiyyə Şəfaqət yazır…
27 may 2019
# 21:01

...Bəlkə də məsələ sadəcə hekayədədir. Daha doğrusu hekayə olmaqda. Olanı var edən onun hekayəsini yaratmaqdan və yaşamaqdan keçir... Hekayəyə çevrilməyən heç nə sənin üçün, mənim üçün yoxdur, əziz Dost... İstəyir bir ot olsun, istəyir bir ovuc torpaq, istəyir bir insan olsun, istəyir Tanrı- sənin, mənim, onun hekayəsi qədərdir...

Əlincədə üç dəfə olmuşam...

Bu Üç hekayə deməkdir...

***

Naxçıvanın incisi Əlincə dağı, əsrləri yola salmış “Xəzinə qalası”, sinəsi çiçəkli, qayalı, insan nəfəsinin donub qaldığı tikilili, Şimal qapılı “Şahtaxtı”...

Yox-yox, indi torpağın bağrından əllərini göylərə uzadan bu əlçatmaz sıldırımın daşını, çınqılını, üstünə düşən günəşini, üzümüzü-gözümüzü yalayan küləyini canımızda hiss etmək üçün heç bir qapı qarşısında qalmırıq... İndi Əlincəni nə on dörd il mühasirədə saxlamaq tələb olunur bizdən, nə düşünüb-daşınıb tədbir tökmək. Ucadır, haqlısınız, cığırları dikinədir, tövşədər sizi, bəlkə yorularsınız... amma artıq bu sizə qalmış – indi qalanın yolu dünyanın ən hamar, ən asan yollarından, cığırları ən işıqlı cığırlarından biridir, hətta gecənin yarısı da...

Əlincəyə yaxın olub, Əlincədə heç olmasa bircə dəfə olmamaq... - Günahdır...

“Əlincədə olmuşam” demək üçün deyil, gəzinti siyahınıza daha bir ünvan artırmaq üçün deyil... Bəs nə üçün - bilmirəm... Bəlkə elə mənim kimi durub yollanmalısınız, dağların ruhunu, yaddaşın ruhunu hiss etmək üçün. Ehtiyacınızı götürüb gedin, sinə dolusu hava istəyin, göz dolusu uzaqlıq, göy dolusu mavilik... Bəlkə də yüksəklikdə oturub qurumuş otların xışıltısını, küləyin qayalara dəyib qayıdan vıyıltını, bəlkə də sözsüzzlüyü... bəlkə də Faniliyi yaşamaq üçün gedin...

Dağlar hekayənizi verəcək, amma ora ürəyinizi, ürəyinizin səsini aparın...

Məsələ hekayədədir, mən isə yazıçıyam...

***

Amma Əlincənin mənsiz də öz hekayəsi var...

Hekayəsi Əlincəni qala edib, bina edib, keçilməz edib... Burda ilk daşı-daş üstünə qoyan insan, bu ucalığa sığınmaq, bu sıldırımlarda gizlənmək istəyən insan bir zamanlar bu hekayənin ilk kəlmələrini həkk edib tarixin yaddaşına... Sonra davamı gəlib... Gəlib, gəlib, hamının oxuya biləcəyi, bəlkə də heç kimin oxuya bilmədiyi, bəlkə də hərənin öz dilində oxumaq istədiyi bir dildə günümüzə yetişib...

Əlincəni dünyanın minlərlə dağından, yüksəkliyindən ayırıb Əlincə edən hekayə... Ya da hekayələr... Onları bura gəlincə də oxuya bilərsiniz, burdan gedəndən sonra da. Kim bilir, onlardan hansı onun hekayəsidir? Bəlkə də heç biri, bəlkə də hamısı...

***

Üç Qapısından keçdim... Adına zaman deyilən zamansızlığın içində üç hekayə...

Onların hər birindən sonra nəsə başqa cür olub. Dağların ruhu bəlkə də hər yerdə eynidir, ya bizim ruhumuz, bilmirəm...

Mənə çöl göstər, ucsuz-bucaqsız yaşıllaşan, saralan, lap elə quruyub torpağı cadarlaşan çöl... Genişlik və heyrət... Heç nə məni ucsuz-bucaqsız sarı otlu çöllər qədər həyəcanlandıra bilmir...

“Amma Dua vaxtıdır...”

Yolçu həmişə hissinin, könlünün bir “tık” yerində ucalığa can atır... Yolçu dağ başında ruhunun qanadlarını geniş açıb uçub getməsinə sevgiylə baxmalı, özünə yuxarıdan quş gözü bir nəzər salmalıdır... Dağların köksündə necə iynə ucu boyda qalıb, sonra yox olduğunu, zərrə kimi görünməzliyini öz gözləriylə görməlidir... Bir gün hər şey elə belə - görünməz olur...

Sonra qayıtmalıdır...

Yolçu dağ başında çox qala bilməz, mütləq aşağı enməli, yoluna davam etməlidir.

Qayıtmalı və səfərin ona bəxş etdiyi duyğunu, ötürdüyü mesajları - Dağı özüylə aparıb getməlidir...

Dağlar- Yolçunun sınaq, etiraf və ibadət məbədidir...

Dağlar heç bir natəmizliyi bağışlamır, heç bir gözəl duanı isə cavabsız qoymur. Buna inanmaq lazımdır- dağların sevgiyə inandığı kimi...

***

Əlincədə ilk dəfə gecə qaranlığında olmuşam... Əlincənin zirvəsində “yola davam” deyib söz vermişəm... və - nə zamansa günəşi Əlincədə qarşılamaq...

...Bir gün sözümə əməl etmək üçün ona qayıtdım. Əlincə Günəşi mənə göstərmədi. Əlincənin süd kimi on dörd günlük aylı gecəsi get-gedə qaş-qabağını tökdü. Göy üzünü bulud tutdu, külək əsdi, gözümü zillədiyim üfüqdən duman qalxdı, Günəş qalxmadı...

Kədərlənmədim, gülümsədim...

Dağları aldatmaq mümkün deyil... Mən belə deməmişdim...

Başımı aşağı saldım o zaman, payız gözəlliyindən bir udum qoparıb qəlbimin gizli yerində gizlətdim, özümlə sap-sarı bir Əlincə apardım qayıdanda...

***

Nəyə necə baxırsınızsa –O-dur... Nəyə necə gedirsinizsə, nəyə kim kimi gedirsinizsə...

Əlincə onu görmək üçün gələn yolçusunu da tanıyır, ondan umacağı olanını da, ona ucalmaq istəyənini də... Əlincə ondan nəsə qoparıb aparmaq istəyənin qarşısında da Əlincədir, ruhunu onun ruhuna qatmaq, qarışdırmaq, sonra ondan bir damcı götürüb qayıtmaq istəyəninin də... Qəlbimizin içini görür Əlincə, biz nə qədər gizlətsək də... Əlincə, ona niyyətlənən pıçıltımızı bizdən qabaq eşidir... Yoxsa şüşə kimi qayasında əlimiz tutunduğumuz yerdən qopub üzüaşağı getdiyimiz anda heç bir əl uzanıb əlimizdən yapışmazdı...

Dağlar özünü bəlli edir... Dağlar inadı sevir- Hələ ola sinəsinin altında dünya-aləmin göz dikdiyi xəzinə döyünən Əlincə...

Deyirlər onun xəzinəsini oğurlayıb aparıblar... İnanmayın...

***

“Amma Dua zamanıdır...”

Bu dəfə nə gecə yarısıydı, nə dan sökülən vaxt... Səhərdən axşamaydı- bir gün...

Könlümə çiçəkli çöl düşmüşdü- Əlincə onu mənə verdi...

Könlümə uçurum dərinliyindən gələn qəribə bir titrəyişi canımda hiss etmək düşmüşdü –Əlincə onu mənə verdi...

Könlümə əks –səda düşmüşdü- üzümü qayalara tutub...

- Heeyyy....- deyə səslədim...

Əlincə səsimə səs heylədi... Rahatladım, yam-yaşıl otlarının ətrini duya-duya göz dolduran uzaqlara baxmaq istəmişdim, baxdım, çöllərin sinəsində göyləri güzgü kimi əks etdirən mavi mirvarisini bağışladı mənə... O, səxavətini ona sevgiylə gələn heç bir yolçusundan gizlətməyib... Əlincə mənə çox az adamın xəbərdar olduğu qapısını göstərdi... Mən o qədim, yaddaşında nələri – nələri gizlədib saxlayan daşlara toxunub, onlardan o üzə çıxdım... Əlincə məni köynəyindən keçirdi, mən adını Üçüncü Qapı qoydum...

***

Amma...

Əlincə sirrini Yeddi Qapı arxasında gizlədir... Onun ruhunun Tanrıya yaxınlığını qat-qat, qapı-qapı keçməlisən, əziz Dost...

İçindən bir səs: “Amma Dua zamanıdır” – dedimi, dayanma, gözləmə, düşünmə, səni səsləyən bilir nəyə səsləyir....

Get...

Bir gün Günəşi orda qarşılayacaqsan – bəlkə elə sabah, bəlkə nə zamansa...

Nuhcixan.az

# 2799 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #