Əsl sənətkar, əsl kişi – yazarlar Sabir Əhmədlini xatırlayır

Əsl sənətkar, əsl kişi – <span style="color:red;">yazarlar Sabir Əhmədlini xatırlayır
9 iyul 2015
# 11:07

Bu gün Xalqa yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Yaşasaydı 85 yaşı tamam olacaqdı. Kulis böyük yazıçı haqqında qələm adamlarının fikirlərini təqdim edir

Əkrəm Əylisli

Sabir Əhmədli Azerbaycan ədəbiyyatında fərqli bir yerə sahib olan yazıçıdır. Belə deyək, ayrıca bir adadır, kimsəyə qarışmayan özgür bir ada. Ədəbiyyata hardan gəlmişdi, xalqın içindənmi, oxuduğu əsərlərdənmi? Məncə, o ədəbiyyata hardansa fərqli bir yerdən gəlmişdi. Bu fərqlilik onun nasir üslubunda, şəxsi davranışlarında apaydın görünürdü. Təkcə "Yamacda nişanə" povestinin təsiriylə yağlaya-ballaya tərəfkeş tənqid tərəfindən göylərə qaldırılan 60-cı illər yazıçı nəslinin yazdığı neçə əsər saymaq olar. O yaşadığı zaman müxalifətdə olan (əsl sənətkara, kişiyə məxsus özəllik!!!) nadir yazıcımız idi. Belə olduğuna görə də, "Ədəbiyyat qəzeti"ndən dışlandı, belə olduğuna görə də sənətkar böyüklüyünə ləkə qondurmaq mümkün olmayan bir sənətkar olsa da, məzarı hardasa bir kənd qəbiristanlığındadır. Amma bu olumsuzluqlar Sabir Əhmədli ruhunu əsla rəncidə etməz. Bu ruh hardan gəlmişdisə, oraya da qayıdacaqdı, yəni ulu göylərə, yəni layiq olduğu yerə!

Məmməd İsmayıl

- Azərbaycanın böyük qələm sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc Sovet İttifaqı Qəhrəmanı olmuş qardaşı Cəmil Əhmədov Varşava ətrafındakı qardaşlıq qəbiristanında (hər dəfə Polşaya yolum düşəndə onu ziyarət edirəm), bığ yeri yenicə tərləmiş oğlu, Kəlbəcərə qış yürüşündə şəhid olmuş Məhəmməd Bakıda, İkinci Şəhidlər Xiyabanında, ata-anasının, böyük qardaşının qəbirləri və hələ içinə girib divarlarını isitmədiyi yeni evi Cəbrayılda, düşmən əlində, özü də başqa bir “müharibə qurbanı”, ata ocağını, malını-mülkünü Ermənistanda tərk edib gəlmiş dostumuz Fərman Kərimzadənin qonşuluğunda, Binəqədi qəbiristanında… Xalq yazıçısına hətta İkinci Fəxri Xiyabanın da qapısı bağlandı. Allah binəqədililərdən razı olsun… Ailəsi yalnız onların qəbiristanında yer tapa bilmişdi… Vətən torpağıdır, nə fərqi? Ancaq görünür, kimlər üçünsə fərqi var… Yoxsa heç olmasa, ölənlərimiz arasında ayrı-seçkilik qoymazdılar…

Sabir Rüstəmxanlı

- Onunla sağlığında dəfələrlə üz-üzə gəlmiş, görüşmüş, oturub söhbət etmişdim. Bu böyük Azərbaycan yazıçısının yaradıcılığı barədə, xüsusilə, onun romanları haqqında bir neçə məqalənin də müəllifi olmuşam. Sabir Əhmədli mənim üçün XX əsr Azərbaycan yazıçıları arasında ən doğmalarından biri, ən çox oxuduğum nasirlərdən biri idi. XX əsr Azərbaycan gerçəkliyini, istər yaxından bələd olduğu kəndi, istərsə də şəhəri təsvir etsin, Sabir Əhmədli son dərəcə həyati bir yazıçı idi və deyim ki, onun əsərlərində təsvir etdiyi həyat canlı həyatın özü idi. Sadəcə, bədii naxışlarla, rənglərlə, sözün yaratdığı ecazlarla cilalanmışdı bu həyat. Həm də sərtliyi, mürəkkəbliyi, təzadları ilə seçilirdi.

Vaqif Yusifli

Sabir Əhmədli 20-ci əsr Azərbaycan nəsrinin, ədəbiyyatımızın nəhəng simalarındandır. Onun ciddi sosial-mənəvi problemlərə toxunan romanları milli ədəbiyyatımıza tamamilə yeni miqyas gətirib. Hələ sovet dövründə ədəbiyyatın, yazıçının missiyasını həqiqətə, ictimai düşüncəyə və insan ləyaqətinə xidmət etməkdə görən Sabir Əhmədov bir-birindən parlaq əsərləri, yaratdığı parlaq obrazları, fərdi üslubu ilə ədəbiyyat tariximizdə xüsusi mövqe tutur. Tək ona təəssüflənirəm ki, belə nəhəng bir yazıçı nə sağlığında, nə də əbədiyyətə qovuşandan sonra öz layiqli qiymətini almayıb.

Şərif Ağayar

Sizə deyim, Sabir Əhmədli əyilib kamali-ədəblə əlini öpmək istədiyim yeganə ədəbiyyat adamı olub. Ona görə ki, Sabir Əhmədli ilə Azərbaycan sözü az qala sinonimdir: torpağı düşmən əlində, oğlu Qarabağ şəhidi… Özü də hamıdan istedadlı ola-ola bir az talesiz, bir az unudulmuş, bir az döyülmüş, əzilmiş, haqsızlığa urcah olmuş birisi. Sizcə şəhid atası ilə xalq yazıçısı adını bir yerdə daşıya bilən neçə kişi tapılar bu məmləkətdə?

Qan Turalı

Sabir müəllimin “Yamacda nişanə” adlı bir romanı var. Romanın qəhrəmanı Laçın əyalət sakitliyinə alışmaq istəmir, o, ürəyinin istədiyi kimi yaşamaq istəyir. Axırda isə yanğınsöndürən maşının sirenasını açıb aləmə səs salır. Sabir müəllim də belə bir ömür yaşadı. O, susmaq, sürüyə qoşulmaq istəmirdi.

Kənan Hacı

Sabir Əhmədlinin Azərbaycan ədəbiyyatında dağdan ağır xidmətləri olub. Sabir Əhmədli o yazıçılardan idi ki, əsərlərində dəqiq mənəvi oriyentrlər cızırdı. O, ömrünün sonuna kimi ləyaqət hissini itirmədi, haqqı nahaqqın ayağına vermədi, yazıçı adının ucalığını vicdanla, namusla qorudu. Sabir Əhmədli Azərbaycan ədəbiyyatının vicdanı idi. O, bu xalq üçün az iş görmədi, doğma oğlunu millətinin yolunda qurban verdi, milli təfəkkürün formalaşmasına öz sanballı, siqlətli əsərləriylə təkan verdi, ucuz şöhrətin qulu olmadı, əsl kişi ömrü yaşadı. Sabir Əhmədlinin gözdən-könüldən uzaq bir yerdə - Binəqədidəki qaçqın qəbiristanlığında dəfn olunması mənə dünyanın ən əbləh işlərindən biri kimi görünür. Sabir Əhmədli öz ölümüylə çox həqiqətləri bizim yadımıza saldı, çox gizli mənaların üstündən sirr pərdəsini götürdü... Bizləri çox şeylərə hazırladı... Hazırladı və... getdi. Ruhu şad olsun!

“Yazı” jurnalı

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
# # #