Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı

Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
16 sentyabr 2021
# 15:28

Bu gün ilk azərbaycanlı kinoaktrisa İzzət Oruczadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

İzzət Mirzəağa qızı Oruczadə 16 sentyabr 1909-cu ildə Bakıda anadan olub.

***

Onu kino sahəsinə gətirən görkəmli dramaturq Cəfər Cabbarlı olub. Belə ki, “Sevil” filminin çəkilişləri zamanı Cabbarlı küçələri gəzərək Sevil obrazı üçün qız axtarır. Günlərin birində o, “Təyyarə” kinoteatrında bir qızla rastlaşır. Və onun Sevil obrazı üçün tam uyğun olduğunu anlayır.
Dramaturq tanımadığı qızı addım-addım izləyib onun yaşadığı ünvanı öyrənir. Bir neçə gündən sonra o, İzzətgilin evinə yollanır. İzzətin atası ilə qardaşları onun filmə çəkilməsinə qəti şəkildə etiraz edirlər. Ancaq Cəfər Cabbarlı inadından dönmür. Bir neçə gün İzzətgilə gəlib getdikdən sonra ailənin razılığını ala bilir. Amma bir şərtlə: Cəfərin özü İzzəti gəlib evdən faytonla aparacaq və faytonla da geri qaytaracaq.

İzzətin atası Mirzəağa kişi Cəfəri yola salandan sonra evə gəlir və qızını çağırıb deyir:

- Qızım, bu çeşməkli kişi böyük adamdır, bəlkə eşitmisən, Cəfər Cabbarlı. Teatr üçün əsərləri o yazır. İndi bir dənə kino çəkirlər. Adı “Sevil”dir. İstəyir ki, səni də kinoya çəksin. Bilirəm, məhəllə ağsaqqalları məni danlayacaqlar, amma kişinin sözündən çıxa bilmədim. Yaxşı adama oxşayır, elə bil üzündən nur tökülür. Sabah hazırlaş, gəlib səni kinoya aparacaq.

***

İ. Orucovanın xatirələrindən: “Ertəsi gün institutdan gələn kimi təzə paltarımı geyib hazırlandım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni evimizdən həmişə faytonla aparıb gətirərdi.

Filmin çəkilişlərində yazıçı özü iştirak edir. Sevil obrazının bütün çalarlarını İzzətə başa salır. Hətta məşq zaman bir neçə dəfə çadranı İzzətin başından açıb Balaş rolunu ifa edən Ağasadıq Gəraybəylinin sifətinə çırpır. Çəkilişlər bitəndə isə günün sonunda Cabbarlı İzzətin ailəsinə söz verdiyi kimi hər gün onu evlərinə ötürür.

***

Cabbarlı həm filmin, həm də Sevil rolunun uğurlu alınması üçün bütün imkanlardan istifadə edir. Məsələn, filmin bəzi epizodlarında Sevil düşdüyü vəziyyətlə bağlı kədərli görünmür. Çəkiliş vaxtı İ. Orucovanı kədərli lentə almaq üçün aktrisa ilə çox məşq edir, lakin Cabbarlı istədiyini ala bilmir. Nəhayət, çıxış yolu tapılır. Hər dəfə kədərli əhval-ruhiyyə yaradılması üçün musiqiçi aktrisanın sevdiyi muğamları tarda çalır, həmin an rejissorlar səhnəni istədikləri kimi çəkirlər.

***

Maraqlıdır ki, hətta çəkiliş qrupu üçün işin qızğın çağında belə İzzət xanım institutda bircə dərs belə buraxmır. Təbiətcə həlim və bir qədər cəsarətsiz olan bu qız təhsillə bağlı məsələ ortaya çıxanda həddindən artıq inadkarlıq edir. İ. Orucova o vaxtı institutun 3 - cü kursunda oxuyurdu. Çəkiliş qrupu da öz işini elə qururdu ki, aktrisa yorulmasın, dərslərdən geri qalmasın. İzzətin atasına söz vermiş Cabbarlı bu işlərə özü şəxsən nəzarət edirdi.

İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir:
"Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın”.

***

Nəhayət, "Sevil" filminin çəkilişi tamamlanır. Film 1929-cu ildə ekranlara buraxılır. İzzət həmin günü belə xatırlayır: “Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C. Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

Bundan sonra Cəfər eyni adlı əsəri əsasında "Almaz" filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir. İzzət Orucova isə təhsilini başa vurub, Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamışdı. Yenidən çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə müraciət edəndə, o vaxtkı direktor M. Kapelyuşnikov kəskin şəkildə etiraz edir. Lakin iş elə gətirir ki, Kapelyuşnikov Moskvadan ezamiyyətdən qayıdarkən qatarda təsadüfən C. Cabbarlı ilə bir kupedə olur. Dramaturqun şirin söhbətləri, müsahibini özünə cəlb etmək bacarığı ona elə güclü təsir göstərir ki, o özü İzzət xanımı kabinetinə çağırıb çəkilişlərə icazə verdiyini bildirir.

İ.Orucova deyir ki, C.Cabbarlı Almazla bağlı filmi fikrən bütünlüklə görür. O, bu filmə özü quruluş verəcəkdi. Lakin sınaq çəkilişləri başa çatar-çatmaz o, vəfat edir.

***

Bioqrafiyasındakı iki filmlə yanaşı İzzət Orucova “Lətif”, “İsmət”, “Məhəbbət yollarında” və bir neçə filmdə də epizodik rollar ifa edir. Lakin sonradan o, kinodan tamamilə uzaqlaşır. Müsahibələrinin birində deyir ki, əgər Cəfər sağ olsaydı, mən yenidən onun çəkəcəyi filmlərə çəkilərdim.

İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan ziyalı Mövsüm İsmayılzadə ilə ailə həyatı qurur. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən və ailəsi ilə birgə sürgün ediləcəyini anlayan Mövsüm bəy dərhal İzzətdən boşanır. Bununla da o, İzzət Oruczadəni və körpə oğlu Yılmazı sürgün təhlükəsindən xilas edir.

***

Tək qalan İzzət xanım ömrünü elmə və yeganə övladına həsr edir. Azərbaycanın ikinci akademik qadını olur, Lenin mükafatı alır. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidmətlər göstərir.

1974-cü ildə İzzət Orucova haqqında “İşıqlı yol” adlı qısametrajlı film çəkilir. İzzət Orucova 1983-cü ildə Bakıda vəfat edir.

# 5028 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #