"Laçın" mahnısı nəyə həsr olunub: quşa, rayona, yoxsa qadına?

"Laçın" mahnısı nəyə həsr olunub: quşa, rayona, yoxsa qadına?
10 sentyabr 2021
# 09:02

Kulis.az “İllərin mahnısı” layihəsindən “Laçın” mahnısı haqda faktları təqdim edir.

“Laçın” mahnısından söhbət açacağıq. Yəqin ki, çoxlarınız Laçın rayonunun taleyi ilə səsləşən həmin mahnını dinləyəndə təsirlənmiş və misralar ürəyinizin sarı siminə toxunmuşdur. Bəlkə də bu səbəbdən hamı bu mahnının Laçına həsr olunduğunu düşünür. Lakin 130-200 ilə yaxın yaşı olan bu xalq mahnısının Laçın rayonu ilə bağlılığı yoxdur.

***

Mahnı ilə bağlı müxtəlif versiyalar var, onlardan biri odur ki, mahnı bir qıza həsr olunub. Bu mahnı bayatılardan ibarətdir və həmin bayatılardan müxtəlif xalq mahnılarında da istifadə edilib.

***
“Stilistikasına görə 200 ilin mahnısıdır”. – Akif İslamzadə deyir. Onun sözlərinə görə, “Laçın” Rusiyanın istilasından sonra yaranan mahnılardan biri olub. “Bu mahnıda nostalgiya, fərqli stilistika, yeni intonasiya onu digərlərindən fərqləndirir”.

Akif İslamzadə əlavə edir: Bu yəqin ki, Azərbaycanda müstəmləkəçilikdən sonra yaranan mahnıdır”.

Tədqiqatçılar da elə hesab edir ki, “Laçın” mahnısı qədim mahnı deyil, onun yaranışı 100-150 il bundan əvvələ təsadüf edir. Folklorşünasların dediyinə görə, onun qədim olmamasının bir çox səbəbləri var. Əvvəla, bu mahnı Bayatı-Şiraz ladında yazılıb, bu ladda yazılan mahnıları nisbətən yeni dövrə aid etmək olar. Bundan əlavə, “Laçın” mahnısında işlənən diapazon, geniş intervallar bu mahnının yeni dövrdə yarandığına dəlalət edir.

***
Çoxları düşünür ki, mahnı Laçın adlı bir xanıma yazılıb. Bəlkə bu variant o qədər də həqiqətə səslənmir. Ancaq müğənnilər bu mahnını oxuyarkən bir xanıma xitabən yazıldığını düşünürlərmiş.

***
Başqa bir yanlış təsəvvür isə odur ki, bu mahnıda xitab olunan Laçının gözəl bir quşa yazıldığı deyilir. Lakin sənətşünaslar hesab edir ki, mahnıda quşdan söhbət getmir, burdakı misralar hansısa Qarabağ gözəlinə yazılıb.

***
Başqa bir versiyada Laçın sözünün simvolik mənada işləndiyi söylənilir. Laçın gəncliyi ifadə edən söz olsa da, arxasında qürurlu, məğrur, igid epitetləri də dayanır. Ona görə də mahnı mahalla, məkanla bağlı deyil. Mahnını igid bir oğlanın vəsfi kimi də qiymətləndirənlər var.

***
“Laçın” mahnısını ilk dəfə Səid Rüstəmov Cabbar Qaryağdıoğlunun səsindən nota yazıb. 1955-ci ildə Fikrət Əmirov “Laçın” mahnısını mükəmməl not partiyası ilə professional musiqi ifaçılığı üçün təqdim edib. Mahnı Fikrət Əmirovun dəsti xətti ilə gözəl, özünəməxsus, füsunkar harmoniyalarla diqqət çəkir. Deyilənə görə, bu mahnı Fikrət Əmirovun təqdimatından sonra tarixə düşüb. Not mahnının, musiqinin pasportudur, onun diyar-diyar gəzməyinə vəsilə olan biletdir. “Laçın” mahnısı Fikrət Əmirovun timsalında müstəqillik qazandı və hamının evinə qədər yol tapdı.

Mahnının ən tanınmış və uğurlu ifaçıları da “Laçın”a xeyli populyarlıq qazandırmışdı: Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Gülağa Məmmədov, Rauf Adıgözəlov və başqaları solo ifalarla mahnıya möhtəşəm rəng qatıblar. Yalnız burda bir təəssüf nidası olmalıdır. Çünki bu ifaların heç biri bu günə qədər gəlib çatmayıb və təəssüflər ki, bu gözəl ifalar arxivimizdə yoxdur.

***
1960-cı illərin sonunda “Laçın” mahnısının ifa tarixinə daha bir imza yazıldı. Bu “Qaya” qrupu idi. Artıq mahnı solo yox, qrup halında oxunmuşdu. “Qaya” qrupu caz və rokla vəhdət təşkil edən təqdimatla bu mahnıya orijinallıq qazandırdı. Sanki mahnı Qərblə Şərqin qovuşduğu ana çevrildi. İlk dinləyişdə insanlar mahnını həzm edə bilmirdilər, çünki hamı solo ifalara öyrəşmişdi, lakin “Qaya” qrupunun füsunkar təqdimatı dinləyicilərə “Laçın”ı bir daha sevdirməyi bacardı.

***
Daha sonralar “Laçın”ı Akif İslamzadə ifa etdi. Bu ifa o biri ifalardan kəskin fərqlənirdi. Akif İslamzadənin özünəxas üslubu “Laçın” mahnısına ayrı bir rəng qatmışdı. Akif İslamzadə o günləri xatırlayaraq deyir:
“1975-ci ildə əsgərlikdən qayıdandan sonra ilk yazdığım iki mahnıya görə - “Bu gecə” və “Qurban verərdim” – mənə nədənsə efir qadağası qoydular. Orda cürbəcür intriqalar olurdu. Mən o zaman düşündüm ki, xalq mahnılarına heç kim heç nə deyə bilməz. “Aman ovçu”, “Laçın” mahnısını oxudum. Və ona qadağa qoya bilmədilər. Ümumiyyətlə, “Laçın” mahnısını ilk dəfə Rəşid Behbudovun yanında, Mahnı Teatrında oxumuşdum. Onda biz bacarığımızı göstərirdik Rəşid müəllimə ki, bizi işə götürəcək, ya yox. Həmin vaxt ilk dəfə “Laçın” mahnısını oxudum”.

***
Xalq artisti Səyavuş Kəriminin dediyinə görə, “Laçın” xalq mahnıları arasında ən çox ifa olunan mahnılardan biridir. Mahnının melodiyasının ürəyəyatımlı olmağı və ümumiyyətlə, sözlərinin asanlıqla yadda qalması buna səbəbdir. “Laçın”ı Mirzə Babayev, İlqar Muradov, Lütfiyar İmanov kimi müğənnilər də ifa edərək onu bir daha sevdiriblər.

# 11713 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #