Fəhlələrin gizli təşkilatı - Nəriman Nərimanovu niyə ifşa etmək istəyirdilər?

Fəhlələrin gizli təşkilatı - Nəriman Nərimanovu niyə ifşa etmək istəyirdilər?
31 may 2024
# 09:00

Kulis.az Nəriman Əbdülrəhmanlının Azərbaycanın ilk səsli bədii filmləri haqqında məqaləsini təqdim edir.


1937-ci il­də tammetrajlı “Dəcəl dəstə” filmi ekranlara çıxdı. “Məhəbbət oyunu” və “Mavi dənizin qoynunda” filmlərinin ruhunda çəkilmiş bu ekran əsəri “yeni sovet adamının formalaşdırılması”nın ideoloji təminatını həyata keçirmək məqsədi güdürdü. “Şagirdlə­rin mənalı istirahətinə, sovet məktəbinin uşaqlarda yoldaşlıq, dostluq, kollektivçilik hiss­ləri oyatmasına” həsr olunmuş “Dəcəl dəstə” filmi­nin ssenari müəllifi Y.Fidler, quruluşçu rejissorları A.Popov və Q.Salamzadə idi. Rol­ları A.Bağırova (Nina), A.Mirzəyev (Yusif), L.Bədirbəyli (məktəbli qız) və başqaları ifa edirdi­lər. Bəzi milli kino ustaları­nın ekrandakı ilk işləri baxı­mından dəyərli olan bu film, təəssüf ki, quru ritorika səviyyəsindən yuxarı qalxa bilməmişdi.

1939-cu ildə ekranlara çıxan daha bir müasir mövzulu film – “Hazır ol” ideoloji aspektdə çəkilmişdi. Rejissor M.Mikayılovun lentə aldığı bu ekran əsəri Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilərək ölkədə donorçuluğun əhə­miyyətindən bəhs edirdi. Filmin quruluşçu operatoru C.İsmixanov, quruluşçu rəssamı V.Aden, əsas rolların ifaçıları M.Mustafayev (traktorçu), Y.Frik (təxribat­çı), F.Əfəndiyev (cərrah), A.Popov (sərhəd məntəqəsinin rəisi), N.Kəsəmənski (sərhədi pozan), M.Babayev (ordinator) idi. Göründüyü kimi, rolların operatorlar M.Mustafayev və L.Aristakesova, rejis­sorlar A.Popov və M.Babayevə, peşəkar cərrah F.Əfəndiyevə və s. tapşırılması, əslində, ciddi ekran əsəri deyil, təbliğat-təşviqat kino­lenti yaratmaq məqsədi güdürdü.

Filmin süjet xətti də sxema­tik və bəsit idi. Sovet sərhədini gizli yollarla keçmə­yə cəhd göstərən təxribatçı sahədə yer şumlayan traktorçunu ağır yarala­yır. Onun fürsət tapıb xəbər verdiyi sərhəd­çilər uzun və gərgin axtarışlardan son­ra cinayətkarı yaxalayır, yaralı traktorçunu isə Ba­kıya çatdırırlar. Burada vaxtında edilən cər­rahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində yaralı­nın həyatı xilas edi­lir. Filmdə cərrah Fuad Əfəndiyev yeni qan köçürül­məsi vasitəsilə insanın hə­yat fəaliyyətinin bərpa olunması sahəsində qazanılmış elmi təcrübəni sənədli kadrlarla nümayiş etdirir.

1940-cı ildə istehsal olunmuş “Yeni üfüqlər” filmi isə “so­vet adamının mənəvi inkişafına” həsr olunmuşdu. Gənc mütəxəssis-geoloq Kərim institutu bitirəndən sonra təyinatla istehsalata göndəri­lir. O, yeni neft yataqlarının işlənmə­si sahəsi üzrə burada yuva qurmuş mənsəbpərəst, öz mənafeyini gü­dən və ikiüzlü adamlarla rastlaşır. Təbiidir ki, həmfikirləri ilə birlikdə gənc mütəxəssis belə adamlar üzə­rində qələbə qazanır. Süjetin əsa­sında duran “qalib gəlmiş tələbə” obrazı elmdə yeni və köhnə nəsil arasında olan münasibətləri aşkara çıxarır.

İdeoloji tələbatın məh­sulu olan “Yeni üfüqlər” filmi­nin ssenarisi kino üçün yetərincə material verməsə də, ekranda istehsalat mövzusunun əks etdirilməsi yönümündə atı­lan ilk addım kimi maraqlı idi. Bu film yazıçı İmran Qasımovun kinoda ilk işi oldu. Filmin quruluşçu rejissorları A.Quliyev və Q.Braginski, quruluşçu operator­ları F.Novitski və M.Dadaşov, quruluşçu rəssamı Q.Səlimxanov, bəstəkarı Niyazi idi.

“Kəndlilər” ilə yanaşı, müharibəyə qədərki ilk səsli bədii filmlərimizdən ikisi (“Bakılılar” və “Səbuhi”) Azərbaycan tarixinin ayrı-ayrı dönəmlərindən bəhs edən ekran əsərləri idi. 1938-ci ildə ek­ranlara çıxan “Bakılılar” çox böyük çətinliklərlə ərsəyə gəlmişdi. Film hələ 1935-ci ilin dekabrından istehsalata buraxılmışdı. Moskvadan dəvət olunmuş quruluşçu rejissor V.Turin ssenari üzərində V.Pavlovski ilə birgə iş­ləmiş, layihəyə baş operatorlar kimi L.Kosmatov və D.Feldmanı, quruluşçu rəssam ki­mi V.Adeni dəvət etmişdi.

Filmin çəkilişində ortaya çıxan problemlər, əsasən, təşkilati mə­sələlərlə bağlı idi. Azərbaycan Foto-Kino İdarəsi (Az.FKİ) son uğursuzluqlarını sığortalamaq üçün 1936-cı il dekabrın 15-də çə­kiliş qrupunun akkord formasına keçməsi üçün qərar qəbul etmiş­di. Az sonra V.Turin və assistenti H.Seyidzadə aktyor seçimi üçün Tiflisə, daha sonra isə H.Seyidzadə yenidən Tiflisə, Gəncəyə və İrəvana ezam olundular. 1937-ci il martın 17-də çəkiliş qrupunun tərkibi təsdiqlənəndən sonra film üzərində iş başlandı. Lakin V.Turinlə H.Seyidzadə arasında yaranan fikir ayrılığına görə çəkilişlər ləngidi. Azərbaycan Xalq Komissarları Soveti (XKS) yanında İncə­sənət İşləri İdarəsinin rəis müavini M.Mikayılov və Az.FKİ-nin rəisi Q.Sultanov işə qarışdıqdan, “işdə qeyri-sağlam mühit yaradan” H.Seyidzadə M.Babayevlə əvəz olunduqdan sonra çəkilişlər davam etdirildi.

1905-ci ildə Bakı proletariatı­nın inqilabi yüksəlişinin artmasını, onun çar mütləqiyyətini yıxmaq uğrunda mübarizəsini, Azərbay­can fəhlələrinin inqilabi şüuru­nun oyanışını əks etdirən” “Bakılılar” mövzu və ideyasına görə “Vulkan üzərində ev” və “26 komissar” filmləri ilə səsləşirdi. Hər üç ekran əsərində Bakı bolşe­vik təşkilatının rəhbərliyi altında mübarizə aparan xalq kütlələri hadisələrin mərkəzində dayanır. “Bakılılar” filmində neft mədənlərindəki ağır əməkdən, aclıqdan və hüquqlarının pozulmasından cana doy­muş fəhlələr hərəkətə keçirlər. Həyəcan dalğası fabrik və zavod­lara yayılır, tətilə çevrilir. Tətilə, təbii ki, bolşevik Zaxarıç rəhbər­lik edir. Fəhlələr silahlı üsyana hazırlıq görürlər. Feldşer Mixaylovun evində gizli yığıncaq keçi­rilərkən həbs olunan fəhlə Cəfər məhbəsdə Zaxarıç və Mixaylovla dostlaşır və buradan in­qilabçı kimi çıxır. O, başqa millətlərdən olan inqilabçılarla birlikdə silahlı üsyanda iştirak edir. Fil­min finalında fəhlələr qətlə yetirilmiş Mixaylovun cəna­zəsinin arxasınca axınla gedirlər. Müəlliflər bununla demək istəyirlər ki, ən ağır itkilər belə proletariatı xoşbəxt gələcək uğrunda mübarizədən döndərə bilməz.

Təbii ki, film təbliğat-təşviqat xarakteri daşıdığından inqilabi pafos, siyasi konyunktura əsas götürülmüş, fəhlələrin, inqilabçıların, xalqlar dostluğunun rolu həd­dən artıq şişirdilmişdi. Rejissor görümündə, eləcə də aktyorların ifasında təbliğatçılıq və plakatçılıq çalarları aydın duyulurdu. Bütün bunlara baxmayaraq, “Bakılılar” peşəkar səviyyədə çəkilmişdi və maraqlı rejissor tapıntıları, bir sıra aktyorların (daha çox R.Əfqanlının) oyunu, Bülbülün və Z.Adıgözəlovun ifa etdikləri xalq mahnıları ilə yadda qaldı. Bu ekran əsəri nümayiş etdirildi­yi ilk dövrlərdən tamaşaçılar tə­rəfindən rəğbətlə qarşılandı.

1940-cı ildə çəkilişi nəzərdə tutulan filmlərdən biri də “alovlu leninçi, mətin bolşevik” Stepan Şaumyana həsr olunmuşdu. Bu ideya A.Bəynəzərov tərəfin­dən hələ 20-ci illərin ortalarında irəli atılmışdı. Ssenari müzakirə olunur, təkmilləşdirilir, bura yeni epizodlar əla­və edilirdi. 1940-cı il martın 27-də “Azərfilm”də Azərbaycan K(b)P MK-nın, Yazıçılar İttifaqı­nın və S.Şaumyan adına İnsti­tutun birgə keçirdikləri növbəti müzakirədə filmin başlıca məqsədlərindən birinin “N.Nərimanovun ifşa edilməsi” olduğu aşkara çıxır. V.Şklovski və İ.Altmanın yazdıqları və M.Bleymanın üzərində işlədiyi “Stepan Şaumyan” ssenarisini A.Bəynəzərov ekranlaşdırmalı idi. Amma na­məlum səbəblərdən filmin çəkilişləri baş tutmadı və bu mövzu birdəfəlik unuduldu.

1940-cı ildə istehsalata buraxıl­mış digər filmin – Ə.Məmmədxanlının özünün “Ayna” povestinin motivləri əsasında yazdığı eyniadlı ssenarinin ta­leyi də yaxşı olmadı. H.Seyidzadə və N.Bədəlovun quruluş verdikləri film (baş operator D.Feldman, quruluşçu rəssam G.Əliyev, filmin direktoru T.Hüseynov) müxtəlif səbəblər üzündən başa çatdırılmadı. 1940-cı il mar­tın 12-də Bakı kinostudiyasında keçirilən müşavirədə çəkiliş qrupunun işi zəif və yararsız hesab edildi, qısa müddətdə plan və smetanın təsdiqi, iki variantda aktyor sınaqla­rının keçirilməsi təklif olun­du. Bakı kinostudiyasının direktoru Ş.Abbasovun təsdiq etdiyi rol bölgüsündə – L.Cavanşirova (Ay­na), Ə.Ələkbərov (Ayaz), İ.Əfən­diyev (Mənsur), K.Ziya (Diyar kişi), Ə.Məmmədova (Nisə xa­nım), X.Əmirzadə (Eldar), Ə.Hüseynzadə (müxbir), Mahmu­dova (Leyla) və başqaları – olan problemlər teatr aktyorlarının çəkilişlərdə iştirak üçün vaxt məhdudiyyətləri ilə əsaslandırı­lırdı. Bədii Filmlərin İstehsalı üzrə Baş İdarə bütün mərhə­lələrdə iş prosesinə müdaxilə etmək­lə vəziyyəti daha da çətinləşdirirdi. Məhz idarənin rəisi Kuryanovun təzyiqi nəticəsində M.Sənani və İ.Osmanlı Ayaz roluna təsdiq olunma­mış, Ə.Ələkbərovun na­mizədliyi isə çətinliklə keçmişdi. Bütün bunlar əsəbi ovqat yaradır, normal iş şəraitinin formalaşmasına im­kan vermirdi. Nəhayət, 1940-cı ilin sonunda çəkilişlər yekunlaşsa da, film ekranlara buraxılmadı.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #