Əliağa Kürçaylının oğlu: “Atam öləndə, bacım intihar etdi...” - SÖHBƏT

<span style="color:red;">Əliağa Kürçaylının oğlu:  “Atam öləndə, bacım intihar etdi...” - <span style="color:red;">SÖHBƏT
20 fevral 2018
# 21:00

Bu gün məşhur şair Əliağa Kürçaylının doğum günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən şairin oğlu, jurnalist-tərcüməçi Ülfət Kürçaylı ilə müsahibəni təqdim edir.

- Gəlin, əvvəlcə yerli-yataqlı tanış olaq...

- Ülfət Kürçaylı Əliağa oğlu. 55-ci ildənəm. 60 yaşım təzə tamam olub. “Respublika” qəzetində işləyirəm, həm də sərbəst tərcümə işi ilə məşğulam. 150 cildlik dünya ədəbiyyatı layihəsindən Con Steyenbeki tərcümə etmişəm. Oğlum Əliağa evlidir. Qızım da ailəlidir. Hərəsinin bir övladı var. Balaca qızım isə, tələbədir. İqtisad Universitetinin ikinci kursunda oxuyur.

- Keçək ənənəvi suala: sizi layihəyə dəvət edəndə ilk olaraq nə xatırladınız?

- (Duruxur) Çox çətin sualdır (gülür)... Uşaqlıqdan mən də, rəhmətlik bacım Ülkər də atamızın şair olduğunu hiss eləmirdik. Demək olar ki, indi fotosunu çəkdiyiniz yazı masasının arxasında görməmişik onu. Nadir hallarda yazı yazdığını görürdük. Çox qayğıkeş idi. Biz yuxudan qalxanda hər şeyi kənara qoyur, bizim qayğımıza qalırdı. Xatirələr o qədər çoxdur ki, hansını danışım, bilmirəm.

- Siz bu evdə doğulmusuz? (Keçmiş Hüsü Hacıyev küçəsi, Yazıçılar evi – red.)

- Mən 2 yaşda gəlmişəm. Bacım burda doğulmuşdu. Atam tezdən qalxıb bax o eyvanda (əlini açıq qapıdan uzadır) yazardı. Sübh azanı veriləndə orda olardı həmişə. Bir neçə dəfə Təzəpirin minarəsinə qalxan mollayla məzələnmişdi də. Öskürüb yadına salmışdı ki, azanın vaxtıdır, tələs. Mollalarla arası yox idi (gülür). Onu şairlikdən və atalıqdan əvvəl əsl azərbaycanlı kişisi kimi xatırlayıram. Hündürboy, yaraşıqlı, mehriban, qayğıkeş, eyni zamanda qətiyyətli adam idi...

- Məncə, Mikayıl Abdullayev Nəsiminin portretini atanıza baxıb çəkmişdi...

- Hə. Qaşı-gözü atamındır. Diqqətlə baxanda, bilinir.

- Divardakı əsər kimindir?

- Atamın rəssam dostu vardı – Hüseynağa, o çəkib. Öləndə gəlməyə ürək eləməmişdi. Qırxı günü bu portretlə ağlaya-ağlaya evimizə gəldi.

- Açığı, müsahibə üçün tarixi məqsədli seçmədim... Sonra baxdım ki, 20 fevral doğum, 11 fevral ölüm günüdür... 51 yaş çox azdır...

- Bizə bildirmirdi, görünür dərin stresslər keçirirmiş. Ədəbi mühitdə çox böyük gərginliklər olur həmişə. İntriqa, düşmənçilik, Yazıçılar İttifaqındakı çəkişmələr və s. Bəzi şeirlərində də bu, hiss olunur. Məsələn, Xarkov səfəri haqda yazdığı zarafatyana şeirində belə misralar var:

Burda nə büllur qədəh

Nə üzəvarı tostlar

Nə səninçün canından

Keçən yalançı dostlar

Burda nə ittifaq var

Nə “Litfond” var, nə əsər

Nə Mirzəyə, İmrana

Çatan yalan xəbərlər...

Mirzə İbrahimovla, İmran Qasımovu deyir...

Nə jurnal var, nə Cəlal

Nə buz kimi qaşqabaq

Nə də məsul katibə

Dəyən yağlı şapalaq...

Bu şapalağı, səhv eləmirəmsə, Nəbi Xəzri Süleyman Rəhimova vurmuşdu.

- Mən bilən, arxadan stulla vurub...

- Yox, məncə, şapalaq olub.

- Mehdi Hüseynin infarkt keçirib öldüyü yığıncağı demirsiz?

- Ay sağ ol!

- Orda stulla vurub, axı, məncə... Amma hər halda Əliağa Kürçaylı lap dəqiqini bilir.

- Yəqin. Demək istəyirəm ki, intriqa yuvası idi ora.

- Bir az Əli Kərimi xatırlatdı bu şeir... Dost idilər?

- Əli Kərim cavan olub. Ona görə yaxın münasibəti yox idi məncə. Atam rəsmi işlərdə dözə bilmirdi. Səhər durub işə getsin-filan, belə deyildi.

- Niyə, “Yazıçı” nəşriyyatına rəhbərlik edib.

- Cəmi bir il işlədi... Xəstələndi. Xərçəng tapdı. Bir il xəstə yatdı, rəhmətə getdi. Bu bir ildə hamı düşmən oldu onnnan. Hətta yazıçı arvadları anama zəng edirdilər ki, deyin, ordan çıxıb getsin.

- Niyə?

- Hamını çap eləmirdi. Adamların da çoxu istedadsızdır axı... Ona görə ayağının altını qazırdılar. Bu gərginlik də səhhətinə pis təsir eləmişdi. Bir gün Tofiq Bayram gəlib otağına, dost idilər, ərklə balaca bir kitab qoyub stolunun üstünə ki, qol çək, nəşrə buraxılsın. Baxıb, görüb şeirlər çox zəifdir. Deyib, Tofiq, bu kitabdan çaxır iyi gəlir...

- Əliağa Kürçaylının ölümü həm də qızının ona görə intiharı ilə tarixə düşdü.

- Ayıb olsun bəzi adamlara ki, bu barədə gic-gic şeylər danışırlar və yazırlar. Bacımı intihara gətirən səbəblər vardı. Qəza başından əskik olmurdu. Təsəvvür edin, doğulanda ayağını çıxarmışdılar. Uzun müddət iməkləyə bilmədi, uşaqlara həsrətlə baxdı. Bir gün İlisuya getdik, bir gecə yatıb səhər duran kimi uşaqda epilepsiya əmələ gəldi. Düşünün bir, keçmiş “26-lar” bağında gəncləri komsomola keçirirlər, birdən zəng olur ki, Ülfət gəl, bacın epilepsiya keçirib. Gedirəm ki, dostlarının yanında yerə yıxılıb. Başqa bir vaxt, gəmiylə ailəvi səyahətə çıxmışıq, o boyda gəmidə, neçə min adamın içində bacımı kor bağırsaq sancısı tutur, əməliyyat olunması üçün gəmi, atamın təkidi ilə, reysini dəyişib Yaltaya getmişdi. Həmin gecə anamın başının ortası ağappaq ağardı. Bir gecədə saçın ağarmağını eşitmişdim, inanmamışdım, gözlərimlə gördüm. Zob əmələ gəldi, maşın qəzasına düşdü. Ona görə, atam onu dəhşətli dərəcədə çox istəyirdi. Böyük qız olanda da atıb-tutur, uşaq kimi davranırdı. O da atama çox bağlı idi. Ata üçün intihar nadir hallarda olur.

- Elədir... Ailəli deyildi də?

- Deyildi. Ailəli olsa bəlkə intihar eləməzdi. Atam onu o qədər çox istəyirdi ki, uşaq vaxtı qısqanırdım. Atam könlümü alırdı. Deyirdi, sən mənim ilkimsən, sənin yerin başqadır. Atam bütün tədbirlərə onu aparırdı. Ədəbi mühit, şair-yazıçılar hamısı bacımı tanıyırdı.

- Öləndən sonra şeir də yazıldı xeyli... Bəxtiyar Vahabzadənin də şeiri var.

- Hə. Açığı Bəxtiyar müəllimin şeirini bəyənməmişdim. Yazır ki, intiharla nə qazandın? Belə deyil axı...

- Yox, orda yazıb ki, sənin ölümün atanı yaşada bilsəydi, mənə bu qədər ağır gəlməzdi...

- Məlumdu. Onda gərək Babəkə də deyəydin, məğlub olurdun, gərək qaçaydın. Nəsimiyə də demək olar. Bu, qəhrəmanlıqdır.

- Ağır deyilsə, o günlərə qayıdaq...

- Atamın ağır xəstə olduğunu bircə mən bilirdim. Anama demirdim. Bacıma isə, səhhətinə görə, heç demək olmazdı. Qorxurdum. İş orasındadı ki, atamla mənim aramda da bu barədə söhbət olmamışdı. Ümumiyyətlə, evimizdə bu xəstəlikdən heç vaxt danışılmayıb. Bir dənə axırıncı gündə hiss elədim ki, atam bizi başsız qoyub getdiyinə görə utanır. Amma bacımla son görüşünə qədər gülüb-zarafatlaşıb. Bacım “Nizami” muzeyində işləyirdi. Axırıncı günəcən işdən saxlamadıq ki, qoy getsin, eyni açılsın. Atamın ölümünə beş-altı gün qalmış istədim, bacımı buna hazırlayım. Dedim, ay Ülkər, həyatdı, bir gün yaranan, bir gün öləcək. İtələdi məni, qışqırdı, dinləmək istəmədi. Bu söhbəti heç yaxına buraxmırdı. İşdən gəlib içəri girdi. Böyük qız idi. Öldüyünü görürdü. Həm də camaat vardı. Qışqırır, ağlayırdılar. Sakitcə içəri girdi. Atama yaxınlaşdı. Üzünü örtmüşdük. İndi də ürəyimdə qalıb: onun atama yaxınlaşıb öpməsinə imkan vermədim. Dedim, halı lap pisləşər. Guya yaxşılıq eləyirdim. Hərdən fikirləşirəm, bəlkə, qoysaydım, ataya sarılsaydı, belə eləməzdi. Otaqdan çıxdı. Onda mənim 25, onun 23 yaşı vardı. Birdən ayıldım ki, Ülkər yoxdu. Axtardım, balaca bir kağız tapdım: “Məni axtarmayın. Ülkər” Həyətə düşdüm, ora-bura qaçdım, hətta çardağa çıxdım. İş yerindən halı oldum. “Azərbaycan” kinoteatrı, “Beşmərtəbə”... Tapa bilmədim. Kaş ki, “Azərbaycan” kinoteatrından bir az irəli gedəydim.

- Dənizə...

- Hə.

- Görən olmayıb?

- Görüblər. Orda oturan rus qadınları xalama demişdilər ki, bir neçə dəfə tək-tənha gəlib dənizə baxırmış. İntihar üçün yer müəyyən edirmiş. Görənlər hadisədən sonra başa düşüblər. Dalğıclar çıxaranda sağ imiş. Məncə, qorxudan ürəyi partlamışdı.

- Siz necə bildiniz?

- Mən bacımı tapmayıb evə qayıtdım. Əjdər Xanbabayev də bizdə idi. Qəfil polisdən zəng gəldi. Əjdər müəllim götürdü. “Bəli... Həəə...” – deyib duruxunca anladım. Xasiyyətini bilirdim, dedisə, özünü öldürəcək, igid qız idi. Xəbəri eşidər-eşitməz Elçin Əfəndiyev girdi içəri. Mən onunla bu otağa keçdim (əliylə göstərir). Oturduq. İki-üç dəqiqəyə nə hal keçirdimsə, qışqıraraq özümü eyvana atdım. Elçin müəllim tutmasa özümü pəncərədən atacaqdım. Elçin gəlib yapışdı məndən: “Ülfət, neynirsən? Başın xarabdı? Atanın yerində sən qalmısan! Anan yazıq deyil?” Bundan sonra özümə gəldim.

- Ananız - Cabbar Qaryağdıoğlunun qızı mərhum Şəhla xanım möhkəm qadın idi... Xeyli yaşadı...

- Son illərəcən gecələr qalxıb hamıdan gizlin, həzin-həzin ağlayırdı. Elə bil üzünü yastığa sıxırdı ki, eşitməyək.

- Səməd Vurğunun portreti də var burda... Atanıza kömək edib...

- Hə. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə o düzəldib. Atamla anam da orda tanış olublar. Bir yerdə oxuyublar.

- Nəriman Həsənzadə ilə yaxın olublar...

- Çox! Ona görə atamın qırxı çıxmamış məni “Ədəbiyyat qəzeti”ndən çıxartdı (gülür). Dedi, səni müvəqqəti götürmüşdüm. AYB-dən, İmran Qasımovun qəbul otağından əmək kitabçamı götürəndə, indiki deputatımız Elmira Axundova orda işləyirdi, göz yaşlarını saxlaya bilmədi. Dedi, girib İmran müəllimə deyəcəm, səni nahaq çıxardırlar ordan. Razılaşmadım, dedim, indən belə Nəriman Həsənzadə ilə bir yerdə işləmərəm. Əjdər Xanbabayevin də üstünə getdim iş üçün. Atamın yerinə təyin olunmuşdu. Heç nə alınmadı. İki gündən bir də sahə müvəkkili ilişirdi adama. O vaxt işsiz adam cinayətkar kimi bir şey idi... Nərimanın məni işdən qovmasının səbəbi nə olsa yaxşıdır?

- Nə?

- Atam onun “Zümrüd quşu” poemasını tənqdi edibmiş... (gülmək tutur).

- Doğrudan?

- Bəli. Atamın ən səmimi dostları ədəbi mühitdən kənar adamlar idi.

- Qabillə, Salam Qədrizadə ilə yaxın olub.

- Hə... Salam əmi çox maraqlı adam idi. Elə gözəl əhvalatlar danışırdı ki, hamımız başına toplaşırdıq. Atam deyirdi, Salam, danışdığın kimi yazsan, dahi olarsan.

- Yerliniz Xəlil Rzayla necə idi arası?

- Bir dəfə soruşdum, dedim, onunla niyə dostluq eləmirsən? Dedi, bala, o, qeyri-ciddi adamdı.

- Oqtay Rzanı çox istəyərdi o zaman?

- (Gülür) Bir iki dəfə atamla bağlı xatirə danışmağa çağırmışıq, atam qalıb bir tərəfdə, özündən danışıb.

- Xalq şairi vermədilər...

- O yaşda verilmirdi adətən.

- Amma, ev-maşın...

- Hə. Yaxşı yaşayırdıq. Çətinliklər atam öləndən sonra oldu.

2015

Digər yazılar:

Əli Kərimin oğlu Paşa Əlioğlu

Çingiz Ələkbərzadənin qızı Sevda Ələkbərzadə

Natiq Səfərovun qızı Günel Natiq

Rafiq Tağının qızı Qəmər Tağı

Mirzə İbrahimovun qızı Sevda İbrahimova

Eldar Baxışın oğlu Tural Ağayev

Sabir Əhmədlinin qızı Yaqut Sabirqızı

Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə

# 11338 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #