Bəzənib ev-ev gəzən qızlar, səməni toyu, yalan çərşənbə... – Qeyri-adi Novruz adətləri

Bəzənib ev-ev gəzən qızlar, səməni toyu, yalan çərşənbə... – Qeyri-adi Novruz adətləri
20 mart 2023
# 21:00

Kulis.az yazıçı Bircənin Novruz adətləri haqqında yazdığı “Səməni toyu” yazısını təqdim edir.

Ya Rəbbim!
İşim iş olsun,
Göynən uçan quş olsun.
Hürü, Pəri bacım olsun,
Devlər iməcim olsun.

Nənəm “div” deməzdi, həmişə “dev” deyərdi. Mən də bu yazıma nənəmin düzgüsüynən başlayıram, yaddaşımı köməyə çağırıram, gördüklərimi, eşitdiklərimi bayram günü sizlə bölüşmək istəyirəm.

Xalqımız özünün əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı çox maraqlı bayramlar yaradıb. Ulu qaynaqlarımızdan süzülüb gələn bu bayramları el-obamız nəğmələrlə, oynaq rəqslərlə, maraqlı meydan tamaşalarıyla yaddaşdan-yaddaşa, dildən-dilə ötürüb. Elimizin belə ayinlərindən biri də Novruz bayramıdır.

Novruz əkinçilik inancları, məhsul bolluğu arzusuyla yaranmış bayramlarımızdandı. “Avesta”da deyilir ki, Novruz əkinin, bolluğun, sağlamlığın, firavanlığın başlanğıcıdı. Böyük Nizami “İsgəndərnamə”sində Novruzu öyə-öyə qələmə alıb – İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün Novruza düşür. Elimizin bu bayramı haqda qalın-qalın kitablar yazmaq olar. Mən bu gün sizlərə Novruzun ən qədim mərasimlərindən qısaca danışmaq istəyirəm.

Şum mərasimi

Novruzun ilk mərasimidir. Torpaq şumlanmağa başlanan gün qurbanlar kəsilər, buynuzlarına qırmızı bağlanmış kəllər gətirilər, kotanlar qoşular, qovurğa qovurulub hodaqçıların ciblərinə tökülər, nənələr toxuduqları ala corabı kotançının ayağına geydirib, şum üstə tonqal qalayıb çalıb-çağırarmışlar. Üzlərini göyə tutub deyərmişlər:

Ağ göy,
Qara göy,
Yaz ver,
Yüz ver,
Tez ver.

Dəyirman mərasimi

Bu mərasimdə də xalq qarı qışın ağzından saldırdığı buğdasını elliklə dəyirmana daşıyar, qanovlarının buzu əriyib novdanına süzülən suyla dəyirmanı işə salıb dəni üyüdərmiş. Bəzi ağzıgöyçəklər elimizin adətinə lağ eləyirlər, guya camaatımız o qədər tənbəl olub ki, hər şeydən bayram düzəldib.

Cəhrə mərasimi, nehrə mərasimi, hana mərasimi, sağın mərasimi... daha nələr, nələr. Bunların hər biri haqda onlarla mərasim nəğmələri olub el dilində. Məsələn, nehrəsini asan gəlin qatığını dilə tutub oxuyarmış:

Novruz gəldi, nehrəm, gəl,
Samovarım qaynadı,
Təndirlərim qızardı,
Ərim məndən küsübdü,
Qapımı qonaq kəsibdi,
Nehrəm, gəl, nehrəm, gəl...

Burdan belə evimizdə və elimizdə gördüklərimi sizə nağıl eləyəcəm. Mənim nənəm tək özü yeriyən fabrik idi. Atamın, əmimin becərdiyi qoyunlardan qırxdıqları yunu yuyurdu, darayırdı, əyirirdi, boyayırdı, toxuyurdu. Palaz, kilim, gəbə, xurcun, ter, çuval, sicim, örkən, çatı, alaçıq bağları. Hansını deyim, hansından yazım? Kəndimizdə üç qadının hanası vardı, ən irisi nənəminkiydi. O hananı bir inəyə almışdı. Yayı darayırdı, əyirirdi, qış girən kimi hanasını qururdu. Nənəmin boyaqları da təbii olurdu: məsələn, yaşıl rəngi təzə pöhrə otlardan, qırmızını boyaqotundan, qızılı sarını isə boğaz inəyin sidiyndən alırdı. Boğaz inəyin sidiyini tutub qablarda saxlayırdı. Onu qaynadıb, kələflədiyi ipi o mayenin içinə atırdı. Sonra yuyub, durulayıb cağlardan asırdı. Hər rəng solardı, sidikdə boyadığı rəng solmazdı.

Qızılbarmaq nənələrimiz təbiət verdiyinin heç birini tullantı eləməzdilər. Qoyunun yunundan al qumaş toxuyub dərisini məişətdə işlədərdilər. Qumral kərə qoyunun dərisinə motal basıb, qara kərənin dərisindən tuluq, dağar, qadın çarığı tikərdilər. Yağı, qatığı, bəhməzi tuluqlara, duzu, arpanı dağara yığardılar. Saxlayanlar bilər, ipəkqurdu baramasını az çözün arasında hörər. Nənəm o çözü yuyub əyirib gözəl cecimlər toxuyurdu. Özünün vəsiyyətinə görə, nənəmi kəfənin üstündən toxuduğu cecimə bükdülər qəbrə qoyana qədər. Cəhrəsini sazlayıb, ilk əlçimini iyin ağzına verəndə belə oxuyurdu:

İlk beşiyimin yanı cırıq,
Əyir, cəfakeş cəhrəm.
Uşaqlarım tumançaq,
Gəlin qaldı yalınçaq,
Əyir, cəfakeş cəhrəm,
Əyir, bafakeş (yəni vəfakeş) cəhrəm.

Nənəm qışın necə keçəcəyini bilmək üçün xeyli yol gedib qonşu kənddəki ala çinara baxıb qayıdırdı. Çinarın yarpaq tökməsiylə qış haqqında məlumatını verib hanasını qururdu. Nənəmin hanasını behləyən qonşumuz Gülyetər nənə qıyğacını hananın qolundan asırdı. Qıyqacı görən bilirdi ki, hananın boynu boşalan kimi Gülyetər qarı aparıb evində quracaq. Beləcə, qar qapını alardı, el komasına çəkilib həsrətlə yazın yolunu gözləyərdi. Mən deyərdim, qış da, Novruz da elə bizim nənələrin, xanımların qollarında bərqərar olurmuş. Pəyədəki mal-qoyunu alaflayan kişilər qaçardılar dəyirman, xırman qabağındakı gimgələrə.

Qışı tez yola salmaq üçün üç hissəyə bölüb ulularımız. Böyük çillə girən kimi nənəm deyirdi:

- Qorxmayın, Böyük çillə ağayanadı, tez gələr, gec gedər, anamızı dağlamaz, uşağımızı ağlatmaz, dad kiçiyin əlindən.

Kiçik çillə başlayanda deyirdi:

- Boyu bir tikə, gəlişi haynan, gedişi vaynan. Əlində qırmanc neçə doqqaz bağlayar, alaqapı sındırar. Neçə evin pendirini, yaxmacını, çörəyini əlindən alar. Eli zarın-zarın ağladar.

Böyük çillə gedirmiş, kiçik gəlirmiş – yolda qarşılaşırlar. Kiçik çillə böyükdən soruşur:

- Getdin neylədin?

Böyük deyir:

- Hamını yığdım sobanın başına, motalını, yağını, bəhməzini verdim əllərinə.

Kiçik bərkdən gülüb deyir:

- Sən fərsizsən, gör mən neyləyəcəm?

Böyük soruşur:

- Neyləyəcəksən?

- Körpələri beşikdə, qocaları od qırağında donduracam, ruzu-bərəkətlərini yeyib qurtaracam, hamını qarşımda diz çökdürəcəm.

Bu səfər böyük çillə ona gülür:

- Ömrün az, qabağın yaz...

***

Qışdan qırx gün gedəndə el dərindən nəfəs alarmış. Bir yerə toplaşıb havalar çalıb “Daban yallısı” gedərmişlər. Qışın qırxıncı axşamı Çırağan gecəsi adlanarmış. Elimiz sərt çillədən qorxsa da, umudunu Xızır peyğəmbərə bağlayarmış. Kiçik çillədən az sonra Xızır atına minib ellərə hay salarmış: qorxmayın, dörd cəmlədən (qədimlərdə çərşənbələrə “cəmlələr” deyərmişlər) sonra Novruz yazı qoltuğuna vurub köməyinizə gələcək.

Image result for novruz

Dörd cəmlədən əvvəlki çərşənbə el arasında “yalan çərşənbə” adıyla qeyd olunur. Nənəm bu təqvimi gözəl bilirdi. Sinilərdə çölə qovut, qovurğa düzürdü ki, Xızır peyğəmbər gələndə ocaqları boş görməsin, eli ayaq üstə görsün. “Xızır gecəsi”nin səhəri elin tənbəl, sözgəzdirən nənələri bir-biriylə xosunlaşarmış:

- Gördünmü Xızır Elləzi?

- Yox, mən görmədim.

- Amma mən gördüm: qovurğadan yemişdi, əlinin çəhlimi qovutun üstündə qalmışdı.

Kimi bu hikmətə inanıb titrəyərdi, kimi sakitcə qımışardı.

Qışdan, qardan, aclıqdan qorxan nənəm qara yaydan qış hazırlığı görərdi. Yayın yuyuntusu – qışın yavanlığı deyərdi. Bəhməzi, irçalı küplərə, pendiri, yağı dərilərə yığardı. Meyvələri qurudub damdan asardı. Nərdivanı götürüb bərkdə gizlədərdi.

İlk çərşənbə sabahı axtarma motalın ağzını açardı, taxtapuşdakı xurcunun gözündə pambığa, muma büküb gizlədiyi çillə qarpızını ortalığa çıxarardı. Südlü-kişmişli çəkmə-plov dəmləyib külfəti başına yığardı. Olandan-olmazdan kasıb qonşuya pay tutardı. Gizlədiyi nərdivanı qaldırıb taxtapuşa dırmanardı. Ordan böyrü xallamış alma-armudu, saralıb büzüşmüş heyvanı, narı ətəyinə yığıb aşağı düşürərdi, tamarzı uşaqlara paylayıb yenə hanasının arxasına keçərdi.

Kəndimizdə nənəm kimi başqa nənələr də vardı. Məsələn, Qurdağzı Suma nənə. Kənddə yas olmasaydı, Suma nənə evdən eşiyə çıxmazdı, elin sürüsünə təpiləcək qurdun ağzını bağlayıb oturardı cəhrəsini bırıldatmağa. Bu qarı arx üstündən keçsəydi, ovsunu batil olardı.

Sonra Həmzat Güləbətin. Oğlu-qızı olmayan Güləbətin nənə zahı qadınları hal anasından qoruyardı, zahı olan evin kandarında oturub süd verən gəlini üstünə çağırardı. Gəlin gəlib arvadın ayaqlarının üstündən üç dəfə o üz-bu üzə tullanıb həmzatını Güləbətinin üstünə töküb gedərdi.

Ruh tutmaq işinə nənəm cavabdeh idi. İki kömür, iki çörək loxmasını kvadrat şəklində düzər, əl iyinin sapına ip bağlayıb o kvadratın içində oynadardı. Xəstənin ölənlərinin adını çəkərdi. Beləliklə, azarlını kimin ruhunun tutduğunu, həmin ruhun Quran, yoxsa halva istədiyini deyib xəstəni sağaldardı.

Image result for novruz

Sonra Hadıx Pakizə, Molla Süsən, Sınıqçı Zalxa, Çöpçü Suraya, Loğman Dürnisə... Maraqlısı budu ki, bu nənələrin əlində heç bir xəstə ölmürdü. Dərzi Dürrə kəndin bütün qız-gəlinlərinin Novruz donlarını tikərdi, Məşşatə Tovuz xala hana qırağında üz-gözünü tük basmış gəlinləri bir sapla dəyirmi qoğala döndərib, gözəlliklərinə gözəllik qatardı.

***

İkinci çərşənbə də maraqlı olurdu. Kirkirədə üyüdülmüş buğdanın yarması islağa qoyulub qaragöz lobya ilə dəmlənirdi. Qurulu kirkirənin boğazı boş olmazdı, kimi qovut çəkərdi, kimi yarma, kimi qax üyüdərdi. Məhz ikinci çərşənbədə bəhməz halvası çalınıb yeddi evə paylanardı. Evində subayı olan obadan qız gözaltılayıb, qoltuğu yumurta bişirən cavanı su üstündə, bağ içində qız görməyə göndərərdi. Elə ki cavanlar himləşib gözləşirdilər, yenə iş qalırdı ağbirçəklərin boynunda. Evin qocası qızgilə gedib gələcək gəlinin sağlamlığını əlaltdan yoxlayardı, oturuşunu, duruşunu, gülüşünü öyrənərdi. Xınalı kəklik kimi bəzənmiş gəlinliyə namizədi öpmək bəhanəsiylə sinəsinə sıxıb nəfəsindən iy, qulağından zərdo gəlib-gəlmədiyini yoxlayandan sonra igidinə tərif yağdırardı:

Oğlanım, qoçaq oğlan,
Qorxudan qaçaq oğlan.
Qızını bizə verməsən,
Gözünə (yəni qız evinin) bıçaq oğlan.

Qız nənəsi də yaşmaq altdan deyərdi:

Xamır elər saqqız kimi,
Kündə kəsər fındıq kimi,
Çörək yapar qalxan kimi.
Nənəm, alın bu qızı,
Bacım, alın bu qızı.

Oğlan nənəsi ağzını büzəndə qız nənəsi yenə felmanlığını işə salardı:

Qaşı var qələm kimi,
Gözü var ceyran kimi,
Ağzı var badam kimi.
Yerişi çalxalama,
Hörüyü kəmənd kimi.
Bacım, alın bu qızı,
Nənəm, alın bu qızı.

Kəsəmətlər kəsilər, halvalar paylanar, şirnilər yeyilər, bəlgəni saxlayardılar axır çərşənbəyə.

***

Üçüncü çərşənbənin təmtərağı bir az zəif olardı. Çünki bu çərşənbədə ölənlərimiz yad olunur, ili çıxmamış ölülərə qara bayram verilir. Qazanlar asılır, halva çalınır, Yasin oxunur. Səmənilər qoşa qoyulur – biri qəbiristanlıq üçün, biri ev, ailə üçün. Bir gün irəlicədən ölü yiyələri qəbirləri yuyub təmizləyirlər, qəbrin böyür-başında əkilmiş gülləri suvarırlar. Səhəri hamı elliklə ölüsünü ziyarətə gedir. Qəbirlərin üstünə səməniylə bərabər bayram şirniyyatı da düzülür. Ziyarətdən sonra hamı doqqazını bağlayıb evinə çəkilir. Kəndin kasıbı, tamarzısı, yetim yiyəsi olanı torba götürüb bir-birindən utana-utana səssizcə yer-yeməlini yığıb komasına dönür.

***

Gəlirik təntənəylə qarşılayıb gülə-gülə yola saldığımız ilaxır çərşənbəyə. Qədimdə axır çərşənbəyə “çərşənbəsuru” deyərmişlər. Buna su çərşənbəsi də deyilir. Gün çırtmamış hamı elləmə su üstündən tullanar, sudan qum götürüb bağdakı ağacların dibinə səpər. Çiləyə düşənlərin çiləsi məhz bu gecədə kəsilər.

“Çiləkəsdi” belə olardı: adamlar baş barmaqlarına ip bağlayar, arx üstündən, dəyirman novlarının altından yeddi dəfə keçəndən sonra bağlı ipi kəsərdilər. Bununla da canlarında ötən ildən qalan ağırlığı, dərdi, bəlanı axar sulara axıdardılar. Sonra şər qovuşanı gözləyərdilər. Yeddiləvin düzülər, qırxdüyün açılardı. Qırxdüyün – nənəmin düyünçələyib gizlədiyi nemətlərə deyirdik. Yaydan qurudub hərəsini bir düyünçəyə düydüyü əncir, tut, gilənar, gavalı, alça, albuxara, qoz, fındıq, innab, iydə açılıb süfrələrə düzülürdü. Meyvələrdən heyva, nar yazağzına özünü sağ-salamat yetirərdi. Nənəm axır çərşənbəyə qədər hanasının boğazındakı kilimi kəsib ayağımızın altına sərərdi. Köhnə paltarlarımızı geyinib kilimin, gəbənin üstündə yumalanar, iplərin ucundakı rəngi köhnələrimizlə təmizləyərdik. Nənəm qollarını çərmələyər, qıyqacını təpəsində düyünləyər, əllərini “urus” sabunuyla yaxşıca yuyub birinci uyuşmuş qatığı kəsərdi. Sonra isti saca bir ovuc buğda atar, qovurğanı anama həvalə eləyib başlardı aş hazırlığına. Nənəm ölənə kimi anam qatıq çalmadı, qaymaq kəsmədi, balataya əl vurmadı, şər vaxtı qonşuya ələk-xəlbir vermədi. Qabında bir çimdik duz gətirməyənin qabına qatıq mayası qoymadı, şər vaxtı ev süpürmədi, duz günü (yəni birinci gün) başımızı yumadı.

Səmənilər qırmızıdan kəmərlənib süfrəyə qoyulanda evin gözəgəlimli qızı qapı pusmağa gedirdi. Hər ailə bilirdi ki, qapısının dalında kimsə evi dinşəyir, ona görə yaxşı sözlər danışmağa çalışırdılar. Kənddəki qızlardan birinə gözü düşən oğlan həftələrlə əlləşib düzəltdiyi Çömçəxatını (bəzi bölgələrdə ona “Çəmçələ qız” da deyirlər) əlinə alır, üzünü gizləyib gedirdi qızgilin qapısına. Çömçəxatına pay uzadan qızın ovcuna məktub qoyub qaçırdı. Nöyütlə isladılmış lopaları kənddən bir az aralı cavanlar göyə atmağa başlayırdılar, tonqallar qalanırdı, üstündən hoppanıb yığışırdılar yeddiləvin, qırxdüyün düzülmüş süfrələrin başına. Hərə bir tikə yeyib dağılışırdı, evin xırdaları torba atmağa gedirdilər. Böyüklər gimgələrə çəkilib sevdikləri qızın hansı evdən çıxıb hansı evə girdiyinə baxır, ondan bir xoş söz eşitməyə can atırdılar. Sevgilisindən aldığı qırmızı almanı əlində oynada-oynada gələn cavandan xoşbəxti olmazdı o gecə.

Evdə zahı gəlin olanda gözləyərdi, hamı tonqalın üstündən atılandan sonra gizlicə gedib öləzimiş ocaqdan adlayardı, dilinin altında:

Həzrət Süleyman eşqinə,
Çin qızı Mərcan hökmünə,
Bəni-adəmdən, bəni-heyvandan,
Cindən-şəyatindən, axar sudan,
Köklü ağacdan, dibli qayadan,
Yeddi yol ayrıcından, hal yumruğundan
Kimin zavalına gəlmişəmsə, hamısını tonqala tökürəm,

- deyib qoynuna pıçıldayardı:

Qoynumdakı hal anası,
Səni atıram tonqala,
Həmzatımı yandırıram.

Bu sözləri üç dəfə təkrarlayandan sonra evə qayıdıb qundağını döşünə salar, ona Novruz südü əmizdirərdi.

Axır çərşənbədə qocalar, xəstələr, körpə uşaqlardan savayı hamı danı diri tutub, səhəri danatmaya, yaxud da günəşi qarşılamağa gedərdi. Yenə axar su üstündən atılıb təmiz ruhla evinə dönərdi. Əlsiz-ayaqsızlar, sonsuzlar, bədvarislər o gecə unudulmazdı. Novruz yetimin, kasıbın qarnı doyan günüydü. Axır çərşənbədə xəstələr nübara, ağzıdadsız gəlinlər yeriyə çatardılar.

Torba sallama mərasiminə bir az dərindən baxsaq, ulularımızın necə adil, ürəyiyuxa, səxavətli olduqlarını görərik. Bizlər heç vaxt torba atanın üzünü görməzdik. Qəfil içəri atılmış torbanı doldurub evin dərinliyinə çəkilərdik. Uşaq vaxtı maraq bizə üstün gələrdi, torba atanın kimliyini bilmək istəyəndə nənəm bərk qəzəblənərdi:

- Babalım boynunuza olsun, o adamın üzünə baxsanız!

Pay istəyən adam utanmasın deyə nənəm payı qapı ağzına qoyub gizlənərdi. Qızlar bir evə yığışıb fala baxardılar, bişirdikləri küllü, duzlu kömbəni yeyib, “Sındırın qızlar” oynayıb, sonra yatardılar. Gecə yuxuda susayanda hansı oğlan ona su versəydi, demək, onunla ailə quracaqdı. Niyyət tutub hərə bir yana dağılışardı.

***

Novruz süfrəmizdə pişi, qatlama, fəsəli, küllü kömbə, köpməcə, təzə doğmuş inəyin südündən kətəməz, bəhməz halvası, bal halvası, səməni halvası olurdu. Yaz-payız kəndimizdən böyük qaraçı köçü keçib gedirdi. Kəndlilərlə dostlaşmış qaraçılar axır çərşənbədə kəndin ortalıq deyilən yerinə toplaşardılar. Onlar da bizə qoşulub tonqaldan hoppanar, evlərə torba sallayar, bolluca bayram nemətləri yığardılar. Köç canbazı nacağını yerə basdırıb nazik iplərin üzərində kəndirbazlıq eləyərdi, çingənəbaşı oyunuyla kənd camaatını heyran qoyardı. Gecənin girt yarısına kimi ayılarını oynadıb pay-püşlərini yığar, arabalarını cingildədə-cingildədə çıxıb gedərdilər.

Böyüklərə qoşula bilməyib evdə qalan nəvələrə nənələr Novruz tapmacaları deyərdilər:

Sac üstündə çatlayar,
Əldən-ələ adlayar.
(Qovurğa)

Dolu olar yelini,
Bəzəyərlər gəlini.
(Novruz xonçası)

Qırmızı xatun xonçada gəzər.
(Bayram yumurtası)

Ha bəstədi, bəstədi,
Zəncirli qəfəsdədi,
Barı var, kölgəsi yox,
Bunu tapan ustadı.
(Dombalan)

Novruz alqışları:

Novruzda xonçan gəlsin!
Novruz üzünə gülsün!
Novruz payı yeyəsən!
Azar-bezarın Novruz tonqalında yansın!

Novruz qarğışları:

Novruzun qara gəlsin.
Novruz gülü dərməyəsən.
Novruz söndürsün çırağını.
Novruza qalmayasan.
Elin Novruzda yağmalansın.
Yurdunun Novruzunu görməyəsən.
Novruz xınasını yaxa bilməyəsən.

Novruz adətləri:

Novruzda ev-eşik təmiz olmalıdı.

Novruzda yumurta döyüşdürərlər.

Novruzda qovurğa qovurub, qovut çəkərlər.

Novruzda şuma gedən kəlin buynuzuna qırmızı bağlayarlar.

Novruzda evdəki bütün xanımların başına xına yaxarlar.

Novruzda qan düşmənlərini barışdırarlar.

Novruzda qızlar söyüd dibinə yumurta, yanına da kömür və boyaqotu qoyar, niyyət tutarlar.

***

Ən qədim Novruz adətlərindən biri də “Səməni toyu” deyilən mərasimdi. Qohum-qonşu bir həyətə toplaşıb cücərtdikləri səməninin sıxıb suyunu çıxarar, ondan aldıqları iksiri ya içər, ya da onun suyunda halva çalıb, üstünə bəhməz töküb paylayardılar. Ardınca “Daban yallısı” gedib evlərinə dağılardılar.

Qədim Novruz oyunları:

Urum qızı – qızlar güllü paltardan don geyinib, at quyruğundan taxmasaç düzəldib, üz-gözlərini boyayıb evləri gəzərmişlər.

Taraqqa partlatmaq – günümüzün fişəngi. İçinə barıt doldurulmuş uzun borunu yerə vurarmışlar, ordan möhkəm səs çıxarmış.

Gülümey – qadınlar iki dəstəyə bölünüb oynaya-oynaya oxuyarmışlar. Oxuduqları nəğmələrin nəqəratını xorla deyərmişlər.

Yellənti – bəzi yerlərdə buna hulumçaq, salımçaq deyərmişlər. Toyu tutulu qız hulumçağa minərmiş, nişanlı qızlar onu yellədə-yellədə nəğmələr oxuyarmışlar.

Qədim Novruz obrazları:

Ağcadaban və Çömçəxatın. Ağcadaban – dil altında qalmayan, hərəyə bir ayama qoşan hazırcavab təlxəkdi. Çömçəxatın – kovğanın başını alabəzək parçalarla bəzəyib ona iri məmələr tikərmişlər, kömürlə qaş, boyaqla üz-göz düzəldib evləri gəzdirərmişlər.

Novruz elə bir boxça, elə bir düyünçədi ki, ora qırx yox, qırx min gözəl ilmə vurmaq, naxış salmaq olar. Sizinlə bölüşdüyüm gördüyümün, eşitdiyimin balaca bir butasıdı. İndi bu yazını yazdıqca bayırdakı küləyin qıyıltısından qulaqlarım tutulur, çırtma-çırtma yağış atır, soyuq adamı kəsir. Bax bu çovğuna da nənələrimiz ad qoyublar – bunun adı “Qaranquşun boranı”dı. Bu alaçalpovda bizim Bahar qızımız günlərdi çıxdığı yolu torpağımızda tamamlayacaq, gəlib elimizə çatacaq. Qaranquşla hacıleylək Novruzun əsil gerbləri, simvolları, totemləridi. Qaranquşdan sonra hacıleylək gələcək. Qalacaq qarıynan martın, qışnan yazın deyişməsi. Loğaz qarı əlini belinə vurub marta meydan oxuyar:

Ay oğlağım, oğlağım,
Çıxdı yaza oğlağım.
Payız olcaq beş oldu,
Yaz gəldi on beş oldu.
Buynuzu beş-beş oldu,
Qəzili şeş-şeş oldu.
Mart, gözünə barmağım,
Yaza çıxdı oğlağım.

Qarının tənəsinə dözməyən mart dəli bir nərə çəkib nənəyə bozarar:

Buynuzu beşdi-beşdi,
Qəzili şeşdi-şeşdi,
Dünənki gün on beş idi,
Bu günsə beşdi, beşdi.
Apreldən borc almışam,
Qarıya qonaq qalmışam.
Bığlarımdı buz-buz,
Çəkdim yer üstə buzu,
Qırdım ondan çox quzu.
Buzlarım teşdi-teşdi,
Nənəmə çormu keçdi,

- deyib yazıq qarının keçilərini soyuğuyla dondurar, çıxıb gedər.

***

Yazınız uğurlu, xeyirli-bərəkətli gəlsin. Elimizin üstünə çökən qara bulud tezliklə ayazısın, yazın isti şəfəqləri üstümüzə qara qanad gərmiş mərəzi əridib yox eləsin. Beçiz qaranquşlarımız elimizə şad xəbərlər gətirsinlər. Amin!

# 9823 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #