Bu gün - 30 avqust 2021-ci ildə Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şərəfinə "Vaqif poeziya günləri" keçirilir. Kulis.az bu münasibətlə məşhur şair haqda maraqlı faktlar təqdim edir.
1717-ci ildə Qazax mahalının Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilib və o, "Molla Pənah" ad ünvanı ilə tanınıb. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəyib. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olub.
***
Vaqif kiçik yaşlarında mədrəsədə alim və müəllim Şəfi Əfəndinin yanında təhsil alır, ərəb və fars dillərinə mükəmməl yiyələnib. O, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də malik idi.
XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində təxminən 1759-cu ildə Qazax kəndlərinin sakinləri Qarabağ xanlığına köçməli olurlar. Vaqifin ailəsi də köçürülən ailələr arasında idi. Ailə Cavanşir mahalının Tərtərbasar kəndində yerləşir. Vaqif bu kənddə təhsil almağa başlayır. Və sonra özü məktəb açaraq buradakı uşaqları öyrətməyə davam edir. Bir müddət sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçərək Saatlı məhəlləsində məktəb təsis edir.
***
1769–1770-ci illərdə Molla Pənah Vaqifin alimlik və şöhrətlik nüfuzu Qarabağ xan sarayına da çatır. Qarabağ xanı İbrahimxəlil xan Molla Pənah Vaqifi xan sarayına dəvət edir və Mirzə Vəli Baharlı bildirir ki, Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verdiyi zaman xan təəccüblənir. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirərək, onun xanlığın rəhbərliyinə cəlb etmək qərarına gəlir. İbrahimxəlil xan Vaqifi əvvəlcə eşikağası, xarici işlər naziri, sonra isə onu özünün baş vəziri, yəni daxili işlər üzrə vəzir təyin edir. Molla Pənah vəfatına qədər bu vəzifədə qalır.
***
Vəzir vəzifəsinə gəldikdən sonra Vaqif Şuşada bir çox obyektlərin tikintisində iştirak edir. Qaradaği yazır ki, "Mərhum Molla Pənah bir çox əsərlərin başçısı idi. Vaqif xanın və onun uşaqlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının və Şuşa divarlarının tikintisinə rəhbərlik edib.
Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi "Vaqif" təxəllüsünü götürməsi ilə nəticələnir. Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.
***
Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "Namə, gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam" və s. şeirləri xüsusi yer tutur.
***
Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xidmətləri böyükdür. O, heca vəznində yazdığı şeirlərdə xalq dilindən sənətkarlıqla istifadə edərək onu ədəbi-bədii dil səviyyəsinə qaldırmışdır.
Vaqif Səməd Vurğunun sevimli şairi idi. Səməd Vurğun yazırdı ki, erkən uşaqlıqdan mən Vaqifin işindən çox təsirləndim. Onun gözəl şeirləri, aydın və peşəkar tərzi mənim işimə böyük təsir göstərdi. Vaqifin güclü şeir cazibəsi ilə təsirləndim, ilk şeirlərimi yazdım. Vaqifin həyatı Vurğunun "Vaqif" dramında öz əksini tapıb. Vurğunun "Şairin ölümü" əsəri də Vaqifə həsr olunub. Bu dram Vaqifi məşhurlaşdırıb, onun tanınmasında müstəsna rol oynayıb.
***
1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək Şuşa istiqamətində irəliləməyə başlayır. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Ağır müqavimət nəticəsində, Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki, İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: "Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?"
Qarabağ xanının Qacara belə cavab verir: "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar". Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır.
İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə Q.A.Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahimxəlil xanın məktubları özünün bədiiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onunla bağlı maraqlanmağı xahiş edir. 1796-cı ildə Ağa Məhəmməd şah yenidən Şuşaya hücum edir. Ağaməhəmməd şah böyük bir təmtəraqla Şuşa qalasına daxil olub, qalanın aşağı qapısının yaxınlığında olan İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın evində yerləşir. Şah, İbrahimxəlil xanla birlikdə gedə bilməyən əyanların və xanın qohumlarının, dostlarının axtarılıb tapılması və həbs edilməsi əmrini verir. Həbsə alınanlar içərisində Molla Pənah və bir çox əyanlar olur.
Molla Pənahı və digər əsirlər İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın sarayına gətirirlər. 1797-ci ildə Ağa Məhəmməd şah sui-qəsdlə öldürülür. Onun qoşunu geri çəkilir. Bunu görən İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Məhəmməd bəy hakimiyyəti ələ keçirir. Məhəmməd bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını öldürməyə başlayır. Məhəmməd bəy Molla Pənah Vaqifin oğlunu onun gözü qarşısında edam etdirir. Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.
Yazıçı Yusif Vəzir Çəmənzəmənlinin “İki od arasında”, sonradan adı dəyişdirilərək “Qan içində” adlanan romanında isə əhvalatlar bir az başqa cür ifadə olunur. Yazıçı qeyd edir ki, Məhəmməd bəyin Vaqifi öldürməsinə əsas səbəb başqa olur. Belə ki, İbrahimxəlil bəyin qızı Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. O, atasının və xüsusən də Vaqifin məsləhəti ilə İranın Qacar Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı oğlu Fətəli xana ərə verilir. Lakin bu izdivac nə onun, nə də illərdir sevgili olduğu əmisi oğlu Məhəmməd bəyin ürəyindən olmur. Məhəmməd sevgilisindən ayrılmasını əmisinin vəziri Vaqifdən görür və ona düşmən münasibət bəsləyir. Odur ki, taxta çıxan kimi də qisasını Vaqifdən alaraq onu və oğlunu qətl etdirir. Bundan sonra Vaqifin evi talan edilir, əlyazmaları yandırılır.
***
Vaqif klassik ədəbiyyatdan fərqli Azərbaycanda ilk dəfə real qadın gözəlliklərini təsvir edib. Vaqifə qədər qadın gözəlliyi ilahi gözəlliklərlə simvollaşdırıldığı halda, Vaqif birbaşa qadın bədənini, qadının özünü şeirlərində vəsf edib.
***
Vaqif iki dəfə ailə qurub. Onun birinci xanımının adı Qızxanım, digərininki isə Mədinə olub. Vaqifin iki qızı və bir oğlu olub. Onlar Mədinədən doğulublar. Oğlu Əliağa Alim təxəllüsü altında şeirlər yazıb. Şairin qızlarından biri Azərbaycan şairi Molla Vəli Vidadi ilə ailə həyatı qurub.