Kulis.az Azərbaycanın ilk qadın yazıçısı, şair Ümmügülsüm Sadıqzadə haqqında maraqlı faktları təqdim edir.
Ümügülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində doğulub. Məhəmmədəmin Rəsulzadənin əmisi qızı olan Ümmügülsümün ailəsi uzun müddət M.Ə.Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşayıb. Bir müdət sonra Ümmügülsümün bacısı Ümmülbanu xanım M. Ə. Rəsulzadə ilə ailə həyatı qurur.
***
Ümmügülsüm 9 yaşından şeir yazmağa başlayır. "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "Qurtuluş”, "Dirilik”, "Məktəb”, "Qardaş köməyi”, "Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri dərc edilir.
***
1915-ci ildə Ümmügülsüm Sadıqzadənin "Qurtuluş" jurnalında "Solğun çiçək" hekayəsi nəşr olunur. Bu hekayə ilə o, ilk azərbaycanlı nasir qadın adını qazanır. Bu hekayə "Qurtuluş" jurnalında təşkil olunan müsabiqədə ilk yerlərdən birini tutur və müəllif M. Ə. Sabirin "Hophopnamə" kitabı ilə mükafatlandırılır.
Sonralar o, jurnalın redaktoru, görkəmli yazıçı Seyid Hüseynlə tanış olur, ailə qurur. Seyid Hüseynlə Ümmügülsümün tanışlığına səbəb də elə bu hekayə olub. Ümmügülsümün şeirlərini, hekayələrini izləyən Seyid Hüseyn bu şairə qızla maraqlanır və dostu Hüseyn Cavid vasitəsilə əvvəlcə ailəsi, sonra isə özü ilə tanış olur. Məlum olur ki, bu şairə qız Məmməd Əmin Rəsulzadənin əmisi qızı, həm də baldızıdır. Ədəbi mühit hər iki gəncin tale yolunu birləşdirir. S. Hüseynin ailəsi Ümmügülsüm üçün elçiliyə gedirlər. Ümmügülsümün elçiliyində H. Cavid də iştirak edir. Onlar nişanlanırlar. Ancaq onların bir-birlərinə qovuşmağı uzun çəkir. 1918-ci ildə erməni daşnaklarıyla bolşeviklərin Azərbaycanda törətdikləri vəhşiliklərə və Bakı qırğınına görə Seyid Hüseynlə Ümmügülsüm bir-birindən müvəqqəti ayrılırlar. S.Hüseynin ailəsi İrana, Ümmügülsümgilsə Novxanı kəndinə sığınır. Türk qoşunlarının Bakıya gəlişindən sonra bu qanlı soyqırım yatızdırılır. Nəhayət ki, bir-birlərini sevən iki gənc, S.Hüseynlə Ümmügülsüm evlənir.
***
Onların həyatı bir müddət sakit və rahat keçir. Qumral adlı qızları dünyaya gəlir. Seyid Hüseyn tənqidçiliklə, maarifçiliklə məşğul olur, nəsr əsərləri yazır. Ailə qayğısı başını qatsa da, Ümmügülsüm də fürsət tapdıqca şeirlər yazır.
1918-20-ci illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayıb, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm edib. 1920-ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə ələqədar "Hicran” şeirində yazırdı:
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaşlara batdım geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ağlarkən kəndini yorma dedilər.
Könül şəkvəsini kimə söyləsin,
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Dalınca qoşarkən, varma dedilər...
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şərəf qovmayacaqmı?
Sordum ümidini qırma dedilər.
"Bayrağım enərkən” şeirində isə deyilir.
Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?
***
Otuz yeddinci ilin faciəsi yaxınlaşır. Tuthatut başlanır. Seyid Hüseynin dostları Hüseyn Cavid, Müşfiq həbs edilir. Növbə onundur. Bir gün xalq düşməni kimi onu da həbs edirlər. Çox keçmir ki, Ümmügülsüm də Bayıl həbsxanasına salınır. Bayıl türməsində o, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ilə bir kamerada havasız, çirkli, darısqal, dözülməz şəraitdə qalır.
Bir müddət sonra Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilir. Şəхsi sənədlərində isə göstərilir: Həbs cəzasına məhkum olunaraq Mordva Avtonom Respublikasının Yavas qəsəbəsindəki islah əmək düşərgəsinə göndərilir. Həmin sənədlərdən aydın olur ki, Ümmügülsüm хanım düşərgədə tikişçi işləyib və verilən tapşırıqları artıqlaması ilə yerinə yetirib.
***
1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Ümmügülsüm хanımın ailə üzvlərinə məktub yazmağa icazə verir. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qumral və uşaqlara dayəlik edən yaхın qohumu Səyyarə хanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Ümmügülsüm хanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlanmasını səbəb gətirərək uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.
Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm хanımın məktub yazmasına maneçilik törədir.
***
1943-cü ildə o SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-cü aprel ayında qərar verilir.
Sürgündən sonra Ümmügülsüm хanıma Bakıya gəldikdən 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən хanım Şamaхıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm хanım sentyabrın 17-də 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur. Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn edirlər.
***
Deyilənə görə onun ölümü müharibənin ağır illərinə düşdüyü üçün illər keçəndən sonra qəbrini tapmaq olmur. Ancaq gec də olsa məzar tapılır. Bu haqda Ümmügülsümün qızı Qumral xanım yazır:
"Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra əziz anamızın üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlikdir. Atamız Seyid Hüseynin son mənzili əbədi olaraq Xəzərin dərinliklərində itib-batmışdı. Bu gün heç olmasa anamızın məzarının tapılması bizim üçün təsəllidir".