Bağırova Güney Azərbaycanı azad etməyə nə mane oldu? - Müstəqillik ssenarisi, Pişəvərinin səhvi və Qəvam amili...

Bağırova Güney Azərbaycanı azad etməyə nə mane oldu? - Müstəqillik ssenarisi, Pişəvərinin səhvi və Qəvam amili...
25 avqust 2021
# 09:01

Kulis.az 1940-cı illərdə Güney Azərbaycanda başladılan azadlıq hərəkatı və bu prosesin qarşısını alan səbəbləri təqdim edir. Mətn Sərdar Aminin "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabındandır.

Güney Azərbaycanın azad olunması və bu şanlı məqamın əldən verilməsi

XX əsrin ortalarında – 1940-cı illərdə Güney Azərbaycanın azad olunması üzrə aparılan siyasət, atılan addımların detalları çoxları üçün qaranlıqdır. Cəmi 60 il əvvəl Güney Azərbaycanın sonu əsl müstəqilliyə gedəcək bir yola qədəm basdığını düşünəndə, milli heysiyyəti olan hər kəs ürpənir. Lakin müstəqilliyini elan edən, bir il yaşayan hökumətin ciddi səbəblər olmadan, bir az da səhlənkarlıqdan tarix səhnəsindən itməsini düşünəndə də əksəriyyətimiz təəssüf içində boğuluruq. Çox yaxın keçmişdə baş verən bu hadisə necə baş verdi, hər şey həll olunmuşkən Milli Hökumətdən niyə imtina edildi?

İran istilasından qurtulmaq üçün zəmin

II Dünya Müharibəsi başlayan kimi bitərəfliyini elan edən İran çox keçmir ki, SSRİ-yə qarşı müəyyən iddialar səsləndirir. Hətta İran şahı 17 may 1940-cı il 643 saylı notasında Azərbaycan SSR-ni “Qafqaz Azərbaycanı” kimi qeyd edir.

SSRİ İrana girmək üçün axtardığı bəhanəni tapmışdı. 1921-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə uyğun olaraq 1941-ci ildə Zaqafqaziyada dislokasiya olunmuş 17-ci ordu “təhlüksizlik üçün İran ərazisinə mümkün müdaxilə” adı altında ilə irəlilədi.

SSRİ İran neftinə olan iddiasını həyata keçirmək üçün əlində iki “kozır” var idi. İstinad kimi ya kürdlər əsas götürülməli idi, ya da azərbaycanlılar. Bir çoxları bu işdə kürdlərin maraqlarını qabartmaq, Tehranı bu yolla sıxışdırmağı təklif edirdi. Lakin Mir Cəfər Bağırov Lavrenti Beriyanın köməkliyi ilə Stalini azərbaycanlılara istinad etməyin daha uyğun versiya olduğuna inandırdı.

Bağırov Stalinin neft ehtirası və SSRİ ideologiyasının genişləndirilməsi, iqtisadi iddiaların təminatı fonunda Güney Azərbaycanı Azərbaycan SSR-ə birləşdirmək istəyirdi. Təbii ki, Azərbaycanın hansı gücün diktəsində olmasından asıllı olmayaraq, bütöv şəkildə mövcudluğu vacib idi. Bu dəyişilməz reallıqdır. Bağırov bir əsr əvvəl atılmış yanlış addımı gec də olsa, dəyişmək istəyirdi. Yəqin ki, Bağırov onu da başa düşürdü ki, Azərbaycanın fars rejimi ilə müqayisədə SSRİ boyunduruğundan çıxmağı daha rahatdır. Bu istəklə Güney Azərbaycanı farslardan xilas edib SSRİ-yə qatmaq istəyirdi.


Güney Azərbaycanın müstəqillik ssenarisi

1941-ci ildə Stalin Bağırova bir günlük Moskvaya gəlmək barədə şifroqram göndərir. Bağırov Moskvaya gedərək Stalinə Güney Azərbaycan ssenarisini təqdim edir. Plana görə Az. K(b)P MK-nin katibi Əziz Əliyev güneyə gedəcək, partiya qrupunun sədri olacaqdı. Qrupa Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Mirzə İbrahimov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev və başqaları daxil idi. Stalin planı təsdiqləyir və iş başlayır.

Plan tezliklə bəhrəsini verir, İngiltərə-İran-SSRİ müqaviləsi imzalanır. İdeoloji işləri uğrula həll edən “Vətən yolu” qəzeti dərc edilməyə başlayır.

Təəssüf ki, bu hadisələr müharibənin qızğın günlərində baş verirdi və müharibə heç bir tərəfin gözləmədiyi kimi uzanmaqda davam edirdi. Müharibənin bəlli təsiri nəticəsində, eyni zamanda SSRİ-nin İngiltərə ilə münasibətinin soyumaması üçün düşünülən planlar nəticəsində Güney Azərbaycan hərəkatına ayrılan gücün müvəqqəti zəiflədilməsi nəzərə alındı. Lakin SSRİ “Güney Azərbaycan” planında israrlı görünüdü. Bu plan davam etdirilsə də, az sonra aydın olacaq ki, əslində SSRİ hərəkatı zəiflətməklə Güney Azərbaycanla bağlı Bağırovn qurduğu planları soyutdu və növbəti dəfə eyni səhifəyə qayıdıldıqda artıq ABŞ və İngiltərə İranla bağlı daha ciddi planlar qurmuş olduğu aydınlaşdı.

Bağırov Stalindən aldığı sözə uyğun olaraq müharibənin səngiməsini gözləyirdi, bunun üçün isə o daha 3 il gözləməli oldu və artıq 1944-cü ildə sular durulandan, Almaniyanın məğlubiyyəti aydın olduqdan sonra Bağırov bir daha bu məsələni qaldırdı.

Bağırovun Stalinə Güney Azərbaycan mövzusunda ilk məktubu

Bəzi oxuculara maraqlı olacağını nəzərə alaraq Bağırovun 1944-cü ildə Stalinə ünvanladığı məktubu bölüşək. (Mənbə: tədqiqatçı Adıgözəl Məmmədov)

F №1, siy. №90, iş №71

ÜİK (b) P MK

İ.V.STALİN yoldaşa

Cənubi Azərbaycanda vəziyyətlə bağlı bəzi məsələlər

Son zamanlar Sizin Cənubi Azərbaycanda Sovet İttifaqının təsirinin gücləndirilməsi haqqında göstərişlərinizi yerinə yetirərək, bizim tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın rəhbər sovet və hərbi kadrları sırasından Cənubi Azərbaycana 245 nəfər göndərilmişdir, onlardan diplomatik işə 13 nəfər, ticarət işinə 10 nəfər, əsasən qarnizon komendantları kimi 150 nəfər, qalanları isə təsərrüfat, nəqliyyat və mədəni-maarif təşkilatlarının xətti ilə ezam olunmuşdur. Xarici ticarət xalq komissarlığı, səhiyyə, dəmiryol nəqliyyatı və digər sovet təsərrüfat təşkilatları sistemində iş üçün 375 nəfər seçilib ki, onlar da yaxın günlərdə Cənubi Azərbaycana yola düşəcəklər. İşləməyə göndərilənlər istisnasız olaraq Cənubi Azərbaycanın məişətini, dilini, dinini və digər milli xüsusiyyətlərini bilən azərbaycanlılardır ki, bu şəxslər əhali ilə çox tez və çox yaxın münasibət quraraq qısa müddət ərzində, əsasən, ziyalılar, fəhlələr, kəndlilər və müəyyən qədər də ruhanilər və tacirlər arasında xeyli nüfuz qazana bilmişlər.

ÜİK(b)P MK-nın qərarına müvafiq olaraq, Təbrizdə işıq üzü gördüyü ilk gündən Cənubi Azərbaycanın geniş xalq kütlələrinin, xüsusilə də ziyalıların rəğbət və sevgisini qazana bilmiş Azərbaycan dilində «Vətən yolunda» hərbi qəzeti nəşr olunmağa başlamışdır. Qəzet Cənubi Azərbaycanın bütün şəhərlərində və bir çox rayon kəndlərində kifayət qədər uğurla yayılır. Qəzetdə Cənubi Azərbaycanın Biriya, Yusuf, Təhfi, Mehtaq Rza, Əliyarzadə, Mir Mehdi, Yəhya Təhfi, Humay Xanım, Lalə Xanım və b. kimi bir çox gənc və istedadlı yazıçı və şairlərinin fəal iştirak etməsi faktı ciddi nailiyyət sayıla bilər. Onların kəskin siyasi əsərləri faşizmə qarşı yönəlib, xalqlar dostluğu, SSRİ-yə rəğbət ruhunda yazılb ki, bu də qəzetin nüfuzunu daha da artırmış və onu geniş əhali kütlələrinə yaxınlaşdırmışdır. Təbriz ziyalılarından başqa qəzetin işində İranın Tehran, Miyana, Ərdəbil, Mərənd, Şahpur və s. kimi digər şəhərlərindən olan 30 azərbaycanlı müxbir də iştirak edir. Buna qabaqcıl ziyalıların, o cümlədən Cənubi Azərbaycan qadınlarının Azərbaycan qəzetində fəal iştirak etməyə böyük meyli də öz təsirini göstərmişdir.

Təbriz şəhərinin qabaqcıl ziyalılarının nəşr olunan qəzetə münasibətini səciyyələndirmək üçün ibtidai məktəb müəllimi Lalənin aşağıdakı məktubunu misal göstərmək olar: “Mən-o yazır,-qəzetin birinci nömərəsini aldım və onu həyəcanla oxudum. Nömrəyə görə bütün var-dövlətimi belə verməli olsaydım, bunu böyük məmuniyyətlə edərdim. Arzu edirəm ki, “Vətən yolunda” qəzeti parlayan ulduz kimi öz şüaları ilə Təbrizin üfüqlərini işıqlandırsın”.

“Vətən yolunda” qəzetində həmçinin Sovet Azərbaycanı yazıçıları, şairləri, jurnalistləri də fəal iştirak edirlər. “Vətən yolunda” qəzetinin təşkil olunması ilə Təbrizdə İran şairi Balaş Azəroğlunun rəhbərliyi altında antifaşist komitənin fəaliyyəti də güclənmişdir. Antifaşist komitə sistematik olaraq son dərəcə kəskin antifaşist məqalə və şeirlərin nəşr olunduğu vərəqələr buraxır ki, bu da geniş kütlələr arasında böyük populyarlıq qazanmışdır.

Cənubi Azərbaycanın əhalisi, xüsusilə də kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, bizim tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda Bakı şəhərində keçirilmiş Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş bütün müsəlmanlara antifaşist müraciəti tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5.000 nüsxədə yayılmışdır. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bu mənada mətbuatda İranın parlament deputatları Şeyxülislam Məlayiri, Hacı Seyid Rza Firuzbəyli, həmçinin qazı Mirzə Bağır Ağa, müctəhidlər Ağa Siqqətilislam, Hacı Mirzə Xəlil Ağa və s. kimi görkəmli və nüfuzlu din xadimlərinin bu müraciətlə bağlı rəyləri səciyyəvidir. Bundan başqa şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının yerli seçilmiş dini idarəsi bizim təsirimizin daha da gücləndirilməsi məqsədi ilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur.

Sovet Azərbaycanı incəsənətinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə iri şəhərlərə 44 nəfərdən ibarət konsert qrupu göndərilmiş və bu qrup Tehran, Təbriz, Pəhləvi, Rəşt, Ərdəbil, Qəzvin, Maku, Şahpur və Rezaiyyə şəhərlərində böyük uğurla çıxış etmişdir. Konsert qrupu sovet qoşunları qarnizonlarında çıxışlar etmiş və kasıb əhali üçün pulsuz konsertlər vermişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan konsert qrupunun İrana ezam olunması Azərbaycan incəsənətinin İranda, ən başlıcası isə əhalinin Azərbaycan xalqının dünəni və bu gününü əks etdirən, ona doğma və anlaşılan olan sənətini böyük ruh yüksəkliyi ilə qarşılandığı Cənubi Azərbaycanda populyarlaşdırılmasının nə qədər faydalı olduğunu göstərdi. “Yaşa Azərbaycan” və respublikadan gətirilmiş digər mahnılar xalq arasında geniş yayıldı.

İran əhalisi arasında Bakıdan Azərbaycan və fars dillərində yayımlanan radio verilişləri, xüsusilə də Azərbaycan musiqisindən ibarət konsertlər böyük populyarlıq qazanmışdır. Bakıdan radio verilişlərinin yayımlandığı saatlarda Cənubi Azərbaycanın şəhərlərindəki reproduktorlarımız qarşısında Sovet İnformasiya bürosunun məlumatlarına, Vətən müharibasi cəbhələrindən müxtəlif epizodlara, konsertlərə və s. diqqətlə qulaq asan böyük insan kütlələrinə tez-tez rast gəlmək olar.

Sovet İttifaqının, xüsusilə də Zaqafqaziya respublikalarının iqtisadi və mədəni nailiyyətləri ilə geniş tanış olmaq üçün Təbriz şəhərində Mədəniyyət evinin filialı təşkil olunub.

Partiya MK-nın qərarına əsasən, biz Təbrizdə rus və Azərbaycan dillərində tam orta məktəbin təşkilinə başlamışıq ki, bunun üçün də ixtisaslı pedaqoji personal, avadanlıq, dərs ləvazimatı və s. seçilmişdir. Bu müddətdə bizim Cənubi Azərbaycanda apardığımız mədəni-maarif işi sovet meylli gənclərin sovet məktəbində təhsil almaq arzusunu nümayiş etdirdi. Buna görə də Təbrizdə belə bir məktəbin açılması vaxtında görülmüş aktual bir işdir.

Partiya MK-nın qərarına müvafiq olaraq, Təbrizdə səhmdar cəmiyyət formasında trikotaj-corab fabriki yaradılır ki, İrandakı sovet təşkilatları onun üzvü olacaqdır. Bunun üçün rəhbər kadrlar, mütəxəssislər və zəruri avadanlıq, həmçinin müvafiq bina seçilmişdir. Fabrik yaxın zamanlarda, bu məsələ Xarici ticarət xalq komissarlığı xətti ilə tam rəsmiləşdirildikdən sonra açılacaqdır. Biz fabriki elə təşkil etmək istəyirik ki, o bütün Cənubi Azərbaycanda nümunəvi müəssisə olaraq, yerli əhalini, ilk növbədə qadınları işə cəlb etsin.

Belə bir faktı da diqqətsiz qoymaq olmaz ki, əsasən azərbaycanlılardan ibarət olan və Cənubi Azərbaycanda iri siyasi təşkilatlardan biri sayılan Xalq Partiyasının başında indiyədək erməni Ərdəşir Avanesyan dayanır. Bu yoldaş, deyilənlərə görə, sadiq və yaxşı rəhbərlərdən biridir, amma bununla belə milli məqam Xalq Partiyasının gözdən düşməsinə və azərbaycanlıların bu partiyadan uzaqlaşmasına səbəb olur.

Yuxarıda göstərilən bütün bu faktlar bizim İrandakı bir çox sovet təşkilatlarının hələ də bizim xəttimizi sovet meylli ictimai təşkilatlar və ayrı-ayrı nüfuzlu şəxslər vasitəsilə həyata keçirə bilmədiyindən xəbər verir. Bununla yanaşı, yalnız əhalinin deyil, həm də İranın bütün hökumət dairələri və yüksək qurumlarının hasablaşacağı bir vəziyyət yaratmağı bacarmayan İrandakı Sovet qoşunları komandanlığının nümayiş etdirdiyi, qətiyyətsizliyi də qeyd etmək lazımdır. Bu hal iranlılar tərfindən zəiflik kimi qiymətləndirilir, fitnəkar və cinayətkar ünsürlərə münaqişələr yaratmaq imkanı verir. Bizim komandanlığın gözü qarşısında kürdlərin uzun müddətdən bəri Azərbaycan əhalisini çapıb-talamısını, komandanlığın isə onlara qarşı təsirli tədbirlər görməyib təkcə xəbərdarlıqla kifayətlənməsini yalnız bununla izah etmək olar.

Bizə belə gəlir ki, hal-hazırda bizim İrandakı bütün təşkilat və əməkdaşlarımızın işini aşağıdıkı istiqamətlərdə yenidən qurub gücləndirmək məqsədəuyğun olardı:

1. Qəti mövqe tutmaq və müəyyən formada Cənubi Azərbaycandan Məclisə namizədliklərin təsdiq olunmasında təkid etmək .

2. Yaxın zamanlarda həmkarlar ittifaqlarını birləşdirmək üçün lazımı tədbirlər görmək, bütün fitnəkar və Sovet İttifaqına düşmən elementləri onların rəhbərliyindən çıxaraq, bizim onlara təsirimizi gücləndirmək.

3. Xalq Partiyası (“Hizbi-Tudə”) rəhbərliyinin nüfuzlu ziyalılar, ilk növbədə azərbaycanlılar hesabına möhkəmləndirilməsinə nail olmaq və ziyalılar, fəhlələr və kəndlilər arasında onun hörmət və təsirinin artırılması üçün zəruri tədbirlər görmək.

4.Cənubi Azərbaycandakı İran hakimiyyət orqanları vasitəsilə mahiyyətcə bizə qarşı yönəlmiş münaqişələr yaradan düşmən təxribatçı elementlər və cinəyatkarlarla bağlı qəti tədbirlər görmək.

5. İrandakı sovet qoşunları komandanlığına, həmçinin bizim diplomatik işçilərimizə kürdlərin azərbaycanlılar üzərinə hər cür hücumlarının, silahlı qarətlərin qarşısının alınması, kürdlər və azərbaycanlılar arasında normal qarşılqlı münasibətlərin yaradılması məqsədilə bəzi kürd tayfa başçılarına münasibətdə daha qətiyyətli mövqe tutmaq göstərişi vermək.

6. İranda sovet qoşunlarının yerləşmə zonasında normal ictimai qayda-qanun və intizamın yaradılması üçün bu rayonlarda qarnizonların rolu və nüfuzunu artırmaq və İran hakimiyyəti tərəfindən həyata keçirilən heç bir inzibati tədbirin sovet qarnizonlarının maraqlarına toxunmamasına nail olmaq.

7. İlk növbədə əhalinin nüfuzlu hissəsindən istifadə etməklə kəşfiyyat işlərini gücləndirmək.

8.Mümkün və son dərəcə ehtiyatlı formalarda kəndlilər arasında bizim işimizin gücləndirilməsinə diqqət yetirmək.

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ M. C. BAĞIROV

Yeni Azərbaycan dövlətinin yaranmasına erməni əngəli

Güney Azərbaycanda gedən bu irəliləyişləri tanınmış Təbriz erməniləri müsbət qarşılasalar da, Amerika erməniləri milli şurasının San-Fransisko şəhərində qəbul etdiyi bəyannamə Güney Azərbaycanda xeyrimizə doğru gedən prosesə mənfi təsirsiz ötüşmədi. Ermənilərin qəbul etdiyi bəyannaməyə keçməzdən əvvəl bir daha onu qeyd edək ki, SSRİ-nin İrana müdaxiləsi və Güney Azərbaycan rıçaqından istifadəsi azərbaycanlılara müstəqillik naminə edilmirdi, SSRİ-nin İran nefti və bu coğrafiya ilə bağlı öz planları var idi. SSRİ rəhbərliyində bu işə Güney Azərbaycanın azadlığı hərəkatı kimi baxan yeganə şəxs Bağırov idi, o da bu istəyini və arzusunu içində saxlayırdı, üzdə təbii ki, onun da niyyətini İran ərazilərinə müdaxilə etmək idi. Bu işdə Güney Azərbaycana bir tutacaq kimi baxılırdı.

Prosesə mənfi təsir edən erməni bəyannaməsi isə bir vaxtlar ermənilərin yaşadığı Osmanlı əraziləri ilə bağlı idi, ermənilər ABŞ-da belə bir informasiya yaymışdı ki, Stalin hakimiyyəti artıq “Türkiyə Ermənistanı” ərazisi barədə ciddi planlar qurub və tezliklə bu ərazilər “azad” olunacaq və həmin torpaqlara xaricdə yaşayan ermənilər köçürüləcək. Bu xəbər Sovet Ermənistanda o qədər ciddi ajotaj yaratdı ki, xəbəri dərc edən qəzetin üzü çıxarılaraq min nüsxələrlə artırıldı. Təbrizdə və digər müxtəlif yerlərdə yaşayan tanınmış ermənilər – yepiskop Məlik Tanqinyan, daşnak liderlərindən olan Hayk Əcəmyan, Xalq partiyasının üzvü Stepan Qaraxanyan, mühəndis Avetis Ağacanyan, İran gömrüyünün işçisi Baqdasar Şahgəldiyan və digər onlarla şəxs öz səslərini ucaldaraq bəyannamənin onların həyatına gətirəcəyi “yenilikləri” bəyan etdilər, ABŞ-dakı soydaşların səsinə səs verdilər. (Təsadüfi deyil ki, Stalin İranda istəyinə çatdıqdan, Güney Azərbaycan məsələsi öləzidikdən sonra diqqəti Türkiyə ərazisinə yönəltdi.)

Azərbaycan Milli Dövlətini Elamiyyəsi

1945-ci ilin avqustunda Bağırovun təqdimatı ilə yenilənmiş SSRİ-nin Tehrandakı səfiri Əhəd Yaqubov Təbrizə gəlir və İran Xalq Partiyasının (Tudə) Azərbaycan bölməsini Azərbaycan Demokrat Partiyasına birləşdirir.

Azərbaycan SSR Dövlət Təhlüksizlik Xal Komissarı Yemelyanov 1945-ci ilin dekabrın 20-də Bağırova yazdığı məktubda (F№1, siy.№89, iş №97) qeyd edir:

“ADP-nin yaradılması üçün bir sıra nüfuzlu şəxslər İrandan Bakıya çağrıldı, onlarla söhbət aparıldı, ADP-yə rəhbrlik müəyyən demokratik dairələrdə nüfuzu olan görkəmli azərbaycanlılardan birinə - Seyid Cəfər Pişəvəriyə tapşırıldı”.

Müxtəlif çətinliklərə baxmayaraq 1945-ci il dekabrın 12-də Təbriz şəhərində Azərbaycan Milli Məclisi işə başladı. Eyni gündə məclis Seyid Cəfər Pişəvərini nazir seçdi və baş nazir də 10 nəfərdən ibarət hökumət yaratdı.

6 yanvar 1946-cı ildə Güney Azərbaycanda (Azərbaycan Milli Dövləti) Azərbaycan dili rəsmi dil elan olundu. Ardınca yeni ölkədə Azərbaycan radiosu, Dövlət teatrı, Dövlət Universiteti və digər milli, mədəniyyət ocaqları yaradıldı.

Fars rejiminin Güney Azərbaycan məsələsinə reaksiyası

Təbii ki, fars rejimi də hər nə qədər uğursuz durumda olsa da, Güney Azərbaycanda gedən proseslərin ciddiliyini başa düşürdü və onlar da boş oturmurdu. Elə ilk gündən İran baş naziri Mirzə İbrahim xan Həkimi deyirdi ki, bu barədə yığılıb qalmış işləri həll etmək üçün mütləq SSRİ rəhbərliyi ilə görüşməlidir:

“Mən də böyük Azərbaycan xalqının oğluyam, bu diyarda anadan olmuş və böyümüşəm. Mən bu insanların İrana böyük sevgi bəslədiklərini bilirəm. Öz qardaş və bacılarımın vətənpərvərliyinə hörmətlə yanaşıram”.

Həkiminin görüşlərinə əhəmiyyət verilmədiyini gördükdə İran Moskvaya, Londona, və Vaşinqtona etiraz notası göndərir, Azərbaycan haqqında məsələni BMT sessiyasında qaldıracağını bildirir. Ardınca o hətta qeyd edir ki, İran Azərbaycan hökümətini və parlamentini tanımır.

Həmin ilin dekabrın 23-də Stalin ABŞ dövlət katibi Brinsi qəbul edir. Bu görüşdə Stalin yenidən israrla bildirir ki, İran hökuməti SSRİ-yə düşmən mövqeyi bəsləyir.

Stalinin prinspiallığını zəiflətmək üçün İngiltərə və ABŞ rəsmiləri İran şahına izah edirlər ki, hazırki kabinet ləğv edilməlidir.

Beləliklə, Həkimidən sonra yenidən baş nazir postuna gələn Əhməd Qəvam – hansı ki, Pişəvəri də durmadan onun əlindən dad edirdi, ölüm anında da tez-tez “Allah Qəvamın bəlasını versin”, deyirdi – SSRİ ilə müxtəlif üsullarla dil tapmağı bacarır.

İkinci Dünya Müharibəsinin bitdiyindən Böyük Britaniya və ABŞ SSRİ-yə müqaviləyə uyğun olaraq ordusunu İran ərazisinin çıxarmalı olduğunu xatırladırdı. Amma həm Molotov, həm də Stalin bu söhbətdən yayınmağa çalışır və İranın SSRİ üçün təhlükə olduğunu əsas gətirərək prosesi yubadırdı.

Təəssüf ki, bu müddət ərzində yeni hökumət Güney Azərbaycanda kökünü lazımınca möhkəmlədə bilmirdi.

Əhməd Qəvamın siyasətindən və müttəfiqlərlə görüşdən sonra Stalinin Güney Azərbaycanla bağlı fikrində dəyişikliklər sezilməyə başladı.

Pişəvərinin səhvi

Tarixçi Cəmil Həsənlinin fikrincə Stalinin Pişəvəri haqqında fikirləri hələ 1946-cı ildən dəyişməyə başlamışdı. Tarixçinin bildirdiyinə görə, Pişəvəri elə o dönəmlərdə sovet nümayəndələri ilə görüşdə Stalin haqqında o qədər də xoşaglən fikirlər deməmişdi. O, Bakı üçlüyü ilə görüşdə açıq şəkildə bildirmişdi ki, gedib rəhbərlərinizə deyin ki, onlar çox vicdansız adamlardı”.

Pişəvəri yaxşı anlayırdı ki, Stalinin Güney Azərbaycan siyasəti, bu əməliyyatlar “demokratiya” adı altında aparılan ayrı oyunlardır. Bunu Bağırov da bilirdi. Təəssüf ki, onlar tarixi fürsətdən istifadə edib bu müddət ərzində Güney Azərbaycanın müstəqilliyini möhkəmlədə bilmədilər. Stalinin məqsədindən asıllı olmayaraq, Güney Azərbaycanın müstəqilliyi möhkəmləndiyi təqdirdə, bölgədə azından ikinci bir müstəqil Azərbaycan dövləti qalacaqdı, hansı ki, bu hazırda Güney Azərbaycanda müxtəlif məhdudiyyətlər yaşayan 30 milyondan artıq Azərbaycanlı bağımsızlıq qazanacaqdı.

Təəssüf ki, biz adətən qəhrəmanlıqla siyasəti, ölkə idarəçiliyini səhv salırıq. Tarix boyu Azərbaycanlı hökmdarların məğlub olduqları döyüşlərin məhz onların atdığı emosianal addımları - el arasında kişilik, mərdanəlik kimi qiymətləndirilən, idarəçilikdə isə, adətən, fiaskoya uğrayan xüsusiyyətləri səbəbindən baş verdiyini görürük.

Bu konteksdə də Pişəvərinin mərdliyi ilə, çılğınlığı ilə Qəvamın hiyləsi soyuqqanlığı, Stalinin qəddarlığı üst-üstə düşmürdü. Məhz belə bir məqamda Pişəvəri Stalin qarşısında öz müstəqilliyini qazanmış bir lider kimi davranmalı deyil, mövcud vəziyyətdə ona Milli Hökumət qazandırmış (hansı məqsədlə olursa, olsun) bir rəhbərin – nəzərə alaq ki, o rəhbər yenicə sona çatan dünya müharibəsinin qalibidir – onun planlarına uymalı idi.

“Köhnə …” yenidən hökumətdə - Qəvam problemi

Belə bir durumda yenidən hökümətə rəhbər gələn Əhməd Qəvam isə məsələdən hali idi. Yaxın müddət ərzində Güney Azərbaycanda gedən proseslərin səbəbini, bu işə imza atanların hər birinin məqsədini anlayırdı.

Qəvam Stalinin İrana daxil olmasında bir nömrəli məqsədin İranın şimal ərazisindəki neftlə əlaqəli olduğunu yaxşı bilirdi. İranlı siyasətçi anlayırdı ki, İosif Vissarionoviç Azərbaycan torpaqlarını ona görə SSRİ-yə qatmağa çalışır ki, növbəti illərdə bu coğrafiyanın neftinə rahat nəzarət edə bilsin. Bu əməliyyatlarda Stalini orada yaşayan azərbaycanlıların müqəddəratı qəti düşündürmürdü. O, azərbaycanlılardan və kürdlərdən İrana və növbəti illərdə İranın digər hissəinə nəzarət edəcək İngiltərəyə təsir məqsədilə istifadə etmək istəyirdi.

ABŞ, İngiltərənin SSRİ-yə ardıcıl müraciətləri, üçtərəfli görüşlər, Azərbaycan məsələsinin BMT müstəvisinə qaldırmaq məqamında İran baş naziri Qəvam fürsət tapıb Stalinlə görüşür. Həmin görüşdə artıq, deyə bilərik ki, Güney Azərbaycanın taleyi həll edilir. Qəvam Stalinin gözünün İran neftində olduğunu yaxşı bildiyi üçün bildirir ki, İranın şimalında neft yataqları var və İran bu yataqları SSRİ-nin istismarına verməyə hazırdır. Onsuz da son vaxtlar bu məsələdə sıxışdırlan (əslində bütün prosesin belə irəliləməsi İngiltərənin eyni zamanda da ABŞ-ın planları idi və Qəvamın Stalinə məhz bu zaman neft təklifi təsadüfi deyildi) Stalin üçün bu təklif göydəndüşmə olur.

Güney Azərbaycanın müqəddəratını əleyhimizə həll edən anlaşma

1. Üç ölkə – SSRİ, İngiltərə və İran arasındakı müqaviləsinə əsasən, Sovet qoşunlarının İrandan çıxarılması haqqında əmr vermək.

2. Sovet qoşunlarının iran Azərbaycanı və İran Kürdüstanından çıxarılması haqqında əmrdən sonra Tehran şəhərində SSRİ və İran arasında neft müqaviləsi bağlamaq.

3. İran SSRİ arasında neft müqaviləsi yeni seçiləcək 15-ci Məclis tərəfindən yeddi aydan gec olmayaraq təsdiq olunmalıdır.

4. Təbrizdəki siyasi qüvvələrin Tehrana tabe olmadığını nəzərə alaraq, Azərbaycan və Şimali Kürdüstanda 15-ci Məclisə seçkilərin keçirilməsinə "şahın silahlı qüvvələri" nəzarət edəcək.

5. İran tərəfi öz növbəsində, Azərbaycanın milli muxtariyyətini təmin edir. İran hökumətində Azərbaycan Demokrat Firqəsinin nümayəndəsinə yer veriləcəyi vəd olunur.

Qəvamüs-Səltənə Stalinə deyirdi: "İranın bu addımlarının London və Vaşinqtonla münasibətdə arzu olunmaz ola biləcəyinə baxmayaraq, biz sizin istəklərinizi həyata keçiririk".

SSRİ ordusunun Güney Azərbaycandan çıxarılması və Milli Hökumətin təkbaşına qalması

Bu görüşdən sonra 24 mart 1946-cı ildə Moskvadan Bakıya Hərbi Dairənin Komandanı Maslennikova, 4-cü ordunun komandanı Luçinskiyə və surəti Bağırova çatmaq şərtilə SSRİ ordusunun Güney Azərbaycandan çıxarılması barədə 2167/68 nömrəli şifroqram gəlir.

Göstərişin ardınca Bağırov Güney Azərbaycanı əldə saxlamaq üçün Maslennikovla birgə Stalinə məktub məktub ünvanlayır. Məktubda Culfada Pişəvəri, Şəbüstəri və digərləri ilə görüş keçirildiyini, ordunun çıxarılması və İrana qarşı mülayim siyasət barədə onlara məlumat verildiyini, eyni zamanda, onların bu qərarı sözsüz qəbul etdiklərini, millət qarşısında verdiklərə sözə əməl etmələri üçün bir neçə istiqamətdə - texnika, sərhəd xidməti mütəxəssisləri, maddiyyat yönündə yardım istədiklərini açıqlayır.

Ordunun çıxarılmasına verilən qərardan düz 10 gün sonra aprelin 4-də SSRİ və İran arasında Sovet-İran Neft Şirkətnin qurulması ilə bağlı müqavilə imzalanır.

Neft sazişindən sonra isə Milli Hökumətin rəhbəri Pişəvəriyə Tehran hökumətinə qarşı çıxış etməmək tapşırılır.

Sovetin Təbriz siyastindəki dəyişiklik çox təmkinli şəkildə həyata keçirilir. Öncə elan olunmuş yeni hökümətin adı artıq çəkilməməyə başlayır, biz digər sənədlərdə artıq yalnız demokrat partiyasınına adını görürük və Pişəvərinin adıyla hökumət başçısı kimi deyil, partiya sədri kimi rastlaşırıq.

Bu illər ərzində boş oturmayan İngiltərə və ABŞ isə şah rejiminə müraciət edərək Fələstin və körfəz məsələsində (Fars körfəsindəki adalardan imtina, yaxınlıqdakı neft yataqlarının istismarına icazə) İngiltərə və ABŞ-la razılaşarsa, Güney Azərbaycan və Şimali Kürdüstan məsləsinin həllində İranın yanında olacağını bildirir. Beləliklə şərtləri qəbul edən Məhəmmədrza şah Pəhləvi Güney Azərbaycan məsələsinin üstündən xətt çəkmiş oldu.

Bağırovdan Stalinə 8 cavabsız məktub və Güney Azərbaycanda şah rejiminin bərpa edilməsi

Neft müqaviləsinin ardınca Bağırov Stalinə 8 məktub yazır. Məktublarda Pişəvərinin müdafiəsi, SSRİ-nin Güney Azərbaycan və Şimali Kürdüstan siyasətinin zəiflətməsinin eyni rıçaqların İngilətərə və ABŞ-ın əlinə keçməsi təhlükəsi, İran qoşunlarının yeni ölkənin sərhədlərinə cəmləşməsi, Kirovbad (Gəncə) hərbi məktəbindən hərbçi və Naxçıvandan hərbi texnika göndərmək üçün icazə, şah ordusunun Güney Azərbaycana daxil olması barədə idi. Bağırovun Güney Azərbaycanla bağlı bütün məktublarından açıq görünür ki, onun Stalindən fərqli olaraq marağı Güney Azərbaycanı İran rejimindən ayırmaqdır. Təbii ki, bunu Stalin də hiss edirdi. Bağırov məktublarına lazımı cavabı ala bilmədiyini gördükdə Stalinə son müraciətini edir: “Stalin yoldaşa... “İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi xahiş edirəm...”

Bu xahişdən sonra Bağırovun Stalinlə görüşüb görüşmədiyi bəlli deyil. Amma bəlli olanı odur ki, Bağırovun milli heysiyyəti onun bu məsələyə müdaxiləsini sıfra endirir. Molotovun rəhbərlik etdiyi məxfi qrup 10 dekabr 1946-cı ildə Azərbaycan Demokratik Firqəsinin rəhbəri vəzifəsindən Pişəvərini azad edərək, Məhəmməd Biriyanı təyin edir.

Dekabrın 20-də isə Güney Azərbaycanda şah rejimi bərpa olunur.

Yekun

İllər Sonra Güney Azərbaycanda elan olunan milli hökumətin süqutu səbəblərini analiz edəndə müxtəlif versiyalar, xəyanətlər, fikir ayrılıqlarından danışıla bilər. Lakin dəyişməyən əsas iki yanlış var; 1940-41-ci illərdə başlanan proses ertlənməli deyildi. (Bağırov prosesin başlanmasına rəvac verən əsaslandırmasını davam etməli idi) Bağırov, Pişəvəri və digər milli hökumət üzvləri ideoloji və siyasi məsələləri intensivləşdirməli, milli heysiyyəti, emosionalığını məsələ qarışdırmamalı, Stalini qane edən siyasət yeritməli idi. Daha oyaq və çevik siyasət aparılsaydı, Güney Azərbaycanın SSRİ-yə birləşməsi prosesi möhkəmlənə bilərdi. Çünki XX əsrin ilk illərindən Güney Azərbaycan elan olunanadək İranda demək olar ki, hər il posta yeni baş nazir gəlirdi, istefalar, sui-qəsdlər, dünya müharibələrindəki seçdiyi cinahın uduzması və s. İranın bir zamanlar işğal etdiyi ərazilərə (Güney Azərbaycan) nəzarət potensialını azaltmışdı. Belə tarixi şans isə tez-tez ələ düşmür.

Bir il sonra Azərbaycanda SSRİ- rəhbərliyi tərəindən sui-qəsdə məruz qalaraq ölən Pişəvəri (qəza kimi göstərilsə də) “Azadlığı bir dəfə dadmış xalq o dadı qaytarmaq üçün yenə də mücadilə edəcək” deyirdi. Necə ki, Məhəmməd Əmin Rəsulzadənin “Bu qalibiyyət günəşi qızıl istibdad altında inləyən əziz vətənimizdə “28 Mayıs” kimi yenidən doğacaqdır” deyiminə 70 il lağ etdilər, amma 71 il sonra sözü həyata keçdi, Azərbaycan müstəqilliyinə qovuşdu. Pişəvərinin sözlərindən bu gün təxminən 70 il keçir... I Fəxri Xiyabandakı sümükləri isə gec-tez Təbrizə köçürüləcək deyə xüsusi beton qutuda basdırılıb.

# 5027 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #