Azərbaycanlı rejissorun transseksual filmi aranı qarışdırdı

Azərbaycanlı rejissorun transseksual filmi aranı  qarışdırdı
6 noyabr 2012
# 08:15
İngiltərənin “Guardian” qəzeti bir həftədir ki, İran gündəmini zəbt edən transseksuallar haqqındakı “Güzgülərlə üzləşmək” filmindən yazıb.

Rejissor Nigar Azərbaycaninin çəkdiyi “Güzgülərlə üzləşmək” filmi kişi olmaq istəyən varlı bir qızın həyatından bəhs edir.

Filmin baş qəhrəmanları Adine və Rəna iki fərqli təbəqənin insanlarıdır. Varlı, müasir və üsyankar Adine kişi olmaq arzusunu reallaşdırmaq üçün evdən qaçır. Rəna konservativ, dindar ailənin qızıdır, əri həbsə düşəndən sonra məcburən onun taksisini sürüb pul qazanır. Evdən qaçan Adine Rənanın taksisinə oturur, yolda Rəna başa düşür ki, sərnişini cinsiyyət dəyişmə əməliyyatına hazırlaşır. Bu, Rəna üçün qəbulolunmazdır.

Film keçən həftə Tehran kinoteatrlarında maraqla izlənib. Təəccüblü məqam odur ki, transseksuallıq İran İslam Respublikasında 1987-ci ildə Ayətulla Xomneyinin fətvasından sonra qanuniləşib. Doğrudan da İran cinsiyyət dəyişmə əməliyyatlarına görə bir çox ölkələrdən irəlidədir, üstəlik bu əməliyyatlar üçün subsidiyalar da verilir. Dövlətin dəstəyinə baxmayaraq hələ də cəmiyyətdə transseksuallar arzuolunmaz şəxslər kimi qəbul olunur.

Bu dini fətva 1980-ci ildə aktivist, İranda transseksual hüquqlarının qorunması kampaniyasının rəhbəri Məryam Xatun Molkaranın sayəsində qəbul olunub. Aktivist xanım əvvəllər kişi olub və 1979-cu il inqilabından əvvəl dövlət televiziyasında işləyib. 70-ci illərin ortalarından Xomneyiyə məktublar yazıb və ondan cinsiyyət dəyişmə əməliyyatı üçün dini icazə istəyib. On illərlə davam edən kampaniya 1987-ci ildə nəticə verib; Molkara Xomneyinin evinə gedib və ordan əlində transseksuallara cinsiyyətini seçmə haqqı verən fətva ilə çıxıb.

Prodüser Fereşteh Tarpur “Guardian” qəzetinə açıqlama verib ki, indiyədək fətvadan xəbəri yox imiş: “Eşidəndə ki, İranda cinsiyyət dəyişmə əməliyyatı qanunidir, çox təəccübləndim. Üstəlik, rəsmilər maliyyə dəstəyi ilə yanaşı yeni şəxsiyyət vəsiqəsi də verirmiş”.

Fətvaya baxmayaraq, transseksuallıq cəmiyyətdə yaxşı qarşılanmır. Böyük marağa səbəb olan “Güzgülərlə üzləşmək” filmi haqqında hətta bu cür mövzuları qabartmayan dövlət televiziyası və radio dalğasında da danışılıb.

“Gənc transseksuallar bu filmə baxandan sonra elə təsirləniblər ki, başqalarını da filmə baxmağa cəsarətləndirmək üçün kampaniyaya başlayıblar”, - deyib Tarpur. Filmin fanatları arasında məşhur iranlı aktyor, cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Saman Ərəstu da var. Tarpurun sözlərinə görə, İranda transseksuallara münasibəti Adinenin atasının sözləri tam izah edir: “Kaş sən kor, əlil olaydın, amma belə olmayaydın”.

İranda transseksuallıqdan fərqli olaraq, homoseksuallıq qadağandır, hətta edamla cəzalandırıla bilər. Ancaq yerli transseksuallardan olan Sohel deyir ki, transgender olmaq lezbi, yaxud gey olmaqdan daha çətindir: “Transseksualsansa, görünüşün dəyişir və bu da İran ailəsinin heç vaxt barışmayacağı bir şeydir. Ancaq gey, yaxud lezbi olsan, ailən cinsiyyətini gizlətdiyin müddətcə sənə tolerant yanaşır”.

Almaniyadakı iranlıların hüquqları cəmiyyətinin sədri Şadi Aminin sözlərinə görə, İranda cinsiyyət dəyişmə əməliyyatı “qəssablıq” səviyyəsindədir: “Demokratik cəmiyyətlərdə əməliyyat transseksuallar üçün şans sayılır, İranda isə bu, adi bir öhdəlikdir”. Amin vurğulayır ki, İsfahanda əməliyyat vaxtı ölən transseksualı məsciddə yumağa heç kim razı olmayıb.

Bu mövzuda ən böyük çətinliklərdən biri İran cəmiyyətində insanların homoseksuallıqla transseksuallığı ayırd edə bilməməyidir. Məsələn, bəzi valideynlər homoseksual övladlarını məcburi əməliyyata göndərirlər.

Qeyd edək ki, Nigar Azərbaycani 1974-cü ildə doğulub. Hazırda Almaniyada mühacir həyatı yaşayır. Tehran Mədəniyyət Universitetində bakalavr pilləsində təhsil alıb. Sonra təhsilini Bostondakı Emerson Kollecində davam etdirib. Fəaliyyətə televiziya üçün qısa süjetlər çəkməklə başlayıb. 2000-ci ildə yenidən Amerikaya təhsil almağa gedib. Qısa filmləri – “Yuxu”, “Virtual həqiqət” Tehran film festivalının qalibi olub. “Güzgülərlə üzləşmək” onun ilk uzun metrajlı filmidir.

Tərcümə etdi: Günel Əsgərzadə
# 3319 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
# # #