Əslində bu yazıda elə lap öncədən - incəsənətin özü başdan-başa paradoksdur! – söyləmək olardı. Və bu da doğru olardı, çünki yüksək incəsənəti sırf əyləncə deyil, insanın daima dünyanın dərkinin cəhdi kimi qəbul etsək, lap kiçicik araşdırmada incəsənətin, incəsənət tarixinin hansısa məntiqi varsa belə, onun da paradokslardan ibarət olduğu qənaətinə gələrdik.
Maraqlıdır ki, çox zaman yaranmış tarixi, ictimai, sosial və hətta siyasi şəraitdən asılı olaraq böyük təkid və basqılarla müəllifin istəklərinə rəğmən yaranmış əsərlər, sonradan elə o müəllifinin məşhurlaşması və hətta tarix səhifələrində qalması üçün açar rolunu oynayıb. Çox zaman bütün bunlar elə situasiyada, elə tərzdə baş verib ki, istər-istəməz burada hansısa ilahi qüvvənin, qəzavü-qədərin, lap elə qədimlərdə deyildiyi kimi hikməti-ilahiyyənin rol oynadığını düşünürsən. Əslində həqiqətən də incəsənət lap qədim zamanlardan az qala bütünlüklə metafizika üzərində qurulub. Amma bu yazıda taleyin işlərinə qarışmaqdan vaz keçərək, sadəcə, faktlara müraciət edək, onları sərgiləyək. Musiqiçi olduğum üçün bəşərin yaratdığı sənət növləri arasında yalnız bəstəkarların üzləşdiyi paradokslarla kifayətlənək, çünki başqa incəsənət növlərinə keçsək, burda artıq məqalə deyil, bütöv bir monoqrafiya tələb olunardı.
Öncədən onu da söyləyim ki, bu yazıda incəsənət problemlərini araşdıracağıq, onun dərinliklərinə baş vurmayacağıq, sadəcə, müxtəlif bəstəkarlar və onların əsərləri ilə taleyin oynadığı ilginc oyunlardan bəhs ediləcək.
***
„Fransız Bethoveni“ olmağa layiq hesab edilən Camille Saint-Saëns (1835-1921) lap kiçik yaşlarından „Wunderkind“ (musiqiçilərin bioqrafiyalarında erkən yetişmiş uşaqların müstəsna uğurlarını göstərmək üçün istifadə olunan və almancadan tərcümə edilməyən bu termin “möcüzə-uşaq” anlamını verir) kimi məşhurlaşmışdı. Onun bioqrafiyasında istənilən kəsi heyrətə gətirəcək faktlar bunlardır: 3 yaşında o artıq oxuya və yaza bilirdi və bu yaşda da ilk əsərini nota(!) almışdı; 5 yaşında o artıq Motsartın operasını təhlil və partituradan ifa edə bilirmiş; 10 yaşında Parisdə konsertindən sonra dinləyicilərə Bethovenin 32 sonatasından istədiklərini əzbərdən(!) ifa edəcəyini söyləmişdi, yəni bu sonataların hamısını əzbər bilirmiş.
Belə iti zəka və istedada malik bəstəkar, həmçinin pianoçu, dirijor, tənqidçi və pedaqoq, musiqidən başqa astronomiya, arxeologiya ilə də məşğul olur, pyes və şeirlər yazırdı. Həyatı boyu karyerasının yüksəlişi ilə yeni əsərlər yaratmağa ruhlanan bəstəkar doğrudan da bir çox şedevrlərə imza atır – simfoniyalar, operalar, konsertlər və s. (bunların bir çoxu indi də ifa edilir), bunlarla məşhurlaşır, lakin tale onunla qəribə bir oyun oynayır. 1886-cı ildə Avstriyada olarkən dostları üçün sırf zarafat xətrinə, bir növ əqli dincəlmə kimi “Le Carnaval des animaux” (Canlıların karnavalı) silsiləsini yazır. Zarafat, istehza kimi düşünülmüş bu əsərdə bəstəkar bir çox peşə yoldaşını təqlid edir, onların yazı üslubunu yamsılayır, burada bəhs edilən heyvanların satirik obrazlarında bir çox müasirlərinin portretlərini yaradır. Həqiqi fransız cırnağı ilə qələmə alınmış bu əsər yalnız bircə ifa üçün nəzərdə tutulubmuş və bəstəkar bunun nəinki dərcini, hətta bircə nömrə istisna (məşhur “Qu quşu”) növbəti ifasını belə istəmirmiş. Qısası, Saint-Saëns “qeyri-ciddi” əsərin müəllifi olduğunu bildirməyi arzulamadığından, bütövlükdə əsərin cəmi bircə ifası baş tutur. Amma iş belə gətirir ki, bəstəkarın ölümündən sonra, 1922-ci ildə “Karnaval” ilk dəfə dərc edilir və onun bütün dünyada kütləvi ifası başlanır. Bəstəkar həyatı boyu uğurlu karyerası ilə kifayət qədər məşhurlaşmışdısa da onun dünya şöhrəti məhz ifa etmədiyi “Karnaval” ilə baş tutur! Zarafat və istehza xatirinə yazılmış bu əsər sonda bəstəkarın bir növ vizit kartına çevrilir və bu indiyədək belə qalmaqdadır. Həyatı boyu olmazın uğurlara imza atmış sanballı bəstəkar, irimiqyaslı formalara üstünlük versə də tarixin hökmü onun bir nömrəli əsəri pyedestalını nə 3 saylı simfoniyasına, nə “Samson və Dalila” operasına, nə də ki, müxtəlif alətlər üçün konsertlərinə verdi, bu sadəcə, uşaqlar üçün zarafatyana qələmə alınmış silsilə - “Le Carnaval des animaux” oldu.
Belə bir hadisə erməni əsilli sovet bəstəkarı Aram Xaçaturyanın da başına gəlmişdi. Musiqi təhsilinə 19 yaşında (yəni çox gec) başlayan Xaçaturyan 1942-ci ildə "Qayane" baletini yazır. Baleti səhnəyə qoyacaq baletmeyster bəstəkara əsərin hər halda balet olduğunu bir daha xatırladır, rəqsə uyğun səhnələrin azlığından gileylənir və burada mütləq xəncərlərlə rəqs (yəqin ki, həm də milli kolorit-filan olmasını istəyirmiş) səhnəsinin gərək olduğunu şərt kimi bildirmiş və ondan bu rəqsi mütləq yazıb baletə əlavə etməsini qəti surətdə tələb etmişdi. Əks təqdirdə bu işdən imtina edəcəyini bildirən baletmeyster özündənrazı, həm də az-çox titullu bəstəkarı çox bərk qəzəbləndirir, lakin onun hiyləgər təbiəti bu şansı buraxmaq və baletin Böyük Teatrda qoyuluşundan vaz keçməsinə imkan vermir. Böyük əsəb və dilxorçuluqla bir rəqs səhnəsi yazıb baletmeysterə gətirən Xaçaturyan o zaman hamıya "məni cəfəngiyata məcbur etdilər, yetkin bir baletə axmaq rəqs yazdırdılar, bunu baletdən ötrü etdim" - deyirmiş. Nəticədə bu baletdəki "Xəncərlərlə rəqs" Xaçaturyanın da bütün dünyada vizit kartına çevrilir və faktiki olaraq o, məhz bu səhnəyə görə məşhurlaşır.
Ondan fərqli olaraq müstəsna istedadı və uğurlu karyerası olan – bəstəkar artıq 13 yaşında konservatoriyaya daxil olmuş, hələ 19 yaşında ilk simfoniyası böyük müvəffəqiyyətlə bir çox dünya şöhrətli kollektivlər tərəfindən ifa edilmişdi - Dmitri Şostakoviç isə lap gəncliyindən, hələ 20-ci illərin sonunda, sovet totalitarizminin erkən və “avanqard” dövründə, kommunist rəhbərliyi tərəfindən klassik rus bəstəkarlıq məktəbinə alternativ kimi, bir növ ölkənin qeyri-rəsmi baş bəstəkarı seçilmişdi. Bu da boşuna deyildi, yeni ideologiya özlüyündə “köhnə”nin darmadağın edilməsini və yeni incəsənətin yaradılmasını tələb edirdi – hazırda rusların “наше все” adlandırdığı Puşkinin, o zaman “mülkədar” şairi kimi qadağan edilməsi də bu məcrada baş vermişdi.
Həyatının keşməkeşlərinə baxmayaraq, Şostakoviç bu statusunu, hətta 1936-cı ildə ölkənin baş tribunası olan “Pravda” qəzetində ona qarşı dərc edilmiş (sözün hərfi mənasında: belə məqalələrdən sonra, haqqında bəhs edilmiş insanları gecələr “qara tabut” - “emka” avtomobili gedər-gəlməzə aparırdı) “Musiqi yerinə cəfəngiyat” adlı öldürücü məqalədən sonra da saxlaya bildi. Və sovetlərin ən böyük sifarişi məhz Şostakoviçin qələmindən çıxdı – 7 saylı simfoniya bəstəkara misilsiz bir uğur gətirdi.
Əfsanəyə görə “Leninqrad” simfoniyası bəstəkarın faşizmə etirazı idi və almanların hücumundan sonra yazılmağa başlamışdı. Bu əsər 1942-ci ildə dünya şöhrəti qazandı – musiqidən daha artıq aksiya olan bu əsər sovetlərin müttəfiqləri olan ABŞ və Böyük Britaniya rəhbərliyi tərəfindən, bundan başqa bütün dünyada çox böyük nüfuzu olan yəhudi icması tərəfindən təqdir edilir, misilsiz bir əsər kimi onu bir çox ölkələrin orkestrləri və dirijorları ifa edir, bütün əsas radiostansiyalar tərəfindən yayımlanır. Xaricdə yaşayan iki böyük rus bəstəkarı – Rahmaninov və Stravinski (bunlardan başqa Bartok) bu əsərin estetikadan daha çox siyasi xarakter daşımasını deyir, hətta bəziləri əsərin baş mövzusunu parodiya da edir. Amma reallıq belə idi, nəticədə Şostakoviç XX əsrin ən məşhur və ən çox ifa edilən bəstəkarı olur. Amma bunun səbəbi onun müstəsna istedadı deyil, hər zaman kifayət qədər təvazökar həyat sürən sənətkarın öz istəyinə rəğmən zamanının təbliğat maşınının dişləri arasına keçməsi olur.
Həqiqət isə belə idi ki, bütün rəsmi məlumatlara rəğmən, bəstəkar bu əsəri hələ 1941-ci ilin yayının lap əvvəlində başlamışdı. Lakin tamam başqa məqsədlərlə yazılışına başlanmış bu əsər almanların hücumundan sonra müstəsna təbliğatı əhəmiyyətə malik olur və bu simfoniya sovet xalqının dönməz iradəsinin rəmzinə çevrilir. O zamanlar sovetlər böyük müharibəyə hazırlaşır və ideoloji sahədə də (kino, ədəbiyyat, musiqi və s.) bu istiqamətdə işlər görülürdü. Gələcək müharibə haqda o zaman çoxlu filmlər çəkilmiş, çoxlu şeir və musiqi əsərləri yazılmışdı. Şostakoviç də bu mənada istisna deyildi, bu üzdən bəzi tədqiqatçılar əsərin yazılmasını ideoloji sifariş kimi qəbul edirlər. Beləcə, müharibəyə hazırlıq üçün sifariş edilmiş simfoniya bəstəkarın əbədiyyətə ucalmasına xidmət etdi. Yaratdığı çox dəyərli və miqyaslı əsərlərə rəğmən, indiyə kimi Şostakoviçin ən yayğın əsəri məhz qeyri-musiqi səbəbindən məşhurlaşmış “Leninqrad” simfoniyasıdır.
Maraqlıdır ki, eyni taleyi yarım əsr əvvəl başqa bir dahi rus bəstəkarı – Çaykovski yaşamışdı. Şostakoviç XX əsrdə Çaykovski və Bethovenlə bərabər dünyada ən çox ifa edilən iki bəstəkardan biriydi. Maraqlıdır ki, Çaykovskinin sağlığında onun Rusiyada məşhurlaşmasının səbəbi yazdığı müstəsna gözəllikdə əsərlər – simfoniyalar, konsertlər, operalar və ya baletlər yox, yenə də özlüyündə ideoloji yük daşıyan “1812-ci il” Təntənəli Üvertürası olmuşdu.
Bu əsərin yaranma taleyi də çox maraqlıdır. Dövləti yubileylər Rusiyada ilk öncə imperator I Nikolayın zamanında ideoloji əhəmiyyətə malik idi. Poltava döyüşünün və Peterburqun salınmasının 200 illiyi, sonradan Sevastopol döyüşünün 50 illiyi və Puşkinin 100 illiyi keçirildi və kulminasiya nöqtəsinə Romanovların 300 illiyində çatdı – taleyin oyunlarından kim xəbərdar idi? Hazırda Rusiyada 200 illiyi qeyd edilən və rus tarixi üçün böyük əhəmiyyət kəsb edən Borodino döyüşü də bu qəbildəndir. II Aleksandrın dövründə Rusiyanın bir zamanlar dünyanın fatehi olan Napoleona qalib gəlməsi rus tarixinin şərəf səhifəsi və Borodino döyüşü rus silahının təntənəsi elan edildi. Bu, rus patriotizminin coşqusu idi.
Amma maraqlıdır ki, 1882-ci ildə (Borodinonun 70 illiyində) belə bir Üvertüra yazılması sifarişi Çaykovskiyə dövlət tərəfindən yox, dirijor Nikolay Rubinşteyn tərəfindən, özü də heç bir təntənəyə yox, sadəcə, Ümumrusiya bədii-sənaye sərgisinin açılışı münasibətilə səxsi sifariş kimi edilmişdi. O zaman Rubinşteyn bu üvertüranın ya II Aleksandrın tacqoymasının 25 illiyinə, ya da İsa Məsihin Məbədinin açılışı şərəfinə yazıldığını vurğulamışdı. Lakin Çaykovskini bu mövzular maraqlandırmırdı və o, dirijora məktubunda “belə ideyaların banal bir əsərin yaranmasına gətirib çıxaracağını” vurğulamışdı. Amma bütün bunlara rəğmən Çaykovski professional idi.
O, həvəssiz olmasına baxmayaraq işə başlayır və nəticədə bəstəkarı Rusiyada məşhurlaşdıran “1812-ci il” isimli Təntənəli üvertürası yaranır. Böyük Vətən müharibəsinə ithafən yazılmış bu monumental əsərdə açıq havada ifa üçün nəzərdə tutulmuş, böyük simfonik orkestrin tərkibində təntənə üçün böyük zənglər əlavə edilmişdi. Maraqlısı budur ki, bu əsərdə rusları xarakterizə edən melodiyaların qarşılığı, “düşmən” mövzusu bütün bəşəriyyət üçün azadlıq simvolu olan “Marselyoza”dır. Ən başlıcası isə bundadır ki, “Marselyoza” elə Napoleonun zamanında Fransanın rəsmi himni kimi ləğv edilmişdi və məhz Napoleondan sonra bu melodiya yenidən himn statusuna qayıtmışdı.
Əsərlə bağlı başqa bir kazus da sovet zamanı baş verdi. 1942-ci ildə müharibə ilə bağlı rus patriotizmi dalğası dövlət tərəfindən qaldırılan zaman bu əsərin ifası üçün çətinliklər yarandı. Mövzuca çox uyğun olan, rus dahisi tərəfindən birinci Vətən Müharibəsi qəhrəmanlarına ithafən yazılmış bu vətənpərvər mövzulu əsərin sonu rus monarxiyasının himni olan "Боже, царя храни!" mövzusu ilə bitirdi. Buna əsla yol vermək olmazdı, o üzdən əsər üzərində sovetlərə xas, kiçik bir “cərrahiyyə” əməliyyatı aparılıb ideoloji qəliblərə uyğun vəziyyətə gətirildikdən sonra ifa mümkün oldu. Çaykovskininsə Rusiyada məhz milli bəstəkar kimi tanınması, sonrakı misilsiz şöhrəti də istəməyərəkdən başladığı bu əsərlə bağlı idi.
Bu siyahını xeyli uzatmaq olar. İncəsənətdə, xüsusilə sənətkarların bioqrafiyalarında paradokslarla daima üzləşirik. Şübhəsiz ki, buraya Üzeyir bəyi də əlavə etmək olar. İlk yazılı musiqi əsəri kimi milli musiqimiz üçün müstəsna əhəmiyyətə malik “Leyli və Məcnun” operası dahi bəstəkar tərəfindən lap gəncliyində, hələ 23 yaşında ikən qələmə alınmışdı. Sonradan onun özünün də məktublarında dəfələrlə “musiqi savadını artırmaq zərurəti” haqdakı qeydlərinə və həyatının sonrakı dövrlərində bir çox dəyərli əsərləri, o cümlədən şah əsəri “Koroğlu”nu yazmağına, “Arşın mal alan” operettasının müstəsna uğuruna rəğmən “Leyli və Məcnun” istər forma cəhətdən, istər musiqi dili, istərsə də tarixi mənada Üzeyir bəyin bir növ brendi olaraq qaldı.
Tarixin ölçüləri özünəməxsusdur, görünür insan fəhmi, hətta dahilərin belə fəhmi onun dərkinə yetmir. Və istənilən sənətkar öz taleyi boyu, tarixin dolanbaclarında Zaman adlı Minotavrla daima qeyri-bərabər mübarizəyə məhkumdur...
Zamanla qeyri-bərabər döyüşün qalibi – Şostakoviç
2 noyabr 2012
12:14
3765 dəfə oxunub
Oxşar xəbərlər
İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"
12:00
11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?
17:00
5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?
12:00
5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid
09:00
4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...
12:00
30 noyabr 2024