Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - “Gözü yol çəkən məzarlar”

<b>Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - <span style="color:red;">“Gözü yol çəkən məzarlar” </b>
12 aprel 2018
# 15:30

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

1920-ci il Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət və hökumət rəhbərlərinin ən çox mühacirət etdiyi ölkə Türkiyə olur. Təxminən yarım əsrə yaxın siyasi mübarizə aparmış soydaşlarımızın, aktiv siyasətçilərin olduğu 30-dan çox tarixi şəxsiyyətin məzarı Fəriköy məzarlığındadır. İstanbulun bu məkanına məzarlıqdan çox muzey demək olar. Məhz Türkiyədə bizim üçün ən qutsal yer Fəriköy məzarlığıdı.

Miryaqub Mir Mehdiyev

Mir Yaqub Mehdiyev 1891-ci ildə Xırdalan kəndində anadan olub. O, 1909-cu ildə Gümrü kommersiya məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində davam etdirmişdir. 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək Kiyevdə Rusiya müsəlman tələbələrinin gizli yığıncağında iştirak etmişdir. Həbs olunduğundan vaxtında Peterburqa qayıda bilməmiş, institutdan xaric edilsə də, az sonra bərpa olunmuşdur. İnstitutu bitirdikdən (1915) sonra təhsilini davam etdirmək məqsədilə Almaniyanın Bonn şəhərinə getmişdir.

Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "İttihad" fraksiyasının üzvü idi. Paris Sülh Konfransında (1919-1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olmuşdur. 1918-ci ildə M.Mehdiyev Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedən Azərbaycan nümayəndə heyətinin tərkibində dünyanın mədəniyyət mərkəzi, inqilablar beşiyi hesab olunan ölkəyə gəlmişdir. Ərəb, fars və rus dilləri ilə yanaşı alman, fransız və ingilis dillərini öyrənməsi, bu dillərdə sərbəst danışması Miryaqub Mehdiyevin Fransadakı fəaliyyətində mühüm rol oynamışdır.

Aprel işğalından sonra Türkiyəyə mühacirət etmişdir. Mühacirətdəki "İttihad" liderlərindən biri nə qədər səy göstərsə də partiyanın xarici ölkələr bürosunun yaradılmasına nail ola bilməmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə "Prometey" təşkilatında Azərbaycanı təmsil etmişdir. Məmməd Məhərrəmovla birlikdə Cenevrə və Lozanna konfranslarında iştirak etmiş, Azərbaycan neftini heç kimin hərraca qoymağa səlahiyyətli olmadığı barədə kəskin etiraz notaları ilə çıxış etmişdir.

Miryaqub Mirmehdiyev sonrakı həyatını Türkiyədə yaşayıb. 1949-cu ildə İstanbulda həyatla vidalaşıb.

Şəfi Aran

Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.

1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur.

Elə həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir.

Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur.

İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan Parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, ADR-in Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.

1920-ci il 28 Aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir.

İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-1931-ci illərdə "Azəri türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır.

O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur.

İxtisasca hüquqşünas olsa da, çox kövrək və həssas imiş. Salnaməçilər söyləyir ki, parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı". Şəfi bəy də min bir əzab-əziyyətlə yaradılmış gənc dövlətin süqutuna dözə bilmirdi.

O, 1953-cü ildə İstanbulda dünyasını dəyişib. Məzarı Fəriköy qəbiristanlığında yerləşir.

Qulamrza Şərifzadə

Aktyor, rejissor Abbasmirzə Şərifzadənin böyük qardaşı. 1884-cü ildə Şamaxıda anadan olub. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının banilərindən biri də Qulamrza Şərifzadə olub. Abbasmirzə Şərifzadə böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticari işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Abbasqulu Kazımzadə ilə birlikdə Bakıda kitab mağazası var idi.

1919-cu ildə Qulamrza Şərifzadə Azərbaycan Dövlət Teatr Heyətinin müdiri olur. Zülfüqar Hacıbəyli onun müavini idi. Dövlət Teatr Heyətinin vəkili Məmmədəli Sidqi, rəssamı Əzim Əzimzadə seçilir.

"Azərbaycan" qəzetinin 9 oktyabr tarixli sayında Qulamrza Şərifzadə yazırdı ki, dram və operetta dövlətin olacaq. Buna görə də teatra aktrisa və aktyor dəvət edirdi. Həmin qəzetdə oktyabrın 22-də truppaya qəbul olunanlar bəyan edilib.

Aprel işğalından sonra İran, daha sonra isə Türkiyəyə mühacirət edir. 1942-ci ildə İstanbulda həyatla vidalaşıb.

Fəriköydə dəfn olunan məşhurlar: Ali Sami Yen - Galatasaray klubunun qurucusu; Yılmaz Duru - məşhur aktyor, rejissor; Fatma Aliye Topuz – Türkiyənin ilk qadın romançısı.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

# 1208 dəfə oxunub

Müəllifin son yazıları

# # #