Tərbiyənin, təhsilin uşaqlara təsiri - Cinayətkarların arasında nə etməli?

Tərbiyənin, təhsilin uşaqlara təsiri - Cinayətkarların arasında nə etməli?
16 fevral 2024
# 09:00

Kulis.az Simran Qədimin "GTTM+B" yazısının ikinci hissəsini təqdim edir.

Ümumiləşdirilmiş, sadələşdirilmiş şəkildə belə nəticəyə gələk ki, şəxsiyyəti formalaşdıran 5 əsas faktor var: gen, tərbiyə, təhsil, mühit və bəxt (GTTM+B). Bəxt amilini ayırmağımızın səbəbi onun ya qətiyyən bizdən asılı olmaması, ya da sadalanan digər faktorlarla olan xüsusi münasibətidir (axı bəxt təsadüflərə, təsadüflər də ehtimallara söykənir. Ehtimalların artıb-azalması isə davranışlara bağlıdır).

İndi də gəlin kimliyin formalaşmasına təsir edən bu faktorlar arasındakı əlaqələri araşdıraq.

Məsələn, hələ lap kiçik yaşlarda tərbiyəni necə mənimsəməyimiz nədən asılıdır? Əlbəttə, genlərdən (tutalım, tərbiyə üsulu eynidir). Əgər uşaq daxilən tərs, hikkəli, aqressivdirsə, tərbiyənin təzyiqinə üstün gəlməyə, istəklərini reallaşdırmağa çalışacaq. Əgər uşaq təbiətcə üzüyola, mülayim, sakitdirsə, hər deyilənə əməl etməyə, istəklərini boğmağa cəhd göstərəcək.

Bu o demək deyil ki, hansısa xüsusiyyət doğru, digəri yanlışdır. Hikkəli olmağın qrupda üstünlüyü ələ almaq, bədxahları yerində otuzdurmaq kimi faydaları da var, özünü daim təhlükəyə atmaq, başqalarının nifrətini qazanmaq kimi zərərləri də. Üzüyola olmağın təhlükələrdən qaçmaq, insanların sevgisini qazanmaq kimi müsbətləri də var, qrupda irəli çıxa bilməmək, daim istismar edilmək kimi mənfiləri də. (Təbii ki, söhbət davranış pozğunluqlarından, psixoloji çatışmazlıqlardan getmir).

Əslində, tərbiyənin əsas məqsədi də bu cür natarazlıqları aradan qaldırmaqdır. Əgər valideynlər ipə-sapa yatmayan uşaqlarına ciddi, bəzənsə sərt tərbiyə üsulları ilə sözəbaxanlıq aşılamağa çalışırlarsa, sakit, fağır övladlarına sərbəstlik verir, onları təşəbbüskar olmağa həvəsləndirirlər. Məhz bu səbəbdən də tərbiyə fərdi yanaşma tələb edir.

Əlbəttə, tərbiyənin mənimsənilməsinə aid olunan genetik xüsusiyyətlər təhsildə də keçərlidir. Eyni sinifdə, eyni müəllimə qulaq asan şagirdlər dərsi fərqli səviyyələrdə qavraya bilərlər. Biri riyaziyyatı, fizikanı, kimyanı yaxşı öyrənər, digəri ana dilini, ədəbiyyatı, tarixi. Amma burada bir məqam da var: şagirdin yaşı nə qədər az olsa da, beyni “tabula rasa” – boş lövhə deyil. DNT kodları öz yerində, axı dünyaya gələndən “kimlik kitabı”mıza nələrsə yazılır. Baxdığımız cizgi filmləri, oynadığımız oyuncaqlar, dinlədiyimiz nağıllar, eşitdiyimiz sözlər – hamısının bizə təsiri var, az-çox maraq dairəmizin konturları cızılır.

Gen, tərbiyə və təhsil faktoru xeyli dərəcədə dostlarımızı, mühitimizi də müəyyənləşdirir. Uşaqlıqda bizə bağlı olmayan mühit amili böyüdükcə seçimlərimizdən asılı vəziyyətə düşür. Əsas məsələ seçimlərimiz üzərində nə vaxtdan və hansı dərəcədə məsuliyyət hissi keçirməyimizdir. Düzdür, 18 yaşa çatanda müstəqil şəxs kimi qəbul olunuruq, amma hamımız məsuliyyətlərimizi bərabər şəkildə dərk etmirik (hərçənd 108 il ömür sürüb heç vaxt məsuliyyətlərini dərk etməyənlər də var).

Digər tərəfdən, mühit kortəbii təsirdir, tərbiyə və təhsil sistemli, məqsədyönlü. Tərbiyə və təhsil mühitə münasibəti formalaşdırır. Mühitin həm mənfisinə, həm də müsbətinə verəcəyimiz reaksiya əsasən, tərbiyəyə və təhsilə bağlıdır. Bəzən mühitin faydalarını zərərlərindən ayıra bilmirik. Komfort zonamızdan çıxmamaq üçün bəhanələr axtarır, hər müsbətin içində bir mənfilik tapmağa çalışırıq. Məşhur deyimdə vurğulanır: hər kəs ətrafındakı 5 nəfərin ortasındadır. Ona görə də özünü dəyişmək istəyən əvvəlcə mühitini dəyişməlidir.

İş orasındadır ki, GTTM+B formulundakı amillər bir-birindən kəskin sərhədlərlə ayrılmır. Ortada qarışıqlıq var, ardıcıllıqla bir amil digərinə əlavə olunmur. Əslində, tərbiyənin də, təhsilin də, mühitin də (bura bəxti də daxil edə bilərik) rüşeymləri dünyaya gəldiyimiz ilk gündən bizimlə birgə inkişaf edir. Şəxsiyyətin təməli uşaqlıqda qoyulur, ancaq formalaşma prosesi ömrün sonuna qədər dayanmır. Nə qədər sürət azalsa, müqavimət güclənsə də.

İllər boyunca yaşanılan hadisələr, qazanılan təcrübələr həm hansısa genlərin aktivləşib-passivləşməsinə təsir göstərir, həm də bəxtin gətirmə ehtimalının artıb-azalmasına. Həyatın gedişi xarakterə, xarakter isə taleyə yön verir.

***

Bu 5 faktor arasındakı çox mürəkkəb, qarma-qarışıq asılılıqdan başqa, araşdırılması vacib bir məqam da var: sadalanan faktorlar tək bir-birinə təsir göstərmirlər, onlar həm də bir-birinin çatışmazlıqlarını kompensasiya edirlər.

Məsələn, genetik çatışmazlıqlarımızın (cəmiyyətə uyğunlaşmağa mane olan xüsusiyyətlərimizin) olduğunu duyanda bəzən tərbiyənin, təhsilin və mühitin üstünlüklərindən daha çox faydalanmağa meyil edirik. Yaxud gen, təhsil və mühitdəki üstünlüklər tərbiyədəki boşluqları aradan qaldırmağa çalışır. Əgər yaxşı təhsil almamışıqsa, genlərimizdən (xarakterimizdən), tərbiyəmizdən, mühitimizdən bərk yapışır, geridə qalmamağa cəhd göstəririk. İşdir, qeyri-sağlam bir mühitə düşmüşüksə (məsələn, cinayətkarların arasına), gen, tərbiyə və təhsilə güvənir, əlimizdən gələni edirik ki, kimliyimizi qoruyaq. Bəxtimiz dalbadal gətirməyəndə isə digər faktorlar gücləndirilmiş iş rejiminə keçir. Həm ehtiyatı artırıb özümüzü bəd hadisələrdən sığortalamağa çalışır, həm də şansı kənara atıb öz gücümüzə arxalanırıq.

(Əslində, bunları biologiya diktə edir. Biz həmişə zəif tərəflərimizi güclü cəhətlərimizlə kompensasiya etməyə çalışırıq. Belə deyək, GTTM+B çantamızdakı alətlərdir. Alət çantası zəngin olan ustalar hər vəziyyətdə çıxış yolu tapırlar)
Şəxsiyyətin necə formalaşması ilə bağlı müxtəlif hallar ola bilər. Deyək ki, hansısa nadir genetik üstünlüklər bütün yükü öz çiyinlərinə götürür. Zamanla tərbiyədəki, təhsildəki, mühitdəki boşluqlar aradan qaldırılır, biz iri addımlarla irəli atılırıq. Lap genləri kənara qoyaq, ideal tərbiyə də, təhsil də, mühit də, hətta bəxt də təkbaşına digər faktorları kompensasiya edə bilər. Həmişə olmasa, tam əvəz etməsə də.

Dahi insanlar məhz bir çox faktorların, həmçinin bəxt amilinin üst-üstə düşməsi ilə ortaya çıxırlar. Ancaq hər şeyin ideal olması kimliyimizdə bəzən müəyyən arxayınlıq yaradır. Gen, tərbiyə, təhsil, mühit və bəxt mükəmməldirsə (yəni ən qabaqcıl standartlara cavab verirsə), təlaş-təşviş keçirmir, qabağa getməyə çox da can atmırıq. Ən azı, psixoloji baxımdan içimizdə həddən artıq şiddətli istək yaranmır. Çatışmazlıqlar, məhrumiyyətlər isə bəzi xüsusiyyətlərin məhvinə, digərlərinin öz gizli gücünü üzə çıxarmasına təkan verə bilər. Nitşe deyirdi: “Məni öldürməyən şey məni gücləndirər”.

Bəs şəxsiyyətin necə, hansı istiqamətdə formalaşacağını dəqiqliklə demək mümkündürmü?

Saysız genlər sonsuz kombinasiyalar yaratdığından, sözün həqiqi mənasında, tam eyni kimliyə sahib iki insan ola bilməz. Üstəlik, saysız faktorlara və onların çox mürəkkəb münasibətlərinə görə “kimlik kokteyli”ndə qarışıqlıq yaranır, heç kəs hansı amilin nə dərəcədə rol oynadığını müəyyənləşdirə bilmir. Odur ki hər kəs özlüyündə fərqlidir, unikaldır.

***

Kimliyin necə formalaşmasını fərqli tərəflərdən də araşdırmaq olar. Məsələn, əgər Karl Marks şəxsiyyətə sosial hadisə kimi baxırdısa, Ziqmund Freyd psixoloji fenomen kimi yanaşırdı. Marksa görə, biz tarixin, zamanın məhsuluyuq: sinfi münaqişələr, siyasi-iqtisadi proseslər, əxlaqi-hüquqi qaydalar, sosial mühit, mədəniyyət... Freydə görə isə, biz biologiyanın, vəhşi təbiətin məhsuluyuq: instinktlər, şüuraltı arzu və istəklər, uşaqlıq travmaları, şəxsi təcrübələr...

(Kiçik bir haşiyə: hətta fiziki əlamətlər – qamət, sifət quruluşu, göz, saç, dəri rəngi kimi amillər də şəxsiyyətə az-çox təsir göstərir. Gözəllə çirkin, ağdərili ilə qaradərili arasında ayrı-seçkilik etmirikmi? Təbii ki, cəmiyyətin bu münasibəti həmin insanlarda müəyyən reaksiyalara, təkrarlanan reaksiyalar da şərti reflekslərə səbəb olur)

Əslində, Marksın da, Freydin də yanaşmasında (sosiogenetik və biogenetik amillər) həqiqət payı var. Onların nə dərəcədə haqlı olmaları həm də zamana, dövrə görə dəyişir. Məsələn, Daş dövründə biogenetik faktorlar başlıca rol oynayırdı. Sivilizasiyalar yarandıqca, insanlar daha böyük qruplarda birləşdikcə sosiogenetik amillər əhəmiyyət qazandı. Kommunizmdə cəmiyyətin maraqları ön plana çəkilirdi, liberalizmdə fərdilik, individuallıq qabağa keçdi. Belə deyək, sosializmdə Marksın parlayan işığını kapitalizmdə Freyd əvəz etdi.

Digər tərəfdən, sivilizasiyaların, dini-ideoloji sistemlərin strukturunu bir çox tarixi, coğrafi, iqtisadi, siyasi, texnoloji, eyni zamanda, təsadüfi faktorlar müəyyənləşdirir. Tarixdəki saysız faktorlar arasında da çox mürəkkəb, qarma-qarışıq əlaqələr var. Onlar da həm bir-birindən asılıdırlar, biri digərinə təsir göstərir, həm də bir-birini kompensasiya edirlər, biri zəif olanda digərləri onu əvəzləməyə çalışır.

Saysız faktorlar sonsuz kombinasiyalar yaratdığından, sözün həqiqi mənasında, tam eyni gedişata sahib iki tarixi proses ola bilməz.

Odur ki hər tarixi proses bənzərliklərlə yanaşı, özlüyündə fərqlidir, unikaldır. Eynən şəxsiyyətimiz kimi...

Bəs əgər kimliyimiz gen, tərbiyə, təhsil, mühit və bəxt (GTTM+B) amilləri ilə, həmin amillər də bioloji, coğrafi, siyasi, iqtisadi, texnoloji və təsadüfi faktorlarla formalaşırsa, “azad iradə” hara getdi? Belə çıxır ki, motivatorlar, kouçlar, kapitalist istismarçılar haqsızdırlar, həyatımız öz əlimizdə deyil? Yəni doğrudanmı hər şey məhz determinizmə – səbəb-nəticə əlaqəsinə bağlıdır?

Hələ də cavabsız qalan bu sualların araşdırılması yazının üçüncü hissəsində...

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #