Kulis.az Seymur Baycanın “Gecəyarısı uşaqları” adlı cəfəngiyyat" yazısını təqdim edir.
“Xanım qıran qabın səsi çıxmır.”
Atalar məsəli
Hörmətli Mirmehdi Ağaoğlu “Gecəyarısı uşaqları” adlı essesində yazır:
“Rüşdi Hindistanın (o cümlədən Pakistanın) 1915-ci ildən başlayan tarixini quruca fakt kimi deyil, onların hər birini metaforlarla, simvollarla, işarələrlə təqdim edir. Oxucu hiss etmədən bu tarixi mənimsəyir. Əsərin süjetini burda verməsək də bir şeyi qeyd edək ki, gecəyarısı uşaqları Hindistanın müstəqilliyinin elan olunduğu gecə doğulan həmin 1001 uşaqdır. Bu 1001 uşağın hər biri qədim, sehrli, əsrarəngiz Hindistan kimi müxtəlif xüsusiyyətdə doğulub. Özü də kim geceəyarının tamamında və ona yaxın saatda doğulubsa sehri daha qüvvətlidir. Kim ki, daha gec vaxtda doğulubsa sehri də azdır.
Bu uşaqların arasında kimlər yoxdur: Səlim kimi yüksək qoxu hiss etmək və insanların düşüncələrini oxumaq qabiliyyətinə sahib olanlar, Şiva kimi möhkəm dizləri sayəsində vəhşi qüvvətə sahib olanlar, aynalara girə bilənlər, balıqları çoxalda bilənlər, böyüyüb-kiçilə bilənlər, suya girib cinsiyyətini dəyişə bilənlər, sözləri fiziki yara açanlar, gördüyü və eşitdiyi heç nəyi unutmayanlar, keçmişi və gələcəyi görənlər, uça bilənlər, qurdadamlar və sair. Bu uşaqların hər biri Hindistanın müxtəlifliyini təmsil edir. Səlim bu uşaqların hamısı ilə əlaqə yaratmaq qabiliyyətinə malikdir, sanki radiostansiya kimi onları toplaya bilir. O tam gecəyarını vuranda doğulub. Buna görə şəkli qəzetdə çıxıb, ölkənin rəhbəri Cəvahirlər Nehru isə ona məktub yazaraq təbrik edib.
Səlim Hindistanın simvoludur. Hindistan Səlimdir. Yeni doğulan Hindistan da ümidvericidir, xalq onun gələcəyinə inanır. Hindistan İndira Qandinin hakimiyyəti altına keçdikdə və ölkədə iki illik fövqəladə vəziyyət elan olunduqda Səlimin də ən acınacaqlı günləri başlayır. Ölkəni qaranlıq gələcəyə sürükləyən İndira Qandi gecəyarısı uşaqlarını tapıb xədim etməyi tapşırır. Bu isə Qandinin hakimiyyəti dövründə xalqın sayını sabit saxlamaq üçün həyata keçirilən kütləvi kastrasiya əməliyyatlarına işarədir.”
Salman Rüşdinin “Gecəyarısı uşaqları” əsərini bu gün günorta oxuyub bitirdim. Oxuyub bitirdim sözü burda vəziyyəti heç bir qram, zərrə qədər də ifadə etmir. “Gecəyarısı uşaqları” əsərini zülmlə, əzabla oxudum. Elə ilk səhifələrdəcə saxta, ruhsuz, enerjisiz, pafoslu səhnələr məni vurmağa başladı. On doqquzuncu səhifənin kənarına aşağıdakı təsviri oxuduqdan sonra “çox süni, çox mənasız” sözlərini yazmışam:
“Deyirsən, neçə yaşım var? Mənim yaşımla maraqlanırsan, ay uzunburun oğlan?
Tai əlini dağlara uzadır.
Bax, onların yaşı neçədirsə, mənimki də o qədərdir… ”
Bu nə səviyyəzsiz, nə düşük, nə saxta təsvirdir belə?
Hər cür mətnə qarşı tolerant olmağa çalışıram, müğənnilər demişkən, yaxından tanıyanlar bilirlər ki, ən axmaq kitabları belə həvəslə oxuyuram, ən bayağı mətnlərdən belə həzz alıram, nələrsə götürürəm, nələrsə oğurlayıram, lakin pafosa qarşı bir qram da dözümüm yoxdur. Mənim üçün Salam Qədirzadənin bayağılığı Borxesin, Sartırın, Kortasarın, Ceyms Coysun pafosundan daha maraqlı, daha qiymətlidi.
İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, öz işinizdir, “Gecəyarısı uşaqları” əsərini oxuduqca saxta, süni, enerjisiz, ruhsuz səhnələr ürəyimi bulandırırdı. Adətən Alim Qasımovun səsini eşidəndə, təpədən dırnağa kimi saxta hərəkətlərini görəndə ürəyim belə bulanır. Məcazi mənada filanda yox, sözün birbaşa mənasında. 446-cı səhifədə kitabı parkdakı zibil qabına tullamaq istədim. Özümü güclə saxladım. 481-ci səhifədə kitabı zibil qabına tullamamaq üçün yenə də böyük iradə nümayiş etdirməli oldum. Kitabı həvəslə zibil qutusuna atıb canımı, başımı bu cəfəngiyyatdan birdəfəlik qurtara bilərdim, amma haqqında yazı yazacaqdım deyə əzab, zülm çəksəm də axıra qədər oxumağa məcbur idim. Son illərdə mənə hansısa əsərin bu qədər işgəncə, əzab verməsini xatırlamıram. Bir daha təkrar edirəm, hər cür mətndən həzz almağa, nəsə öyrənməyə çalışan adamam. İndi görün Salman Rüşdinin “Gecəyarısı uşaqları” mənə necə, hansı dərəcədə əzab-əziyyət verib. 750 səhifədən ibarət bir kitab oxuyasan və normal bir yazıçı təsvirinə, cümləsinə rast gəlməyəsən. Bu nə deməkdir?
“Gecəyarısı uşaqları” adlı cəfəngiyyatı oxuduqca təbliğatın, reklamın hansı gücə malik olmasına öz tərəfimdən birbaşa şahidlik edirdim. Reklam, təbliğat rəsmən bir cəfəngiyyatı şedevr adıyla adamlara soxuşdurub. Burada təbliğatın peyğəmbərlərindən birinin məşhur sözü yada düşür: “Yalan nə qədər böyük olursa, ona inananların da sayı bir o qədər çox olur”. Qərəz, Salman Rüşdinin ədəbiyyata yaxından və uzaqdan dəxli yoxdur. Amma adamın üstündə allah var, ədalət naminə onu da qeyd edək ki, Salman Rüşdi tam da istedadsız adam deyil. Bu qədər adamı barmağına dolamağı bacarmağın, yazdığın cəfəngiyyatı adamlara oxutdurmağın, adamları bəh-bəhlə bu cəfəngiyyat haqqında danışmağa, yazmağa məcbur etməyin özü də ayrıca bir istedad göstəricisidir.
Digər tərəfdən baxdıqda Salman Rüşdinin bu qədər adamı barmağına dolamasını təbii qəbul etmək lazımdır. Yer üzündə milyardlarla insan əfsanələrdən və nağıllardan ibarət kitabların müqəddəsliyinə, göydən yerə enməsinə şəksiz-şübhəsiz inanır. Milyardlarla insan əfsanələrdən və nağllardan ibarət kitabların müqəddəsliyinə şəksiz-şübhəsiz inanaraq, həyatlarını bu kitablardakı qayda- qanunlara uyğun qurmağa çalışırlar, bu kitablarda yazılanlara uyğun olaraq evlənirlər, boşanırlar, ölü basdırırlar, bu kitablara görə adam öldürürlər, baş kəsirlər, oranı-buranı partladırlar… Əgər milyadlarla insan bu qədər kəşflərdən, ixtiralardan sonra əfsanələrdən və nağıllardan ibarət kitabların göydən yerə enməsinə, müqəddəsliyinə inanırsa Salman Rüşdinin də iki milyon, tutaq ki, üç milyon adamı barmağına dolamasını ağır da olsa təbii qəbul etmək məcburiyyətindəyik.
Əlbəttə, hörmətli Mirmehdi Ağaoğlu, yoldaş Qismət Rüstəmov, gənc və perspektivli yazar Rəvan Cavid adamı çaşdıran, qorxudan, dodaq uçuqlandıran müxtəlif terminlərdən istifadə edərək özlərinin Salman Rüşdi, konkret “Gecəyarısı uşaqları” sevgilərinə, heyranlıqlarına hər cür bəraət qazandırmağa çalışacaqlar. Magik-realizm elə getdi, metafora, işarələr, rəmzlər, dil oyunları, poetika, struktur belə getdi və sairə və ilaxır. Özləri bilərlər. Savadlı insanlardır, durub onlara ağıl vermək yaxşı çıxmaz. Sadəcə bu istedadlı adamların parıltıya aldanmaqları, müəllifin tirajından, aldığı mükafatlardan qorxmaqları şəxsən məndə dərin təssüf hissi yaradır. Çünki, yaradıcılıqla məşğul olan insan hər şeydən əvvəl təmiz sənət əsərini saxta, süni, surroqat əsərdən seçməyi mütləq bacarmalıdır. Bir az da fikrimizi inkişaf etdirsək belə deyə bilərik: yazmazdan əvvəl yaxşı oxumağı bacarmaq lazımdır. Burada yaxşı oxumaq dedikdə, ağı qaradan, yalanı doğrudan seçməyi nəzərdə tutmaqdayam.
Yuxarıda adlarını sadaladığım bu istedadlı adamlar, “Gecəyarısı uşaqları”nın nəyinə, hansı cəhətinə heyran olublar? Niyə bu adamlar öz bozbaşlarını, xaşlamalarını kənara qoyub, başqasının biabırçı qayğanağına tamah salırlar? Niyə bu adamlar öz bozbaşlarından, xaşlamalarından çəkinə-çıkinə danışdıqları halda, başqalarının biabırçı qayğanaqlarının tərifini ərşə qaldırırlar? Bunu başa düşməkdə bir az çətinlik çəkməkdəyəm. Bu adamlar Salman Rüşdidən azı yüz dəfə yaxşı yazıçıdırlar. Məsələn, Mirmehdi Ağaoğlunun “Bayramdan bir gün qabaq” hekayəsi “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatdan min dəfə yaxşı nəsr nümunəsidir. Mən ta durub Ordubadinin “Dumanlı Təbriz” əsərindən ətraflı danışmıram. “Dumanlı Təbriz”in adını təsadüfən, elə-belə, sözgəlişi hallandırmadım. Adətən “Gecəyarısı uşaqları” əsərindən danışan, yazan adamlar mütləq “Min bir gecə” nağıllarını da xatırlamağı özlərinə borc bilirlər. Sən demə, əsərdə “Min bir gecə” nağıllarına çoxlu göndərmələr varmış, əsərdə bir çox səhnələr “Min bir gecə” nağllarındakı səhnələri xatırladırmış filan… Bəylər, “Min bir gecə” nağıllarına həqiqi göndərmələrlə tanış olmaq istəyirsinizsə zəhmət olmasa Ordubadinin “Dumanlı Təbriz” əsərini oxuyun. Siz orada bir xeyli səhnələrdə, təsvirlərdə “Min bir gecə” nağıllarının həqiqi ab-havasını görəcəksiniz. Salman Rüşdi bir nasir kimi Ordubadinin heç tozuna da çata bilməz. Bunu qətiyyətlə bəyan edirəm, fikrimin arxasında dayanıram, bu mövzuda istənilən adamla da polemikaya girməyə hazıram.
Daha bir məqama fikir bildirmək istərdim. “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatda güya ədəbiyyatın dili ilə Hindistanın və Pakistanın tarixi yazılıb. Mən orada tarix zad görmədim, ancaq ürək bulandıran saxta, süni, ruhsuz, olduqca qurama, səthi təsvirlər gördüm. Salman Rüşdi tarix yaza bilməz. Çünki, bu adam tarix görməyib. Bu adamın tarixə yanaşması qlamur yanaşmadır. Hindistanın, Pakistanın tarixi, keçmişi, gələcəyi Salman Rüşdini maraqlandırmır, maraqlandırması da mümkün deyil. Hindistan, Pakistan bu kələkbaz, mənfəətpərəst, olduqca hiyləgər adama olsa-olsa ancaq mövzu, ekzotika, “alver predmeti” kimi maraqlı ola bilər. Bu söz heç də əbəs yerə deyilməyib: “Şəxsi sarsıntılar keçirmədən, heç bir müəllif, bir ölkənin tarixini ədəbiyyatın diliylə yaza bilməz”.
Tarixin ədəbiyyatın diliylə necə gözəl, rəvan yazıldığını, miflərdən, əfsanələrdən, folklordan necə ustacasına əsərdə istifadə olunduğunu görmək istəyirsinizsə, o zaman zəhmət olmasa İvo Andriçin “Drina körpüsü” əsərini oxuyun. “Gecəyarısı uşaqları” ilə “Drina körpüsü” arasındakı dəhşətli fərqi, uçurumu elə ilk səhifələrdəcə hiss edəcəksiniz. Bu mənada Qorkinin “Klim Samginin həyatı” əsəri də kifayət qədər gözəl nümunədir.
Yaxşı tutaq ki, Mirmehdi, Qismət, Rəvan Cavid gəncdirlər, “Gecəyarısı uşaqları”nın tiraji, məşhurluğu, aldığı mükafatlar onların gözünü qorxudub, bəs İlqar Əlfioğlu kimi tərcübəli, dərin mütaliəli adam necə Salam Rüşdinin tilovuna düşüb? İlqar bəylə Şərif Ağayarın “Gecəyarı uşaqları” barədə söhbətlərinə qulaq asdım. Həm İlqar bəyin, həm də Şərif Ağayarın mövqeyinə, fikirlərinə görə xeyli dilxor oldum. Bu yaşda parıltıya aldanmaq , əsərin tirajından, məşhurluğundan, aldığı mükafatlardan qorxmaq , “bəzəkli konfet kağızına bükülmüş cəfəngiyyata” bəh-bəhlə bəy tərifi vurmaq, yumşaq desəm ayıb sayılmalıdır.
Bəs Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hansı fikirlə, hansı məqsədlə, hansı niyyətlə “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatı nəşr edib? Bu mənasız, axmaq kitabın əvəzinə çox rahatlıqla azı iki qiymətli əsəri nəşr etmək olardı. Məsələn, Anri Barbüsün “Atəş”, Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” əsərlərini.
***
Kitabları oxuduqdan sonra tanıdığım münasib insanlara ötürürəm. Boğazıma diri ilan salsalar da “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatı heç kimə, hətta düşmənimə də ötürə bilmərəm. Belə bir kitabı evdə saxlamaq da zərərlidir. Hər dəfə görəndə qanım qaralacaq və yəqin ki, bu kitabdan evə mənfi enerji yayılacaq. Axşam gəzintisinə çıxanda başdanbaşa saxta təsvirlərdən ibarət olan, mənə olmazın zülmü vermiş bu kitabı birbaşa zibil qutusuna tullayacam və bu hərəkətimə görə mənəvi əzab zad da çəkməyəcəm. “Gecəyarısı uşaqları”nın yeri zibil qutusudur.
Adətən yazılarda fürsətdən istifadə edib oxuculara hansısa əsəri oxumağı tövsiyə edirəm. Bu dəfə tərsinə olacaq. Oxuculara “Gecəyarısı uşaqları”nı oxumamağı şiddətlə tövsiyə edirəm. Bu kitabı yalnız bir şərtlə, romanı necə yazmamağı öyrənmək məqsədi ilə oxumaq olar.
azlogos.eu