“O, öz faciəsini başa düşür, ancaq...” – Seymur Baycan Əsəd  Cahangirə cavab verdi

<b><span style="color:red;">“O, öz faciəsini başa düşür, ancaq...”  – Seymur Baycan Əsəd  Cahangirə cavab verdi</b>
23 may 2018
# 11:47

Seymur Baycan tənqidçi Əsəd Cahangirin Kulis.aza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Həmin yazını təqdim edirik.

Əvvəla ondan başlayaq ki, biz heç öz insanımızı, özümüzü yazıb qurtara bilməmişik, postinsandan yazmağımız taktiki cəhətdən nə dərəcədə doğru ola bilər. Ola bilsin, Əsədin postinsan haqqında dedikləri hansısa məkandasa, hansısa ölkədəsə real söhbətlərdir, amma o söhbətlərin bizə, bizim indiki halımıza nə dərəcədə dəxli var? Ümumiyyətlə, postinsan kimi söhbətlərə çox da aludə olmaq, belə söhbətlərdən qorxmaq, kompleksə düşmək lazım deyil. Bunu yazar dostlarım üçün deyirəm. Bildikləri, tanıdıqları həyatı yazsınlar. Provaksiyalara uymasınlar.

Qaldı dünya ədəbiyyatına, məsələn, çox sadə dildə, sadə üslubda yazılmış norveçli yazıçı Karl Ove Knausqaardın “Mənim mübarizəm” əsərinin böyük uğur qazanması göstərdi ki, iç-içə yaşadığımız insanları, öz həyatımızı, real problemlərimizi, hisslərimizi yazmaq heç də deyilənlər qədər köhnəlməyib. Əksinə insanlar yersiz eksperimentlərdən bəzən daha çox bezirlər. Onlar real həyatın, hisslərin, hadisələrin sadə şəkildə ifadə olunmasına daha çox ehtiyac duyurlar. Bu haqda burda geniş danışmaq istəmirəm. Ola bilsin, yaxın günlərdə bu mövzuda yazı yazdım.

Ümumilikdə götürəndə isə... Əsədin dərin biliyini, Şərq və Qərb ədəbiyyatını gözəl bilməsini qeyd etməklə bərabər onun nələrdən danışdığı çox təəssüf ki, mənim üçün ciddi əhəmiyyət daşımır. Əsədin sözünün kəsəri yoxdu. Halbuki ədəbiyyatımız üçün nə qədər faydalı insan ola bilərdi. Bunun üçün onun hər cürə intellektual potensialı vardı. Görünür, tək intellekt hər şeyi həll etmir, xarakter də lazımdır. Əsəd faciəli, həm də ibrət götürməli bir fiqurdur. Necə dəyərlər, Əsədə gözünün ucuyla baxan ibrət dərsi götürər. Ki, dərin biliyə baxmayaraq, insanda xarakter olmayanda necə təəssüfedici vəziyyətə düşür. Bunu ürək ağrısı ilə qeyd edirəm. Onu da xatırlayıram ki, ədəbiyyatda kövrək addımlarımı atmağa başlayanda haqqımda ilk yazı yazan, mənə uğurlu yol arzulayan, dəstək, ürək-dirək verən adam Əsəd olubdur. Bunu unutmamışam. Hərdən mənə elə gəlir ki, Əsəd öz faciəsini başa düşür, dünya malına, xırda-xuruş şeylərə görə bir insan kimi hansı mənəvi dəyərləri itirdiyini anlayır, amma zor deyil, özü ilə bacarmır. Ortaya mövqe qoya bilmir.

“Mədəniyyət” kanalında bir veriliş var. İlqar Fəhmi, Əsəd və onların qonaqları yığışırlar hansısa restoranın zalına, çay içə-içə sufilikdən, ilahi eşqdən, fanilikdən filandan danışırlar. Arada da muğama qulaq asırlar. Bu cürə böyük, təmtəraqlı mövzulardan ciddi-ciddi danışsalar da real həyatda haqq-hesablarını, hardan xeyir, hardan zərər gələ biləcəyini əla bilirlər. Sufilikdən, fanilikdən, ilahi eşqdən bəh-bəhlə danışsalar da həyatda özlərini əsl işbaz kimi aparırlar.

Əsədin postinsan, sufilik, ilahi eşq, Allah, peyğəmbər haqqında danışdıqları o zaman əhəmiyyət daşıyar ki, dedikləri ilə həyatdakı əməlləri çox yox, bir qram, bircə qram üst-üstə düşsün.

Vəzifəli yazıçılara tərifnamələr yazıb, onların bədii-estetik cəhətdən zəif əsərlərinə təriflər yağdırıb sufilikdən, ilahi eşqdən, fanilikdən danışmaq onu bir tənqidçi-işbaz kimi göstərir. Əgər həqiqətən də Əsəd üçün insan maraqsızlaşıbsa və artıq onu postinsan maraqlandırırsa qoy əlinə qələm alıb bir vəzifəli yazıçı haqqında tənqidi yazı yazsın. Yaza bilməz.

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

# # #