“İki sabun” – Seymur Baycanın hekayəsi

<b>“İki sabun” – <span style="color:red;">Seymur Baycanın hekayəsi </b>
7 iyul 2017
# 14:00

Kulis.az Seymur Baycanın “İki sabun” hekayəsini təqdim edir.

Əlimə bir balaca maddiyyat keçmişdi. Fikirləşdim, gedim S. qəsəbəsinə. Bir az yazım, bir az pozum, bir az müalicə qəbul edim. Orda iki il əvvəl olmuşdum. Havası, suyu, adamları, sakitliyi xoşuma gəlmişdi. Bir yerdə çox qalanda hisslərim kütləşir. Bir yerdə çox qalmağı sevmirəm. Təəssüratların təzələnməsi üçün tez-tez yerimi dəyişməliyəm. Təəssüratlar təzələnəndə isə az-çox yazmaq və oxumaq həvəsi yaranır.

Pal-paltarımı, dəftər-qələmimi, lazım olan kitabları yığıb həvəslə və ümidlə yola düşdüm. Qəsəbəyə günorta çatdım. İki sanatoriyaya baş çəkdim. Qiymətlər cibimə uyğun gəlmədi. Hərçənd sanatoriyada gündə üç dəfə yemək verirdilər. Müəyyən bir vaxtda hazır masa arxasında əyləşmək mənim üçün böyük lütfdür. Nəsə yazanda yemək haqqında düşünmək istəmirəm. Acırsan və harda yemək, nə yemək haqqında düşünmək məcburiyyətində qalırsan, fikirlər dağılır, təzədən yazıya qayıtmaq çətinləşir.

Otaq kirayələmək qərarına gəldim. Düşündüm, səhər və günortanı pomidorla, pendirlə, qarpızla, meyvəylə yola verərəm, axşam yeməyini isə kafedə yeyərəm. Sanatoriyanın yanında bir kişi bal satırdı. Yaxınlaşdım, ədəb-ərkanla salamlaşdım və balsatan kişidən soruşdum:

- Burda harda kirayə otaq tapmaq olar?

- Mən özüm otaq kirayə vermirəm, mənim işim bal satmaqdır, amma bir tanış adam var, yaxşı, sakit ailədir, istəsən, apararam səni ora.

- Nə vaxt?

- Bir azdan gedərik. Təxminən, on beş dəqiqəyə.

Çantamı kişinin yanında qoyub bir az ağacların arasında gəzdim. Bir siqaret çəkdim. Ətrafda çoxlu arılar var idi. On beş dəqiqədən sonra qayıtdım kişinin yanına. O, balla dolu şüşə balonları, plastik qabları maşına, köhnə "Jiquli"yə yığırdı. İstədim, ona kömək edəm, arılardan qorxdum. Fikirləşdim, kişi düşünəcək ki, bu nə zırrama adamdır, qabları maşına yığmağa kömək eləmir. Ona dedim ki, sizə kömək edərdim, amma arılardan qorxuram və uşaqlıqda arıların məni necə sancmasından danışdım.

Kişi bütün qabları maşına yığdı. Dördayaqlı stolu isə ağzıüstə çevirib ağacların arasında gizlətdi və bic-bic gülümsədi. Sanki heç kimin ağlına gələ bilməyəcək mühüm bir əməliyyatı peşəkarcasına həyata keçirmişdi. Motor işə düşmədi. İki adam da köməyə çağırıb maşını itələyib işə saldıq. Çox getmədik, bir küçəni keçib sola döndük, balaca bir dikə qalxıb gümüşü rəngli bir darvazanın qabağında dayandıq:

- Evdə olmalıdır.

Həyətdə it hürdü. Balsatan kişi ev yiyəsini çağırdı. İki-üç dəqiqə sonra küçəyə bir kişi çıxdı. Əynində geyim adına ancaq şortik var idi. Balsatan kişiylə qısaca hal-əhval tutdu və bizi həyətə dəvət etdi. Həyətə girəndə it daha bərk hürməyə başladı. Ev sahibi bir neçə dəfə itə acıqlandı. İt bir az kənara çəkildi, amma hürməyindən qalmadı. Məqsədimi bildirdim. Bir az sınayıcı baxışlarla məni süzdü. Dedi: “Dördüncü günə kimi otaq boşdur. Dördüncü gün Tiflisdən qonaqlarım gələcək. İstəyirsən, dördüncü günə kimi qal, sonrasına baxarıq. Çöldə qalmazsan”. Otağın qiymətini soruşdum. Günü on lari. Qiymət məni tam qane edirdi. Razılaşdıq.

Maşından çantamı götürmək üçün küçəyə çıxdım. Balsatan kişiyə təşəkkürümü bildirdim və ehtiyatla ona beş lari uzatdım. Götürmədi. Belə olduğu halda ona bir daha təşəkkürümü bildirdim. Çantamı götürüb həyətə qayıtdım. İt yadımdan çıxmışdı. Birdən ağacların arasından çıxıb üstümə gəldi. Bu zaman balaca bir uşaq itin üstünə qışqırdı. Bu, ev sahibinin oğlu idi. Uşağın nənəsi və anası isə evin qabağında oturub fındıq sındırırdılar.

Ev sahibi qalacağım otağı mənə göstərdi. Sadə və təmiz bir otaq. Bir yığcam masa, bir stul, iki ayının rahat yata biləcəyi yekə bir çarpayı, hamam və tualet. Mətbəx həyətdədir.

Yuyundum, köynəyimi dəyişdim, rahatlandım. Yolun yorğunluğunu canımdan çıxarmaq üçün yatağa uzandım. Yatdım. Nə qədər yatdım, bilmirəm. Yatağa uzananda saata baxmamışdım.

Yuxudan oyananda özümü xeyli gümrah hiss edirdim. Yorğunluğum kifayət qədər canımdan çıxmışdı. Bura gəlməyimə, otaq tapmağıma sevinmişdim. Yuyundum, geyinib-keçinib otaqdan çıxdım. Otaqdan çıxanda həyətdə heç kim yox idi. İt də harasa getmişdi. İki il ərzində qəsəbədə, görəsən, nələr dəyişib? Darvazadan təxminən yüz metr aralanmışdım ki, miyoltu eşitdim. Ətrafa diqqətlə göz gəzdirdim, gözümə pişik dəymədi. Pişiyi axtarmağa başladım. Onu balaca bir çalada tapdım. Miyoldayan ağlı-qaralı bir pişik balası idi. Çalanın başına qədər dırmaşır, son anda təzədən sürüşüb çalanın dibinə düşürdü. Əlimi atıb pişik balasını çaladan çıxardım. Onu belə vəziyyətdə qoyub getmək istəmirdim, amma özümlə də götürə bilməzdim.

Təzədən qəsəbənin mərkəzinə tərəf üz tutdum. Bir zamanlar məşhur olmuş, indi isə yararsız hala düşmüş sanatoriya binasının yaxınlığında dayandım. Binanın bəzi yerlərində divarlar uçub töküldüyündən mərtəbələr arasındakı pilləkənlər görünürdü. Damda kollar və ağaclar bitmişdi. Sanatoriyadan bir az aralıda sovet dövründən qalmış mağaza vardı. Nə qədər uçub dağılsalar da, nə qədər yararsız hala düşsələr də, bu mağazaları min metrdən tanıyıram. Çünki sovet zamanı az qala bütün mağazaların, univermaqların quruluşu, hətta içəridəki malların düzülüşü də eyni olurdu. Çox nadir hallarda fərqli quruluşda mağazaya, univermağa rast gəlmək olardı. Mağazanın üstündəki dəmir hərflər paslanmışdı. Hərflərin bir neçəsi çatışmasa da, yerdə qalan hərflər - təsəvvürə gətirmək çətin olsa da - nə vaxtsa bu mağazada ərzaq mallarının satıldığını sübut edirdi. Bir müddət əvvəl elə hesab edirdim ki, xatirələrimdən canımı qurtarmışam. Danışılası danışılıb, yazılası yazılıb. Əbəs yerə belə düşünmüşəm. Bu köhnə mağazaya baxmaqla yaddaşım qıcıqlandı, neçə-neçə mənzərələr, hadisələr yadıma düşdü. İndi xaraba qalmış bu mağazaya baxarkən bir vaxtlar onun mövcud olmuş içini görürdüm. Göy rəngli tərəzilər, dördkünc sarı kağızlar, bu kağızlardan ani bir hərəkətlə kulok düzəldən əsəbi, deyingən, hövsələsiz, xüsusən tanımadıqları uşaqlara qarşı kobud rəftar edən satıcılar, kağızı solğun, bir-birinə yapışmış fərəhsiz sovet konfetləri, qatı, kəskin iyli günəbaxn yağları, tavadan sallanan, üstü milçəklə dolu yapışqanlı kağızlar, xarab ventilyatorlar…

Qıtlıq birdən yarandı. O vaxta qədər ikinci dünya müharibəsi görmüş qocaların qıtlıq haqqında söhbətləri, kitablardan oxuduğum qıtlıq təsvirləri mənə çatmırdı. Biz israfçılıq edəndə ikinci dünya müharibəsi görmüş qocalar deyinərdilər, biz isə bu deyinməyi qocalığın əlaməti, zəhlətökənlik kimi başa düşürdük. Axı qənd necə yoxa çıxa bilər? Bir gün gördük ki, doğrudan da, qənd yoxdur. Çətin tapılan çayı qəndsiz içirdik. Utanırdıq. Mağazalarda rəflər boşalmışdı. Almağa heç nə qalmamışdı. Təkcə balıq mağazasında bir rəf dolu idi. Adamlar dolu rəfə yaxınlaşırdılar. Şüşə bankaları əllərinə alıb orasına-burasına baxırdılar. Satıcıdan soruşurdular: bu nədir? Satıcı da qarımış, yelbeyin bir qız idi. Deyirdi ki, bu dəniz kələmidir, çox xeyirli şeydir, başqa yerlərdə adamlar bunu iki-iki, üç-üç alırlar, bizim camaat başa düşmür bu nədir. Az sonra həmin rəf də boşaldı… Xaraba qalmış ərzaq mağazasına baxıb yaşım barədə düşünürdüm. Bu azmış kimi, yoldan qarpız yüklənmiş “QAZ- 31” keçdi. Vaxt vardı, bu maşını görəndə adamlar özlərini yığışdırır, bəzisi qorxur, bəzisi əmr, tapşırıq almağa, bəzisi yaltaqlanmağa, bəzisi də təhqir olunmağa hazırlaşırdı. “QAZ-31” yolda görünəndə adamlar yolun kənarlarına çəkilir, bəziləri qorxudan hətta yoldan iki metr aralanırdı. Lakin hansı vəziyyətdə olursa olsun, dönüb maşının içinə baxırdılar. Bir vaxtlar hamının əldə etməyə çalışdığı maşında indi qarpız daşıyırlar. Zamanın keçdiyini belə kobud şəkildə göstərən mənzərələr adamı öz yaşı haqqında düşünməyə vadar edir. Qırx yaş elə yaşdır ki, insan hara getdiyini, nə üçün getdiyini özü üçün aydınlaşdırmalıdır….

Bu zaman bəndənizə bir kişi yaxınlaşdı. Hardasa altmış-altmış beş yaşı olardı. Ayaqlarında dabanları əyilmiş, bağsız çəkmə vardı. Qara köynəyinin üstündə duz ləkələri, pomidor tumları görünürdü. Alt dodağı qalın idi, xeyli qabağa çıxmışdı, diqqətdən kənarda qala bilmirdi. Salamlaşdıq. Elə rahat söhbətə başladı ki, elə bil, bayaqdan mənlə söhbət edirmiş. İstənilən adamla, istənilən mövzuda asanlıqla söhbətə girmək, kənar adamların müntəzəm gəlib-getdiyi məkanın sakinləri üçün xarakterik haldır.

- Restoran tikirik. Mən də fəhlə işləyirəm orda.

Əlini uzadıb tikilməkdə olan restoranı göstərdi. Restoran tikintisinin həyatıma və yaradıcılığıma bir qram dəxli olmasa da, mədəniyyət xatirinə sual verdim:

- Nə vaxta hazır olar?

- Sentyabrın axırına... Mağaza axtarırdın?

- Yox. Mərkəzə gedirdim.

- Mağaza axtarırdınsa, o küçənin başında var... Burdan mərkəzə iki yol gedir. Biri bu yoldur, biri də ...

- Qəsəbəni tanıyıram. Bir dəfə olmuşam burda.

- Nə vaxt?

- İki il əvvəl.

- Harda qalmışdın?

- Sanatoriyada.

- Hansında?

- Parkın yanındakında. Adını bilmirəm. İkimərtəbəli ağ binadır.

- Hə, bildim. Onu sonradan tikiblər. Sovet vaxtı burda hər nazirliyin öz sanatoriyası vardı. MVD-nin, KQB-nin, hərbiçilərin, dəmiryolçuların, müəllimlərin, veteranların… Sovetin hər yerindən bura adamlar gəlirdilər. Moskvadan, Kievdən, Leninqraddan, Sibirdən… İlin on iki ayı burda adam əlindən tərpənmək olmurdu. Sovet dağılanda hər şey darmadağın oldu. İndi yavaş-yavaş təzədən düzəldirlər, amma inanmıram, hər şey əvvəlki kimi olsun. Sən təsəvvür edə bilərsən ki, bu küçəni hər gün səhər çəhrayı şampunla yuyurdular? Gecələr isə bura elə işıqlı olurdu ki, iynə itirsəydin, axtarıb tapa bilərdin. Bax, o sanatoriyanı alman əsirləri tikiblər. Oranın yeməkxanasında üç yüz adam yemək yeyirdi. İndi xaraba qalıb. O gölməçəni görürsən? Orda rəqs meydançası vardı. Buranı sovet vaxtı görmüş bir dostum sovet dağılandan sonra bizə qonaq gəlmişdi. Dəli olmuşdu. Küçədə adam yox idi. Elə bil, bura atom bombası atmışdılar. Dostum içib elə hey deyirdi: “Hanı insanlar? İnsanlar hara gedib?” Poçt mərkəzdə yerləşirdi. O vaxt indiki kimi hərənin əlində bir telefon yox idi. Bir şəhərdən başqa şəhərə zəng etmək üçün gərək poçta gedəydin. Axşamlar poçtun qabağında uzun növbə olurdu. Zəng edənlərin də hamısı evdən pul göndərmələrini xahiş edirdilər. Pul göndərin, pul göndərin, pul göndərin. İldə bura iki yüz mindən artıq adam istirahətə, müalicəyə gəlirdi. Yox, yox, mən nə qədər danışsam da, sən buranın ovaxtkı həyatını təsəvvür edə bilməzsən.

- Niyə ki? Əgər balaca bir qəsəbəyə ildə iki yüz mindən artıq adam istirahətə gəlibsə, deməli, həmin qəsəbədə canlı həyat olub. Amma sovetin hər yerində belə şən həyat yox idi. Elə yerlərdə var idi ki, orda adamları qul kimi gün çıxmamışdan gün batana qədər pambıq tarlalarında işlədirdilər. Başlarından da təyyarələr zəhər tökürdü.

O, ucadan danışır, az qala qışqırırdı. Papiros yandırdı. Tüstünü sinəsinə çəkən kimi öskürməyə başladı. Elə öskürə-öskürə də soruşdu:

- Ha-ra-lı-san?

- Bu, mənim üçün ağır sualdır.

- Millətin nədir?

- İnsanın hansı millətə mənsub olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, insan ədalətli, vicdanlı olsun. Başqalarına pislik etməsin. Bəyəm hamımızı bir allah yaratmayıb? Elə deyil?

- Elədir.

Əslində, bu banal söhbəti eləməkdə məqsədim hansı millətə mənsub olduğumu ondan gizlətməkdi. Hər qarşına çıxan adama həyat və yaradıcılığını danışası deyilsən. Hər qarşına çıxan adama durub necə başa salasan ki, mənim orda, doğulduğum yerdə baş verən biabırçılıqlara dəxlim yoxdur, o biabırçılıqların iştirakçısı olmamışam. Əksinə, o biabırçılıqların baş verməməsi üçün öz payıma əlimdən gələni etmişəm.

- Yəhudiyə oxşayırsan.

- Yəhudilərə böyük hörmətim var.

- Sən yüz on beş yaşlı adam görmüsən?

- Yox, görməmişəm.

- Mən görmüşəm. Qrup yoldaşımın qohumu idi. Mən onlara qonaq getmişdim. Bir gün dedi ki, gedək, sənə yüz on beş yaşlı adam göstərəcəm...

Biz ordan-burdan söhbət edə-edə yolun başına çatdıq. Həmsöhbətim çox asanlıqla bir mövzudan o biri mövzuya keçirdi. Biz hətta Bibliyadan da söhbət etməyə macal tapdıq. Mən dedim ki, Bibliya yəhudi nağıllarından, əfsanələrindən ibarət kitabdır. Gördüm, duruxdu, daha dərinə gedib dini hissiyyatına toxunmaq istəmədim. O, məni pivə içməyə dəvət etdi. Mədəni şəkildə imtina etdim. Dedim, hələ burdayam. Yəqin qarşılaşarıq. Qalsın başqa vaxta.

Gəlib çatdım qəsəbənin mərkəzinə. Parka gedib bir az gəzişdim. Ağacların gövdələrinə kağız elanlar yapışdırılmışdı. Bu elanlarda sərfəli qiymətə təmiz və rahat otaqların kirayə verildiyi bildirilirdi. Müalicəyə gəlmiş adamlar skamyalarda oturub bir-birilərinə xəstəliklərindən danışırdılar. Mağazaya girib siqaret, bir ədəd hamam sabunu, bir ədəd də paltar sabunu aldım. Acmışdım.

Qarşıma bir kafe çıxdı. İki il əvvəl bu kafeni görməmişdim. Boş masalardan birinin arxasında əyləşdim. Kafedə adam az idi, amma mən oturandan sonra kafe yavaş-yavaş dolmağa başladı. Pendir, çörək, çoban salatı, bir şiş kabab və ağ çaxır sifariş verdim. Bundan sonra yalnız fraqmentlər yadımda qalıb. Kimlərsə gəldi, kimlərsə getdi. Qonşu masada idmançılar əyləşmişdi. Restorana da idman formasında gəlmişdilər. Ofisiantla çox kobud rəftar edirdilər. Sonra heç nə yadımda deyil. Bir onu xatırlayıram ki, hardasa aşa-aşa gəzirəm. Heç nəyi hiss etmirəm. Ətraf mənim üçün mövcud deyil. Sanki hər şey yuxuda, başqa aləmdə baş verir. Hər tərəf qaranlıqdır. Yıxılıram, iməkləyirəm, ayağa qalxıram, yenə yıxılıram… Doğrudanmı, bütün bu əhvalatlar mənim başıma gəlir? Maşındayam. Məndən nəsə soruşurlar. Sonra bir otaqdayam. Bilmirəm bura haradır. Məni yatağa uzadırlar. Bir an mənə elə gəldi ki, səhər tərk eləyib gəldiyim Tiflis indi çox-çox uzaqlarda qalıb və bir də nə vaxtsa ora qayıtmağım çox çətin olacaq.

Səhər xoruzların səsinə yuxudan oyandım. Xoruzlar gücləri gəldikcə banlayır, sanki bütün dünyaya car çəkirdilər: “Görürsünüzmü, biz bu günə də salamat çıxa bildik”. Ətrafa baxdım. Gördüm dünən kirayələdiyim otaqdayam. Başımda ağrı yoxdur, amma ürəyim möhkəm döyünür. Sol əlimdə cızıqlar var. Sağ qolum dirsəkdən yuxarı ağrıyır. Şalvarım gömgöydür. Elə bil, məni otluqda sürüyüblər. Eynəyimin bir şüşəsi yerli-dibli yoxdur. O vurhavurda nə vaxtsa oxuduğum yapon şeirindən bir misra yadıma düşür:

“Gözümün biri görmür, amma mən eynəyimin hər iki şüşəsini silirəm”.

Qalxıb güzgüyə baxdım. Sol qaşımın üstündə qan quruyub qalıb. Qaşım ortadan yüngülvari cızılıb.

Hamama keçib kranı açdım. Başımı soyuq suyun altına tutdum. Üzümə çoxlu su vurdum. Çimməyə halım yox idi. Otağa qayıdıb şalvarımın ciblərinə baxdım. Pasportum yerində idi, amma pulu itirmişdim. Ya da götürmüşdülər. Bilmirəm. İstərdim itirim. İnsanlar haqda pis düşüncədə olmaq istəmirəm. Sağ cibimdə bir balaca, geriyə qayıtmağa bəs edincəyə qədər pul qalmışdı. İtirmişəmsə, nə yaxşı hamısını itirməmişəm. Götürüblərsə, sağ olsunlar, hamısını götürməyiblər. Nə yaxşı ki, pasportum yerindədir. Bir də hamam və paltar sabunu stolun üstündədir. Bu vurhavurda sabunları necə itirməmişəm, gətirib otağa çıxarmışam! Çarpayıda oturdum. Təzə gəlin kimi otaqdan bayıra çıxmağa utanıram. Axır-əvvəl otaqdan çıxmalıyam. Otaqda hər şey mənə dözülməz dərəcədə cansıxıcı görünür, xüsusən də, oxumaq üçün götürdüyüm kitablar. Uzun ayaqlı ağcaqanad qanımı sorurdu. Ərindiyimdən barmaqlarımı tərpətmirdim…

Eh, nə olursa olsun, nəhayət qapını açıb həyətə çıxıram. Arxam evə, üzüm bağa tərəf dayanıb düşünürəm: Nədir bu? Mənəvi tənəzzül? Yorğunluq? Alkoqolizm? Adi ehtiyatsızlıq, yoxsa psevdohəyat? Bu vəziyyətə düşməyimin səbəbini özüm-özümə izah eləməkdə aciz idim. Özümü anlamaqda çətinlik çəkirdim.

- Sabahın xeyir.

Geriyə çevrildim. Ev sahibi eyvanda dayanmışdı.

- Sabahın xeyir.

- Dünənki gün yadındadır?

Sualı verdi, özü də pilləkənlə aşağı düşməyə başladı.

- Heç nə yadımda deyil.

- Nə içmişdin?

- Ağ çaxır.

- Harda?

- Parka gedən yolun sağında bir kafe var, orda. Deyəsən, təzə açılıb. Birinci dəfə gələndə görməmişəm.

- Nə qədər içmişdin?

- Bilmirəm.

- Tək içirdin?

- Əvvəl tək içirdim. Sonra, deyəsən, dəstəyə qoşulmuşam.

- Belə olmaz. Sən dünən nəfəs ala bilmirdin. Birdən ürəyin dayanardı. Başımıza oyun açmısan. Evdən gedəndə heç kimə heç nə deməmisən. Baxıram, yoxsan. Gecə saat ikiyə qədər gözləmişəm. Ağlıma min fikir gəldi. Getdim xəstəxanaya. Soruşdum, bura belə adam gətirməyiblər? Keçəl, saqqallı. Deyirlər yox...

- Mən evdən çıxanda heç kim yox idi.

Evin xanımı da həyətə düşür. Bir az mənə baxdı, keçdi mətbəxə. Onun baxışlarında acıq hiss etmirəm. Belə başa düşdüm ki, halıma, vəziyyətimə acıyırdı. Kişi arvada gürcü dilində nəsə dedi. Qadın ağacın altındakı masanın üstünə pendir, uzunlamasına doğranmış xiyar, çörək qoydu.

- Sənə çay içmək lazımdır.

- Çay içmirəm. Çaxır var?

- Hansından? Ağ? Qırmızı?

- Ağ. Amma soyuq olmasın.

Kişi gətirib masanın üstünə qrafində ağ çaxır qoydu.

- Özüm çəkmişəm. Təmizdir. Mən içmirəm, maşına minəcəm.

İt dayanıb kənarda. Daha hürmür. Ya üzümə öyrəşib, ya da hiss edir ki, hürməklik halım yoxdur.

- İtə nə verirsiniz yeməyə?

- Çörək, ət, sür-sümük… Nə versək, yeyir. O barədə xasiyyəti yaxşıdır. Bircə pis xasiyyəti var ki, ona dəxli olmayan söhbətlərə qulaq asmağı xoşlayır.

Hər şey haqqında danışmağa hazıram, təki söhbət dünən baş verənlər haqda olmasın. Özümü aciz, alçalmış hiss edirəm. Sarsılmışam. Yıxılmağımı heç cürə özümə bağışlamıram. Kişi mənə moizə oxuyur. Arvad da arada gəlib bizə baxıb gedir. Heç nə demir. Söhbəti dəyişmək üçün həyətdəki ağacları göstərib sual verdim:

- Bu ağacları kim əkib?

- Atam.

- Sağdır?

- Yox. On il əvvəl ölüb.

- Sənin üçün çətin oldu.

- Hə, çətin oldu. Uşaq kimi ağlayırdım.

Bu söhbət çox davam etmir. O yenə də dünən baş verənlərə qayıdır.

- Səni bilirsən, hardan tapıblar?

- Bilmirəm. Heç nə yadımda deyil.

- Səni gölün qırağından tapıblar. Ora necə getmisən?

- Bilmirəm… Atam möhkəm içirdi. İçirdi, evdə dava-dalaş salırdı. Evin əşyalarını sındırırdı. Bəzən bizi evdən qovurdu. Mən onda çox qorxurdum. Arağa nifrət edirdim. Çünki evimizdəki dava-dalaşın səbəbini yalnız araqda görürdüm. Deyirdim, böyüyəndə bütün araq zavodlarını yandıracam. O vaxt heç ağlıma gəlməzdi ki, böyüyəndə özüm də içəcəm. Həyatdır, hər şey olur. Heç kim bu vəziyyətə düşəcəyindən sığortalanmayıb. Hamının başına gələcək işdir.

- Elə deyil. Hər şeyin bir həddi var. Evlisən?

- Yox.

Başladı ailənin, uşağın inasana verdiyi xoş hisslər haqqında danışmağa:

- Mən də çox içirdim. Moskvada oxumuşam. Sonra SSSR dağıldı. Evdən pul göndərmədilər. Özüm işləməyə başladım. Gec evlənmişəm. Mənim taylarımın uşaqları institutda oxuyur, mənimkilər orta məktəbdə. Amma evlənəndən sonra özümü yığışdırdım. Ailə böyük məsuliyyətdir.

Əgər bu sözləri dünən desəydi, bir söz tapıb ona cavab verərdim. Ancaq indi… İndi dilim gödəkdir. Susmağa və dözməyə məcbur idim.

Üç stəkan çaxır içdim. Özümə söz verdim ki, bir daha kənar yerdə, bir də tək içməyəcəm. Ev sahibinin anası ağacların arasından çıxdı. Ləyənə şaftalılar yığmışdı. O da mənə baxdı və oğlu ilə gürcü dilində nəsə danışdı. Əlbəttə, söhbət məndən, dünən baş verənlərdən gedirdi. Başımla arvadı göstərərək soruşdum:

- Neçə yaşı var?

- Yetmiş iki.

- Yaxşı qalıb.

- Yetmiş iki yaşı var, bir dəqiqə dayanmır. Bütün günü əlləşir. Əkir, becərir, bişirir. İnək saxlayır, toyuq saxlayır.

- Belə qadınlar bir daha olmayacaq. Sonuncu mogikanlardır. Seriallar adamların başını xarab elədi.

- Qulaq as, o gün televizorda gicin biri çıxıb deyir ki, mən birinci ərimlə dostluq münasibətindəyəm. İkinciylə biznes qurmuşam. Üçüncü uşaqlarımı saxlayır. Dördüncü ilə səyahətə çıxıram. Sonra da bunun evini, maşınını göstərirlər. Daha bundan sonra kim gedib inək sağar? Camaata göstərirlər ki, yaxşı yaşamaq üçün dörd dəfə ərə getmək lazımdır. Belə tərbiyə olar? Rəsmən camaatı yoldan çıxarırlar.

Əlbəttə, o, televizora çıxıb ərləri haqqında danışan qadın barəsində “gic” sözü deyil, daha ağır kəlmə işlətdi, ancaq mən oxucuları nəzərə alaraq o ağır sözün yerinə “gic” kəlməsindən istifadə elədim. O danışır, mən isə qoca arvada baxıram. Nə qəribədir! Biri ölüb, amma o birisi yaşayır. Həmin anlar kişinin ölüb, qadının isə sağ qalması mənə qəribə görünürdü.

- Gürcü dilini bilirsən?

- Yox, öyrənə bilməmişəm. Bir neçə söz bilirəm.

- Hansı sözləri?

- Didi, patara, naxivari, mirvarxar, qismet, me, şen, xo, ara, araris, mukzani, saperavi, kinzmarauli...

- Bəsdir. Əsas sözləri bilirsən.

- …

- Sən dünən Malxazla söhbət eləyəndə ayıq olmusan.

- Malxaz kimdir?

- O da yadında qalmayıb?

- Ucadan danışan kişini deyirsən?

- Hə. Dəlidir o.

- Mən onda ciddi bir dəlilik hiss etmədim. Maraqlı şeylər danışırdı.

- Yox, sən bilmirsən. 2008-ci ildə rus təyyarələri burda uçuşanda Malxaz küçəyə çıxıb qışqırırdı ki, ay camaat, narahat olmayın, onlar mənim dostlarımdır, xahiş etmişəm, bura bomba atmasınlar.

- Vəziyyətin bu dərəcədə ağır olduğunu bilmirdim. Yazıq…Mən yavaş-yavaş yığışım yola düşüm.

- Hara?

- Tiflisə.

- Niyə?

- Pulumu itirmişəm, qalmağın mənası yoxdur. Yaman yazdım, yaman dincəldim. Heç yaxşı olmadı.

- Harda itirmisən?

- Bilmirəm.

- Bəlkə restoranda itirmisən? Gedək soruşaq.

- Lazım deyil. Mənası yoxdur. Uşaq işidir.

- Yaman pis oldu. Avtobus on birə işləmiş çıxır. Çatdırmaq lazımdır. Mən səni yola salaram. Yolpulun qalıb?

- Bir az sağ cibimdə qalıb. Geriyə qayıtmağa bəs edər.

Bu sözləri deyərkən özümdə elə bir halsızlıq hiss etdim ki, sanki sözlərlə bərabər canım da ağzımdan çıxdı.

- Hər şey yaxşı qurtarıb. Allaha şükür, bir şey olmayıb sənə. Hər şey ola bilərdi.

Çamadanımı götürüb maşına yaxınlaşdım. Özümə güc verib evin qabağında oturub mənə baxan iki qadına təşəkkürümü bildirdim və dünən baş verənlərə görə üzr istədim. Maşına oturdum. Ev sahibi məni vağzala gətirdi. Avtobus yarıya qədər dolmuşdu. Ayrılanda ona pul uzatdım. Götürmürdü, amma mən pulu maşının açıq pəncərəsindən oturacağın üstünə atdım. Bir daha baş verənlərə görə üzr istədim.

Oturdum avtobusa. On-on beş dəqiqədən sonra avtobus yola düşdü. Sərnişinlərin zahiri görkəmi məni kədərləndirirdi. Onların hamısı arıq idi, üzləri xəstə adamın üzünə oxşayırdı. Heç bir səfərdən belə üzgün və əzgin qayıtmamışdım. Boğulurdum. Ən pis şeylər haqqında düşünürdüm. Ən pis hadisələri xatırlayırdım. Gözümə görünən bütün mənzərələr, qulağıma gələn bütün səslər kədərimi daha da böyüdürdü.

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #