Uşaqların sinif yoldaşlarından gizlədiyimiz evimiz - Onlayn dərslər

Uşaqların sinif yoldaşlarından gizlədiyimiz evimiz - Onlayn dərslər
7 aprel 2020
# 10:36

Uşaqlarımız karantin günlərini unutmayacaqlar. Biz necə ki oturub-durub uşaqlarımıza 90-cı illərdən danışırıq, onlar da böyüyəndə özlərindən balacalara bu günkü günlərdən danışacaqlar. Məktəbə getmək əvəzinə telefon, kompüter vasitəsilə dəsr keçməkləri onların yadından çıxmayacaq.

Bir vaxt vardı uşaqların üstünə çıxmxırırdıq: telefonu qoy yerə, kompüterdən uzaqlaş, haydı dərslərini hazırlamağa!
İndisə çalışırıq ki, evdəki bütün telefonlar enerji ilə dolu olsun! Kompüteri uşaqlarla bölüşə-bölüşə günləri yola veririk!
Axşam uşaqlar yatmağa getməmişdən soruşuruq:

-Ay qız, ay gədə, səhər saat neçədədi dərsin?

-Saat 10-da.

-Hə, onda telefonu enerjiyə qoş! Səhər yerindən duran kimi dolu olsun.

Səhər yuxudan durandan sonra evə əl gəzdirməyə başlayırıq. Tez-tələsik bir küncü yığışdırıb səliqəyə salırıq.
“Bax, burda dayanarsan, arxanda da qoy bu divar düşsün. Bax ha! Başqa otaqlara keçmə! Oralar pis gündədi. Dayan-dayan, bu termonun güzgüsü nə gündədi? Deməmişdim, bunun üzünü barmaqlamayın?! Dəsmal gətirin, silim! Ay qız, bu nə köynəkdi geyinmisən? Get bu köynəyi dəyiş, qabağı ləkəlidi, nə olsun ki evdəsən?”
Təsəvvür edin, dərs başlayıb sən evin içində uşağa paltar axtarırsan. Hələ mən uşaqlara dərs danışdırıb videoya çəkib müəlliməyə atmağımızı demirəm. Bütün uşaqlar bir-birinin evlərinin künc-bucağını əzbərləyib. Kimin yataq otağının pəncərəsinin qabağında neçə dibçək var? Kimin qonaq otağının divarı hansı rəngdədir? Başqa birisinin pəncərəsindən hansı mənzərə görünür? Hamı da çalışır ki, evin ən səliqəli hissəsi ekrana düşsün.
Bir də görürsən müəllimə telefonun o başından deyir:

“Uşaqlar, səsli əlaqə saxlayacağıq! Uzrlü hesab edin! Başım-gözüm yaman gündədir. Günorta yaxşıca bəzənib-düzənəcəm, o biri dərsi görüntülü keçərik!”

Müəllimlər şagirdlərinin evlərinə qonaq olurlar. Beləcə şagirdin yaşayış tərzi, ailəsindəki mühit, şagirdə yaradılan şəraitlə tanış olurlar. Valideynlərin də əksəriyyəti evdədir, əlbəttə. Hamı çalışır ki, mədəni, səviyyəli görünsün. Ev əhli evdə qonaq varmış kimi özlərini mədəni aparmaq məcburiyyətindədir.

Kişi qadına qışqırmır, qadın kişini mehribanlıqla səsləyir, valideynlərin hər ikisi uşaqların nazı ilə oynayır. Dəcəllik edən körpə uşaqların başını qatmağa çalışırlar ki, dərslərə mane olmasınlar.

Evin içində dərsə gecikənlər olur. Bunlar elə həmişə belə məsuliyyətsizdirlər. Allahın verdiyi gün dərsə gecikənlər. Müəllimlər də onları tanıyır. Və vatsapda səs atıb valideynə səslənir:

-Ay valideyn, sizin uşağınız yenə niyə dərsdə yoxdur? Siz elə məktəbə də gecikirdiniz!

O biri uşaqlar gülüşürlər.

Bir də görürsən evin içində uşağa dərsdən icazə alırıq.

-Müəllimə, filankəsə bu günlük icazə verərsiz? Bir az özünü pis hiss edir.

Onlayn dərslərin ən pis cəhəti internetin arabir kəsilməyidir. Dərsin qızğın vaxtında internet kəsilir. Ya o tayda, ya bu tayda. Valideynlər bir az nəfəs alır, yaxşı oldu, tənəffüssüz dərs keçirdik bayaqdan. Bu da olsun 5 dəqiqə tənəffüs.

-Haydı, kimin nə işi varsa, görsün!

Şikayətlənsək də, bəzən bezsək də, - çünki yükün bir hissəsi də biz valideynlərin üstünə düşür, müəllimin virtual da olsa, evə gəlişi azadlığımızı nisbətən məhdudlaşdırır, bir də görürsən, internet yükü axşamlar azalır deyə, müəllimə axşam saat 9-dan sonra da onlayn dərsə qoşur uşaqları, gah o proqramı yüklədirlər, gah bu proqramı, (nə qədər yeni proqramla tanış olmuşuq bu arada, kompüter biliklərimiz genişlənib), müəllimlərin bu çətin günlərdə şagirdlərinə dəstək olmalarını, fədakarca çalışmalarını unutmayacağıq.


Təbii ki, uşaqlarımıza dərs deyən bütün müəllimlər onlayn dərs keçmirlər. Bəziləri özünə əziyyət vermir, bəzilərinin internet bilikləri zəifdir, bəziləri uşaqları Teledərs layihəsinin ümidinə buraxıb, tamamilə o layihəyə arxayındır.
Təhsil Nazirliyinin Teledərs layihəsinin özü də oldquca qiymətli layihədir. Könüllü müəllimlərin onlayn dərs keçməkləri əslində Telelyihənin özünə böyük dəstəkdir.


Könüllü müəllimlərimiz dayanmadan səylə işləyir, proqramları mənimsətməyə çalışır, uşaqların zəifləməməyi üçün əllərindən gələni eləyirlər.

Musiqi məktəbinin şagirdi olan, skripka çalmağı öyrənən qızımın musiqi müəlliməsi belə yarımçıq qalan dərslərini vatsapla keçir.

Nə qədər pafoslu səslənsə də deyəcəm: doğrudan da xalqımız ağır bir sınaqdan keçir. Bu çətin günlərdə insanımızın bir-birinə dayaq olması, əksəriyyətimizin üzərinə düşən vəzifəni dərk eləməsi, ümummənafe üçün cani-dildən çalışması adama təskinlik verir, ümidləndirir.

Nə qədər qorxulu bir filmin içində olsaq da, inanırıq ki, sonu yaxşılıqla bitəcək!

# 8833 dəfə oxunub

Müəllifin son yazıları

# # #