Nizami Gəncəvi Xınalıq əlifbasında, Çıxbalanın toyu, at çapan uşaqlar – TURİST QEYDLƏRİ

Nizami Gəncəvi Xınalıq əlifbasında, Çıxbalanın toyu, at çapan uşaqlar – <span style="color:red;">TURİST QEYDLƏRİ
22 iyul 2017
# 16:28

Kulis.az Sevinc Elsevərin “Quba səyahəti” yazısını təqdim edir.

Yayda Qubaya səyahət eləmək ona görə xoşdur ki, burda yay günlərində üç fəsli birdən yaşamaq fürsəti əldə etmiş olursan: səhər yaz, günorta yay, axşama payız havası olur buralarda.

Yaşıl meşələr, bağlar, göz oxşayan dağlar - lap Sovet dövrü şairlərinin təbiətə həsr olunan şeirlərində yazıldığı kimi. Bir də alma yanaqlı, gülər üzlü, mehriban insanlar...

Qubaya çatdığımızda gecə düşmüşdü. Maşının küçələrə düşən işığında gördüm ki, qırmızı, çəhrayı paltarlar geyinmiş qızlar, gəlinlər gəlir qoşa-qoşa. “Quba qadınları qırmızı geyinməyi sevir deyəsən. Özü də gecələr də sərbəst gəzə bilirlər” – demişdim ki, irəlidə çadır toyuna tuş gəldik. Sən demə, toydan çıxırlarmış bu allı-güllü qızlar, gəlinlər. Axırıncı dəfə çadır toyunda 12 yaşım olanda olmuşam. Təklif elədim ki, düşək adamlara qarışaq, oynayaq. Təklifim yaxşı qarşılanmadı. Arzum ürəyimdə qaldı.

Biz Təngəaltında əvvəlcədən kirayələdiyimiz evə çatdıq, əşyalarımızı boşaltdıq, uşaqları yerbəyer etdik. Gecədən keçəndə dostlarımız da gəlib çıxdılar. Yol yoldaşlarımız Aliyə həyat yoldaşı Əli və qızı Aişə ilə, Fehruz xanımı Nərminlə və bir də hamımızın ortaq və qədim dostu Aygün Aslanlı idilər.

Qubanın maraqlı, görməli, gəzməli yerləri çoxdu. Mərkəzi də çox gözəldi. Hətta deyərdim lap gözəldi. Biz Xınalıq kəndinin yolunu soruşa-soruşa gəlib çıxmışdıq yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə. Mavi gözlü, sarışın bir oğlan da azdırmışdı bizi. Oğlanın mavi gözləri o qədər gözəl idi ki, bizi azdırdığını da bağışladıq onun gözəl gözlərinə.

Xınalığa gedən yol təhlükəlidir. Adrenalin qəbul edirsən xeyli. Bu təhlükəli yolların kənarlarında dayanıb kəklikotu, cirə duzu satan uşaqlara heyrət etməyə bilmirsən. Qoşa dayanıb kəklikotu satan iki balaca oğlanın yanında maşını saxlayıb dörd bağlama kəklikotu aldıq. Birindən üç, o birindən bir bağlama. Bir bağlamanı da o biri oğlandan aldıq ki, ondan da alver edək. Pulu isə ümumi verdik. Uşaqlar pulu bölə bilmirdilər. Hiss olunurdu ki, hesabı yaxşı bilmirlər. Biz pulu onların arasında özümüz böldük. Şübhəylə baxsalar da, məcbur oldular bizimlə razılaşalar. Uşaqların hesab bilməməyi üzücü idi. Hətta işləməyə məcbur olmaqlarından da çox üzücü.

Yol kənarında dayanıb kəklikotu satan qızların sayı lap çox idi. Bu qızlar Xınalığa gedən yolun üstündəki kəndlərdəndilər. Kəndlərdən birinin adı qəribə gəldi bizə. Kəndin adı Cek idi. Biz zarafata saldıq. Dedik Cek adlı əcnəbi salıb kəndi yəqin. Bir az irəli getmişdik ki, Qudyalçayın üstündə salınmış balaca bir körpüyə çatdıq. Çayın üstündə məlumatverici plakat vardı. Uzaqdan Maykl oxudum üstündəki yazını. Elə bildim bu da Mayklın kəndidi. Çatanda gördüm yox, Malikdi. Yalnız geri qayıdanbaş baxıram ki, əslində nə Malikmiş, nə Mayk, həmin plakata çayın adı yazılıbmış. Malik adlı adam da öz adını plakatın arxasına həkk edibmiş. Ümumiyyətlə, yol boyu daşların çoxunun üstü adam adları ilə dolu idi. Kimisi öz adını sevgilisinin adıyla bir yazmışdı, kimisi ayrı.

Xınalığa çatdığımızda gün günorta olmuşdu. Ac idik, yorğun idik. Kəndə düşdüyümüzdə toy səsi eşitdik. Uşaqlara dedim ki, gəlin heç olmasa, bu toyda iştirak edək. Gedək yeyək, içək, pul da yazdıraq. Oğlan toyu olsa, deyərik qız evindənik, qız toyu olsa, oğlan evindən. Dostlarımız sadəcə güldülər sözlərimə. Kəndə girən kimi iki qız qabaqladı bizi. Əllərində toxunma corablar, ölkəmizin bayrağı, toxunma suvenirlər. Qızları şirin-şirin danışdırdıq. Bizimlə Azərbaycan dilində danışırdılar, öz aralarında bizim bilmədiyimiz yerli dildə. Birinin adı Aişə, o birinin adı Seyrənur idi. Soruşdum ki, bu gün kimin toyudu? Dedilər Çıxbalanın qızının toyudu. Unikal addı: Çıxbala.

Qızlardan Azərbaycan bayrağını, kiçik suvenir corabları aldım, təklif elədilər ki, pendir də alaq. Pendiri başqa bir qadından aldıq. Çox da dadlı idi. O qədər dadlı idi ki, uşaqlar geri qayıdanda maşında yedilər pendiri.

Xınalıq Tarix-etnoqrafiya muzeyinə baş çəkdik. Muzeydə bizi özünü Ziyəddin bəy kimi təqdim edən biri qarşıladı, muzeydəki eksponatlarla tanış elədi, evinə qonaq çağırdı, getmədik amma. Çantamda “Qadının yoxmu?” kitabımdan biri vardı. Onu çıxarıb Ziyəddin müəllimə verdim, söz verdi ki, məktəblər açılanda məktəbin kitabxanasına verəcək. Deyəsən, kənddə yeganə kitabxana məktəb kitabxanası idi.

Qədim məişət əşyaları, qadınların əl işləri, Xınalıqda doğulub-böyümüş ədəbiyyat adamlarının kitabları bu muzeydə qorunub saxlanılırdı. Bundan başqa, Nizami Gəncəvinin Xınalıq əlifbası ilə çap olunmuş kitabları vardı burda. Kitabların içində Mövlud Süleymanlının latın qrafikasıyla çap olunmuş “Gecə qapı kimi, aç” kitabı da vardı. Mən Ziyəddin müəllimdən xəbər aldım: Mövlud Süleymanlı Xınalıqdandı ki? Əlbəttə, Xınalıqdandı dedi adam. Çox da qürurla dedi özü də.

Yerli şairlərdən birinin Xınalığı vəsf eləyən şeirindən alınan bir bənd iri hərflərlə yazılıb divara vurulmuşdu:

Bahar çağı Xınalığım

Girən zaman dondan-dona,

Dəyişmərəm bu kəndimi,

Yüz Parisə, min Londona.

Xınalığın əhalisi əsasən heyvandarlıqla məşğuldu. Bir-birinin üstündə tikilmiş evlərin hamısının tövləsi də vardı. Küçələr inək təzəyi ilə dolu idi. Xınalığın yolunu İsmayıllının Lahıc kəndinə gedən yola bənzətdim. Bir il əvvəl Lahıca da eyni bu cür dar, bəzi yerlərdə hətta bir maşınlıq yollarla gedib çıxmışdıq. Sıldırım qayaların, dağların sinəsində olan yolun bir tərəfi uçurum idi. Lahıc Xınalığa nisbətən daha yaraşıqlı, səliqəli kənd kimi qalıb yadımda. Üstəlik sənətkarlıq çox güclüdü Lahıcda. Həm də sənətkarlığı ilə məşhurdur Lahıc. Mərkəzi küçələri o qədər təmiz idi ki, heç şəhərlərdə o cür təmizlik tapmazsan. Mən bir dəfə şəhərdə lahıclı bir yaşlı qadınla tanış oldum. Lahıcdakı təmizliyin, səliqəliliyin sirrini o qadından xəbər aldım. Qadın mənə dedi ki, Lahıcda mərkəzi küçə ilə heyvan aparırsansa, əlində bellə getməlisən. Heyvan küçəni batıranda təmizləməlisən. Orda qaydalar belədi.

Xınalıqda orta yaşlı bir kişi ilə söhbətləşəndə öyrəndim ki, bu yerlərdə meyvə ağacları bitmir. Adamlar həyətyanı sahələrdə ancaq kartof əkə bilirlər. Kənd camaatı meyvə, tərəvəz ehtiyacını kənddəki mağazalardan ödəyir. Ağacların bitməməsinin səbəbi hava çatışmazlığı ilə bağlıdı. Həm də kənd yüksək alp çəmənliklərində yerləşir axı.

Bu kənddə yaşamaq əslində çox çətindi, qışda isə daha çətin olmalıdı. Adamların, hətta balaca uşaqların üzü gündənmi, küləkdənmi, havadanmı bilmirəm, yanmışdı. Halbuki Qubanın özündə, yaxın kəndlərində yaşayan adamların sifəti ağappaq, yanaqları al qırmızı idi.

Xınalıq məndə kədərli təəssüratlar buraxdı. Buranı Bakıdakı Bayıl qəsəbəsinə bənzətdim də. Bayılın girişində dağın ətəyindəki həyət evlərinə. Amma təbiətləri fərqlidi əlbəttə, insanları fərqlidi, küçələri fərqlidi, həyat tərzləri, həyat şərtləri fərqlidi.

Quba camaatı atları çox sevir. Yolboyu o qədər at gördük ki. Hətta balaca uşaqlar atı elə çapır, lap tarixi filmlərdəki qəhrəmanlar kimi. Atlar qaçır, dallarınca dayçalar qaçır. Bəzən at çapan uşaqların arasında velosiped sürənlərini də görürsən. At çapan uşaqlarla velosiped sürənlər yanaşı...

Bir də hərdən qarşına qəşəng qızlar çıxır kənd içi küçələrdə. Görürsən ki, qabaqlarına allı-güllü kəpənək düşüb. Elə bilirsən o gözəl qız o kəpənəyin dalınca gedir.

# 1984 dəfə oxunub

Müəllifin son yazıları

# # #