Ermənilərin şeirə görə dağıtdığı Azərbaycan kəndi – TURİST QEYDLƏRİ

Ermənilərin şeirə görə dağıtdığı Azərbaycan kəndi – <span style="color:red;">TURİST QEYDLƏRİ
4 iyul 2017
# 12:30

Kulis.Az Sevinc Elsevərin “Yol özü də bir vətəndir...” yazısını təqdim edir.

“Yol özü də bir vətəndir...” Aqşinin tez-tez yada saldığım misrasıdır. Filmlərdə də yol motivini sevirəm mən. Fellininin məşhur “Yol” filmi ən sevdiyim filmlərdəndi. Yol getməyi də çox sevirəm.

Bir sözlə, “Uzun-incə bir yoldayım, gediyorum gündüz-gecə...” deməyi.

“Paterson” filminin rejissoru Carmuş müsahibələrindən birində deyirdi ki, avtobusla getməyi çox sevir. Müsahibədəki bu fikri oxuyanda mənə qəribə gəlmişdi. Elə bilirdim tək mənəm avtobusla uzun yola çıxmağı sevən. Maşının, avtobusun pəncərəsi tərəfində oturmağı, çöllərə, düzlərə, dağlara, meşələrə, yoldan keçən adamlara, maşınlara, inəklərə, qoyunlara, atlara, dayçalara baxmağı da çox xoşlayıram.

Bayramı fürsət bildik. Ailəlikcə üzü dağlara doğru yol aldıq. İlk dayanacağımız Mərəzədə Qobulənd deyilən məkan oldu. Burda qonaqların çoxu ərəblər idi. Qara hicablı qadınlar, qaraşirin uşaqlar, əsmərbənizli yanağı toppuş kişilər.

Uşaqlarımın arasında qəfil mübahisə düşdü. Onlar tez-tez belə mübahisələr edirlər. Turistləri göstərib dedim: “Sizə qonaqlar baxır. Onların yanında mehriban olmamağınız, bir-birinizə səsinizi qaldırmağınız yaxşı deyil”

Uşaqlarım turistlərə baxdılar. Təəccüblənsələr də, dediyim söz ağıllarına batdı. Evimizə qonaq gələndə onlara belə demirəm heç vaxt. Adətən evimizə yad adamlar gəlmir. Sonra o turistləri Qəbələdə, Oğuzda, Şəkidə, Qaxda da gördük. Onları gördükcə sevinirdim. Ölkəmizə, təbiətimizə maraq var. Şəkini, Qaxı mən özüm də ilk dəfə görürdüm.

İlk gecəni Oğuzda keçirdik. Bizi qələm yoldaşımız Vüsal Oğuz qarşıladı. Yerləşməyimizə kömək elədi. Oğuza gecədən keçəndə gedib çatmışdıq deyə axşamımızı yeyib yatdıq. Səhərə qədər üşüdüm. İki il əvvəl də həmin yerdə, həmin istirahət mərkəzində qalmışdıq. Onda dostumuz Şəhriyar Del Gerani ilə, Cəlil Cavanşir də yanımızda idi.

Cəlil özü evdə olmasa da, atası evinə getdik. Amma şəhərə qayıdanbaş. Cavanşir dayı bilsəydi ki, Oğuza gəlmişik, onun qonağı olmadan çıxıb getmişik, inciyərdi bizdən. Arıçılıqla məşğul olan Cavanşir dayıya Ballı dayı deyirəm. Cəlilin anası isə ən sadiq, ən doğma oxucumdu. Məni qınadı ki, niyə təzə kitabımdan gətirməmişəm. Dedim ki, təzə kitabım uşaqlar üçün yazılıb. Ballı dayı söz atdı: “Bibin də elə uşaq kimidi. Gərək gətirəydin”.

Şəkinin gəzməli, görməli yerləri çox idi. Gəzməli yeri çox olduğundan, ayaqlarım ağrıyırdı. Səkilərin kənarına oturub dincimi almalı olurdum tez-tez.

Şəki sənətkarlarının əl işlərinin satıldığı mağazalara dəydik bir-bir. Doğrudur, yerli camaat üçün bahaçılıq idi. Turistlərin cibinə uyğun idi, əlbəttə. Məsələn, Şəki ipək şalını 35 manatdan aşağı qiymətə vermirdilər. Azərbaycanlı üçün bu az pul deyil.

Mağazalardan birində Parisin simvolu Eyfel qülləsinin maketini gördüm. Elə demişdim ki, Eyfel qülləsi burda, Şəkinin atributları arasında nə gəzir? Şən, xoş üzlü, güləyən satıcı qadın şirin Şəki ləhcəsi ilə dedi: “Fransız da elə dedi bayaq mənə. Dedi ki, bu bizim Eyfelimizdi. Onu siz niyə satırsız?” Sonra da şaqqanaq çəkib güldü. Şəkidə Eyfel qülləsi mənimçün maraqsız idi. Eyfel qülləsinin maketinin yanından ötdüm və Şəki xarratlarının əl işləri düzülmüş vitrinə yaxınlaşdım. Gözəl əşyalar çox idi. Amma baha idi. Ona görə uşaqların hərəsinə Şəkidən xatirə olaraq, əsl ağacdan hazırlanmış qələm götürdüm. Bu, əşyaların ən ucuzu idi, cəmi iki manata. Qələmin üstünə uşaqların adını da yazdılar. Qədim üsullarla hazırlanmış bəzək əşyalarının, ipək şalların, taxta əşyaların arasında bir də baxdım stres çarxları da qoyublar.

Xan sarayının düz qabağına qədər getsək də, şəkil çəkdirsək də, içinə girə bilmədik. Çünki turistlər o qədər çox idi, bizə növbə çatmadı. Bizim də gözləməyə səbrimiz. Şəki xanının ruhunu daha artıq narahat eləmədən yollandıq piti yeməyə. Bir qab piti altı manata idi. Şəkiyə gəlib piti yemədən qayıtmadıq nə yaxşı ki. Üstünə zəfəran tökülmüş dadlı pitiləri yedik. Piti yediyimiz restoran qədim bir alban məbədi ilə üz-üzə idi. Həmin məbəd indi Tətbiqi sənət muzeyi kimi qorunur. Muzeydə nələr görmədik?! Xarratların, şəbəkə sənəti ustalarının əl işlərini, təkəlduz sənətkarlarının yaradıcılığını gözdən keçirdik. Muzeydə qədim Şəki ipəyi, hətta barama belə nümayiş olunur. Mən barama necə olur, baramadan alınmış xammalı ilk dəfə idi görürdüm.

Kiş məbədində kahinlərin skeletlərinə isə üşənə-üşənə baxdım. Burda dəfn olunan adamların boyu 2 metrdən artıq imiş. Skeletlərdən də aydın görünürdü. Məbəddən çıxanda bizi yaman qaşınma tutmuşdu. Kimsə gülmək üçün dedi ki, yəqin kahinlərdən birinin ruhu onun canına keçdi. Artıq ürəyi də qaşınır.

Şəkidə muzeylərin qarşısında qələbəlik çox olduğu kimi, Şəki halvası satılan dükanlarda da böyük basabas vardı. Məşhur Şəki şirniyyatçısı Əliəhmədin mağazasından çıxmaq üçün pəncərədən bayıra hoppanmalı oldum. Çünki qapının ağzında o qədər adam vardı, onların hamısını yarıb çıxmaq gözümə durdu.

Gecəni Şəkidəki kəndlərdən birində məskunlaşmış qaçqın ailəsinin evində keçirtdik. Qərbi Azərbaycandan idilər. Ailədə 80 yaşlı nənə vardı. Gülara nənə yaşı ilə öyünürdü. 1937-ci il repressiyası ilə həmyaşıd olan nənə keçmişdə nə varsa, hamısını dünənki kimi xatırlayır. Bu günü isə unudurdu. Mənim adımı azı yüz dəfə xəbər aldı. Dönüb-durub eyni şeyləri danışırdı. Hamıya ancaq xoş sözlər deyirdi. Bəlkə də gözləri yaxşı görmürdü. Amma uşaqlara da, böyüklərə də bu şeiri deyirdi:

Dodağı süd qaymağı,

Sorub yeyəsim gəlir

Burnu fındıq qənədi

Qırıb yeyəsim gəlir

Gözlər qaynar bulaq

əyilib içəsim gəlir

Alnı Muğan meydanı

At minib çapasım gəlir...

Təkcə kişilərə demirdi şeirli komplimentini. Güləndə yaşmaqlanmağı vardı bir də. Görməniz lazımdı.

Deyirdi ki, bir şair oğlan vardı kəndimizdə İsa adında. Sadə də adammış. Kəndləri barədə bir şeir deyib. Sabahısı günü erməni onları kəndlərindən qovub. Gülara nənə hələ də mat-məəttəldir ki, o oğlan hardan bilirdi hər şey yazdığı kimi olacaq?!

Cadarlı-cudurlu bütün səhralar

Hayıf ki binası yox, Qaraqaya

Hərənin sədası bir kənddən gələr

Heç yan olmaz sənə tay, Qaraqaya

Aralıqdan gedir çay, Qaraqaya.

Bu şeiri deyəndən sonra “kəndimiz dağıldı, qohum-əqrəba hərəsi bir yana düşdü” deyə nənə köks ötürür.

Soruşuram ki, nənə, adımı bayaqdan yüz dəfə xəbər almısınız, bəs bu şeirləri niyə unutmursunuz? Cavab tapa bilmir...

Şəki bahaçılıq idi bizə görə. Qaxda isə Şəkiyə nisbətən hər şey ucuz göründü. İlisu şəlaləsi, Sumuq qalası gəzdiyimiz ən yaxşı yerləri idi Qaxın. Küçələrdə isə yerli gənc oğlanlar, qızlar sərbəst geyimləri ilə diqqətimizi çəkdi. Şortik geyinən onlarla gənc kişi çıxdı qabağımıza. Onları maşındakılara göstərib dedim: “Bakıda camaat şortik davası aparır, Qaxda isə gənclər daha sərbəstdi, hətta kəndlərdə də”.

Məşhur “Qorxma, mən səninləyəm” filminin bəzi səhnələri Sumuq qalasında çəkilib. Qalanın divarlarından birində filmin çəkilişlərindən bir foto da vurulub.

Sumuq qalasında pəncərələrdən birində qaranquş yuva qurmuşdu. Çox əmin-aman bir yerdə. Vaxtilə döyüşçülərin oylağı olmuş qalada indi quşlar balalarını sülh içində böyüdür. Uşaqlar ətcə balaları sevələdilər, mən şəkillərini çəkdim.

Evə qayıdanbaş Şəki kəndlərinin birində yolun kənarına vurulmuş plakatı göstərirəm maşındakılara. Orda yazılıb: “Xocalını, Qarabağı unutma!” Deyirəm, bu plakat adam var ki, elədiyi istirahəti gözündən tökür. Razılaşır hamı.

Evə çatırıq, gecə səhərə qədər dəhşətli yuxu görürəm. Bəlkə o plakatın təsiri ilə. Bəlkə də Gülara nənənin təsiri ilə.

Görürəm ki, Zəngilanda yaşayırıq. (Mən məcburi köçkün deyiləm, amma Elsevər zəngilanlıdı. Yuxuda şüuraltı ona görə Zəngilanı seçmişəm yəqin) Hay düşür ki, ermənilər Zəngilana girirlər. Mən qaçıram evin içində. Bilmirəm nəyi götürəm. Hansı uşağı alam qucağıma? Paltar dolablarına doğru qaçıram. Sonra paltarları atıb uşaqların oyuncaqlarını toplayıram. Sonra bunu atıb o birini.

Son günlərim təxminən bu cür keçmişdi. Dörd rayon gəzmişdik. Hər dəfə Elsevər maşını işə salıb əşyalarımı toplamağımı tapşırırdı. Təlaşla yığırdım əşyaları.

Bəlkə min birinci yuxum idi ki, orda bu harayı eşidirdim: “Ermənilər gəlir, qaçın!” Gülara nənənin aldığı o travmaları biz də almışıq. Hərəmiz bir şəkildə. Hərəmiz başqa cürə.

Ölkəmizin görməli, gəzməli yerləri çoxdu. Gəzirik, dolanırıq. Amma hamımız bilirik ki, yenə nəsə çatmır. Çox şey çatmır.

# 1602 dəfə oxunub

Müəllifin son yazıları

# # #