İntim video ilə şantaj edilən müəllimə

İntim video ilə şantaj edilən müəllimə
27 fevral 2020
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Ağacdələn” bədii filmini təqdim edir.

Süjet: Əhvalatın mərkəzi fiquru (şərti adı Ağacdələn-Kamran Ağabalayev) bank sahibidir. O, banka borcu olan müştərilərlə görüşür, onların nədən ödəniş edə bilmədiyini öyrənir və təklif edir ki, problemlərinin həlli üçün birgə alternativ yollar tapsınlar. Müxtəlif təbəqələrdən olan adamlarla görüş üçün Ağacdələn mehmanxana nömrəsini seçir. Müştərilərin problemini öyrəndikcə, sirlərinə vaqif olur, onları tədqiqat obyektinə çevirir. Və borclarını silmək üçün hər birinin qarşısına şərt qoyur. Məktəb müəlliməsi Əminə (Sənubər İsgəndərli) söhbət əsnasında altıncı sinif şagirdi ilə doqquzuncu sinif şagirdinin intim münasibətini mobil telefona çəkdiyini deyir. Borc o şərtlə silinəcək ki, Əminə müəllimə həmin videonu sosial şəbəkələrdə paylaşsın. Arçipan ustasının (Qurban İsmayılov) oğlu homoseksualdır. Ata əmindir ki, homoseksualizm xəstəlikdir və oğlu Musanı (Elvin İbra) müalicə etmək üçün həkimə müraciət edir. Həkim ondan pul alsa da, oğlunun cinsi oriyentasiyasını dəyişə bilmir. Ata, üstəlik, rok qrupu yaratmaq istəyən qızına (Zarina Qurbanova) zorla hicab geydirib. Həkim Salehin (Taleh Yüzbəyov) borcları, o, pasiyentinin sağlam ayağını kəsəcəyi təqdirdə silinəcək. Dəllək (Əlixan Rəcəbov) borcunun silinməsi üçün sevdiyi qızdan onunla evlənmək razılığını almalıdır. Qız isə başqasını sevir...

“Ağacdələn” filminin rejissoru aktyor Kamran Ağabalayevdir. Ötən il ekranlara çıxan, vur-tut 98 manata başa gələn filmin ssenari müəllifi də K. Ağabalayevdir.

Gallery

Kamranın özünün də qeyd etdiyi kimi “Ağacdələn” italyan rejissoru Paolo Cenovezenin ”Görüş yeri” bədii filminin (2017) motivlərinə əsaslanıb. “Görüş yeri” ekran əsərinin süjetinə görə bir kafedə işgüzar görkəmli kişi yanına gələn adamların problemlərini dinləyir, qeydlər edir və istəklərinin həyata keçməsinə kömək etmək üçün onlara müxtəlif, ağlasığmaz tapşırıqlar verir. Müştərilər tapşırıqları dəqiqliklə yerinə yetirəcəyi təqdirdə istəkləri həyata keçəcək. Misalçün, biri ondan oğurlanan pulları tapmaq üçün günahsız adamı yarımcan olana qədər döyməlidir. Korluqdan əziyyət çəkən gənc oğlan isə bir qadını zorlamalıdır. Yaşlı qadın ərinin sağalmasından ötrü terror aktı törətməlidir. Məlumat üçün qeyd edim ki, “Görüş yeri”nin süjeti “Küncdəki masa” Amerika serialının ideyasına əsaslanır.

“Görüş yeri” filminin də əsas qayəsi insan təbiətini araşdırmaqdır. Əsas qəhrəman fərdin mənəvi dəyərlərini sınağa çəkir. Yəni onlar mənəvi dəyərlərində nə qədər dayanıqlıdırlar, arzularına çatmaq üçün prinsiplərini tapdalaya bilərmi, nəfslərinə hakim olmağa gücləri çatacaqmı və s.

“Ağacdələn” filmində isə interpretasiya bir qədər fərqlidir. Burdakı personajlar çoxdan mənəvi deqradasiyaya uğrayıblar. Kamranın personajı onları provakasiyaya çəkir, sahib olduğu dünyagörüşünü, dəyərləri incələyir. (Ağacdələn ağacları zərərli böcəklərdən təmizlədiyi üçün ona meşə sanitarı da deyilir. Bu mənada Kamranın qəhrəmanının fəaliyyəti onun adına uyğundur.) Konkret ad və peşələri olsa da, hər biri özlüyündə cəmiyyətimizdə bir problemi ümumiləşdirir. Bununla da rejissor onların simasında cəmiyyətimizdə aktual olan məsələləri araşdırmağa çalışır. Əminə müəllimə keyfiyyətsiz təhsili simvolizə edir. Öz şagirdlərinin intim münasibətini çəkməsi və bunu sosial şəbəkələrdə yaymasına razılığı müəllimin daşımalı olan funksiyaya ziddir və eyni zamanda günümüzdə aktual olan etik məsələdən danışır. Şagird-müəllim münasibətlərindəki uçurum təhsildəki, şagirdlərin davranışı isə ailə institutundakı boşluqlara işarədir.

Gallery

Və yaxud səhiyyənin problemi, bir qism həkimin məsuliyyətsizliyi, həkim etikasına adekvat olmayan fəaliyyəti Saleh obrazında cəmlənir. O, atanı aldadaraq homoseksuallığı müalicə edəcəyini deyir və külli miqdarda pul alır.

Müəllifin toxunduğu əsas məsələlərdən biri yaşlı nəslin gənclərin seçim, fikir azadlığına müdaxiləsidir. Arçipan ustası qızının rokçu olmaq istəyini hicab geyindirməklə boğur. Oğlu Musanın homoseksuallığı isə onun üçün ölümdən betərdir.

Əlixan Rəcəbovun dəllək obrazı isə lokal qeyrət namus anlayışının daşıyıcısı, qadının təhsil hüququnu tanımaq istəməyən biridir.

Bütün personajlar biri-birinə necəsə bağlıdır. Arçipan ustasının oğlunu müalicə edən həkim Saleh imiş. Əminə müəllimənin kameraya çəkdiyi isə Salehin 12 yaşlı qızıdır. Və Əminə müəllimə vaxtilə arçipan ustası ilə bir birini sevsələr də, ailələri evliliyə razılıq verməyib.

Demək olar ki, bir məkanda çəkilən “Ağacdələn” “danışıq dramıdır” və tamamilə dialoqlar üzərində qurulub. “Görüş yeri” də bu tərzdə çəkilib və süjetin əsasını dialoqlar təşkil edir. Sadəcə burada təklif olunan vəziyyətlərdəki emosional zənginlik, daha orijinal insan hekayələri, dəqiq psixoloji detallar və onlara uyğun rakurslar, çəkiliş nöqtələri, ön və arxa plandakı hərəkətlilik filmi monotonluqdan qurtarır.

Gallery

“Ağacdələn”də rejissor vizual statiklikdən, əhvalatın tempindəki inersiyadan qaça bilməyib. Əksər hallarda yaxın planlarda işləmək belə süjetin diktə etdiyi psixoloji-emosional gərginlik yaratmır. Düzdür, bəzən personaja fərqli nöqtələrdən baxışa cəhdlə vəziyyətə fərqli mənalar yüklənməyə çalışılıb: misal üçün, Musa ilə Aağacdələnin söhbəti zamanı qurulan mizan, hicablı qızla dialoqun dumanlı şəkildə verilməsi.

Əslində “Ağacdələn”i bədii filmdən çox, günümüzün sosial-ictimai-etik məsələlərinə illüstrativ, bədii konteksti olmayan didaktik videoreportajdır. Kamranın obrazının filmboyu hər görüşdən sonra yuyunmasındakı, sinik davranışına rəğmən təklikdə əzab çəkməsindəki üstəlik çarmıxa çəkilən İsa Məsih bədən mövqeyini almasındakı birbaşa, açıq mənalar illüstrativliyi, didaktikanı daha da gücləndirir.

Kamran kinoman, məlumatlı adam olduğundan filmində intellektuallığa cəhd saxta görünmür. Burda çox mühüm nöqtəyə toxunulur: əgər seçimin, mübarizən yoxdursa, sənin intellektin, biliklərin funksionallığını itirir.

Gallery

Finalda bəlli olur ki, Ağacdələn özü əslində İblisidr. Və köməkçisi ruhunu ona satan atadır (Elcan Rəsulov). Ata qızını ölümdə xilas etdiyi üçün İblisə ruhunu satıb.

İblislə anlaşma Qərbdə geniş yayılmış kultural motivdir. Ən bariz nümunəsi Hötenin “Faust” əsəridir.

# 8180 dəfə oxunub

Müəllifin son yazıları

# # #