“Axırıncı aşırım”da çəkilməyənlər

“Axırıncı aşırım”da çəkilməyənlər
2 may 2020
# 09:00

Kulis.az Fərman Kərimzadənin “Qarlı aşırım” əsərinin əsasında ekranlaşdırılan “Axırıncı aşırım” filminin təhlilini təqdim edir.

Kamil Rüstəmbəyovun 1971-ci ildə lentə alınmış “Axırıncı aşırım” ekran əsəri milli kinematoqrafiyamızın kult filmlərindən sayılır. Bu səbəbdən filmin süjeti haqda geniş danışmağa lüzum görmürəm. Bircə onu deyim ki, hadisələr 1930-cu illəri əhatə edir və Azərbaycanın bölgələrindən birində baş verir. Müəllif sovet hakimiyyətinin ilk on illiyində kolxoz quruculuğu dövründə yaranan problemlərə, sinfi mübarizəyə, yenilənən iqtisadi, ictimai-siyasi münasibətlər zamanı ortaya çıxan ziddiyyətlərə diqqət çəkir.

Gallery

Fərman Kərimzadənin bədii mətni ilə filmin süjeti arasında əlbəttə ki, fərqlər çoxdur. Romanda raykom katibi Şabanzadə, hakimiyyəti təmsil edən digər nümayəndə Talıbov obrazlarına geniş yer verilir. Talıbovu yazıçı korrekt şəkildə 30-cu illər repressiya sistemin simvolu kimi təqdim edir. Talıbov Abbasqulu ağa Şadlinskiyə, Xəlilə skeptik yanaşır, hamını satqın kimi görür. Karyerist, ambisiyalı və qorxaq Talıbov Şadlinskinin nüfuzuna həsəd aparır. Romanda Şadlinski və Xəlildən fərqli olaraq, Talıbov öldürülmür. Qəmlo onu bilərəkdən sağ buraxır ki, sovet hökumətinə onların təslim olmayacağı barədə xəbər aparsın. Sağ qayıdan Talıbov hakimiyyət orqanlarına həqiqəti demir, özünü təmizə çıxarmaq üçün Şadlinskini və Xəlili ləkələməyə çalışır.

Filmdə Talıbov rolunu Hamlet Xanızadə oynayır. Rejissor obrazın şübhəcilliyini, qorxaqlığını və özgüvənsizliyini incə detallarda verməklə kifayətlənir. Misalçün Kərbalayı İsmayılın evində olanda həyəcandan kibrit oynadır və ümumən daim narahat və əndişəli görünür. “Qarlı aşırım” real hadisələr əsasında yazılıb. Və F. Kərimzadənin Talıbov obrazını mənfi verməsi təsadüfi sayıla bilməz. Çünki bəzi mənbələr Abbasqulu ağanın DTK tərəfindən öldürüldüyünü ehtimal edir və bunda Talıbovun rolu istisna olunmur. Abbasqulu ağa 1920-ci ildə Nəriman Nərimanovun dəvətini qəbul edərək, 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvan sərhədlərinin qorunmasına, Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə döyüş əməliyyatlarına başçılıq edib.

Gallery

Romanın süjeti çoxşaxəlidir. Rejissor və ssenarist (Fərman Kərimzadə) isə xeyli obrazı, xətləri ixtisar edərək, filmi əsasən Şadlinski-Kərbəlayı-Qəmlo xəttinin üzərində qurub.

Uzun illər sonra “Axırıncı aşırım” filmini yenidən izlədim. Rejissorun quruluşundan tutmuş rəssam, bəstəkar işi, aktyor oyununa qədər hər şey yerinə oturub. Təsvir və emosional dərinlik əhvalatın dərkində, atmosferin yaranmasında əhəmiyyətli rol oynayır.

“Axırıncı aşırım” dram və tarixi janrdadır. Eyni zamanda burda vestern janrının elementləri də yer alır. Əslində vestern janrı mili kinomuzda populyar deyil. Vestern Amerika incəsənəti üçün xarakterikdir. Qərbdə vestern janrında məxsusi olaraq çoxsaylı filmlər çəkilsə də, bizdə bu janrdan istifadə spontan alınıb, reallığın diktəsindən doğub.

Vesternin əsas xüsusiyyətlərindən biri, köhnə qaydalarla yeniliyin, xarakterlərin toqquşmasıdır. Rüstəmbəyov da filmində aktyor oyununu xüsusi qabardır, əhvalatın böyük hissəsini əks xarakterlərin qarşıdurması üzərində qurur, bu zaman yaxın planlardan istifadə edərək, gərgin psixoloji situasiyalar yaradır.

Gallery

Misalçün, filmin ən dramatik epizodlarından biri Abbasqulu (Həsən Məmmədov) ağa ilə Qəmlonun (Məlik Dadaşov) qarşıdurmasıdır. İmanın (Şahmar Ələkbərov) arvadı Növrəstəni (Tamilla Rüstəmova) aparmaq üçün Qəmlo Səmədin (Sadıq Hüseynov) evinə soxulur. Gözləmədiyi halda o, Abbasqulu ağa ilə qarşılaşır. Abbasqulu ağanın sərt və kəskin sözləri (“Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur”) qarşısında özünü itirən Qəmlo susur. Həmin səhnədə M. Dadaşov ikinci planla işləyir və onun qarşısındakına psixoloji-mənəvi məğlubiyyətinin susqun dözülməzliyi vəziyyəti daha çox dramatikləşdirir. Belə kəskin səhnələr (Kərbəlayı ilə Abbasqulu ağanın dialoqu da həmçinin) filmdə çoxdur.

Gallery

Vesternə xas digər vacib məqam məkandır. Ümumən, kinoda məkanla işləmək, onun personajlarla, vəziyyətlə iç-içə keçirmək, obrazlaşdırmaq, sayəsində atmosfer yaratmaq, yaranmış durumu onunla şərh etmək kinematoqrafiyanın ən vacib şərtlərindəndir. Vestern janrında bir qayda olaraq, məkan insanın məskunlaşmadığı, ucsuz bucaqsız çöllər, qayalıqlarla xarakterizə olunur. “Axırıncı aşırım” dakı çılpaq qayalıqlar, adamsız çöllü biyaban qorxunc, narahatlıq duyğusu yaradır. Qəhrəmanların qətlinin məhz burda baş verməsi təsadüf deyil.

Səhnələr həm naturada, həm də pavilyonlarda çəkilib. Çəkilişlər əsasən Qobustanda aparılıb.

Digər məqam isə vesterndə müəyyən bir cəmiyyətin vicdan-namus, şərəf kodeksinə əsasən qurulmasıdır. Bu da “Axırıncı aşırım”ın mərkəzi xətlərindən biridir. İsmayıl Kərbalayı ilə Şadlinskinin (ümumiyyətlə isə, yeni quruluşla öncəki quruluşun) namus anlayışına baxışlarının fərqliliyi dramatik ziddiyyətlər, kəskin qarşıdurmalar şəklində ortaya çıxır.
İlk epizod kolxozlaşma prosesi ilə tanış olan kəndlilərin yığıncağı ilə başlayır. Burdakı xaos, yeniliklə bağlı qeyri-müəyyənlik, kameranın ara-sıra Kərbalayının məkrli və qəzəbli baxışlarına tuşlanması süjetin irəlidəki əsas motivini bildirir.

Gallery

Final səhnəsində isə əvvəldə kolxozlaşmaya şübhəylə yanaşan kəndlilərin Şadlinskinin və silahdaşlarının qətlinə etiraz edərək dəfndə iştirakı onların sovet hakimiyyətinin qəbul etmələrini simvollaşdırır. Hərçənd, dəfn səhnəsində portret planlar o qədər də səmimi işlənməyib və təsvir daha çox Arif Məlikovun musiqisinin gücünə dərinləşir.

Baş rolun ifaçıları Adil İsgəndərov, Həsən Məmmədov, Məlik Dadaşov obrazlarının plastik və psixoloji həllini dəqiq, tutumlu vurğularda ifadə ediblər: Abbasqulu ağanın yerişindəki kübarlıq, xarakterindəki təmkin və sərtlik, Qəmlonun ikimənalı, sarkastik intonasiyası və vəhşi çevikliyi, Kərbəlayının ağıryana, ləng duruşu arxasındakı amansızlığı, xarakterindəki bəzi ziddiyyətləri bir araya gətirə bilməsi...

Həsən Seyidbəyli 1972-ci ildə “Bakinskiy raboçiy” qəzetində “Əqidənin gücü” adlı məqaləsində film haqda yazır: “Tələsmədən nüfuz edən aktyor oyununun manerası dramatizmin dərkinə, qəhrəmanların daxili fikrinin psixoloji dərinliyə varmağa imkan verir. Hər dayanma, hər pauza mənən dolğunlaşır. Müəlliflərin son dövrdəki buna bənzər filmlərin “məcburi” süvari çarpışmaları, hoqqaları kimi zahiri effektlərə uymamaları sevindiricidir”.

Döyüş səhnələri effektli çəkilib: vurucu detallı kadrlar, dəqiq işlənmiş pauza və rakurslar.


Qəmlonun öldürülməsi səhnəsi iki variantda işlənib. Orijinal versiyada Kərbəlayı İsmayıl Qəmlonu Abbasqulu ağanı qətlə yetirdiyinə görə öldürür. Amma səhnə - Kərbəlayı İsmayılın müsbət obrazı yarandığından qəbul olunmur. Bu səbəbdən Kamil Rüstəmbəyov ikinci versiyanı çəkir. Bu versiyada Qəmlonu Xudayarın qardaşı öldürür. Bununla belə filmdə Qəmlonun ölüm səhnəsindən sonra kəndlilərdən biri "Kərbəlayı Qəmlonu gəbərtdi" deyir.

Gallery

Reallıqda isə Qəmlo-Qəmbəralı Abbasov və Kərbəlayi İsmayıl Türkiyəyə gediblər. Ancaq Qəmlo yenidən Azərbaycana dönür. Burada 1931-ci ildə qətlə yetirilir. Qəmlonun yaxınları Fərman Kərimzadəyə məktub göndərərək, qoçaq insan kimi ad çıxaran Qəmlonun təhrif olunmasına öz etirazlarını bildiriblər. Daşnaklara qarşı vuruşan Qəmlo əslində birmənalı adam olmayıb.

Məlik Dadaşov 1972-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində obrazla bağlı deyir: “Düzdür Qəmlo Kərbəlayıdan bir az ehtiyat edir, çəkinir. Məncə bu elə belə də olmalıdır. Öz aramızdır Kərbəlayının da zəhmi və mövqeyi var axı! Lakin ehtiyat, çəkinmək hələ mütilik deyil. Bu olsa-olsa təbii instinkdir, özünü qorumadır, özünü müdafiədir. Bir də axı, kimin kimdən asılı olmasını gəlin bir az diqqətlə araşdıraq. Məncə Qəmlo Kərbəlayıdan nə qədər çəkinirsə, elə Kərbəlayı da Qəmlodan bir o qədər çəkinir. Mən hələ deyərdim ki, Qəmlodan qorxur”.

Kərbəlayi İsmayıl isə ömrünün sonunadək Iğdır vilayətində yaşayıb və 1948-ci ildə 78 yaşında dünyasını dəyişib.
Texniki problemlərdən dolayı film qışda çəkilməyib və bu səbəbdən "Qarlı aşırım" yox, “Axırıncı aşırım” adlanır.

Filmin operatoru Rasim İsmayılov, rəssamı Nadir Zeynalovdur.

# 16041 dəfə oxunub

Müəllifin son yazıları

# # #