İmpotent ərini intihara vadar edən qadın – QALMAQALLI FİLMLƏR

İmpotent ərini intihara vadar edən qadın – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
10 oktyabr 2015
# 16:17

Kulis “Ən qalmaqallı filmlər” layihəsində çex rejissoru Qustav Maxatının “Ekstaz” filmini təqdim edir.

Maxatı 1901-ci ildə Praqada andan olub. 12 il kinoda çalışan rejissor əvvəlcə pianoçu, sonra aktyor kimi fəaliyyət göstərib.

1921-ci ildə Amerikaya gedən Maxatı Devid Qriffit və Erix fon Ştroheym kimi məşhur rejissorların assistenti olub. O, vətənə ilk uğurlu filmi olan “Kreyser sonatası”nı ekranlaşdırandan sonra qayıtdı.

Burda “Qısqanclıq” filmini çəksə də uğur qazanmadı. Amma Avropadakı mürəkkəb siyasi vəziyyət səbəbindən Maxatı tezliklə Amerikaya dönməyə məcbur oldu. Avropaya bir də 1951-ci ildə qayıdan rejissor Almaniya Federativ Respublikasında Münhen kino məktəbinin professoru kimi fəaliyyətə başladı.

O, 1963-cü ildə Almaniyada vəfat edib.

Kinoda erotik mövzulara toxunması ilə məşhur olan rejissor ümumilikdə 17 film lentə alıb, həm də ssenarilər yazıb.

Layihədə onun 1933-cü ildə çəkdiyi, Çexiya-Avstriyanın birgə istehsalı olan “Ekstaz” filmini təqdim edirik.

Filmin qəhrəmanı Eva yaşlı, zəngin adama ərə gedir. Ona soyuq münasibət bəsləyən ərinin impotent olduğunu bilir. Eva ümidsizliyə qapılır, malikanədə sıxılır və ərini tərk edərək atası evinə gedir. Tez-tez göldə çimən Eva günlərin birində gənc mühəndislə qarşılaşır. Onlar ilk baxışdan bir- birinə aşiq olur. Sevgililər şəhəri tərk etməyə hazırlaşanda, Evanı qaytarmağa ümidini itirən əri intihar edir. Sarsılan Eva sevgilisini vağzalda qoyaraq naməlum istiqamətə gedir.

Filmin reklam sloqanı belə idi: “Ekstaz” – dünyanın ən qalmaqallı filmi”.

“Ekstaz” ekranlara çıxandan senzuraya məruz qalıb, Amerikada və Avropanın bir sıra ölkələrində qadağan olunub. Buna səbəb filmdə açıq səhnələrin olmasıdır: intim münasibətlər zamanı kamera iri planda Evanın ekstazda olan üzünü göstərir, çılpaq Eva meşədə qaçır, üzən zaman çılpaq sinəsi göstərilir, əri əlində prezervativ olan qutu tutur və s.

1934-cü ildə Benito Mussolini bu filmin Venesiya festivalında göstərilməsi üçün senzura haqda qanunu ləğv elədi.

Katolik kilsəsinin etirazına baxmayaraq film yaxşı rejissor işinə görə Venesiya festivalında mükafat alıb. Hitler isə filmin nümayişinə qadağa qoyub. Yalnız bir il sonra ixtisar edilmiş şəkildə “Sevgi simfoniyası” adı altnda nümayişinə izn verilib.

Amerikaya distribüter şirkəti tərəfindən aparılan film əxlaqsız hesab edilərək sərhəddə müsadirə edildi.

Şirkətin vəkilləri Nyu-York məhkəməsinə müraciət etsə də, müsbət nəticə ala bilmirlər. Məhkəmə filmin mənəviyyata zidd olması haqda qərar çıxarır. Qərardan apelyasiya şikayəti edilir. Amma məhkəmə üzvləri lenti yandırdığından, proses alınmır. Maddi sübutsuz qalan şirkət onun surətini yenidən gətirməyə məcbur olur. Onlar filmə dəyişiklik edərək çılpaq səhnələri çıxarır. Kadrarxası mətn əlavə edilir ki, Eva mühəndislə münasibətinə kimi ərindən boşanmışdı. Şirkət finalda da dəyişiklik edir: Evanın qucağında uşaq olan kadr göstərilir və tamaşaçıda belə təəssürat yaranır ki, guya onlar sonda evlənirlər. Yalnız bu halda Amerika gömrüyü filmin ölkəyə daxil olmasına izn verir.

Bununla belə Nyu-Yorkda senzura komissiyası filmin nümayişinə lisenziya vermir. Yalnız yuxarı instansiyalara şikayət nəticəsində şirkət filmin nümayişinə nail olur. “Ekstaz” bütün ölkədə məhdud prokatla xüsusi kinoteatrlarda nümayiş edilir.

Bu film Amerikada “C” kateqoriyası (qadağa kateqoriyası) almış nadir əcnəbi filmlərdəndir.

Film baş rolun ifaçısı Xedi Lamarr üçün bu filmdəki oyunu Amerikada karyerasını qurmaqda yaşıl işıq yandırdı.

Lamarr filmdən sonra avstriyalı milyonçuya ərə gedir. Əri filmin bütün surətlərini almağa çalışsa da, onu prokatdan tamamilə yığışdırmaq mümkün olmadı.

Milyonçu ərinin qəsrində özünü əsir kimi hiss edən aktrisa qulluqçuya yuxu dərmanı verərək qəsrdən qaçır. O, Londona, ordan da Nyu-Yorka gedir. Və burda dərhal onunla kinoşirkətlərdən biri müqavilə bağlayır.

Lamarr aktrisalıqdan başqa ixtiraçılıq fəaliyyəti ilə məşğul olub. 1942-ci ildə o, torpedaların ditsansiyalı şəkildə idarə edilməsini kəşf edib.

Filmin digər qəhrəmanı, mühəndis rolunu oynayan Aribert Mog isə müharibədə həlak olub.

# 1181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #