“Balaca Qara Balıq” Kukla Teatrının səhnəsində: Uşaqlar onu anlaya bildimi?

"Qara balığın nağılı” tamaşasından kadr

"Qara balığın nağılı” tamaşasından kadr

27 oktyabr 2021
# 15:12

Yaşadığımız gerçəklik zamanla “Moskva göz yaşlarına inanmır” filmindəki o məşhur epizodu xatırladır. Həmin epizod ki, televiziya operatoru Rodion əminliklə deyir: “Televiziya bəşəriyyətin həyatını dəyişəcək. Nə qəzet, nə teatr, nə kino olacaq. Hər yerdə yalnız televiziya olacaq”.

İnternet sürətlə həyatımıza daxil olanda teatrın, kinonun həyatımızdan bir müddət sonra çıxacağını düşünənlər oldu. Lakin pandemiya dönəmi insanlara mühüm bir həqiqəti anlatdı ki, heç nə, ən yeni, ideal texnologiya, virtual ünsiyyət belə birbaşa təmasın, sənətin energetikasını canlı yaşamağın yerini vermir.

Uzun fasilədən sonra, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qapılarını tamaşaçıların üzünə açandan bəri, hər həftə sonları bütün tamaşalar demək olar ki, anşlaqla keçir. Teatrın baş inzibatçısı Aynur Əkbərovanın sözlərinə görə, insanlar teatr üçün necə darıxıblarsa, hətta bəzi tamaşaçılar ard-arda bütün seanslara bilet alır...

Oktyabrın 23-də isə Kukla Teatrında rejissor Namiq Ağayevin quruluşunda “Qara balığın nağılı” tamaşasının premyerası baş tutdu. Tamaşaçılara əvvəlcədən sözügedən tamaşanın böyük yaş qrupuna aid uşaqlar və böyüklər üçün nəzərdə tutulduğu haqda bilgilər verilsə də, tamaşaya gələnlər arasında balacalar da gözə dəyirdi. Bu mənada yaradıcı heyətdə bir az nigarançılıq vardı ki, balacalar tamaşanın məzmununu, ideyasını necə qavrayacaq və ümumiyyətlə, necə qarşılayacaqlar? Lakin nigarançılıq əbəs imiş. Gözlənilənin əksi baş verdi, zalda tamaşanın hər səhnəsinə, hər personajlara ən aktiv, maraqlı reaksiyaları elə balacalar verdilər. Və tamaşanın sonunadək bir nəfər belə zalı tərk eləmədi.

İran uşaq ədəbiyyatının banisi sayılan Səməd Behrənginin “Balaca qara balıq” nağılı əsasında səhnələşdirilən tamaşanın əsas motivi azadlıq, yeniliyə çağırış, stereotiplərlə, ətalətlə mübarizədir. Ümumiyyətlə, azadlığa can atma, onu fərdin həyatının mərkəzinə qoymaq Namiq Ağayevin yaradıcılığının leytmotivi, əsas hərəkətverici qüvvəsidir. Hələ 1984-cü ildə Akademik Milli Dram Teatrında “Səməndər quşu” diplom tamaşasında, müəllif siyasi azadlıq, “Ol” bədii filmində sənətkar azadlığı məsələsini qoyur. İllər sonra belə, Namiq Ağayev yenə kredosuna sadiqdir: o, bu mövzunu Kukla Teatrının səhnəsində davam etdirərək, azadlıq anlayışını daha da universallaşdırır, fərdin azadlığını, bu azadlığın vacibliyini müzakirə edir və eyni zamanda müəyyən mənada məsələyə ekzistensial aspektdən yanaşır.

Namiq Ağayev həm üslub, həm düşüncə etibarilə polifonik rejissordur. Bu çoxqatlılıq nağılın səhnə həllində də özünü göstərir. Bununla belə, o, əziz Səməd Behrənginin məşhur nağılını özünün yaxşı mənada nizamlı xaotik dünyasına tamamən təslim eləmir, sərbəst, radikal yozumlara qaçmır. Əksinə, əsərin ideya problematikasına, məzmununa əl dəymədən zövqlü, lakonik, estetik vizual gəzişmələr edir.

Valideynləri ilə çox kiçik, qapalı, dəyişməyən dünyada yaşayan Balaca Qara balıq günlərin birində bu yeknəsəq həyatdan qurtulmağı qərara alır. O qapalı dünya ki, ordan kiminsə kənara çıxmağa əzmi, cəsarəti yetmir. Öz kiçik dünyalarında yaşayan və dəyişməyə cəhd göstərməyən balıqlardan ötrü həyat ancaq yeməkdən, eyni şəkildə mənasız vaxt keçirməkdən ibarətdir. Balıqlar qorxu hissindən dolayı başqa bir dünyanın varlığını qəbul etmək istəmirlər. Bu, bir az da Platonun "Mağara haqda mif" alleqoriyasını xatırladır. Alleqoriyaya görə, mağarada zəncirlənən insanlar doğulandan bəri, yalnız bayırdan mağaranın divarlarına düşən kölgələri görərək onu yeganə reallıq kimi qavrayırlar. Mağaradan kənar dünya isə onlar üçün qəbuledilməzdir...

Yalvarış və təkidlərə baxmayaraq, Qara balıq uzun bir yolçuluğa başlayır, təhlükələrlə, müxtəlif xarakterlərlə üzləşir, həyat təcrübəsi toplayır.

Rejissor ideyasının realizəsi üçün minimal ifadə vasitələri seçir və bir daha minimal vasitələrlə dərin bir hekayəni ifadə etməyin mümkünlüyünü göstərir. Müəllif ekspozisiyada balıqların ətalət dünyasını vizuallaşdırmaqla yanaşı, təkrir sözlərlə məzmunun emosional qatını daha da artırır. Tamaşanın dominanat rəngləri - ağ və qara özündə çoxmənalılığı ehtiva eləyir. Qara fon və ağ rəngli dəniz bütün tamaşa boyu bir-biriylə kontrastda və mübarizədədirlər. Bu iki rəngin arasında daim səhnəyə həm məzmun, həm zahirən rəngli, yeni obrazlar daxil olur: Qurbağa, Kərtənkələ, Balıqudan, Naqqa, Saqqa quşu. Balaca balıq bu həqiqəti dərk edir ki, həyat ona öyrədildiyi kimi ağ-qara rənglərdən ibarət deyilmiş. Gah cəngavər, döyüş ruhu aşılayan musiqi, gah asketik notlar (Əmir Kustiritsanın filmlərinin bəstəkarı Qoran Breqoviçin musiqilərindən istifadə olunub) hər səhnənin məzmunuyla uyğunlaşır. Dəyişən obrazlarla, vəziyyətlərlə sinxronlaşan musiqi tamaşanın dinamik tempini saxlayır.

Müəllif əsərin dramatikliyini ən həssas anlarda belə saxlaya bilir, bayağı sentimentallığa getmir. Məsələn, balığın anası üçün darıxanda, ona oxunan layla hissəsinin fraqmentarlığını nəzərdə tuturam .

Obrazlar kukla və canlı plan oyunlarında təqdim olunur, tamaşa eyni zamanda xoreoqrafik kompozisiyalar üzərində qurulur.

Finalda Qara Balıq balaca, rəngli balıqları təhlükədən xilas eləyir. Onun sonrakı taleyi haqda Nağılçı detallı bilgi verməsə də, qaranlıqda parlayan işıqla bitən final səhnəsi nikbinliyə, onun günümüzdə də mübarizəsini davam etdirdiyinə inam verir.

Kuklaçı rejissor kimi böyük təcrübəyə malik Namiq Ağayev uşaqların təhtəlşüuruna mübarizə əzmini, azadlıq ideyasını vizual oyunlarla daxil etməyin peşəkarıdır.

Tamaşanın səhnələşdirən Həmidə Rüstəmova, quruluşçu rəssamı İqbal Əliyevdir. Rolları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Ramiz Qəmbərov ifa edirlər.

# 8542 dəfə oxunub

Müəllifin son yazıları

# # #