Ötən həftə Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı keçirildi.
Film Çingiz Abdullayevin “Quba kapriççiosu” əsərinin motivləri əsasında ekranlaşdırılıb.
“Xeyirlə Şərin rəqsi” ekran işi detektiv janrında çəkilib. Zira filmin detektiv janrı ilə əlaqəsi yoxdur.
Əsəri oxumadığıma və ümumiyyətlə, Ç. Abdullayevin oxucusu olmadığıma görə romanın keyfiyyəti barədə fikir yürüdə bilmərəm.
Film isə birmənalı olaraq keyfiyyətsiz alınıb.
Süjet xətti haqda qısaca onu deyim ki, xəfiyyə Dronqo Qırmızı qəsəbədə baş verən müəmmalı hadisəni araşdırmaq üçün bura Qubaya gəlir. Zərgər Semyon İzmaylov öləndən sonra seyfdən bahalı almaz yoxa çıxır. Onun yaxın qohum-əqrəbası bu almazın kimin oğurladığını üzə çıxarmaq üçün Dronqoya müraciət edir.
İndi isə filmin nədən detektiv janrı ilə əlaqəsi olmaması, keyfiyyətsiz alınması ilə bağlı detalları diqqətə çatdırım.
Detektiv janrda çəkilən filmlər adətən dinamizmi, hadisəliliyi seçilir. Əhvalat tamaşaçını intizarda saxlayır, onu bədii oyuna cəlb edir, fabulanı mürəkkəbləşdirən, süjetin inkişafında hansısa gözlənilməzliklər baş verir. Cinayəti aydınlaşdıran xəfiyyə yorulmadan axtarışdadır. O, axtarışlarının qarşısını kəsən maneələrlə, ona qurulan tələlərlə rastlaşır və s.
“Xeyirlə şərin rəqsi” filmində isə zərrə qədər də dinamizm yoxdur. Həddən artıq ləng tempdə çəkilib, film boyu gərgin, maraqlı hadisə, konflikt baş vermir.
Dronqo cinayətin izinə düşmək əvəzində gah badımcan dolmasından dadır, gah çay içir, gah Google-da nəsə axtarır, mətbəxdə, salonda veyllənir, uzanır, yatır, dərin düşüncələrə dalır. Bu müddətdə isə qəza baş verir, qətl hadisəsi törədilir, Dronqo da əlüstü cinayət yerlərinə nəzər yetirib, yenidən öz donuq, statik vəziyyətinə qayıdır. Sanki o, xəfiyyə kimi vəzifəsini yerinə yetirməyə yox, dolma yeyib Google-da qurdalanmağa gəlib.
Filmin xeyli hissəsi Dronqonun daxili monoloqu - əhəmiyyətsiz, dərin məna yükü daşımayan ritorik fikirləri üzərində qurulub. Rejissor cinayətin açılmasına, təhlükələrə vurğu eləmək əvəzinə Dronqonun süjetin inkişafında rol oynamayan fikirlərinə, müxtəlif içkilərdən kokteyl hazırlanmasına diqqət çəkir. Adama elə gəlir ki, film daha çox roman müəllifinin bu lüksünü göstərmək üçün çəkilib. Elə burdaca qeyd edim ki, ssenarini Yavər Rzayev Çingiz Abdullayevlə birgə işləyib.
Qısası, Dronqonun “fəlsəfəsi” süjetdə əriməyib, ona hopmayıb və bu səbəbdən də onun düşüncələri əhvalatda yad element, kənar mətn kimi görünür.
Dronqo rolunun ifaçısı İlqar Muradov faktura etibarilə obraza yarayır. Amma belə bir rolu oynamaq üçün aktyor kimi yüksək peşəkarlığa ehtiyac yoxdur. O, xüsusi nəsə eləmir, sadəcə, hərdən çəpəki, hərdən düşüncəli baxır, arabir üz əzasını tərpədir. Vəssalam.
İtalyan rəssamı Domeniko Fettinin “İtirilmiş dirhəm haqda pritça” əsəri filmdə açar rolunu oynayır. Guya... Rəsm əsəri İsa Məsihin pritçalarından birinə əsaslanır. Eyni adlı pritçanın mahiyyəti ondan ibarətdir ki, qadının diqqətlə, səylə dirhəmi axtarması, tapacağına inamı Tanrının ona verdiyi inama əsaslanır. Tabloda güclü işıq-kölgə kontrastı var, kölgə divarda bədheybət kimi görünür və əlində çıraq, dirhəmi tapan qadının sevinci ona qarşı qoyulur.
Almazın axtarışı ilə bu rəsmin mahiyyəti arasında əlaqə primitiv qurulub. Dünya kinosunda cinayətin açılmasında ya rəsm, ya ədəbi əsərin, ya da İncil mətnlərinin rol oynaması kimi fəndlərdən istifadə edilən çox film çəkilib. Burda süjetlər əsaslı işlənir, nəql olunan əhvalatla iç-içə keçir. Yadıma düşənlərdən, məsələn, Devid Finçerin, İncil motivlərinə əsaslanan “Yeddi” detektiv-trillerini xatırlayıram.
“Xeyirlə Şərin rəqsi”ndə isə müəllifin tablo ilə əhvalat arasında qurduğu yeganə bağ da səthidir: İtirilmiş almaz dirhəm kimi uzaqda yox, hardasa elə evdə, yaxındadır. Sonra məlum olur ki, qoca almazı onun gələcək nəsillərə qalması məqsədilə uşağın gəlinciyinin içinə yerləşdirib.
Ümumiyyətlə, gəlincikdə pulun və ya daş-qaşın gizlədilməsi klişedir. Belə klassik nümunələrdən biri Çarlz Loutonun 1955-ci ildə ekranlaşdırdığı “Ovçunun gecəsi” filmidir. Müəlliflər bu klişeni yeni yozumda təqdim eləməyiblər.
Epizodda oynayan Füzuli Hüseynovun, Münəvvər Əliyevanın rolu süjetdə funksional, işlək deyil, yəni nə hadisə yaradır, nə həyəcan qatır, nə dramatizm gətirir və s.
Təqdimat mərasimində filmin prodüseri Müşfiq Hətəmov son illərdə Azərbaycan kinosunun dünyada irəliləyişini qeyd edib. Belə zəif filmlərlə biz nəinki dünya kinosunda, heç daxili bazarda da irəliləyə bilməyəcəyik.
Üstəlik, başqa bir məsələ də var. Nazirlik zəif ssenarini təsdiqləyib çəkilməsinə sifariş versə belə, müəllif filmi olmadığı üçün, burda prodüserin üzərinə böyük məsuliyyət düşür. Peşəkar prodüser ssenarini təkmilləşdirib, doğru konsepsiya tapıb zay ssenaridən normal məhsul ərsəyə gətirə bilər.
Və bu tendensiya dünya kinosənayesində öz təsdiqini çoxdan tapıb.
Filmin rejissoru Yavər Rzayev peşəkar ssenaristdir, “Sarı gəlin” kimi maraqlı ekran işinin müəllifidir, pis –yaxşı “İlahi məxluq” müəllif filmini çəkib. Amma detektiv onun janrı deyil. Ssenarinin janrına uyğun rejissorun təsdiq edilməməsi də prodüser xətasıdır.