Valideynlərini qətlə yetirən qadın - “Qalmaqallı filmlər”

Valideynlərini qətlə yetirən qadın -  <span style="color:red;">“Qalmaqallı filmlər”
27 iyun 2015
# 07:30

Kulis “Qalmaqallı filmlər” layihəsindən amerikalı rejissor Oliver Stounun “Qatil doğulanlar” filmini təqdim edir.

Oliver Stoun 1946-cı ildə Amerikada doğulub. Vyetnamda döyüşən rejissor şəxsi təcrübəsini kinoya gətirərək “Vyetnam trilogiyası”nı çəkib: “Taqım”, “Dörd iyulda doğulan”, “Səma və torpaq”.

1991-ci ildə isə Con Kennedinin qətlini araşdıran və Amerikada qızğın müzakirələr doğuran “Con F. Kennedi. Dallasda atəş səsi“ filmini lentə alır.

Stoun eyni zamanda sənədli ekran işləri ilə də məşhurdur. O, Fidel Kastroya üç sənədli film həsr edib: “Komandante”, “Fidelin axtarışında” “Kastro qışda”...

2014-cü ildə Venesuelanın keçmiş prezidenti Uqo Çavesə həsr elədiyi “Uqo” sənədli filmi ekranlara çıxıb.

Onun “Persona non qrata” filmi isə İsrail-Fələstin münaqişəsi haqdadır.

Bu layihədə rejissorun “Qatil doğulanlar” (1994) kriminal dramını təqdim edirik.

Süjet: Gənc Mellori anası, ona seksual zorakılıq edən atası və dil tapa bilmədiyi kiçik qardaşı ilə yaşayır. Günlərin birində Mikki adlı gənc adam onların evinə ət gətirəndə Mellori ilə qarşılaşır və ona vurulur. Mellori sevgilisi ilə birlikdə valideynlərini qətlə yetirir, atasının maşınını oğurlayaraq qaçır. Sevgililər bu qətldən sonra özlərində rahatlıq hiss edir.

Cütlük yoldan keçənləri, onlara kiçik haqsızlıq edənləri öldürür. Amma kimisə mütləq sağ buraxırlar ki, onların hekayətini hər yerdə danışın.

Mediada qatil sevgililər haqda xəbərlər yayılır, cütlüyün fanatları meydana gəlir. Fanatlarının şüarı belə idi: “Əgər qatil olsam Mikki və Mellori kimi olacam”.

“Qatil doğulanlar” reytinqlərini qaldırmaq üçün zorakılıq xəbərlərindən geniş istifadə edən KİV-ə, amansız insanlar yetişdirən cəmiyyətə satiradır.

Film 1950-ci illərdə Amerikada kütləvi qətllər törədən sevgililər Çarli Starkvezer və Keril Enn Fyugeytin hekayətinə əsaslanır.

“Qatil doğulanlar” Venesiya festivalında xüsusi mükafat alıb.

Maraqlı faktlar

Bred Pitt Mikki rolunu oynamaqdan imtina edib.

Filmin ssenari müəllifi Kventin Tarantinodur. O, bir müsahibəsində Stounun rejissorluğunu bəyənmədiyini və filmi ondan daha yaxşı çəkə biləcəyini demişdi. Çoxlarının fikrincə, Tarantinonun ssenarisi filmdən yaxşıdır.

“Qatil doğulanlar” 1999-cu ildə Amerikada “Kolumbayn” məktəbini gülləboran edən və sonda özlərini də öldürən yeniyetmələrin sevimli filmi olub.

Məhkumların qiyam səhnəsi real həbsxanada çəkilib və qiyamçıların çoxu gerçək məhkumlardır.

“Koka Kola” şirkətinin rəhbərliyi süjetdən tam xəbərdar olmadan filmdə məhsullarının reklamına izn veriblər. Amma filmi görəndən sonra dəhşətə gəliblər.

Mikki və Mellorinin girov tutduğu oteldə Alan Parkerin “Gecəyarısı ekspressi” və Brayan de Palmanın “Çapıqlı üz” filmi gedir. Bu filmlərin ssenarisini Stoun yazıb.

Amerika ictimaiyyəti filmin müəllifini zorakılığı, qəddarlığı yaymaqda ittiham edib. Hətta Amerikada, Avropanın bir sıra ölkələrində filmin qadağasına cəhdlər olub.

# 1114 dəfə oxunub

Müəllifin son yazıları

# # #