Dünən “Nizami” kino mərkəzində Vahid Mustafayevin “Qanlı yanvar” filmini izlədim.
Hörmətli Vahid bəyə iki xəbərim var. Birincisi, ürək açan deyil: 18.20 seansında qos-qoca zalda mən də daxil olmaqla vur-tut altı tamaşaçı vardı. Öyrəndiyimə görə, film nümayişə girəndən seanslara az adam gəlir.
İkinci xəbər yaxşıdır. İki yeniyetmə qız ilə gənc ananın film çox xoşlarına gəlmişdi. Qadın dedi ki, qızlarının təkidi ilə Mərdəkandan məhz bu filmə baxmağa gəliblər: “İnanmaq olmur, bizimkilər belə yaxşı film çəkə bilərlər”. Ardınca da gileyləndi ki, Mərdəkanda kinoteatr yoxdur.
Bildiyim qədər “Qanlı yanvar”ı bəyənənlər arasında ANS ilə əlaqəsi olmayan sadə insanlar da az deyil. Bu, onu deməyə əsas verir ki, film kütləvi şəkildə qəbul edilə bilər. Sadəcə, treyler çox bərbad, deklarativ idi. Geniş tamaşaçı kütləsini cəlb eləmək üçün normal kadrlardan səliqəli, kinematoqrafik treyler ortaya çıxarmaq olardı. Heç bir həyəcan ötürməyən portretlər, qışqıran kütlədə dərhal nəzərə çarpan Mina Sovetski adamı filmə baxmağa sövq eləmir.
Sevgili Trier özünün “Antixrist” filmi haqda demişdi ki, onu çəkəndə potensialının yalnız qırx faizini istifadə edə bildi. Nəticədə Trier həm dünya kinosunun, həm də öz yaradıcılığının ən əhəmiyyətli filmlərindən birini ekranlaşdırdı.
“Qanlı yanvar” V. Mustafayevin yanılmıramsa, sayca üçüncü bədii filmidir. Və mənə elə gəldi ki, o, son kinolayihəsinin realizəsinə malik olduğu bütün imkanlarını, intellektini, bacarığını sərf edib. Bütün bunlara rəğmən isə alababat psevdo məhsul alınıb.
“Qanlı yanvar”ı qısaca belə tərif etmək olar: bol qan, aksiyon, uzun dialoqlar və təbliğat-ritorika.
Hətta posterdən də, titrlərdən də bolluca qan “axır”.
Personajlardan fışqıran qanlar istər-istəməz Tarantinonun filmlərini xatırladırdı.
İndi bilmirəm, amma əvvəllər ANS-də yeni ilin son gecəsi adətən Tarantinonun kult filmi- “Kriminal qiraət” filmi nümayiş olunurdu. Ümumiyyətlə, ANS-in efirində Tarantino filmlərinə xüsusi sevgi var.
Ola bilsin, bəlkə də rejissor özünü Tarantinonun varisi sayır. Təəssüf edirəm, uğursuz varislikdir. Əksinin olmasını, əlbəttə, çox istərdim.
Tarantinonun filmlərindəki qan da, ölüm də dekorativdir, bilərəkdən şişirdilmişdir, o, bizə bunun imitasiya olduğunu hiss etdirir. Özünün qan, qətllər konsepsiyası ilə o, tamaşaçıya göstərilənlərin kinooyun olduğunu xatırladır, qanı sevən Hollivud kinosənayesinə ironiya edir. Dünya kinosuna göndərişləri ilə bizi əyləncəli sənət oyununa cəlb edir, tarixi faktları belə manipulyasiya edərək onu kino sənətinin köləsinə çevirir.
V. Mustafayev isə ifrat qanlı səhnələri ilə naturalizmə, üstəlik, hərəkətli kameradan, sənədli xronikadan sinxronlu istifadə ilə dokumentallığa iddialıdır. O, qanı faciənin, dramatizmin başlıca ifadə vasitəsi kimi görür və ona görə də yaratmağa cəhd göstərdiyi kinodili onun “qanlı publisistikasına” uduzur.
Rejissor süjetə Almatı, Tbilisi hadisələrini, uzun, darıxdırıcı ideoloji polemikanı, dini təbliğatı, Qərbin Azərbaycanda marağını, paytaxtın mərkəzindəki utopik partizan müharibəsini və bütün bunların fonunda zəif görünən sevgi xəttini bir-birinə qarışdıraraq natamam, pinti “kinokokteyl” hazırlayıb.
Yanvar gecəsində təsvir olunan hərəkətlilik naşıdır. Hətta o qədər naşıdır ki, sovet ordusununun qəfil hücumundan adamlar da qeyri- təbii vahimələnir, operator çəkiliş bucağını elə seçib ki, hadisələrin məhz çəkiliş üçün nəzərdə tutulan dar məkanda getdiyini anlayırsan, gülləbaran edilən avtobusun kadra spontan yox, rejissorun göstərişi ilə girdiyini hiss edirsən. Tonqal ətrafında əl çalan uşaqların çəkingənliyi də, kamera arxasından komanda gözlədiyi də, meyxanaçı Namiq Qaraçüxurlunun kameraya oynaması da sezilir.
Əvvəldə titrlərdə real hadisələrə əsaslandığı yazılsa da müəllif süjetə öz yozumunu da qatıb.
Yanvar hadisələri ilə bağlı verilən bəyanatlarda dəfələrlə vurğulanıb ki, sovet ordusu dinc əhalini qətlə yetirilib.
Filmdə isə rejissor bir qrup silahlı vətənpərvər gəncin sovet ordusuna qarşı mübarizə apardığını göstərir. Onların sovet əsgərləri ilə şəhərin mərkəzində, dükanda atışması, hadisələrin idarə edildiyi qərargaha hücumunun təsviri eynilə tipik Hollivud filmləri üslubunda həll olunub. İki rus əsgəri dükanda azərbaycanlı satıcıdan ərzaqları hədə- qorxu ilə, onu təhqir edərək alır. Bu zaman vətənpərvər azərbaycanılar peyda olur, əsgərləri qanına qəltan eləyir. Onların hərəkətliliyi Rembonun qəhrəmanlığı kimi fantastik təsir bağışlayır.
Hətta bir partizan qızın öldürülmüş rus əsgərini görəndə soyuqqanlı, zarafatcıl rekasiyası B kateqoriyasında çəkilən döyüş filmlərindən gəlmədi.
Təxminən belə dialoq. Dükanda qız ölmüş əsgərə işarə edərək dostuna deyir:
-Bunu sən eləmisən?
-Sizə demədim maşında gözləyin?!
-Gəldim deyim ki, “Kosmos” alma, varsa “Moskovski” al.
Əhvalatın mərkəzi konfliktlərindən biri iki qardaş DTK zabiti ilə Əfqanıstanda vuruşmuş, sovetlərə qarşı silahlı mübarizənin liderlərindən olan digər qardaş arasında baş verir. Qardaşlar arasındakı mövqeyi, fikir ayrılığını ifadə edən mübahisələr ümumi, kəsərsiz, pafosludur. Personajların konfliktini çatdıra bilən mənəvi-psixoloji emosional partlayış baş verimir.
Dünya kino tarixində əks cəbhədə bir birinə qarşı dayanan ailə üzvləri haqda mükəmməl filmlər çəkilib: Ken Louçun “Arpanı titrədən külək”, Marqareta fon Trottanın “Tutqun günlər”.
Bu cür filmlərdən öyrənməkdə fayda var.
Müəllif imkan tapıb səhnələrə milli incəsənətimizin elementlərini də yerləşdirib: yallı, tar-kaman, meyxana.
Aktyorlar səhnədə statik görünməmək üçün tez-tez siqaret çəkirdilər. Və siqaret onların əksəriyyətinin xarakterində tapdığı ümumi element idi.
Nebahat Çehrenin kamera ilə kontaktda olmaq təcrübəsi öz sözünü deyir. O, daha rahat, daha rəvan hərəkət edir, obrazlı desək, əllərini qoymağa da yer tapırdı.
Kinodakı dialoqlar, ifadələr əsasən plakat xarakterli idi. Onlardan bir neçəsini təqdim edirəm:
“...dinimizi işğaldan azad etməliyik”.
“Biz hətta çörək alanda da onları öldürəcəyik”.
“Qulaq as, igid. Mən belə baxıram, yaxşı ki, bizim doğrudan da hərbi savadımız yoxdur. Yoxsa bu gecə oğraşlığı boynumuza alıb başqa yollar axtarardıq. Ömrü boyu biqeyrət qalardıq”.
“İmam Əli əleyhissəlam demişdir ki, qılınc yalnız kəsmək üçün qından çıxmalıdır”.
“Ana:
-Yenə də qırılan azərbaycanlılardır oğlum.
-Yox, ay ana, onlar azərbaycnalı deyil, Üzeyir Hacıbəyov, Qara Qarayevdir azərbaycanlı.
-Oğlum əgər səni bir nəfər söyürsə razıyam, o, düşmən və cinayətkardır. Amma min, on min nəfər söyürsə bu, artıq izdihamdır, inqilabdır”.
Ümumən, bu filmin ruhunda nəsə bir infantil patriotizm, qəhrəmanlıq duyulur.
“Qanlı yanvar” xüsusi kino dili olmayan, yerli publikaya hesablanmış sıradan təbliğat filmidir.
Sevda Sultanova