Aydan və Monika: Hansı sənət əsəridi?

Aydan və Monika: Hansı sənət əsəridi?
27 mart 2013
# 12:31

Facebookda vaxtaşırı qadın və kişi istifadəçilərin Monika Beluççinin fotolarını paylaşmasının üst mənası onun cazibəsinə heyranlıq ifadə edirsə, gizli mesajı belədir: kişilər Monika ilə sevişmək, qadınlar isə kişilərin xoşuna gəlmək üçün ona bənzəmək istəyirlər.

Təbii arzudur. Kişilər əksər hallarda dünyaya hormonları ilə baxır, onun diliylə danışırlar. Qadınları isə əbədi-əzəli problemin doğurduğu komplekslər - daim gözəl görünmək arzusu, yaşlanmaq qorxusu idarə edir.

Monika da daxil olmaqla aktrisaların, müğənnilərin, modellərin Google cəngəlliyində saysız - hesabsız, açıq-saçıq fotolarından ibarət nəhəng bir zibillik var.

Həmin fotolar eyni mahiyyət daşıyır, eyni pozalarda, rakurslarda çəkilib. Fikir vermisizsə bir qayda olaraq fotolarda qadınların vahid, dəyişməz duruşu sərgilənir: dodaqlar bir balaca yığılıb, azacıq açılaraq irəli uzanır, bu da özlüyündə guya erotizmi ifadə edir, atəşli baxışlar obyektivə zillənir, vücudları nümayişkaranə şəkildə sanki “özümü təklif edirəm” anlamında qabağa verilir.

Bu, bir az da hərisliklə baxılan, hər kəsin toxuna bilmədiyi, yalnız şansı, milyonları olanların əldə edə biləcəyi bahalı avtomobil və ya yaxta sərgisinə bənzəyir.

Hətta “üçüncü gözü” və “altıncı duyğusu” olan seyrçi bilir ki, ordakı seksuallıq, erotizm təqliddir.

Başqa cür desək, “seksual təqlid” dünya şou-biznesinin formalaşmış, ənənələri möhkəmlənmiş, maddi marağın bütün hallarda önə çəkildiyi manifestidir.

Onlar fotosessiyaları ilə rejissorlara, moda agentliklərinə, televiziyalara, məşhur jurnallara, zəngin kişilərə çağırış edir: “biz gözəlik, formadan düşməmişik, hələ də nəyəsə yarayırıq, rəqibsizik, bizi alın, biz ələgəlməz, hamının toxuna bilməyəcəyi bahalı əşyalarıq”.

“Alınıb-satılan məhsul” kontekstinə söykənən, əks cinsi sonsuz seksual fantaziyalara təhrik edən, instinktləri işə salan fotolar şübhəsiz ki, sənət nümunəsi deyil. Bu iddialı, manipulyasiya edən, sənətlə heç bir əlaqəsi olmayan fotolardır.

Hansısa açıq səhnə, pornoqrafik kadr, erotik rəsm, lüt insan heykəli mənim üçün sənət anlayışından kənarda mövcud deyil.

Rejissorun təklif etdiyi cinsi akt, fotoqrafın lentə köçürdüyü, rəssamın naturadan çəkdiyi çılpaq bədən nəsə ifadə etməlidir, müəllifin ideyasının açılmasında vasitəçi olmalıdır.

Məsələn, pornoqrafiya P. Pazolininin yozumunda faşizmin, J. L. Qodarın filmlərində kapitalizmin, istehlakçılığın mahiyyətinə vəsilədir.

Seksual münasibətlər B. Bertoluççidə cəmiyyətin ehkamlarına, riyakarlığına etirazdır.

Jan Jenede homoerotizm polis diktaturasının qadağan etdiyi azad sevgini ifadə edir.

P. Şero isə sevişməni ekzistensiallıqla, tənhalıqla yükləyir.

Çılpaqlığın, seksuallığın ənənəvi mahiyyəti hər sənətkarın baxışına görə dəyişir, tamamilə fərqli anlamlar daşıyır. Sənətin təqdimatında çılpaq kişi və ya qadın bədəninin təsviri kütlə qavramının fövqünə qalxır.

Və sənətlə əlaqəsi olmayan çılpaqlıq, cinsi münasibətlər boşdur, kütləvi mədəniyyətdir, kitçdir.

Aydan Salahovanın qınanılan yarıçılpaq fotosu isə boş deyil, ən azından onun estetik konteksti var, yüksək bədii zövqlə çəkilib.

Fotoda manipulyasiya elementləri yoxdur, şəhvaniliyə isə heç təhrik etmir. Bu, onun özünün individual ərazisi ilə harmoniyasını, ruhunu ifadə edir.

Onun fotosu, məsələn, Covanni Bellininin “Çılpaq qadın güzgü ilə” tablosu qədər iddiasızdır və ordan təkəbbürlü mesajlar axmır.

Üstəlik, dünya incəsənəti haqda mükəmməl bilgilərə sahib olan, özü də yaradıcı bir qadının sənətsiz foto çəkdirməsi sadəcə mümkün deyil.

Doğrusu bu cür fotolara, ümumiyyətlə, sənət əsərlərinə fiziki anlamda, dar ölçülərlə, təsəvvüründə formalaşmış əxlaqa görə dəyər verənləri qınamıram.

Çünki dünyanın hər yerində, həmçinin Azərbaycanda beyni, estetik duyğuları ilə yox, instinktləri ilə düşünənlər var.

Onların məntiqinə əsasən dünya incəsənətinin böyük bir hissəsi məhv edilməliydi.

Sosial şəbəkədə A. Salahovanı qınayan, onu təhqir edən şərhləri oxuduqca düşünürəm ki, nə yaxşı, dünya incəsənəti o insanların ümidinə qalmayıb.

# 11926 dəfə oxunub

Müəllifin son yazıları

# # #