“Frankonun seksdən başı çıxmırdı”

“Frankonun seksdən başı çıxmırdı”
7 yanvar 2013
# 08:45

Bir müddətdir ki, filmlərdə rastlaşdığım maraqlı dialoq və fikirləri toplayıram. Onlardan bəzilərini təqdim edirəm.

“Enni Holl” (Vudi Allen)

Allen:

- Siz xoşbəxt cütlük kimi görünürsünüz. Bu belədir?

Qadın:

- Hə.

Allen:

- Buna necə nail oldunuz?

Qadın:

- Mən bəsitəm, boşam, heç bir fikrim yoxdur. Deməyə sözüm də yoxdur.

Kişi:

- Mən də tamamilə onun kimiyəm.

Allen:

- Maraqlıdır. Və siz ümumi dil tapa bilmisiniz?

Əlbəttə.

***

Bura çox təmizdir.

Çünki Los Ancelesdə zibili atmırlar, onu televiziya şousuna çevirirlər.

***

“Məktəbdəki müəllimlərimi xatırlayıram. Kim ki heç nə bacarmırdı, öyrədirdi, öyrətməyi bacarmayanlar isə idmandan dərs deyirdi. Əlbəttə ki heç nəyə yaramayanların hamısı bizim məktəbdə idi”.

***

- Bəlkə mən poeziya kurslarına gedim?

- Bayronun şeirlərini oxumaq lazım gələcəksə, poeziya kursunu seçmə.

***

Siz arvadınızla yataqda olanda o özünü süni şəkildə ehtirasa gətirir? Məsələn, nəsə, marixuana kimi bir şeylə.

Biz vibratordan istifadə edirik.

Vibrator? Qeyri-normal adamdan layiqli cavab. Aman Tanrım!

***

- Gəl, bu lənətə gəlmiş şəhərdən günəşli Los Ancelesə gedək.

- Mən şəhər mədəniyyətinin yeganə göstəricisi, qırmızı işıqda doğru keçmək olduğu yerdə yaşamaq istəmirəm.

“Uik End”(Jan Lyük Qodar)

Sən eşitdin o, nə dedi? Deyir ki, Marks bütün insanların qardaş olduğunu söyləyibmiş.

Bunu Marks deməyib. Başqa kommunist deyib: İsa Məsih.

“Teatr” (İştvan Sabo)

“Lənətə gəlmiş, dramaturqlar. Qadınlar üçün heç nə yaza bilmirlər. Onlar hamısı kişilərdir, problem bundadır.”

“Kika” (Pedro Almodovar)

Yazıçılar arasında öz arvadlarını öldürmək artıq ənənədir. Berrouz arvadını güllələyib, Altyusser arvadını boğub.

Dəhşət. Mən onları tanımıram. Yəqin ki, onlar ispan deyillər.

“Sanset Bulvarı” (Billi Uaylder)

- Siz Norman Dezmonsuz. Səssiz filmlərin böyük ulduzu.

- Mən elə əvvəlki kimi böyük ulduzam. Zəifləyən filmlərdir. Vaxt vardı, filmlər dünyanın gözü idi. Amma bu onlara bəs etmədi. İstədilər ki, qulaqları olsun. Onda onlar öz böyük ağızlarını açıb danışmağa başladılar. Danışmaq, danışmaq, danışmaq...

- Onda da pok korn meydana gəldi ki, qulaqları tıxasın.

“İnteryerlər” (Vudi Allen)

“Sən sadəcə özünü ana rolunda yoxlamaq istəyirdin. Bu, sənin poeziyan üçün daimi materialdır”.

“Ailə həyatından səhnələr” (İnqmar Berqman)

“Mən bəzən dövlət idarələrindəki idiotların bizim sevincimizi və kədərimizi müəyyən etməyinə heyrətlənirəm”.

***

“Smokinqdə özümü ənlikli kirşanlı meymun kimi hiss edirəm”.

***

“Həmişə özümdə güc tapıb deməyə çalışıram ki, həyatın, haqqında deyildiyi kimi mənası var”.

“Yeddi dəfə qadın” (Vittorio de Sika)

Uşaq ağlayır.

Dayə:

- Madam, uşağa siz lazımsız.

Qadın:

- Sən ona internasionalı oxu.

Ər:

- Mən bu mahnıya evimdə icazə vermərəm. Səni isə qovacağam.

Dayə:

- Ona bu mahnını əvvəlki dayə öyrədib.

Qadın:

- Əzizim, uşaq bu mahnısız yatmır. Narahat olma. Böyüyəcək və hər şeyi unudacaq.

***

Sən heç ərinə də xəyanət etməmisən.

Çünki ondan yaxşısını tapa bilməmisən.

“Üz-üzə” (İ.Berqman)

Siz elə yaxşı tərbiyə olunmusuz ki. Bu darıxdırıcıdır, elə deyil?

O qədər də yox.

“Qaranlıq alışqanlıqlar” (P.Almodovar)

Uşaq:

- Sən də rahibəsən?

Qadın:

- Yox, əzizim, mən fahişəyəm.

Uşaq:

- Axı, bu qadağan edilib.

“Alatoran” (Mikelancelo Antonioni)

“Bəzən əlimdə nəyin tutduğumun əhəmiyyəti yoxdur: iynə-sap, kitab, yoxsa kişi”

“Ehtiras” (İ.Berqman)

“Məncə hər şey onda mürəkkəbləşir ki, bir insan başqalarından öz həqiqətinə inanmağı tələb etməyə başlayır”.

“Bagla məni” (P.Almodovar)

“Mənim iflicim və sənin arxan ölkə mədəniyyətinin bir hissəsidir”.

“Çinli qız” (J.L.Qodar)

İsa Məsih:

- Tanrı niyə məni tərk etdin?

Tanrı:

- Çünki mən mövcud deyiləm.

***

“Biz valideynlərimizdən fərqlənməliyik. Mənim atam faşistlərə qarşı vuruşub. Amma bu gün Aralıq dənizi klubuna rəhbərlik edir. Dəniz sahilindəki bu böyük istirahət düşərgələri konslager sxemi kimi tərtib olunub”.

Mamma Roma” (Paolo Pazolini)

Hələ dayan, anan səndən adam eləyəcək. Hamı sənə qibtə edəcək. Sənin özünə də yüksək cəmiyyətin üzvü olmaq xoş gələcək.

Onlar elə kütdülər ki... Mənim onlardan zəhləm gedir. Sadəcə onların pulu var. Ona görə özlərini vacib adam sayırlar.

Demək kommunist olmusan. Əgər sən “yoldaşa” çevrilsən və bu uğursuzlar, bəxti gətirməyənlər arasında vaxt itirsən, biz uzağa getməyəcəyik. Sən mənim kimi düşünməlisən.

“Kannibal məsləhətçi” (P.Almodovar)

“Mən Frankonu yaxşı rəhbər hesab edirəm, amma onun seksdən qətiyyən başı çıxmırdı”.

Sevda Sultanova

# 5076 dəfə oxunub

Müəllifin son yazıları

# # #