Müğənnilərə niyə efir qadağası qoyulur - ARAŞDIRMA

Müğənnilərə niyə efir qadağası qoyulur - ARAŞDIRMA
19 yanvar 2016
# 10:31

Saytlarda telekanal rəhbərliklərinin efirə çıxmağa icazə vermədiyi müğənnilərin adı açıqlanıb.

Doğrusu, müğənnilərə efir qadağası qoyulması mənim üçün həddən artıq əhəmiyyətsiz məsələdir. Özü də ilin günün bu vədəsində, min cürə vacib problemin olduğu dönəmdə.

Sadəcə, məsələ ilə bağlı bir neçə nüansı yazmaqda fayda var.

Əvvəla ondan başlayım ki, hansısa müğənniyə qadağa qoymaq nəticədir.

Telekanalların illər boyu apardığı qeyri-peşəkar efir siyasətinin nəticəsi.

Rəhbərlərin telekanalları dünya standartlarına uyğun, peşəkar yox, subyektiv, şəxsi meyarlarla idarəetmələrinin nəticəsi.

Telekanalı toyxana formatına salmalarının nəticəsi.

Xaotik, nizamsız, ölçünü itirmiş musiqi siyasətinin nəticəsi və s.

Xarici ölkələrdə telekanallar düşünülmüş musiqi siyasəti həyata keçirir. Məsələn, Fransanın “Mezzo Live HD” kanalı klassik musiqini sevənlər, melomanlar üçündür. “MTV HITS” günün xitlərini təklif edir. Qısacası, etnik, pop, rok, alternativ musiqi üzrə profilləşmiş kanallar fəaliyyət göstərir.

Bizdə nə baş verir? Büsbütün xaos.

Əvvəllər də yazdığım kimi telekanallar neçə illərdir ki, öz konsepsiyalarını əsasən əyləncə üzərində qurublar, sosial-ictmai, ailə problemlərini araşdıran proqramlara ekspert kimi müğənnilər dəvət olunur, ciddi musiqi ilə həvəskar musiqinin sərhədi itib, efir siyasəti müğənnilərin təbliğinə həsr edilib və adama elə gəlir ki, bu ölkədə ancaq zümrə kimi müğənnilər mövcuddur.

İnformasiya, maariflənmə və əyləncə arasında balansın itirilməsi, primitivlik, nadanlıq, standart tətbiq olunmaması ona gətirib çıxarır ki, telekanal rəhbərliyi müğənni ilə münasibəti peşəkar yox, şəxsi prizmadan qiymətləndirir.

Məsələn, hansısa müğənni onun qohumunun toyunda havayı oxumayıb, rəhbərliyin ailə üzvlərindən kiminsə bir müğənnidən xoşu gəlmir, yaxud müğənni necə olubsa vacib adama salam verməyib və ya müğənni müxalifətçinin toyunda oxuyub və s. Yəni bu kimi qeyri-peşəkar səbəblərdən onlara qadağa qoyulur.

Yaxud başqa detal: dövlət büdcəsindən maliyyələşən kanallardan birində tez-tez Röyanın konserti verilirdi. Təsadüfən öyrəndim ki, rəhbərin qızı Röyanın fanatıdır.

Mövzu ilə bağlı televiziya mütəxəssisi Qulu Məhərrəmli ilə danışdım. Qulu müəllim dedi ki, belə absurd qadağaya xarici təcrübədə rast gəlməzsiniz. Nadir hallarda ola bilər ki, bir müğəni, ifaçı kanalda klipinin, ifasının yayımlanmsına qadağa qoyur.

Ümumilikdə, məsələnin ən pis tərəfi kanalların şoulaşması üzündən ciddi veriliş hazırlaya bilməməsi, peşəkarlıq vərdilşlərinin yoxluğudur.

Bir dəfə ATV kanalından kino verilişinə dəvət olunmuşdum. Zəng edən gənc oğlandan soruşuram ki, hansı filmin müzakirəsi olacaq? Cavab verir ki, rus filmi “Yaxşı il” . İnternetdə axtarış verirəm. Belə bir film rastıma çıxır, amma rus yox, amerikalı rejissor Ridli Skottun filmi. Sonra həmin verilişin bir neçə buraxılışına da baxdım. Qərara aldım ki, belə qeyri-peşəkar proqrama çıxa bilmərəm. Ümumiyyətlə, mən bizim kanallara çıxmağa utanıram.

Yaxında aktyor Rasim Cəfər belə status yazmışdı: “Kanallarin birindən kino haqqında verilişə qonaq qismində iştirak etmək üçün zəng vurmuşdular. Mövzu xarici filmlər idi. Zəng vuran deyirdi ki, eşitmişik ki, siz dünya filmləriyilə maraqlanırsız, baxırsız...Məndən nə soruşşsa yaxşıdır? Siz kinoşünassız da, həə? Problem məni tanıyıb tanımamaqda deyil, problem verilişə kimi çağırdığını bilməməkdir. Yaxşı ki, devalvasiyadan danışmaq üçün iqtisadçı-ekspert qismində cağırmırdılar”.

Amma siz əgər o adamlardan soruşsanız ki, məsələn, Nadir Qafarzadənin kiminlə konflikti var, Aygün Kazımova hansı brendlərdən istifadə edir, cavab verməkdə çətinlik çəkməzlər.

Bu gün cəmiyyətimizdə bütün dərdlərin bir dərmanı var: peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıq...

# 2227 dəfə oxunub

Müəllifin son yazıları

# # #