“Maşın şou” gerçəkləri və ya Murad Dadaşovun fiaskosu

“Maşın şou” gerçəkləri və ya Murad Dadaşovun fiaskosu
8 iyun 2018
# 13:16

Sevda Sultanova

“Sənətin məqsədi nədir?” sualını müxtəlif cavabları ola bilər. Amma ortaq bir nöqtədə fikirlər kəsişir: insan təbiətini, onun ekstremal situasiyalarda davranışını, hansı qərarları və necə bir reaksiya verəcəyini araşdırmaq, görünə bilməyən gerçəkləri üzə çıxarmaq, həqiqətin absolyut yox, çoxtərəfli olduğunu, alternativ davranış, yaşam modellərini göstərmək...

Realiti-şoular isə özəlliklə bu cəhətin üzərində qurulur: ekstremal vəziyyətlərdə insanın reaksiyasına, davranışına və hədəfə çatmaq uğurundakı mübarizədə seçiminə, seçdiyi metodlara vurğular etmək. Belə bir teleformat fərdi sınağa çəkir, instinktlərinə güzgü tutur, onun xarakterinin alt qatlarını eşib çıxarır.

Bu cəhətləri realiti-şounu sənətə yaxınlaşdırır. Fəqət, onun sırf reytinqə hesablanması, başqa cür desək, reytinqin media məhsulunun yeganə kriteriyası olması, daha geniş tamaşaçı kütləsinin marağını təmin etməkdən ötrü, dəyəri olmayan, ucuz, alçaldıcı intriqalarla yükləməsi sənətlə arasında uçurum yaradır.

Bununla belə normal cəmiyyətin normal televiziyasında realiti-şou cəmiyyətin psixoloji portretidir, sosial münasibətlərin əksidir. Təsadüfi deyil ki, bu telejanr sosioloqların, kulturoloqların, filosofların araşdırma predmeti də olur.

Kino tənqidi sahəsində yayılan geniş fikir var: tənqidə yararlı olmayan filmlər.

Bu mənada “Maşın şou” araşdırmaya yararlı deyil, olsa- olsa sosial şəbəkələrdə lağ obyekti ola bilir. Və deyim ki, tamaşaçı rişxəndində yetərincə haqlıdır.

Halbuki, 2005-ci ildə ilk dəfə “Lider” kanalında yer alan “Maşın şou” yaxşı mənada iddialı və ciddi layihə kimi başlamışdı. Bundan öncəki əyləncəli layihələrində aparıcı kimi özəlliyi üzə çıxmayan, parlamayan Murad Dadaşov da məhz bu şouda potensialını, yaxşı bir teleaparıcı olduğunu təsdiqlədi.

Həmin dönəmdə layihə realiti-şounun standartlarına və tələblərinə cavab verirdi. Murad Dadaşovun intellektual çevikliyi, anında doğru reaksiyaları, korrekt şəkildə konflikt yaratmaq məharəti və eyni zamanda konfliktli situasiyaları hamarlamaq bacarığı cəzbedici və teleməkan üçün yenilik idi.

Şounun ilk buraxılışlarının plankası həm də o səbəbdən yüksək idi ki, həmin dönəmdə layihəyə şou aləminin üzləri yox, sadə, tanınmayan, müxtəlif sahələrdə təmsil olunan adamlar cəlb olunmuşdu. Veriliş yeni simaları tanıdırdı, fərqli xarakterləri araşdırırdı, yeni təcrübələrə meydan verirdi, gözlənilməz vəziyyətlərdə gözlənilməz, maraqlı reaksiyaların, səviyyəli polemikanın seyrçisi olurduq. “Maşın şou” cəmiyyətin gerçək durumunu, ab-havasını, ovqatını əks etdirirdi.

Dördüncü buraxılışda isə müəlliflər eksperiment edərək, tanınmış şou üzlərini mübarizəyə dəvət elədilər. Birinci dəfə bu maraq doğurdu, ikinci dəfə də. Amma üçüncü, dördüncü dəfə eyni məkandan, eyni adamların dəvəti şounun plankasını aşağı saldı. Üstəlik, dəfələrlə dəvət olunmuş bir iştirakçının mahiyyəti ortadırsa, qalmaqalları ilə kimliklərini çoxdan bəlli ediblərsə, sosial maskalarını çoxdan çıxarıblarsa şouya nə kimi özəllik qata bilərlər?

Qısacası, layihə müəllifləri belə bir sanballı realiti-şounu bisavad, snob şou əhlinin bəsit dünyasına təslim etdi.

Layihənin yozumunda “mübarizə” kimi ciddi, dərin, yüklü bir söz şou aləminin fövqəladə həyasızlığı, vulqarizmi ilə heçliyə endirildi.

Ona görə də “Maşın şou”, onun iştirakçıları ciddi qəbul edilmir, sosial şəbəkələrdə təhqir və həqarətlərə məruz qalır. Tamaşaçının amansız münasibəti şouya tamamən adekvatdır.

Doğrudan da, hermetik, özünəqapanmış, infantil, məhdud dünyagörüşlü, şəxsiyyət yetişkinliyi problemi olan bir müğənni, aparıcı topluma hansı işlək, faydalı təcrübəni verə bilər? Ortabab müğənni Roza Zərgərlidən, danışmaqdan çox qışqıran Mətanət Əliverdiyevadan, xüsusi istedadı olmayan Pərvin Abiyevadan, “qoca” sözünü təhqir sayan Aytən Səfərovadan tamaşaçı nə öyrənə, həyat baqajına, həyata münasibətinə nə qata bilər axı?

Yeri gəlmişkən, peşəkar hazırlanmış şoularda ssenari olmadığından, müəlliflər dəqiq mexanizmdən istifadə edirlər. Məsələn, realiti-şoulara kastinq keçirərkən psixoloji tipləri, xarakterləri nəzərə alırlar. Çünki ssenari, əksər hallarda rejissor müdaxiləsi olmadığından dramaturgiya daha çox müxtəlif xarakterlərin, psixoloji tiplərin toqquşmasına əsasən qurulur. Bu mənada özünəməxsus, fərqli tiplərin seçilməsi realiti-şounun əsas şərtidir.

Ancaq “Maşın şou”da bütün iştirakçılar xarakter, təbiət, münasibət, davranış baxımdan eyni psixoloji modeldir. Tutaq ki, Mətanət Əliverdiyevanın, İlhamə Bədəlovanın, Roza Zərgərlinin, Aytən Səfərovanın davranış manerası, təbiəti, reaksiyaları, özlərini aparması bir-birindən fərqlənmir. Və ya belə deyək, “Maşın şou”nun dəfələrlə emal olunmuş adamları yenidən emalı istehlak üçün yararsızdır.

Ümumiyyətlə isə “Maşın şou” mübarizənin, xarakterlərin, dünyagörüşlərin toqquşması yox, abırsızlığın, xaraktersizliyin, prinsipsizliyin nümayişidir.

Bu suallar isə açıq qalır: layihə hansı praktiki təcrübəni verir?

Faydası, funksionallığı, mənəvi dəyəri nədir? Nə kimi tərbiyəvi əhəmiyyəti var?

# 2180 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #