Monika Levinski: İnternetin ilk qurbanı VİDEO

Monika Levinski: İnternetin ilk qurbanı VİDEO
31 mart 2015
# 15:18

Sevda SULTANOVA

Məşhur Monika Levinskinin keçən ay TED-də çıxışı dünya mediasında maraqla qarşılandı.

Təsirli çıxış idi.

Ağ evdə stajçı olan gənc Monikanın Amerika prezidenti Bill Klintonla eşq macərası 1998-ci ildə dünya mətbuatında ən çox müzakirə olunan olayı idi.

Medianın müzakirələrindən, tənələrindən, psixoloji basqılarından özünü itirmiş, küncə sıxışdırılmış, indi isə yetkinlik dövrünü yaşayan Monika çıxışına belə başlayır:

“On ildir səssizliyini qorumuş qadına baxırsız....

Siz ki, mənim hekayətimi xatırlayırsız? İyirmi iki yaşında mən patronuma aşiq oldum. İyirmi dörd yaşında necə böyük səhv elədiyimi anladım. Yəqin ki, sizin hər biriniz iyirmi iki yaşında səhv edib. Ola bilsin, hətta yanlış adama da vurulub. Ola bilsin hətta rəisinə! Amma çətin ki sizin patronunuz Amerika prezidenti olub”.

Monikanın çıxışında bir neçə məqam xüsusilə diqqətimi çəkdi.

O, Klintona sevgisinin yanlış olmasını, bu sevginin ona dəhşətli mənəvi zərbə vurmasını bir neçə dəfə təəssüflə qeyd edir.

Əgər hadisə başqa vəziyyətdə, başqa şərtlərdə baş versəydi yəqin ki, Monika sevgisinə görə bu qədər peşmançılıq hiss etdiyini deməzdi. Ya da ümumiyyətlə, peşman olmazdı.

Amma məlum vəziyyətdə onun şəxsi yaşantılarını, sevgisini bütün dünya müzakirə edir, o, ittiham olunur, qınanılırdı.

Mətbuatda, internetdə təcrübəsiz, gənc qıza hisslərinin utanc, ayıb olmasını deyir, onu əxlaqsız, fahişə adlandırırdılar. Hətta az qala intihar həddinə çatdırdılar.

Monikanın isə yeganə günahı təbii bir hissi - evli bir kişini sevməsi idi. Və şanssızlığından həmin evli kişi Amerika prezidenti idi.

Əgər qatı mühafizəkar müsəlman ölkələrində yasaq sevgisinə görə qadını cismən daş-qalaq edirlərsə, demokratik ölkələrdə Monika kimiləri psixoloji, mənəvi terrora məruz qoyurlar.

Və bu psixoloji terror daş-qalaqdan daha pisdir: “Heç kəsin vecinə də deyildi ki, mən qəlbi olan, qorxu, ağrı yaşayan canlı insanam. Mən yaxşı bilirəm, bu, necə olur: reputasiyanı, işini, ləyaqətini itirmək… və məhv olmaq həddinə çatmaq”.

Çıxışda digər vacib məqam KİV-in, xüsusən də internetin şəxsi hadisələrin ictimai müzakirəsi idi: “Saytlar foto, karikatura və şarjlarımla dolu idi. Şəxsi yazışmadan hissələr, müəllifin izni olmadan, kontekstsiz, mərhəmətsiz şəkildə yayılırdı. İndi bu, müxtəlif insanların başına gəlir: şəxsi həyat ictimaiyyətin əmlakına çevrilir. Bu gün bu, kiber ələsalma, internet- təhdid, nifrətin anonim ifadəsi adlanır. Bəxtim onda gətirmişdi ki, hələ onda sosial şəbəkələr yox idi. Virtual ortamda bir mərhəmət qıtlığı və empati böhranı yaşayırıq”.

Bu gün sosial şəbəkələrdə fərdlərə hər şeyi müzakirə imkanı verir, sonsuz şərhlərə yol açır. Amma biz əksər hallarda hansısa hadisənin, xüsusən də onun şəxsi tərəflərinə diqqət çəkir, emosiyalarımıza nəzarət hissini itirərək mərhəmətsiz şərhlər yazır, asanlıqla təhqir edir, həyasız münasibət bildiririk. Son aylarda Lamiyə Quliyeva, Ülkər İsayeva ilə bağlı internet sinizmini yaşadıq.

Acı təcrübəni yaşayan Monika deyir: “Kiberməkanın böyük üstünlükləri ilə yanaşı, biz istehzanın, ələsalmanın rişxəndin yeni vasitələrinə də yiyələndik.

Hər gün şəxsi informasiyaların yeni porsiyaları yiyəsinin izni olmadan şəbəkələrə tökülür. Son iyirmi ildə biz professor Nikolas Millsin “mədəni alçaltma” adlandırdığı yeni mədəni ünsiyyətə daxil olmuşuq.

Sarı mətbuat, paparatsilər, özgəsinin çirkli alt paltarlarına xəstəhal marağı qidalandırır. Özəl həyat artıq özəlliyini itirib. Gəlin, xeyirxah olmağı öyrənək. Onda biz internet ədəbsizliyini hər birimizin şəxsi həyatına təzyiqini azalda bilərik”.

# 2287 dəfə oxunub

Müəllifin son yazıları

# # #