Bu film Neft Daşlarından bəhs edir – NAMƏLUM KİNO

Bu film Neft Daşlarından bəhs edir – <span style="color:red;">NAMƏLUM KİNO
24 dekabr 2016
# 09:00

Kulis. az “Naməlum kino” layihəsində Rəşid Atamalıbəyovun 1976-cı ildə çəkdiyi “Mezozoy əhvalatı” filmini təqdim eləyir.

Süjet: Film neftçilərin həyatından bəhs eləyir. Mühəndis Tahirov (Tofiq Mirzəyev) Xəzərdə Mezozoy qatında neft yatağını axtarır. Bu yatağın tapılması üçün dövlət altı ildə xeyli maliyyə sərf eləyir. Amma mühəndisin axtarışları nəticəsiz qalır. Dövlət belə bir yatağın mövcud olmağına ümidini itirir, əlavə xərc çəkməkdən imtina eləyir. Tahirov inadından dönmür, o, əmindir ki, yataq mövcuddur. Buna görə rəis Bədirovdan (Məlik Dadaşov) ona yenidən kömək eləməsini istəyir. Eyni zamanda istedadlı gənc elmi işçi, neft mühəndisi Zauru (Anatoli Tatarov) da axtarışlara cəlb eləmək niyyətindədir.

Bədirov isə Zaura dissertasiyasını yazmağı, alim kimi formalaşmağı məsləhət görür, onun qənaətincə elmi işi neft sənayesinin inkişafında daha faydalıdır.

Mezozoy yatağının axtarış zamanı Tahirov gözlənilmədən infarktdan vəfat eləyir. Zaur qərara alır ki, onun işini davam elətdirsin. Nəyin bahasına olursa – olsun. O, inanır ki, Mezozoy yatağının tapılması neft sənayesinin inkişafına daha böyük töhfədir, nəinki onun elmi fəaliyyəti...

Filmin bədii, kinematoqrafik keyfiyyətlərindən danışmadan öncə, əhvalatda günümüzlə uyğunlaşan bir neçə nüansı vurğulayım.

Qoca neftçi Sabir (Sadıq Həsənzadə) gənc həmkarına deyir: “O vaxt dünyanın heç bir yerində estakada deyilən şey yox idi. Nə Meksika körfəzində, nə Aralıq dənizində. O adi oğlanlar isə onu yaratdılar”.

Cümlələr sanki o gündən bu günə həm kinayə, həm də ağrı kimi səslənir. Qırx il əvvəl neft sənayesindəki inkişafı ilə öyünən neftçilərin ağlına da gəlməzdi ki, XXI əsrin əvvəlində adi oğlanların yaratdığı estakada texnologiyalarla yenilənməyəcək, köhnəlib, xələflərinin ömrünə son qoyacaq.

Başqa bir epizodda rəis Bədirov fəhlələrinin təhlükəsizliyinə görə narahatlıq keçirir: “Axı, bura Xəzərdir, nadir hallarda sakit olur”. Günümüzdən baxanda rəisin neftçi həyatını qiymətləndirməyi daha çox bədii məkanda reallaşır...

Ssenari müəllifi Maqsud İbarahimbəyovdur. Onun ssenarilərində əsas cəhətlərdən biri müxtəlif insan təbiətlərini araşdırması, ona çoxplanlı yanaşmasıdır.

“Mezozoy əhvalatı” bu baxımdan parlaq deyil. Təbiidir, çünki yazıçının ilk əsəridir.

Filmdə hadisələr daha çox qapalı məkanlarda – evdə, kabinetdə, restoranda cərəyan eləyir. Hətta açıq məkanlarda səhnə mizanlardakı hərəkətsizlik, təsvirdəki səthilik məkanın qapalı olması effektini verir. Və bu səbəbdən açıq məkan təsvirləri daralmış, kiçilmiş görünür.

Ümumən isə əhvalatın nəql texnikasında bütövsüzlük, qırıqlıq qabarıq nəzərə çarpır. Hərçənd, nəql qırıqlığı rejissorun məqsədli şəkildə etməyindən irəli gəlmir. Çünki qırıq nəql texnikasında mütləq daxili bağlılıq olur. Burdasa problem rejissorun əhvalatı montaj vasitəsilə vahid bir xətt ətrafında birləşdirilə, ümumiləşdirilə bilməməsindən qaynaqlanır.

Rejissor Rəşid Atamalıbəyov bu filmə kimi qısametrajlı bədii, sənədli filmlər çəkib, eyni zamanda ikinci rejissor işləyib. Yəni bədii film rejissoru kimi əhəmiyyətli təcrübəsi və istedadı olmayıb.

Məsələn, əhvalatın mərkəzi fiquru Tahirov, əsas motiv onun işə olan ehtirasıdır. Amma rejissorun birdən-birə fokusu gənc mühəndis Zaura, onun şəxsi həyatına, fəaliyyətinə düşüncələrinə tuşlayır. Bu cür fokuslanmaq pinti, əlaqəsiz şəkildə baş verir, sanki ayrı-ayrı süjetlər zorən bir araya gətirilir. Əhvalatın gedişatında Tahirov harasa yoxa çıxır, bir müddət görünmür, sonra yenə qəfil peyda olur.

Yaxud mağazada Zaurun yaşlı alıcı qadınla balıq konservləri haqda söhbəti, tətildə Sevda (Regina Temir Bulat) adlı qızla tanışlığı, ümumiyyətlə məhəbbət xətti süjetdə yerini tuta bilmir.

Son səhnələrdən birində Zaur televizorda xəbərləri izləyir. Xəbərlərdə Romadakı iqtisadi böhrandan, benzinin qiymətini artırılmasından danışılır. Bu vaxt rəis Zaura zəng edərək axtarışlara izn verildiyini deyir. Romadakı benzin böhranı Zaurun yeni neft yatağının axtarışına başlanmasına sanki əsas kimi təqdim olunur. Deyək ki, primitiv, bəsit əsaslandırmadır.

Filmə canlılıq, hərəkətlilik gətirən, onu sıxıcılıqdan xilas eləyən ikinci plandakı obrazlardır: həyata praqmatik yanaşan, intellektual görünməyin reseptini təklif eləyən Rauf (Yaşar Nuri), özündən xeyli yaşlı müdirinə vurulan katibə Nərminə (Amaliya Pənahova).

Bir sıra epizodların çəkilişi formaca reportaja daha yaxındır. Məsələn, Sabirlə Zaurun söhbətinin fonu sürətlə dəyişir, fərqli məkanlarda, bir növ müsahibə janrında davam edir.

M.İbrahimbəyovun "Mezozoy əhvalatı" pyesi 1960-cı illərdə Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub.

Filmin operatoru Aleksandr Panasyuk, bəstəkarı Mobil Babayevdir.

# 2430 dəfə oxunub

Müəllifin son yazıları

# # #