“Sübhün səfiri”ndəki Axundov deyil, deyingən qocadı

“Sübhün səfiri”ndəki Axundov deyil, deyingən qocadı
17 avqust 2013
# 07:00

“Sübhün səfiri” filmini izləyəndə məni bir neçə sual düşündürürdü: Film Mirzə Fətəli Axundov yaradıcılığı haqda yeni nə dedi? Məhsul yerli bazara, yoxsa xarici bazara yönəlib?

Əgər sırf bizim publikaya hesablanıbsa və ya sadəcə Axundovun ruhuna ehtiram əlaməti olaraq çəkilibsə, yaxşı olardı ki, belə bir film ümumiyyətlə ekranlaşdırılmayaydı.

Yox, əcnəbi auditoriya üçün də nəzərdə tutulursa, onlar filmdən Axundovun kimliyi, xidmətləri haqda heç nə öyrənməyəcək.

Daha pisi odur ki, “Sübhün səfiri” Azərbaycanın fikir tarixində inqilab eləmiş əhəmiyyətli bir şəxsiyyət haqda orta məktəb dərslikləri səviyyəsindən artıq nəsə demir.

Premyeradan sonra yazılan məqalələrdə iradlar ən çox ssenari müəllifi Anara ünvanlandı.

Çünki faktiki olaraq, filmdə rejissor Ramiz Həsənoğlu mövqeyini, Axundovun şəxsiyyətinə baxışını, individual yaradıcı münasibətini ifadə etməyib.

Bu işbirliyində dominant ssenaristdir və rejissor da ssenarini olduğu kimi sadəcə lentə köçürməklə kifayətlənib.

Yəni filmin kino sənəti ilə əlaqəsi yoxdur, o, sadəcə faktların, ssenari mətninin hərfi vizual ifadəsidir.

Səslənən əsas iradlardan biri, Axundovun ölüm yatağında, mömin, deyingən qoca kimi təsvir olunmasıdır. Axundovu ölüm yatağında da, alternativ tarix janrına əsaslanaraq mömin kimi də sərbəst interpretasiya etmək olar. Yetər ki, ideyanı gerçəkləşdirən ifadə vasitələri doğru, mövzuya yanaşma yaradıcı olsun.

Hər detal dramaturgiyada yerinə otursun, qəhrəmanın xarakterini, təklif olunmuş vəziyyəti açsın.

Fəqət, sadalananlardan heç biri “Sübhün səfiri”nə aid deyil.

Məsələn Riçard Ayr “Ayris” filmini məşhur ingilis romançısı və filosofu Ayris Merdokun ərinin xatirələri əsasında ekranlaşdırıb. Filmdə Altshaymer xəstəliyindən (nitq, məntiq və yaddaşın zamanla itməsi) əziyyət çəkən yazıçının son günlərindən danışılır. Və fleşbeklər vasitəsilə onun keçmişinə qısa dönüşlər təsvir olunur.

Keçmişə dönüş uğurlu, orqanik assosiativ montajla baş verir. Yazıçının pərdə arxası yaşantıları, şəxsiyyətinin görünməyən tərəfləri ilə tanış oluruq. Biseksual tərəfi, sevgi macəraları Merdokun dərkinə, ona başqa yandan baxmağa imkan verir.

Düzdür, şedevr sayılmasa da Merdoku kifayət qədər anlada, tanıda bilən normal filmdir.

Ümumiyyətlə, bioqrafik film çəkmək, onu keyfiyyətli sənət nümunəsinə çevirmək asan deyil. Onların əksəriyyəti sadəcə normal əsər olmaqdan, informativlikdən o yana keçmir.

Az hallarda yüksək sənət statusu alan filmlər meydana çıxır. Yadıma düşənlərdən məsələn, M. Formanın “Amadey” və ya O.Uellesin “Vətəndaş Keyn”ini misal çəkə bilərəm.

Qayıdaq “Sübhün səfiri”nə.

Film qeyri-kinematoqrafikdir, teletamaşa estetikası ilə çəkilib, atmosfer, aktyor oyunu teatraldı, kadrdaxili ritm yoxdur.

Səhnə mizanı statik, dekorativdir. Onlar obrazların psixoloji durumunu ifadə eləmir, məzmunsuzdur.

Axı, mizan təkcə aktyorların, predmetlərin yerləşməsi, texniki məsələ deyil, bu, həm də rejissorun fikrini çatdırmaq üçün vasitədir, vəziyyətin, aktyorların daxili psixoloji ifadəsi, münasibətidir.


Situasiyaların vizual həlli tapılmayıb, rakurs müxtəlifliyi yoxdur, planlar monotondur.

Bu da bayaq dediyim kimi rejissorun ssenari mətnini hərfi ifadəsinin nəticəsidir.

Məlumdur ki, montaj filmin ritmini, strukturunu müəyyənləşdirir, onun tamaşaçıya bütöv, vahid orqanizm kimi təqdim edilməsində mühüm rol oynayır.

Bu mənada “Sübhün səfiri”ində montaj yox, əvəzində kadrların bir-birinə sadəcə naşıca yapışdırılması var.

Məsələn, yataqda uzanmış, heysiz Axundova hansısa məqamlar keçmişindəki, əsərlərindəki parçaları xatırladır. Burdakı assosiativ montaj alınmayıb, kadrlar süni şəkildə bir-birinə yamaq edilib. Assosiativ montaj zamanı yaradıcı fəndlərdən istifadə edilərək bədii, sənədli fraqmentlər təbii şəkildə ortaya çıxır.

“Cavid ömrü” filmində Cavidi hiss etmədiyimiz, onun psixoloji, daxili aləmi açılmadığı kimi “Sübhün səfiri”ndə də analoji problemlər var.

Kamera mühüm amil kimi bu filmlərdə funksionallığını itirir. O, müşahidə etmir, hadisələrin, obrazların daxilinə enmir, mahiyyəti çözmür. Sadəcə kor-koranə lentə alır. Bizi Axundova yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır, keçilməz məsafə yaradır.

J.L.Qodarın məşhur fikrini xatırlayaq: “Kameranın önünə qoyduğumuz görünə biləndir. Əgər filminizdə olan yalnız budursa, demək, siz televiziya filmi çəkmisiz. Əsl filmlər görünənlərin arasında hiss etdiyimiz görünməyən nəsnələrdən ibarət olanlardır.”

Təbii ki, yaradıcı adamlar haqda çəkilən bioqrafik filmlərdə onların əsərlərindən parçalar da müxtəlif formalarda dramaturji materialda yer alır. Məsələn, rejissorlar D.Krornenberq U. Berrouza həsr etdiyi “Çılpaq nahar”, S. Soderberq “Kafka” filmlərində real şəxsiyyətləri onların özlərinin yazdıqları əsərlərin mərkəzinə qoyur, obrazları ilə yan-yana gətirir.

Burda isə Axundovun əsərlərinin kollajını yaratmağa cəhd edilir. Hərçənd, bu fənd alınmır, əsərlərdən hissələr filmin ümumi kompozisiyasında artıq, qondarma element kimi görünür, müəllifin yaradıcılığını açmır, mövqeyini, nəyə qarşı mübarizə apardığını ifadə eləmir.

Üstəlik, ədəbi parçalar qeyri-peşəkar səhnələşdirilib. Rejissorun Axundovun cəhalətə gülmə səhnəsinin həlli isə lap bayağı, primitivdir.

Şeirlərin səsləndiyi mənasız səhnələr də çoxdur. Onlar AZTV estetikası və poetikasındakı “Poeziya çələngi” tipli proqramlarla müqayisə oluna bilər.

Qısası, “Sübhün səfir”i dünyaya ölü doğulub.

# 5123 dəfə oxunub

Müəllifin son yazıları

# # #