KVN olmaz! Bəs Korrupsiya İdarəsi niyə var?

KVN olmaz! Bəs Korrupsiya İdarəsi niyə var?
17 dekabr 2015
# 15:30

Bu günlərdə sosial şəbəkələrdə müzakirə olunan, saytlarda haqqında yazılan mövzulardan biri “Parni iz Baku” komandasının “Oxu.az”a verdiyi müsahibəsidir.

Tahir İmanovun dediyinə görə, onların “Space” kanalında yayımlanan “Gülüş yığması” layihəsində polislərin tənqid olunduğu səhnələr çıxarılıb. Kanal rəhbərliyi bununla bağlı məntiqli açıqlama verməyib. Daha sonra digər kanallar da həm layihəni, həm də onlarn son konsertlərini yayımlamaqdan imtina ediblər. Arqument də bu olub ki, nazirləri, onların övladlarını tənqid etmək olmaz. “Parni iz Baku”nun fkrincə, telekanallar ölkə rəhbərliyinin adından istifadə edirlər, çünki onların satirası rəhbərlik tərəfindən həmişə normal qarşılanıb, dəstəklənib və s.

Mən “Parni iz Baku”nun tamaşaçısı deyiləm. Bu teatrın konkret şəxsləri parodiya eləməsində, aktual problemlərə satirik yanaşmasında həddən artıq birbaşalılıq, forma yoxluğu, həyat materialının səhnə işləməsində bədii ifadə vasitələri baxımından yoxsulluğu, bir sözlə qeyri-estetiklik onları mənim üçün maraqsız edir.

Məsələn, deyək ki, hansısa ictimai-siyasi teleproqramda “Parni iz Baku”nun toxunduğu eyni problemlər açıq şəkildə müzakirə olunur. “Parni iz Baku” də həmin problemi yuxarıda dediyim kimi çox açıq, sadəcə, şişirdilmiş şəkildə, satiria ilə təqdim edir. Yəni məni tamaşaçı kimi estetikası olmayan birbaşa satiranı sevmirəm. Teatrın “Gülüş yığması” layihəsindən bir neçə buraxılışını izlədim, forma etibarilə sovet vaxtında efirə gedən “Səhər görüşləri”nin yumoristik səhnələrindən çox fərqlənmir. Tez-tez intellektuallığı xüsusi qeyd edilən “Parni iz Baku”nu yuxarıda qeyd elədiyim səbəblərdən intellektual yox, kütləvi sayıram.

Zira, kütləvilik həm cəmiyyətin durumuna adekvatdır, həm də vacibdir.

Çünki bu gün tənqidin cəmiyyətdə arxa plana keçdiyi, onu məmurların da, hətta sadə insanların da az qala Apokalipsisin zühuru kimi qarşılaması “Parni iz Baku”nun məramını, konsepsiyasını aktual edir. Əslində çox sahədə maariflənməyə ehtiyacı olan cəmiyyət üçün “Parni iz Baku”nun layihələrinin yuxarıda dediyim birbaşalığı həm vacibdir, həm də bu konsepsiya onu kütləviləşməsində böyük rol oynayır.

Bu, bir faktdır ki, “Parni iz Baku” müasir cəmiyyət üçün həddən artıq vacib və lazımlı olan işlə məşğul olur. Dövlət müşavirələrində, saytlarda, hətta ara sıra telekanallarda gündəmə gələn, ölkə başçısının dəfələrlə tənqid elədiyi məsələləri hədəfə alır.

Maraqlıdır, bəs onda niyə telekanal rəhbərlikləri “Parni iz Baku”ya “nazirləri, onların övladlarını tənqid eləmək olmaz” qadağasını qoyur? Çünki, bugünkü telekanallar cəmiyyətin ritmini tutmaq iqtidarında deyillər, həyatın tempindən geri qalırlar, normal televiziya təfəkküründən uzaqdılar, operativliyə görə saytlara uduzurlar, gerçəklikdən kənarda fəaliyyət göstərirlər, onlar sanki bizə naməlum olan hansısa paralel dünyanın qanunları ilə yaşayırlar. MTRŞ-nın son vaxtlar telekanallara iradlarında, onlara cəza tətbiq eləmələrində eyni zamanda bu problemlər dayanır.

Çox yaxın tarixdə baş verən MTN hadisəsi bir daha sübut elədi ki, gərginliyin bu yerə gəlib çıxmasının bir səbəbi də KİV-də, xüsusən nəhəng auditoriyası olan televiziya kanallarında tənqidin sıfıra yaxınlaşmasıdır. Hətta KVN səviyyəsində tənqidə icazə verilməməsi bugünkü telekanalların fəaliyyətinin nə qədər qeyri-funksional olduğunu göstərir.

“Parni iz Baku”nun müsahibəsində belə cümlə diqqətimi çəkdi ki, ANS-də onların formatının kanala uyğun olmadığını deyib. Qəribə məntiqdir, çal-çağır, bozbaş estetika vicdanlı, qərəzsizliyi şüar seçən kanalın formatına uyğun gəlir, amma ictimai tənqidi seçən “Parni iz Baku” uyğun gəlmir.

Əvvəldə yazdığım kimi “Parni iz Baku”nun problemi ondan başlayıb ki, kanallardan onlara “polisi tənqid eləmək olmaz” məsləhəti verilib.

Hətta yüksək səviyyələrdə polislərin yarıtmaz siyasəti tənqid olunur, müxtəlif sahələrdə rüşvət var. Əgər belə olmasaydı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmazadı. Bəs telekanal rəhbərləri niyə qadağa qoyur?

T. İmanovun fikirləri sərrastdır: “İstənilən xəbər saytını açaq, elə məsələn, sizin saytı, xəbər verilir: kimsə çıxarılıb və onun yerinə kim isə vəzifəyə təyin edilib. Nəyə görə tutduğu vəzifədən azad edilib? Hansısa səhvlərə, işində yol verdiyi nöqsanlara, dövlətin etimadını doğrultmadığına görə əlbəttə, biz də bunu tənqid edirik.

Əgər tənqid etmək olmazsa o zaman “Elmi olanın hörməti yoxdur, hörməti olanın elmi yoxdur” deyən Cəlil Məmmədquluzadənin əsərlərini yandırın. O tənqid edir, mənfi imic yaradır. Və yaxud da “Kim nə deyər bizdə olan qeyrətə...” deyən Mirzə Ələkbər Sabirin əsərlərini yandırın. Yandırın! Niyə onlara dahi deyirsiz? Biz dahi adına iddia etmirik və etməyəcəyik də. Bəlkə bir gün ölümümüzdən sonra AzTV-də Bəhram Bağırzadənin şəklini göstərib, onun necə dahi aktyor olması barədə veriliş hazırlayarlar” .

Bu, aksiomadır ki, qibtə elədiyimiz sivil cəmiyyətlər inkişafına, mənəvi-ruhi sağlamlığına, dünyəvi dəyərlərin formalaşmasına görə hər şeydən əvvəl tənqidə borcludur. Tarixi faktlar diqtə edir: tənqidin olmadığı cəmiyyət ölümə məhkumdur.

# 2112 dəfə oxunub

Müəllifin son yazıları

# # #