30 saniyəlik filmdə nə baş verir?

30 saniyəlik filmdə nə baş verir?
24 avqust 2013
# 07:00

Kulis.Az bədii əsərlərin ekran variantları barədə maraqlı məlumatları təqdim edir.

Dünya kino tarixində bədii əsərlərin ilk dəfə ekranlaşdırılması fransız rejissorları Jorj Melies və Viktorian Jassenin adı ilə bağlıdır.

Yaradıcılığının ilk dövrlərində İ. V. Hötenin “Faust”una müraciət edən Melies 1897-ci ildə “Faust və Marqarita”nı lentə alıb.

Bir il sonra alman şairi, dramaturqu Fridrix Şillerin “Vilhelm Tell” pyesi əsasında “Vilhelm Tellin macəraları” filmini ekranlaşdırıb.

Daha sonra rejissor D. Defonun, U. Şekspirin, A. Dümanın əsərlərinə da müraciət edib.

Viktorian Jasse isə 1905-ci ildə Viktor Hüqonun “Notrdam kilsəsinin qozbeli” romanının motivləri əsasında 10 dəqiqəlik “Esmeralda” filmini lentə alır.

Ən çox ekranlaşdırılan əsər isə ingilis yazıçısı Artur Konan Doylun “Şerlok Holmsun macəraları” detektiv əsəridir.

“Şerlok Holmsun macəraları” ekran versiyasının çoxluğuna görə Ginnesin rekordlar kitabına düşüb.

İndiyə kimi əsərə nə az, nə çox 210 film və serial həsr olunub.

A. K. Doylun yaradıcılığına ilk dəfə 1900-cü ildə amerikalı rejissor Artur Marvin müraciət edib. “Sherlock Holmes Baffled” (“Karıxmış, çıxılmaz vəziyyətdə olan Holms”) adlanan film düz 30 saniyə çəkir.

Süjet belədir: Holms evinin salonunda oğrunu yaxalayır. Amma oğru gözünün önündə oğurladığı əşyalarla birgə yoxa çıxır. Film Holmsun çaş - baş vəziyyəti ilə bitir.

Aleksandr Dümanın “Üç muşketyor” tarixi-macəra romanının isə 100-dən çox film versiyası mövcuddur.

Digər ən çox ekran həyatı verilən romanlardan biri də Migel de Servantesin “Don Kixot”udur.

Bu romanın 50-yə yaxın ekran versiyası var.

Roman əsasında ilk filmi fransız rejissorları Fernan Zekki və Lyusen Nonqe 1903-cü ildə birgə çəkib. Film 14 dəqiqədir.

Avstriyalı rejissor Georq Pabst isə 1933-cü ildə romanı 3 dildə, ingilis, fransız və alman dillərində lentə alıb. Filmin alman versiyası itirilib.

İngilis yazıçısı Luis Kerrollun “Alisa möcüzələr ölkəsində” nağılı 40 dəfə ekranlaşdırılıb. Əsər ilk dəfə 1903-cü ildə ingilis rejissoru Sesil Hepuort tərəfindən çəkilib.

8 dəqiqəlik film tamaşaçılarda böyük maraq doğurub. Rejissor ö dövr üçün hadisə sayılacaq xüsusi effektlərdən istifadə edib.

Dünya rejissorlarının indiyədək marağını çəkən romanlardan biri Lev Tolstoyun “Anna Karenina” əsəridir.

Romanın 30–a qədər film versiyası var. Anna Kareninanı Qreta Qarbo, Vivyen Li, Jaklin Bisset, Sofi Marso, Kira Naytli kimi məşhur aktrisalar oynayıb.

Əsərin ilk versiyası 1910-cu ildə, son versiyası ötən il çəkilib.

V. Hüqonun “Səfillər”i də rejissorların həmişə müraciət etdiyi romanlar arasındadır. 15-ə yaxın ekran versiyası olan romanı ilk dəfə fransız rejissoru Alber Kapellani lentə alıb.

“Səfillər” rejissorlar tərəfindən müxtəlif traktovkalara məruz qalıb.

Məsələn, Klod Lelyuşun çəkdiyi və baş rolun Jan Pol Belmondonun ifa etdiyi versiyada hadisələr XX əsrin əvvəllərinə gətirilir. Jan Valjanla Fantina evlənir, onların oğlu isə 1930-cu illərdə nasistlərə qarşı mübarizə aparır.

Danimarkalı rejissor Bille Ogust 1998-ci ildə ekranlaşdırdığı filmində də Jan Valjanla Fantina arasında xəfif sevgi bağı verilir, fərdin azadlıq məsələsi önə çəkilir.

Tom Huperin son müziklində isə Jan Valjanın mübarizəsi Fransa inqilabına bağlanır.

Dostoyevskinin “Cinayət və cəza”sı 20 dəfə çəkilib. Əsərə Robert Viene, Aki Kaurismaki kimi rejissorlar da müraciət edib.

10 versiyası olan ”Karamazov qardaşları”nı ilk dəfə 1915-ci ildə Viktor Turyanski çəkib. Bu il isə Yaponiya telekanallarından biri əsərin serial variantını təqdim edib.

Klassiklərdən əsərləri ən çox ekranlaşdıran müəlliflər U. Şekspir və A. Çexovdur.

Şekspirin pyeslərinin 100-dən çox ekran versiyası lentə alınıb.

A. Çexovun müxtəlif əsərləri isə 200 dəfə dünya rejissorlarının film və telefilmlərinin mövzusu olub.

Müasirlərdən əsərləri ən çox ekranlaşdırılan Amerika yazıçısı Stiven Kinqdir.

Kinqin demək olar ki, bütün əsərlərinə (100-ə qədər) film çəkilib.

Onun yaradıcılığına kinonun əhəmiyyətli isimlərindən Brayn de Palma (“Kerri”), Stenli Kubrik (“Parıltı”), Devid Kroneberq (“Ölü zona”) müraciət edib.

Əsərləri indiyədək dünya kinematoqrafiyasının marağında olan və dəfələrlə ekranlaşdırılan müəlliflər arasında Ceyn Ostin (“Qürur və qərəz”, “Ağıl və hiss”, “Emma” və s), Aqata Kristi (detektiv Puaronun baş qəhrəmanı olduğu əsərlər və s), Jül Vern (“Kapitan Qrantın uşaqları”, “Sirli ada”, “Kapitan Nemo”), Edqar Po (“Praqalı tələbə”, “Qara pişik” və s) da var.

# 4547 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #