Selcanın etirafındakı dəhşətli həqiqət

Selcanın etirafındakı dəhşətli həqiqət
20 sentyabr 2019
# 13:45

Gündəm Selcan Yağmurun atası Fuad Qəhərmanlıdan imtinası, səbəb kimi onun ailədə davamlı zorakılıq göstərdiyi barədə yazdığı statusdur. Hadisənin geniş müzakirə olunmasına səbəb həm də Fuad Qəhrəmanlının siyasi statusudur.

Hadisənin təfərrüatlarına varmaq fikrim yoxdur, lakin məni vətəndaş kimi ən çox narahat edən, üzən sosial şəbəkədə Selcana ünvanlanan təhqiramiz, feodal düşüncənin məhsulu olan şərhlər və statuslar oldu. Məsələnin ən ağrılı tərəfi odur ki, bunu yazanların əksəriyyəti özünü demokratik adlandıran, alternativ düşüncələrə açıq olduğunu söyləyən, ölkədə demokratiya qurmağa iddialı partiyanın üzvləri, tərəfdarlarıdır. Atanın nə olursa-olsun müdafiəsi qızını təhqir etməyin bahasına başa gəlir. Təkcə bu şərh və statuslar Selcanın bəyanatına bəraət verir.

Selcana qarşı yazılan şərhlərdə üç “arqument” haqda yazacam ki, bu “arqumentlər” toplumun dəyərlərə münasibətini ortaya qoyur.

Birinci “arqument”: Selcan düz adam olsaydı xaç taxmazdı. Və xaç taxmasına rişxəndlər, alçaldıcı fikirlər və s.

Azərbaycan dünyəvi dövlətdir, insanlar din seçimində azaddır, üstəlik, bir çox şeylərdə qüsurlarımız olsa da, fakt budur ki, azərbaycanlılar həmişə bütün dinlərə hörmətlə, tolerant yanaşıblar. Ayrıca, kiminsə xaç daşımasını aşağılamaq cahillikdir, bisavadlıqdır, daha kobud desəm “çuşkalıq”dır. Digər tərəfdən, xaç daşımaq hələ həmin adamın dininin dəyişməsi anlamına gəlmir. Misalçün, mənim qatı müsəlman olan rəfiqəm də xaç daşıyır.

Bu cür savadsız şərhlər yazanlar arabir öz bilgilərini artırsınlar. Ki, xaç təkcə xristian dini ilə bağlı deyil. Hələ xristian dini meydana gəlməmişdən əvvəl xaçı qədim misirlilər daşıyıb. Onlar üçün xaç həyat və tanrını ifadə edirdi. Ümumiyyətlə, demək olar ki, bütün xalqların mədəniyyətində xaç simvolu var: Suriyada, İranda, Hindistanda və s. Xaçın xristianlığa gəlişi isə İsa Məsihin edam edildiyi alətin təsviri ilə bağlıdır.

İkinci “arqument”: ailədaxili məsələnin ictimailəşdirilməsi namussuzluqdur, hər ailədə belə şeylər olur. Hətta biri yazıb ki, əsl kişi evdə diz də qırar, barmaq da.

Sevdiyim rus rejissoru Andrey Zvyagintsev bir qayda olaraq filmlərində ailədaxili məsələlərə fokuslanır. Çünki ailə cəmiyyətin mühüm institutudur, eyni zamanda intim məkanıdır, əksər hallarda insanların ailədə bir, cəmiyyətdə başqa kimliyi olur. Və insanın həqiqi kimliyi ailə daxilində, intim ortamda açılır, cəmiyyətdə problemlərin bir qismi də ailələrdəki sorunlardan qaynaqlanır.

Doğrudan da elə məsələlər var ki, o, ailə daxilində həll olunmalıdır. Amma fiziki zorakılıq baş verirsə, xüsusən də müntəzəm davam edirsə, bu, artıq ailədaxili yox, cəmiyyətin məsələsidir. Çünki ortada bir cinayət var. Əksinə bu məsələlər zamanla gündəmə gətirilməlidir və mövzuyla bağlı sağlam müzakirə vacibdir. “Hər ailədə belə şeylər olur” çürük fikri isə arqument tapa bilməməyin çarəsizliyidir, həm də cəmiyyətdəki patriarxallığın əsas düşüncə olmasından xəbər verir və ailədaxili zorakılığa bəraətdir.

Üçüncü “arqument”: ataya qarşı çıxmaq naşükürlük, naxələflikdir.

Bu, zorakılıq etsə və ya cinayət törətsə belə ata (ana, ağsaqqal) kultuna sitayişin, mütiliyin, gözüqıpıqlığın, zorakılığa susmağın təbliği və ona tərəfdar olmaq deməkdir. Halbuki, balanı naxələf çıxardanların əsas fikirlərindən biri bu olub: Bütləşdirmə təhlükəli tendensiyadır!

Ağıllı adamlardan biri “cəmiyyətimiz demokratiyaya hazır deyil” deyəndə sosial şəbəkədə hücumlara məruz qaldı. Selcan olayı təsdiqlədi ki, əsas problem budur: cəmiyyətin özünü demokrat saydığı bəlli düşərgəsi belə demokratiyaya hazır deyilmiş!

# 5430 dəfə oxunub

Müəllifin son yazıları

# # #