Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində Emil Abdulayevin ötən ilin dekabrında premyerası olmuş "Əfsanə qayıdır" komediyası haqqında yazısını təqdim edir.
Süjet: Zəngin qadın Əfsanə (Dilarə Əliyeva) əri Qiyası (Elxan Yunis) qısqanır. Qadın qul bazarına gedir və ərini izlətmək üçün iki fəhlə seçir. Fəhlələrdən biri Vəfa (Nicat Rəhimov) digər fəhlə Baloğlanın (Fərda Amin) bacısına nişanlıdır. Amma maddi imkanları yetərsiz olduğundan cehiz ala, toy edə bilmirlər. Onlar böyük pul müqabilində Əfsanənin təklifi ilə razılaşır və onun ərini güdməyə başlayırlar. İzləmə prosesində onların başına tragikomik hadisələr gəlir.
Bəribaşdan deyim ki, hələ də kinoteatrlarda nümayiş olunan “Əfsanə qayıdır” komediyasına baxmağa dəyər. Bu, azsaylı kommersiya filmlərindən biridir ki, biletə xərclədiyim pula heyifim gəlmədi.
Türkiyədə kino təhsili alan Emil Abdullayev rejissor kimi karyerasına “My name is İntiqam” (2014) filmi ilə başlamışdı.
E.Abdullayevin bu filmi maraqlı təsvir həlli-özəlliklə də sürreal epizodla yadımda qalmışdı. Nəql olunan əhvalatda qurşaqdan aşağı yumor olsa da, müəyyən koloriti vardı, aktyor oyunu keyfiyyətli idi.
Amma məsələn, rejissor “Bozbash Pictures“ layihəsinin qəhrəmanları ilə çəkdiyi “Axrıncı yol” da eyni keyfiyyətə nail ola bilməmişdi. Əhvalatda heç cürə yerinə oturmayan, lətifə yığnağına bənzəyən bayağı, yaradıcı olmayan səhnələr, duzunu qaçıran yumor, aktyorlarla işdə nöqsanlar- basmaqəlib oyun tərzi təkcə adıçəkilən yox, əksər komediyaların ümumi cəhətləridir.
"Əfsanə qayıdır" komediyasında isə E.Abdullayev əvvəlki keyfiyyətə qayıdır, “My name is İntiqam”la müqayisədə daha cilalanmış, oturuşmuş, peşəkar iş təqdim eləyir.
Ondan başlayım ki, bütün komediyalarımızda az və ya çox dərəcədə sosial məzmunlu mesajlar ötürülür. Ancaq bir qayda olaraq, süjetdə komizm xəttinin yersiz qroteskləşdirilməsi, aktyorların oyunları zamanı emosional nəzarəti itirməsi fonunda sosial motivlər qırılır, əhəmiyyətsizləşir və nəticədə əhavalatı tənqidi kontekstdən məhrum edir.
“Əfsanə qayıdır” komediyasında isə sosial motivdə, yuxarıda qeyd etdiyim qırılmalar nəzərə çarpmır. Misalçün filmdə, cəmiyyətdə aktual olan bir neçə problem yer alıb: qul bazarı, ailələrin bir-birinə cehiz tələbi kimi arxaik adəti, ailənin sevgi yox, maddiyyat üzərində qurulması, iki sinfin münasibəti, kəskin sosial təbəqələşmənin əksi və s.
Qul bazarında işləyən insanların qəhrəmana çevrilməsi, onların qayğılarının ekrana gətirilməsi motivi, yanılmıramsa, ilk dəfədir ki, komediyaya gətirilir. Ciddi kinodan söhbət gedrisə, mövzu ilk dəfə Tofiq Tağızadənin 1994-cü ildə ekranlaşdırdığı, köləlik şəraitində, azadlığı əlindən alınan fərdin insanlıq simasının itirmək təhlükəsini araşdıran “Köpək” film pritçasında işlənmişdi.
Hərçənd, “Əfsanə qayıdır” komediyasında mən bunu problemin qabardılmasından çox, problem üzərində yüngül gəzişmələr adlandırardım. Qeyd olunan məqamlar komik situsiyaların fonunda itib batmırdı. Bununla belə ssenarinin işlənməsində (Fariz Əliyev) müəyyən boşluqlar vardı və görünən boşluqlar bizdə bir daha peşəkar ssenari problemini ortaya qoyur.
Örnəyi, cəmiyyətin xəstə nöqtələrindən biri cehiz, toya pul atmaq məcburiyyəti, ailələrin aşırı tələbləri, maddi imkanları yetərsiz olan insanların kredit götürməsi- istehlak mədəniyyətinin formalaşmaması, gerilikçi, səmimiyyətə əsaslanmayan adət-ənənələr daha dərin qatlarda, komediya janrının imkan verdiyi fəndlər və sərhədlər daxilində işlənə bilərdi. Bəlkə də bizim kimi toplumlarda problemləri satiranın, ironiyanın diliylə göstərmək, insanlara daha güclü soyuq duş təsirini göstərə bilər.
Finalda Vəfanın Baloğalana “mən heç vaxt cehiz istəməmişəm” deməsinin, dostluğu qiymətləndirilməsinin bəraəti yoxdur. Çünki filmboyu onun əsas məqsədi cehiz tələbidir.
Qiyasın Əfsanəyə tez-tez “dədənə qurban” deməsi atasının maddi imkanlarına görə evləndiyinə eyham edir. Kişinin xəyanətinə, qeyri səmimiyyəti ilə qadına təhqiramiz münasibətinə baxmayaraq, final xoşbəxt sonluqla bitir. Əfsanə ərini bağışlayır və hətta ailə övlad sahibi də olur. Azərbaycanlıların ailəyə bağlılğını, dəyərini başa düşürəm. Amma komediya olsa belə, ailə bağlarının qorunması qadına etinasızlığın, sayğısızılığın bahasına gəlməməlidir. Və bütün əhvalat boyu arvadını aldadan kişinin son epziodlarda katarsisi inandırıcı görünmür. Qadının onu bağışlaması da həmçinin. Bu isə aktyorun yox, situasiyaya dramaturji bəraət verə bilməyən ssenaristin problemidir.
Öncəki yazılarımda dediyim kimi, homoseksual motiv komediyalarımızda əsas xətlərdən biridir. Bəzi filmlərdə cinsi azlıq məsələsi ironiya, aşağılama, sadəcə gülüş doğurmaq üçün təsvir olunur. Bu əhvalatda homoseksualizm aşağılanmır, əksinə, yumşaq, tolerant işlənir. İstər bu mövzu, istər qurşaqdan aşağı zarafatar filmdə korrektdir, artq görünmür, situasiyalar hadisənin inkişafına xidmət edir, onun axarından doğur.
Digər komediyalar üçün də xarakterik olan nöqsanı qeyd edim. Nədənsə rejissorlar komik situasiyalardan birdən -birə lirizmə, sentimentallığa radikal keçid edirlər. Misalçün, qul bazarında işləmək məcburiyyətində olan Baloğlanın Qiyasa sinfi üsyanı, bunu faciələşdirən musiqi və dramatik oyun tərzi o qədər kəskindir ki, əhvalatın tempini aşağı salır, ahəngi pozur və bayağı sentimentallıq kimi görünür. Ümumən isə musiqi təsvirləri əzmir, artıq kadr yoxdur.
Uğurlu aktyor ansamblı seçən rejissorun aktyorlarla əməkdaşlığı alınmışdı.
Seriallardan dramatik aktyor kimi tanınan Elxan Yunis, adətən eyni oyunçuların yer aldığı kommersiya kinosunda yeni üzdür. Onun təcrübəsi, peşəkarlığı filmi yaxşı mənada başqa keyfiyyətə kökləyir.
Əsas personajlardan birinin ifaçısı Dilarə Əliyeva zəhmətkeş, işinə məsuliyyətli və ən əsası ideyalı aktrisadır. Yəni rejissorun aktyorla necə işi qurmasından asılı olmayaraq, ona təklif olunan obrazı özünün tapıntıları ilə zənginləşdirəcək, ətə-qana dolduracaq, fərqli etməyə çalışacaq. Aktrsa hər şeydən əvvəl obrazının qadın duyğularına aksent edib. Milsaçün, meşşan olmasına rəğmən Əfsanə sevgisinin səmimiyyəti ilə Qiyasdan üstün mövqedə dayanır. Aktrisa qadın məyusluğunu, xəyanətin ağrısını, həyəcanını həm dramatik, həm komik qatlarda yaşaya bilir və inandırır. Dilarə Əliyeva fakturasına, oyun tərzinə görə mənə Almodovarın kinoestetikasına xas qadın obrazlarını xatırladır.
Fərda Aminin də dramatik aktyor potensialı var. Sadəcə onun rolunun keyfiyyətli alınması rejissorun onunla işləməsindən daha çox asılıdır. Məsələn, “Qızaçırtma”da (rejissor Rüfət Şahbazov) rolunu basmaqəlib jest, bədən dili, üz-göz ifadələr üzərində qurmuşdu. “Əfsanə qayıdır”da isə görünür, rejissorun səyi nəticəsində başqalaşmağı bacarmışdı.
“Bozbash pictures” layihəsinin aktyorlarından biri Nicat Rəhimova gəlincə... Ümumiyyətlə, bu komandanın birlikdə tərəf müqabilliyi alınmır. Çünki layihədə aktyorların hər biri öz obrazına elə girib ki, nəticədə oyun tərzləri şablonlaşıb, yorucu olub. Amma N.Rəhimov komandadan ayrı, fərqli tərəf müqabilləri ilə yeni oyun nümayiş etdirməyə qabildir. Onun da rolunun keyfiyyəti rejissorun onunla necə işləməsindən asılıdır.
Nəhayət, Qiyasın sevgilisi rolunun ifaçısı Ülfət Bəşirin ifasını ilk dəfədir izləyirdim. Gənc aktrisa ondan daha təcrübəli aktyor ansamblı ilə ayaqlaşa, personajının məkrli, sui-istifadəçi təbiətinə inandırmağı bacarmışdı.