Xəbər verdiyimiz kimi, bu həftədən etibarən “Səriyyə Xala” layihəsinə start veririk. Layihədə siz öz dərdlərinizi, problemlərinizi, ən intim duyğularınızı, yaşantılarınızı sual şəklində Səriyyə xalaya yollayaraq, hər həftə ondan cavab və məsləhətlər alacaqsınız. Suallar və cavablar hər cümə günü saat 15-də yayımlanacaq. Beləliklə ilk sullara cavablar...
Sevinc
Salam. Yoldaşım son vaxtlar çox aqressiv olub. Bilirəm karantinin də bununla əlaqəsi var, işi dayanıb, pul gəlmir. Amma gedib-gəlib hirsini məndən çıxır. Hər şeyə deyinir. 15 ildir evliyik, heç bir işimə qarışmayan adam indi etdiyim heç nəyi bəyənmir, çox bezirəm.
Səbir etməyə çalışıram, amma çox çətindir. Hər gün söz-söhbət. Mənə bir yol göstərin xahiş edirəm, bu vəziyyəti necə yoluna qoya bilərəm?
Salam, əziz qızım Sevinc. Karantin zamanı nəinki ər-arvad, hətta ana, ata, oğul, qız arasında da belə söz-söhbətlər olur. Bütün dünyada karantinlə bağlı işlər dayandığı və ya evdən aparıldığı üçün insanların vərdişi dəyişdi və bu, boşanmaların çoxalmasına səbəb oldu. Özün də deyirsən ki, ərin əvvəl belə deyildi. Onu başa düşməyə çalış. İşsiz qalmaq özü çətin bir şeydir. Diqqətsizliyə görə küsməkdənsə, həyat yoldaşına nə olur-olsun, onun yanında olduğunu hiss etdir. Belə davranış onun aqressivliyini azaldacaq. Dünyada sevgidən daha güclü heç nə yoxdur və unutma ki, bu vəziyyət müvəqqətidir.
Xanım A
Salam, çox çıxılmaz vəziyyətdəyəm. Əslində, çox utanıram, ətrafımda heç kəsdən soruşa bilmirəm. Deməli, 2 ay əvvəl biz qonaq getmişdik, mən tualetə gedəndə, tualetin üstü tam təmiz deyildi, mən isə fikir vermədim və təmizləmədim. İndi iki aydır, aylıq xəstələnmirəm. Çox qorxuram. Hamilə qalmaram? Qeyd edim ki, bakirəyəm.
Əziz Xanım A, bəli, tualetin üzərində olan spermadan hamilə qalmaq mümkündür. Amma bu milyonda bir ehtimaldır. Yəni qorxacaq heç nə yoxdur. Cəmiyyətimizdə təəssüf ki, belə söhbətləri yayaraq, siz gənc qızları qorxudanlar var. Böyük ehtimalla hansısa başqa bir səbəbdən olan gecikmədir. Ürəyini sıxma, həkimə müraciət et, çünki başqa bir xəstəlik ola bilər.
Aşk
Salam, Səriyyə xala. İnanın, söhbətə necə başlayım, bilmirəm. Amma çox çətin durumdayam. Mənim uzun illərdir ki, çox yaxın bir oğlan dostum var. Həmin oğlan keçən il evləndi. Yoldaşı ilə də yaxşı münasibətlərim var, amma içimdə ona qarşı yeni sevgi başlayıb. Özümü ələ ala bilmirəm, sevirəm onu. Ondan da özümə qarşı sevgi hiss edirəm. Amma yoldaşına görə və əgər aramızda nə isə yaransa, sonra onu itirə bilərəm deyə risk etmirəm. Xahiş edirəm, mənə məsləhət verin. Mən nə edim? Özümlə bacarmıram...
Əziz Aşk, götürdüyünüz addan hiss olunur ki, bu mövzuya çox həssassız. Əvvəla mümkün qədər soyuqqanlı olmağa çalışın. İkincisi, çox yaxın dostluqlarda bəzən insanlar dostlarına qarşı hisslərini sevgi ilə qarışdırırlar. Ola bilsin, ikinizin də bir-birinizə olan isti münasibətiniz sizdə belə bir hiss yaradıb. Bəlkə, heç dostunun sənə qarşı hissi yoxdur və sən elə olmasını istədiyin üçün elə görürsən. Əgər dostun evli olmasaydı yaşantılarını ona bildir deyərdim. Amma evli olduğu üçün məncə müəyyən müddət onunla münasibətini azaltmalısan. Onu az gördükdə, özünlə tək qaldıqda, ona qarşı münasibətinin əslində həqiqi sevgi yoxsa, sadəcə dostluqdan yaranan sevgi olduğunu anlayacaqsan.
Aysel
21 yaşım var. 18 yaşımda sevdiyim bir kişi ilə intim münasibət yaşamışam. Amma sən demə, o, dostlarına yaşadığımız cinsi həyatı danışıb, gülürmüş. Keçmişimdən çox utanıram. Ailəmin üzünə baxa bilmirəm. Atam, anam bilsə məni övladlıqdan çıxarar. Özümü öldürmək istəyirəm. Xahiş edirəm, kömək edin mənə.
Əziz Aysel, qətiyyən özünü öldürmək haqda düşünmə, bu fikri beynindən at. Xətalar biz insanlar üçündür. Güclü insan odur ki, etdiyi səhvlərdən nəticə çıxara bilsin və yoluna daha sağlam davam etsin. Əvvəla, bunu bil ki, sən kimisə sevməklə, ona güvənməklə xəta etməmisən. Sadəcə yanlış adama güvənmisən. Sənə məsləhətim budur, özünü bu qədər üzmə, təhsilin hansı dərəcədədir bilmirəm, amma yoxdursa, təhsil al. Təhsillisənsə, dil öyrən, özünü inkişaf etdir və işlə, öz ayaqlarının üstündə durmağı bacar. İnan, ondan sonra hər şey sənə daha asan gələcək. Ailəndən isə utanma, unutma ki, sən utanılacaq heç nə etməmisən, utanılacaq işi o adam edib. Həyat çox gözəldir və belə xırda məsələlərə görə, onu itirmək qətiyyən olmaz.
Memar qız
Salam, Səriyyə xala. Ailəmlə problemlər yaşayıram. Universitetdə memarlıq oxuyuram. Amma özümü heç xoşbəxt hiss etmirəm. Ailəm hər şeyimə qarışır. Təsəvvür edin, 20 yaşım var, ətrafımdakı hamı qaşını aldırır, amma mənə qaş aldırmağa icazə vermirlər. Əslində gözəl qızam, amma özümü çirkin hiss edirəm. Rəfiqələrimlə dərsdən sonra şəhərə gəzməyə çıxmaq istəyirəm, ona da icazə vermirlər. Adi sosial şəbəkələrə belə gizlin-gizlin girirəm. Bəzən bezirəm, qohumlardan gələn elçilərdən birinə çıxıb getmək istəyirəm. Var-gücümlə qaçmaq, hamını arxada qoymaq istəyirəm, amma buna gücüm çatmır. Nə olar, kömək edin...
Əziz qızım, inan, indiki gənclərin bir çoxu sənin yaşadığın problemləri yaşayır. Xüsusilə, onu deyim ki, evlənmək çıxış yolu deyil! Əgər sırf evdəki problemlərdən qaçmaq üçün kiminlə gəldi evlənsən, özünü indikindən daha betər çarəsiz hiss edəcəksən. İlk əvvəl ailənlə bu mövzuda danışmalısan, çünki bəzi ailələr həmişə elə gördükləri üçün bunun doğru olduğunu düşünürlər. Bəlkə heç onlar səni necə boğduqlarının fərqində deyillər? Ona görə də ailənlə söhbət etməyə çalış. Əgər bir nəticəsi olmasa, yenə də qətiyyən evlənməyi yox, oxumağı seç, daha sonra işə gir və iqtisadi azadlığını qazan. İnan mənə, öz pulunu qazandıqdan sonra öz qərarlarını da daha rahat verə biləcəksən.